Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Avqust 2023 14:22

Təlim döyüş hazırlığının davamıdır

Ordunun gücü şəxsi heyətin döyüş hazırlığı ilə bağlıdır. Bu bağlılığı - İkinci Qarabağ müharibəsi, döyüşlər, qazanılan tarixi Zəfər təsdiqlədi ki, əsgərin döyüş hazırlığı təkcə hərbi biliklərin mənimsənilməsi ilə məhdudlaşa bilməz. Döyüş hazırlığı gənc əsgər hazırlığı ilə başlayır, hərbi xidmətlə, əsgərin hərbi xidmətdə yeni biliklər sisteminə yiyələnməsi ilə, müxtəlif təyinatlı təlimlərlə, orduda həyata keçirilən müxtəlif yarışlarla möhkəmləndirilir. Hər təlim gerçək döyüş şəraitinə uyğun şəraitlə həyata keçirildiyinə görə əsgər təlimdə də real döyüş vərdişlərinə yiyələnir...
44 günlük Vətən müharibəsindən sonra ordu quruculuğu əvvəlki illərlə müqayisədə elmi yeniliklərdən daha geniş istifadə edilməklə aparılır. Təlimlərin mahiyyəti müdafiə nazirinin təsdiq etdiyi illik hazırlıq planına əsasən yenilənir, mövzusu daha əhatəli, döyüş şəraitinə bağlılığı daha çox arqumentlərlə şərtlənir. Bir neçə ay əvvəl artilleriya atışlı təlimdə iştirak etmişdim. Onda zabit demişdi ki, belə atışlar 44 günlük Vətən müharibəsindən əvvəl də aparılırdı. Onda da əsgərlərimiz şərti düşmənin mövqelərinin koordinatlarını dəqiqləşdirir, az atəşlə şərti düşmənin qruplaşmalarını, komanda məntəqələrini, döyüşən bölüklərinə, hissələrinə sursat daşıyan maşın karvanlarını, canlı qüvvəsini məhv edirdi. Zəfərdən sonra belə təlimlərin intensivliyi də artdı, digər qoşun növləri ilə qarşılıqlı fəaliyyətdə aparılan təlimlər də.
Polkovnik-leytenant Vasif Həsənov demişdi ki, hərbi hissələrdə müntəzəm keçirilən təlimlərdə gerçək döyüş şəraitinə müvafiq səviyyədə iştirak etməyən əsgərin döyüş hazırlığında inkişaf müşahidə olunmur. Bunu əsgərin özü də hiss edir. Ona görə də əsgərin təlimə (təlimlərə) marağı həmişə hiss olunur. Həmin marağın öyrənmə istəyinə çatdırılması, müəyyən mənada, hərbi-pedaqoji prosesdir. Biz bu prosesi həm elmi-metodiki əsaslarla aparırıq, həm də İkinci Qarabağ müharibəsinin döyüş təcrübəsi ilə. Bir məqamı da qeyd etməyi gərəkli sayıram: təlimlərdə qarşılıqlı fəaliyyət bütün qoşun növlərinin eyni səviyyədə yüksək hazırlığa malik olmasını zəruriləşdirir. Ona görə də şəxsi heyət təlimlərdə həmişə məsuliyyətlə iştirak edir.
Döyüş hazırlığı ilə bir sırada şəxsi heyətin mənəvi-psixoloji hazırlığını da yüksəldən təlimlərin məqsədi İkinci Qarabağ müharibəsində qələbələrlə nəticələnmiş mövqe döyüşlərinin, ümumilikdə müharibənin döyüş təcrübəsini təlimlərdə imitasiya etmək, döyüş vərdişlərini təkmilləşdirmək, əsgərlərin malik olduğu bilikləri, bacarıqları artırmaqdır. Təlimlər ərəfəsində əsgərlərə hərbi biliklər haqqında müxtəsər informasiyalar da verilir, bu informasiyaların tətbiq etmə üsulları və formaları da xatırladılır. Təlimdə bəzən əsgər bu formaları seçməkdə sərbəst olur. Taqımın (bölüyün) hücumda (müdafiədə) fəaliyyəti təkcə nəzəriyyə ilə deyil, həm də gerçək döyüşlərin nümunəsi əsasında şərh edilir ki, bu da təlimin səviyyəsinin yüksəldilməsində, nəticə etibarilə şəxsi heyətin döyüş hazırlığının artırılmasında əhəmiyyətli olur...
