Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 İyul 2023 12:23

“Bizi heyrətləndirdiniz!”

Dünyəvi proseslər dövlətlərarası siyasi münasibətlərlə məhdudlaşmır, bu proseslər mədəniyyətlərarası münasibətləri də əhatələyir. Son on illiklərdə müstəqilliyini bərpa etmiş dövlətlər də belə proseslərin müstəqil iştirakçısı olur.
Müstəqil Azərbaycanın iştirak etdiyi "Dəniz Kuboku", "Tank biatlonu" və s. kimi beynəlxalq hərbi oyunlar iştirakçı dövlətlərin müvafiq qurumunun döyüş hazırlığının səviyyəsini müəyyənləşdirməyə, digər beynəlxalq hərbi tədbirlər ordunun timsalında mədəniyyətlər arasında münasibətlərin daha da möhkəmlənməsinə yönəldilib. Belə tədbirlər qardaşlaşan (qardaşlaşmış) xalqların mədəniyyətlərinin təbliğində və öyrənilməsində əhəmiyyətli olub, indi də belədir. Bu ilin iyulunda Qazaxıstanın paytaxtı Astana şəhərinin 25 illiyinə həsr olunan "Astana - mədəniyyət körpüsü" I beynəlxalq hərbi musiqi festivalı da bu mahiyyətin təzahürüdür.
Festival təkcə yarışma deyil, həm də mədəniyyətlərin yaxınlaşması vasitələrindəndir. Min illərdi mədəniyyətlər bir-birinə inteqrasiya olunmaqla inkişaf edir. Bu baxımdan Azərbaycan musiqisi həmişə dünyanın diqqətində olub - maraqla dinlənilib, sevilib, öyrənilib...
Bu festivalda Azərbaycanı Müdafiə Nazirliyinin zabiti polkovnik Elvin Əzizovun rəhbərliyi ilə Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri - Əməkdar artist Cahangir Qurbanov, Vüsal Ağayev, Mətləb Ağayev, oğlanlardan ibarət rəqs qrupu, Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Orkestrin solisti Günay Qasımova və başqaları təmsil edib.
Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri irili-xırdalı bütün arenalarda məsuliyyətlə çıxış edib. Bu, Azərbaycan dövlətçiliyinə, Azərbaycan musiqisinə, hərbi şərəfə sədaqət kimi təzahür edib. Kollektiv bu festival ərəfəsində də ciddi məşqlər edib, təqdim ediləcək bir neçə konsert proqramının və sıra xoreoqrafiyasının  bütün detalları nəzərə alınıb: ifa, orkestrin müşayiəti, xoreoqrafiya, bunların vəhdəti. Festivalda qazanılan uğur iştirakçıların istedadının bu səviyyədə məsuliyyətlə tamamlanmasının nəticəsidir, şübhəsiz. Ən başlıcası, Azərbaycan musiqisi! Cazın muğamla qoşa təqdimi! Ecazkar bəstələr! Ecazkar ifalar! Və ecazkar diyarın musiqi kollektivi!..
- Onların ifalarından qürurlandıq. Bizi bir məqam da qürurlandırdı: Rusiyanın Hərbi Orkestrinin təqdim etdiyi iki mahnının müəllifi - bəstəkarı Müslüm Maqomayev idi!, - polkovnik-leytenant Fariz Məmmədzadə belə dedi.
Bir məqamı da xatırlayırıq: Festivalda iştirak edən iki qadın ifaçıdan biri Azərbaycandan idi! Əlahiddə Nümunəvi Orkestrin solisti Günay Qasımova. Onun da ifası sürəkli alqışlarla qarşılanıb. Yola salma mərasimində Qazaxıstan respublikası müdafiə nazirliyinin məsul zabiti onu böyük ehtiramla, Azərbaycana sevgisinin bir hissəsi kimi uğurlayıb...
Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin rəisi və dirijoru polkovnik-leytenant Fariz Məmmədzadə bu festivalı son illərin ən maraqlı, yaddaqalan musiqi tədbiri kimi dəyərləndirdi. Yeri gəlmişkən, bu orkestr Türkiyədə və Rusiyada keçirilmiş analoji festivallarda da iştirak edib. 2019-cu ildə Rusiyada keçirilən festival Azərbaycan musiqisinin qüdrətini, azərbaycanlı musiqiçilərin peşəkarlığını təsdiqləmişdi, musiqişünaslar, peşəkar musiqiçilər Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin çıxışını yüksək dəyərləndirmişdi. Orkestrin 2021-ci ildə Türkiyənin Bursa şəhərində çıxışı da musiqimizin ecazkarlığının sübutu olmuşdu...
