Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

26 İyul 2023 16:09

“Əkinçi” qəzeti - milli mətbuatın bayraqdarı

Azərbaycan dilində ilk informasiya nümunələri XIX əsrin 30-40-cı illərinə təsadüf etsə də, 1832-ci ildə nəşr olunan "Tiflis əxbarı", 1845-ci ildə fəaliyyətə başlayan "Qafqazın bu tərəfinin xəbərləri" adlanan nəşrlər - ayrı-ayrı dövlət qurumlarının rəsmi bülletenləri milli mətbuat nümunələri hesab edilmirdi. Həmin dövrdə Cənubi Qafqazda 20-yə yaxın rus, 15 gürcü, o qədər də erməni dilində mətbuat-informasiya vasitəsi nəşr edilirdi. Çar Rusiyası ciddi cəhdlə Azərbaycan dilində mətbuat orqanının yaradılmasına, Cənubi Qafqazın müsəlman əhalisinin savadlanmasına imkan vermirdi. Bu, çar imperiyasının həyata keçirdiyi dini və milli ayrı-seçkilik siyasəti idi.
Görkəmli ziyalı, maarifçi və publisist, böyük mütəfəkkir alim Həsən Bəy Zərdabinin təşəbbüsü, fədakar əməyi və bilavasitə rəhbərliyi ilə ilk azərbaycan dilli nəşrin - "Əkinçi" qəzetinin işıq üzü görməsi çox əlamətdar bir hadisə idi.
1875-ci il iyulun 22-də "Əkinçi" qəzetinin nəşrə başlaması ilə Azərbaycan milli mətbuatının əsası qoyuldu. "Əkinçi" Azərbaycan dilində milli demokratik və xalq mətbuatının ilki oldu. Cəmi 56 nömrəsi çap edilən qəzet bir millətin aynası oldu, Azərbaycan jurnalistikasının bayraqdarına çevrildi.
Qəzetdə dövrünün bir çox ziyalı və maarifpərvərinin - Nəcəf  bəy Vəzirovun, Əsgər ağa Goraninin, Heydərinin, Məhəmmədtağı Əlizadə Şirvaninin, Mirzə Fətəli Axundovun məqalələri, Seyid Əzim Şirvaninin şeirləri və s. dərc olunub. Dövrünün görkəmli maarifçiləri olan bu şəxsiyyətlər "Əkinçi" qəzetində maarifçi və demokratik ideyaların təbliğinə, ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişdilər.
İki ilə yaxın fəaliyyət göstərən "Əkinçi"nin naşiri açıq fikirli, saf əqidəli milli ziyalıları öz ətrafında birləşdirərək elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənət, təbiət elmlərinin inkişafı ilə bağlı materiallar dərc edirdi, xalqın mədəni tərəqqisinə çalışaraq dini mövhumata, xurafata və cəhalətə qarşı mübarizə aparırdı. Həsən bəy Zərdabi özünün milli maarifçilik ideyası və xüsusiyyətləri ilə seçilən bu qəzeti milli mətbuatın müasirləşmə, məfkurə saflığı, ədəbi dilin formalaşması, obyektiv xəbərçilik və digər bu kimi yaradıcılıq prinsiplərini müəyyənləşdirməklə, onları milli jurnalistika məktəbi səviyyəsinə yüksəltmək istəyirdi. "Əkinçi" Azərbaycandan kənarda da - Gürcüstan, Dağıstan, Özbəkistan və başqa yerlərdə də yayılırdı.
1877-ci ilin sentyabrın 29-a qədər "Əkinçi" ayda iki dəfə 300-400 tirajla dərc edildi. Çar Rusiyası qəzetin insanların maariflənməsindəki, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və qəzetin nəşrini dayandırdı.
"Əkinçi" qəzeti bağlandıqdan sonra müxtəlif səylər göstərilməsinə baxmayaraq, bir müddət azərbaycan dilində mətbu orqan çıxmadı...
Sonrakı dövrlərdə Azərbaycan ziyalılarının fəal iştirakı ilə nəşr olunan "Ziya", "Kəşkül", "Kaspi", "Şərqi-rus", "Həyat", "Füyuzat", "Təzə həyat", "Şəlalə", "Açıq söz", "Dirilik" kimi qəzet və jurnalların da mətbuatımızın inkişafında böyük rolu olmuşdur.
