Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

2 Avqust 2023 17:31

Azərbaycan Ordusunun yenilməz gücü qələbəmizi təmin etdi

Redaksiyamızın qonağı Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovdur.
- Vətənə xidmətə və elmə həsr olunmuş bir ömrün 65 ili tamam olur. İnsan ömrünün müdriklik çağı hesab edilən 65 yaşdan geriyə baxanda Cəlil Xəlilov Vətənə xidmətə, elmə həsr olunmuş zəngin və mənalı həyat yolunun hansı məqamlarını önə çəkərdi?
- Ömrün bütün dövrləri gözəldir. İnsan həyatında onların hər birinin öz yeri var. Orta məktəbdə oxuduğum çağlar, ali təhsil aldığım illər, hərbi xidmət keçdiyim dövr, nəhayət, hazırda Veteranlar Təşkilatında gördüyüm işlər və müəllimlik fəaliyyətim. Mənim üçün sadaladığım həmin illərin hər biri olduqca  doğma və əzizdir. Qısaca həyatım və özüm haqqında məlumat verim... Masallı rayonunda dünyaya gəlmişəm. Orta təhsilimi bu rayonda aldıqdan sonra sovxozda işlədim. Ordu sıralarına çağırıldım. Hərbi xidmətdə olarkən fəal komsomolçu kimi təşkilati işlərdə çalışdım. Sonra partiya sıralarına qəbul olundum. Hələ orta məktəb illərindən hərb sənətinə  böyük marağım var idi. Bu maraq məni Simferopol Ali Hərbi Siyasi Məktəbinə apardı. Hərbi ali təhsilimi başa vurandan sonra SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində beş il xidmət etdim. Sonra xidmətimin Əfqanıstan dövrü başladı. 1987-ci ildə doğma Vətənimə - Azərbaycana döndüm. Lənkəran sərhəd dəstəsində komandirin siyasi işlər üzrə müavini vəzifəsində xidmətə başladım. Həmin dövr çox ağır  idi. Bilirsiniz ki, 1988-ci ildə Ermənistan Respublikası Azərbaycana qarşı ərazi iddialarına düşmüşdü. SSRİ dağılmaq ərəfəsindəydi. Həmin dövrdə sərhəddə xidmət çox çətin idi. Yerli əhali arasında bəzi separatçı qüvvələr baş qaldırmışdı. Mən də Lənkəran sərhəd dəstəsinin qərargah rəisi vəzifəsini yerinə yetirirdim. Bu müddətdə mümkün qədər o təhlükələrin qarşısını almağa çalışırdım.
- Cəlil müəllim, 1993-cü ilin iyun-avqust ayları ölkə üçün siyasi mənada ən qaynar aylar olub. Siz də həmin vaxtlarda hadisələrin içində idiniz. Ən yaddaqalan və bugünədək çoxlarına məlum olmayan hadisələri xatırlayanda yadınıza ilk düşən məqamlar hansılardır?
- O vaxtları yadıma salanda hadisələrin qarşısının alınmasında həm xidməti, həm də vətəndaşlıq borcumu şərəflə yerinə yetirdiyimə görə hər zaman qürur hissi keçirirəm. Xalqımız ağır sınaq illərini yaşayırdı. Həmin dövrdə ölkənin Cənubunda baş qaldıran bəzi separatçı qüvvələr Azərbaycanı parçalamaq istəyirdi. Bu aylar xidmətimin çətin və məsuliyyətli bir dövrü idi. Mənə də çoxlu təzyiqlər olurdu. Sərhəd Qoşunlarında çoxlu sayda intizamlı zabit və əsgərlər var idi.  Onlar qanunların aliliyini əsas götürərək heç kimə tabe olmadan sərhədlərimizi qoruyurdular.
Birinci Qarabağ müharibəsində sərhədlərin müdafiəsində Lənkəran sərhəd dəstəsinin şəxsi heyəti də fəal iştirak etmişdi. Döyüşlərdə yaralanan və itkin düşənlərimiz də oldu. Bu gün çox qürurluyam ki, o ağır sınaq illərində döyüşən cəbhədə olmuşam. O ağır günlərdə xalqımızın təkidli tələbi ilə yenidən respublika rəhbərliyinə qayıdan Ulu Öndər Heydər Əliyevlə həmin vaxtlarda iki dəfə telefonla danışmışam. Vəziyyətlə maraqlanan Ulu Öndər çox yaxşı bilirdi ki, sərhəd qoşunları dövlətin ən başlıca dayaqlarından biridir və problemlərə təsir etmək imkanlarına malikdir. Mən də dövlətin, dövlətçiliyin qorunması və Ulu Öndərin göstərişlərinin, tapşırıqlarının yerinə yetirilməsi üçün ən yüksək səviyyədə çalışdım. İyunun 15-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev siyasi rəhbərliyə qayıtmasaydı, müstəqilliyini yenicə bərpa etmiş dövlətimiz Gəncədə və ölkənin Cənubunda baş verən hadisələr nəticəsində süqut edəcəkdi - vətəndaş müharibəsinin başlandığı bir ölkəyə çevriləcəkdi. Məhz Ulu Öndərin qətiyyəti nəticəsində Azərbaycan bu təhlükədən xilas oldu.  