Mahiyyəti yeniləşən, miqyası genişlənən təlimlərin əksəriyyəti silahlanmaya daxil edilən yeni, müasir silahların tətbiqi ilə keçirilir. Əsgərlər mükəmməl öyrəndiyi yeni silahlardan təlimdə məharətlə istifadə edirlər. Bu, onların döyüş hazırlığının səviyyəsini müəyyənləşdirir.
Təlimlərin birində bölmələr komandanlığın döyüş texnikası üzərində müxtəlif irəliləmə üsullarını məşq etmişdilər. Təlimdən sonra şəxsi heyətə müharibədə belə məqamlarda döyüşə necə qoşulduğu, döyüşü necə apardığı, mövqe qələbəsini necə qazandığı da çatdırılmışdı. Növbəti təlimlər daha səmərəli, hərbi baxımdan daha düzgün yerinə yetirilmişdi. Şəxsi heyət  təyin olunmuş marşrutla düzgün, təlimata uyğun hərəkət edərək şərti düşmənin nəzərdə tutulmuş mövqelərinə yaxınlaşaraq döyüş əmri ilə düşmənin hədəflərini dəqiq atəşlərlə məhv etmişdi, təlim tapşırığını yüksək səviyyədə yerinə yetirmişdi.
Müasir döyüşlər silahlanmaya daxil edilmiş ən yeni döyüş texnikaları ilə aparılır. Bu baxımdan şəxsi heyət silahlanmaya daxil edilmiş bütün döyüş texnikalarının istismar xüsusiyyətlərini mükəmməl mənimsəməlidir. Nəzəri baxımdan mənimsənilmiş hərbi biliklər isə ancaq təlimlərlə möhkəmləndirilir, əsgər təlimlər vasitəsilə püxtələşir. 2016-cı il Aprel döyüşlərinin iştirakçısı Tahir Misirxanov qələbədən iki gün sonra Lələtəpədə demişdi: “Mən də, həmkarlarım da yeni atıcı silahları böyük həvəslə öyrənirdik. Bilirdik ki, döyüş əmri veriləndə öyrəndiklərimiz ordumuzun qələbəsinə gərəkli olacaq. Belə də oldu.  Öyrəndiklərimiz təlimlərlə möhkəmlənmişdi. Hərbi hissəmizdə xidmət edən əsgərlər də həmin silahlardan mükəmməl istifadə etmə bacarıqlarını bu niyyətlə öyrənirlər...”
Vətən Müharibəsi Qəhrəmanı kapitan Surxay Noçiyev təlimin döyüş hazırlığında əhəmiyyətini Daşaltı uğrunda gedən döyüşlə şərh etdi: “Təlimlərdə dağlıq massivlərdə hücumların təşkilini dəfələrlə məşq etmişdik. Ona görə də təlimlərlə mənimsənilən vərdişlər döyüşdə qələbəni təmin etdi. Dağlıq massivlərdə hərəkət çətin olsa da, əsgərlərimiz çətinlikləri atışa-atışa dəf edir, təhlükəsiz irəliləyir, tərpənməyə macal tapmayan düşməni səngərində məhv edirdi. Daşaltını ermənilərdən belə təmizlədik, sonra Şuşa uğrunda döyüşlərə cəlb edildik...”
Zəfərdən sonra komando hərbi hissələrindən birində keçirilən təlimdən sonra zabitlərdən biri demişdi: “Təlimdə əsgər həm öyrənir, həm də öyrəndiklərini təkmilləşdirir. Təkmilləşmə sistemli, məqsədyönlü formalaşma deməkdir. Müharibədə hər döyüşün öz xüsusiyyəti olsa da, hamısını ümumiləşdirən cəhətlər də var: cəsarət, diqqətlilik, çeviklik, məsuliyyət, ...”
İkinci dərəcəli kapitan Orxan Qədirov İkinci Qarabağ müharibəsinin döyüşlərindən sonra hərbi hissələrdə keçirilən təlimlərin mahiyyəti haqqında dedi ki, şərti döyüş hesab edilən təlim əsgərin qələbə ruhunu da artırır. Bu anlamda təlimin tapşırıqlarını gerçək döyüş ovqatıyla yerinə yetirənlər yüksək döyüş hazırlığına malik olan əsgər kimi formalaşır...
Təlim döyüş hazırlığı, döyüş hazırlığı güc, qüdrət deməkdir. Azərbaycan Ordusu güclüdür, qüdrətlidir. Təlimlər əsgərlərin qələbə ruhunu da artırır...
 
Kapitan Ceyhun CƏFƏRLİ
"Azərbaycan Ordusu"