"Astana - mədəniyyət körpüsü" I beynəlxalq hərbi musiqi festivalında səkkiz dövlətdən hərbi orkestr iştirak edib. Təşkilatçı dövlət olaraq Qazaxıstanı 3 kollektiv təmsil edib. Festivalın ilk günündə hər kollektivə proqramını təqdim etməsi üçün 20 dəqiqə vaxt müəyyənləşdirilib. Polkovnik-leytenant Fariz Məmmədzadə dedi ki, yüksək təşkilatçılığı ilə səciyyəvi olan bu festivalda 7 musiqi nömrəsi təqdim etdik. Respublikanın əməkdar artisti Cahangir Qurbanov "Odlar yurdu Azərbaycan" və "Gözümün qarası", Günay Qasımova "Həyat bizimdir", Mətləb Ağayev "Mavi əbədilik" (Müslüm Maqomayev), Vüsal Ağayev "İncə bellim", Cəlal Kərimov "Azərbaycan" (M.Maqomayev) mahnılarını ifa etdilər. "Gözümün qarası" qazax mahnısını qazax dilində, "Mavi əbədilik" rus dilində ifa edildi. Orkestrin təqdimatında milli musiqi alətimiz zurnanın solosu ilə Üzeyir Hacıbəylinin "Cəngi"si, "İgidlər" rəqsi tamaşaçıları heyran etdi. Rəqslərin quruluşu, plastikası, sinxronluğu, bunları birləşdirən azərbaycançılıq qaynarlığı bir daha təsdiqlədi ki, Azərbaycan musiqisi dünyəvi ehtiram ünvanıdır.
Polkovnik-leytenant Fariz Məmmədzadə onu da dedi ki, bu festival iştirakçı dövlətlərin xalqlarının musiqisinin vəhdətinin bölünməzliyi arenası idi. 500 nəfərdən çox ifaçının iştirakı ilə birləşmiş orkestrlər mayor Almaz İbrahimovun dirijorluğu ilə Qazaxıstanın milli marşını - dövlət himnini ifa etdi. Necə deyərlər, tədbirə görə minnətdarlıq kimi. Onda duyğulananlardan biri də mən oldum: Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin üzvləri uzaq Qazaxıstanda digər dövlətlərin musiqiçiləri ilə "nəfəs-nəfəsə" möhtəşəm bir marşı böyük məharətlə ifa edirdi!
- Amfiteatr formalı "Bənd-marafon" möhtəşəm arenanın dörd tərəfi su idi, çay kənarında düzəldilmiş bu möhtəşəmlik festivala amulet də hesab edilə bilərdi. 4 mindən çox tamaşaçının ruhunu oxşamaq, Azərbaycan musiqisini tanıyanlara bir daha sevdirmək, tanımayanlara tanıtmaq məsuliyyəti ilə çıxış etdik. Alqışlar təsdiqlədi ki, istəyimiz gerçəkləşib, - polkovnik-leytenant Fariz Məmmədzadə belə dedi...
Bu arenada çıxış həm də rəmz kimi qəbul edilməli idi: su əhatəsində çıxış da su kimi duru niyyətlilərə uğur gətirəcək. Gətirdi də...
"Xan-Şatırda" da, festivalın bağlanış məkanı - "Barıs-Arenada" da tamaşaçılara eyni ovqat yaşanılıb. On mindən çox tamaşaçı Azərbaycan musiqisini Azərbaycanın adına layiq alqışlayıb. Bir zamanlar Vaqif Mustafazadə cazla muğamı sintez etmişdi, dünyanın musiqi biliciləri bundan müqayisəyəgəlməz dərəcədə heyrətlənmişdi. Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri bu festivalda iştirakçıların da, tamaşaçıların da ruhunu illər sonra belə bir məqamla oxşaya bildi.
Festivallarda uğuru şərtləndirən amillərdən biri də nəyin necə təqdim edilməsidi; rəmz baxımdan təqdim olunan musiqinin boyu digərlərindən seçilmirsə, münsif, tamaşaçı rəğbəti də olmur. "Astana - mədəniyyət körpüsü" I beynəlxalq hərbi musiqi festivalında gerçəkliyi bu tezis də təsdiqləyib.
Dövlət olaraq Azərbaycanın, xalq olaraq azərbaycanlıların həyat, yaşam fəlsəfəsinin - mübarizliyinin, qətiyyətinin, dönməzliyinin musiqi ifadəsi olan "Cəngi" (Üzeyir Hacıbəyli) hər üç arenada tamaşaçılara bir səmavi mətləb də yaşadıb: Bu, Azərbaycandır! "Cəngi"nin partiturası Astanada da ifaçıların, ümumilikdə orkestrin duyumu ilə süsləndiyinə görə arena (arenalar) minlərin heyrətinə darlıq edib. "Astana - mədəniyyət körpüsü" I beynəlxalq hərbi musiqi festivalında da təsdiqlənib ki, mədəniyyət bir festival miqyasında da tanıtmağa, heyrətləndirməyə qadirdir!..
Qazaxıstan Müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkov Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinə kubok təqdim edib. Polkovnik-leytenant Fariz Məmmədzadə bu kuboku Azərbaycan musiqisinə verilən kubok kimi qəbul edib...
Festivalın gedişində də, festivalın bağlanış mərasimindən sonra da iştirakçı hərbi orkestrlərin dirijorları Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin çıxışından məmnun olduqlarını bildiriblər. Rusiyanı təmsil edən Sankt-Peterburq dairəsi Hərbi Orkestrlərinin xidmət rəisi polkovnik-leytenant (podpolkovnik) Pavel Qertnes fikrini "Məni və bizi heyrətləndirdiniz!" kimi ifadə edib. Dirijorun dediklərini festivalda iştirak edənlərin hamısının fikri hesab etmək günah deyil...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"