“Əkinçi” ilə başlayan mətbuat çırağı günümüzün işığına dönüb.
Belə ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hakimiyyətə gəldiyi ilk gündən Ulu Öndər tərəfindən əsası qoyulan mətbuata dəstək siyasətini bu gün də uğurla davam etdirir. Mətbuat Şurasının və KİVDF-nin yaradılması, Mətbuat Şurası üçün yeni və modern inzibati bina inşa edilməsi, jurnalistlərin mənzillə təmin edilməsi, mətbu orqanlara birdəfəlik yardımlar bunun təsdiqidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edilən "Jurnalistlərin dostu" mükafatı Azərbaycan jurnalistlərinin mütləq əksəriyyətinin mövqeyini ifadə edirdi. Dövlət rəhbərliyi tərəfindən qəzetlərin nəşrinə kifayət qədər vəsait ayrılır. Azərbaycan jurnalistikasında söz, fikir azadlığının yaradılmasını, demokratiyanın inkişafını özündə əks etdirən bu siyasət nəticəsində Azərbaycan dünyada sözə, insan hüquqlarına hörmət edən ölkə kimi tanınır.
Mətbuat tariximizdə hərb, müharibə mövzusu Azərbaycan Xalq Cümhuriyyəti dövründə nəşr olunan mətbu orqanlarında "Azərbaycan", "Açıq söz" və "İstiqlal" qəzetlərində daha geniş yer alıb.
1920-ci ilin aprel işğalından sonra 10 ildən çox nəşr edilən Azərbaycan diviziyasının orqanı olan "Qızıl əsgər" qəzeti fəaliyyətə başlayır. 1922-ci ildə hərbi mətbuat nümunələrimizdən biri olan "Savadlı Qırmızı Əsgər" adlı ilk jurnal Bakıda nəşr olundu. Jurnalın nəşr olunmasında əsas məqsəd əsgərlərin maariflənməsi, onların döyüş hazırlığı, silaha qulluq qaydaları haqqında və ədəbi-bədii mövzuda yazılar dərc etmək idi. "Qızıl əsgər" adı ilə nəşrini davam etdirən bu mətbu orqanı sonralar general Əlağa Şıxlinskinin təklifi ilə "Hərbi Bilik" adlandı.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Ordusunun formalaşdığı ilk gündən Qarabağ müharibəsinin ağır döyüşlərini və hərbi əməliyyatları öz səhifələrində işıqlandıran milli hərbi mətbuatımız yarandı. 1992-ci ilin fevralından nəşrə başlayan "Azərbaycan Ordusu" (əvvəlcə "Xalq Ordusu" adlanırdı) qəzeti, "Hərbi Bilik" jurnalı bu gün ordumuzun ən dəyərli müharibə, hərbi mətbuat salnaməsini yazan mətbu orqanlarıdır.
Müdafiə Nazirliyinin Sənədli və Tədris Filmləri Kinostudiyası (indiki Sənədli və Tədris Filmləri Mərkəzi) 1993-cü il iyunun 2-də Azərbaycan Ordusunun fəaliyyətini əks etdirmək, faktları və hadisələri sənədləşdirmək, qoruyub saxlamaq məqsədilə yaradıldı. Bu qurumun fəaliyyəti sayəsində Azərbaycan Ordusunun inkişafı haqqında əhatəli məlumat əldə etmək mümkündür.
İkinci Qarabağ müharibəsində "Azərbaycan Ordusu" qəzetinin əməkdaşları Hərbi nəşriyyatla birlikdə döyüşlərdə üç istiqamətdə səyyar qəzet bülletenlər hazırlayırdı ki, bunu da səyyar hərbi mətbuat - müharibə mətbuatı adlandırmaq olar.
Beləcə, Azərbaycan kütləvi informasiya vasitələrində mühüm yer alan hərbi mətbuatımız ötən dövr ərzində böyük inkişaf yolu keçərək Qarabağ müharibəsinin döyüş salnaməsini yaratdı. "Azərbaycan Ordusu" qəzeti Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin, Müdafiə Nazirliyinin rəhbərliyinin bütün göstərişlərini böyük məsuliyyətlə yerinə yetirir.

Günay TAĞIYEVA  "Azərbaycan Ordusu"