- Sonra xidmətinizi harada davam etdirdiniz?
- Zabiti olduğum Azərbaycan Sərhəd Qoşunlarının yarandığı ilk illər son dərəcə çətin, mürəkkəb və məsuliyyətli bir dövrə təsadüf etdi. Tale elə gətirdi ki, mən də bu qoşunların təşkili prosesində fəal iştirak edən milli sərhədçi kadr zabitlərinin sırasında oldum. 1994-cü ilin sonlarında Bakıya gələrək, Sərhəd Qoşunlarında şöbə rəisi, Bakı Nəzarət-Buraxılış Məntəqəsinin rəisi, Sərhəd Qoşunları komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmətimi davam etdirdim. Bir müddət sonra keçmiş Milli Təhlükəsizlik Nazirliyində (indiki Dövlət Təhlükəsizlik Xidməti) fəaliyyət göstərməyə başladım.
- Peşəkar hərbçi olmaqla yanaşı, həm də alim, pedaqoq ömrü yaşayırsınız. Siz hərb sahəsindəki praktik bacarığınızı elmə də gətirmisiniz...
- Elmi-pedaqoji fəaliyyət mənim həyatımın ayrılmaz hissəsidir. Hələ keçmiş Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında xidmət edərkən "Milli təhlükəsizliyin təmin edilməsində milli mənlik şüurunun rolu" mövzusunda elmi işimi uğurla müdafiə edərək, siyasi elmlər üzrə fəlsəfə doktoru alimlik dərəcəsi almışam. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının müəllimi, dosentiyəm. "Fəxri professor" kimi bu təhsil müəssisəsinin Siyasi idarəetmə kafedrasında "Milli təhlükəsizlik strategiyası" fənnini tədris edirəm, eyni adlı kitabın müəllifiyəm. 50-dən çox elmi məqaləm və dörd kitabım dərc olunub. İkinci ali təhsilimi  hüquq ixtisası üzrə almışam.
- Xidmət dövrünüzdə idman sahəsində də uğurlarınız olub.
- Əgər ömrünü hərbi peşəyə bağlayırsansa, sağlam və möhkəm olmaq üçün daim idmanla məşğul olmalısan. Döyüş, mənəvi-psixoloji hazırlığınla yanaşı, fiziki hazırlığını da artırmalısan. Bütün bunlar zabitin xidmətdə uğur qazanmağına təsir göstərən əsas amillərdir. Mən də peşəkar idman sahəsində sambo döyüş növü ilə məşğul olmuşam. Sambo üzrə idman ustasıyam.
- Gələn il Sizin Respublika Veteranlar Təşkilatında fəaliyyətə başlamağınızın 10 ili tamam olacaq. Səmərəli fəaliyyətinizlə təşkilata yeniliklər gətirmisiniz...
- Mən işimi çox sevirəm. Çünki dövlətimizin gələcəyi olan gənclərlə çalışıram. Onların vətənpərvərlik və dövlətə sədaqət ruhunda formalaşması istiqamətində layihələr, tədbirlər həyata keçiririk. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində şəxsi heyətlə çalışan zabitlər qarşısında mənəvi-psixoloji, vətənpərvərlik mövzularında çıxışlar edirəm. Çıxışlarımda zabitlərə müraciətdə onları zəngin  milli-mənəvi dəyərlərimizin imkanlarından bacarıqla istifadə etməyə səsləyirəm. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Respublika Veteranlar Təşkilatının sədri Fatma Səttarovaya "İstiqlal" ordeni təqdim edərkən fəaliyyətimizi təqdirəlayiq hesab etdi, gördüyümüz işlərə yüksək qiymət verdi. Respublika Veteranlar Təşkilatı fəaliyyətinin zənginliyi baxımından cəmiyyətdə seçilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Fatma xanıma ünvanladığı təbrik məktubunda da Respublika Veteranlar Təşkilatının fəaliyyətini xüsusi olaraq qeyd etmişdi. Vətən müharibəsində bizim təşkilat da bütün rayon şöbələri ilə birlikdə səfərbər oldu, Ali Baş Komandanın ətrafında sıx birləşdi. Azərbaycan Ordusunun yenilməz gücü qələbəmizi təmin etdi.
- Sizin Azərbaycanda gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinə verdiyiniz töhfələr danılmazdır. Fəaliyyətinizin bu istiqaməti barədə də fikirlərinizi öyrənmək maraqlıdır...
- Əvvəldən xidmətim gənclərlə olub. Bu gün də fəaliyyətimin əsas hissəsini gənclərin hərbi vətənpərvərlik tərbiyəsi təşkil edir. Gənclərimiz yüksək vətənpərvərlik ruhuna malikdir. Onlar 44 günlük Vətən müharibəsində qəhrəmanlıqları ilə Vətənə sədaqətlərini təsdiq etdilər. Orta və ali təhsil ocaqlarında mütəmadi olaraq gənclərlə görüşür, onların ordu həyatına hazırlanmasında mən də, təşkilatımızın üzvləri də əməyimizi əsirgəmirik. Bu gün mənim üçün də qürurvericidir ki, övladlarımdan biri hərbçidir. O, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında və Vətən müharibəsində iştirak edib. Döyüş tapşırıqlarını layiqincə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif edilmişdir.
- İkinci Qarabağ müharibəsində Respublika Veteranlar Təşkilatının gördüyü işlər dövlət rəhbərliyi səviyyəsində yüksək qiymətini aldı. Veteranlar cəbhə xəttində, döyüş zonalarında, arxa cəbhədə fəallıq göstərdilər. "Hər şey cəbhə üçün, hər şey Qələbə üçün" şüarı o günlərdə daha ürəkdən səslənirdi.
- 2020-ci il sentyabrın 27-də başlayan, noyabrın 10-da başa çatan bu müharibə ilə Azərbaycan, təkcə erməni faşizmini, onların havadarlarını məğlub etmədi, həm də tarixi ədaləti bərpa etdi. Təşkilat olaraq həmin vaxt qarşımızda dayanan ən başlıca vəzifə Ali Baş Komandanın ətrafında veteranların daha sıx birləşməsinə nail olmaq, dövlətimizə, ordumuza dəstək nümayiş etdirmək, düşmənin dezinformasiyalarını ifşa etmək, daxildəki birlik və həmrəyliyin möhkəmlənməsinə töhfə vermək idi. Bu məqsədlə Vətən müharibəsində də, Zəfərdən sonra da  təşkilatımız beynəlxalq ictimaiyyətin Azərbaycan həqiqətləri haqqında daha dolğun məlumat əldə etməsinə nail olmaq üçün informasiya müstəvisində geniş fəaliyyət göstərib, cəmiyyətdə geniş təbliğat işi aparıb, döyüşən orduya, o cümlədən şəhid və qazi ailələrinə dəstək kampaniyalarında yaxından iştirak edib.
- Ulu Öndərin anadan olmasının 100 illik yubileyi və 2023-cü ilin "Heydər Əliyev İli" elan olunması ilə bağlı hansı tədbirləri həyata keçirmisiniz?
- Təşkilatımızın yaradılması dahi rəhbərin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev respublika veteranlarına hər zaman diqqət və qayğı ilə yanaşırdı. Təşkilatımız dövlət başçısının sərəncamlarından irəli gələn xüsusi tədbirlər planı təsdiqləyib. Bununla əlaqədar silsilə tədbirlər keçiririk. Tədbirlərin ilboyu keçirilməsi nəzərdə tutulub. Ulu Öndərin veteranlarla görüşlərindən hazırlanmış fotolardan ibarət guşə yaratmışıq. Xarici ölkələrdən gələn qonaqlara Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin zəngin və mənalı ömür yolundan bəhs edən sənədli filmlər nümayiş etdiririk. Böyük tarixi şəxsiyyətə həsr olunmuş kitab da hazırlamışıq, jurnal dərc etdirmişik. Ulu Öndərin əziz xatirəsi hər zaman qəlbimizdədir. Azərbaycanın qazandığı qələbələrin təməlində Ulu Öndərin bəşəri ideyaları dayanır.
- Cəlil müəllim, qalib ordunun zabit və əsgərlərinə ürək sözləriniz...
- Onlara Vətənimizin müdafiəsində əzmlə, ayıq-sayıq dayanmağı, iradəli olmağı arzulayıram.
- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı:  Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"