Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 İyul 2023 16:20

Azərbaycan musiqisini dünyaya bir daha sevdirdilər

Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 25 illiyinə həsr olunmuş "Astana - mədəniyyət karvanı" adlı birinci beynəlxalq hərbi-musiqi festivalı keçirilib. Ölkəmizi hərb-musiqi festivalında Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestrinin, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivi təmsil edib.
Astana şəhərinin 25 illiyinə həsr olunmuş dörd gün davam edən birinci hərbi-musiqi festivalı başa çatıb. Artıq festivalda ölkəmizi layiqincə təmsil edən hərbi musiqiçilərimiz Vətənə dönüblər. Onlarla görüşüb söhbət etdik, festivalla bağlı təəssüratlarını öyrəndik.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin rəisi polkovnik-leytenant Cahangir Qurbanov səfər təəssüratını bizimlə bölüşərək dedi:
- Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərinin 25 illiyinə həsr olunmuş "Astana - mədəniyyət karvanı" adlı birinci beynəlxalq hərbi-musiqi festivalında iştirak etmək bizim üçün uğurlu oldu. Mərkəzimizin müğənni və rəqqasları indiyə qədər dünyanın aparıcı dövlətləri olan Türkiyədə, Rusiyada belə hərbi-musiqi festivalların iştirakçıları olublar. Harada olmuşuqsa, qəlbləri riqqətə gətirən musiqimizlə ölkəmizi layiqincə təmsil etmişik. Astana şəhərində keçirilən hərbi-musiqi festivalı da bizim üçün olduqca səmərəli və uğurlu keçdi. Belə hərbi-musiqi festivallarının keçirilməsi dostluğa, qardaşlığa xidmət edən tədbirlərdəndir. Festivalların keçirilməsi həm də xalqların bir-biri ilə təcrübə mübadiləsidir, bir-birinin musiqisinə hörmət və ehtiramdır. İştirak edən ölkələrin musiqisini dinləmək, onun tarixini öyrənmək baxımından da hərbi-musiqi festivalları çox dəyərlidir. Elə bir sahə yoxdur ki, bir-birindən bəhrələnməyəsən, təcrübə mübadiləsi aparmayasan.
Musiqi sərhəd tanımayan mənəvi bir qüvvədir. Festivallar müxtəlif mədəniyyətlərin bir-biri ilə görüşüdür, bir-biri ilə təmasıdır. Həmişəki kimi Astanada keçirilən festival bizim üçün musiqimizi, mədəniyyətimizi təbliğ etmək üçün uca bir tribuna oldu. Hərbi-musiqi festivalına 8 ölkənin musiqiçiləri qatılmışdı. Qardaş qazax xalqı bizi çox böyük sevgi və məhəbbətlə qarşıladı. Bu cür sevgi və istək bizim eyni kökdən olduğumuzu bir daha sübut edirdi. Festival yüksək səviyyədə təşkil edilmişdi. Qonaqların yerləşdirilməsindən tutmuş səhnənin tərtibatına qədər hər kiçik detal nəzərə alınmışdı. Qazax xalqının sevdiyi "Gözümün qarası" adlı gözəl bir mahnısı var. Bu mahnı qəlbləri riqqətə gətirir, könüllərə sığal çəkir. Tamaşaçıları qarşısında  qazax xalqının çox sevdiyi bu mahnını elə qazax dilində də oxudum. Qazax dilində oxumağım tamaşaçılara bir sürpriz oldu. Musiqiyə, musiqisinə böyük hörmət bəsləyən qazax xalqı məni alqışlarla qarşıladı. Sonra "Odlar Yurdu Azərbaycan" mahnısını da ifa etdim. Festivalda solistlərimizi Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Orkestri müşayiət edirdi. Hərbi orkestrin kollektivi bu günə qədər dünyanın bir çox ölkələrində keçirilən musiqi festivallarında iştirak etmiş və ürəkaçan uğurlar qazanmışdı. Yəni, onların bu sahədə kifayət qədər təcrübəsi var idi. Hərbi orkestrin rəisi və dirijoru polkovnik-leytenant Fariz Məmmədov peşəkar hərbçi və musiqiçidir. Qazaxıstanın hərbi-musiqiçiləri bu festivala üç orkestrlə qatılmışdı. Onlar bənzərsiz musiqi və mahnıları ilə festivalı daha da rövnəqləndirirdilər. Qazax musiqisini dinləməkdən zövq aldıq. Festivalın davam etdiyi günlərdə şəhərdəki Astana Milli Muzeyinə də getdik, şəhərin görməli yerləri ilə tanış olduq. Astana şəhərində tikilmiş Nursultan məscidini də ziyarət etməyimiz ürəyimizcə oldu. Ziyarətində olduğumuz bu məscid böyüklüyünə, möhtəşəmliyinə görə bənzərsizdir. Olduqca heyranedici bir tikilidir. Düşünürəm ki, bu məscid qazax xalqının dünyaya, müsəlman aləminə qiymətli bir hədiyyəsidir. "Astana - mədəniyyət karvanı" hərbi-musiqi festivalı bizim üçün uğurla başa çatdı. Sevindirici hal odur ki, uzun müddət yaddaşlarda yaşayacaq bu festivalda xalqımızı ləyaqətlə təmsil etdik. Azərbaycan musiqisini bir daha dünyaya sevdirməyi bacardıq.
"Astana - mədəniyyət karvanı" adlı hərbi-musiqi festivalında Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri Mətləb Ağayev, Vüsal Ağayev və oğlanlardan ibarət rəqs qrupu da  iştirak edib. Xalqımızın musiqisini festivalda təbliğ edən Mərkəzin əməkdaşları ilə də görüşüb söhbət etdik. İlk həmsöhbətimiz olan gizir Vüsal Ağayev dedi ki, ölkəmizi belə böyük festivallarda təmsil etməkdən qürur duyuram. İndiyə qədər dünyanın bir çox ölkələrində keçirilən hərbi-musiqi festivallarının iştirakçısı olmuşam. Astana şəhərinin 25 illiyi ilə bağlı keçirilən hərbi-musiqi festivalı isə deyərdim ki, həyatımın yeni bir səhifəsidi. Qazax xalqı Azərbaycan musiqisinə böyük maraqla qulaq asırdı. Festivalda Emin Sabitoğlunun bəstələdiyi, oxuculara "Dədə Qorqud" filmindən yaxşı tanış olan "İncə bellim" mahnısını ifa etdim. Tamaşaçılar ilk dəfə dinlədikləri mahnını böyük coşqu ilə qarşıladılar. Mən bu alqışları musiqimizin qələbəsi və zəfəri kimi qiymətləndirdim.
- Dörd gün davam edən festival, sözün həqiqi mənasında, əsl musiqi bayramı idi, - deyə müğənni Mətləb Ağayev söhbətimizə qoşuldu. - Bu günlər ərzində festivalda iştirak edən xalqların musiqisi bir-birinə qarışmışdı. Sanki, festival günlərində insanlar susmuş, yalnız musiqilər bir-biri ilə danışırdı. Mən festivalda dünyaca məşhur olan müğənni Müslüm Maqomayevin "Mavi əbədiyyət" mahnısını ifa etdim. Özü də, rus dilində. Bu mahnı, sanki, bir an içində tamaşaçıları sehirlədi. Azərbaycan musiqisini festivalda çox geniş təbliğ etdik.
Rəqqas Yusif Məmmədov isə dedi ki, festivalda rəqslərə də geniş yer verilmişdi. Biz festival iştirakçıları qarşısında dünyaca məşhur olan "Cigidlər"i rəqs etdik. Rəqsimiz tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. İnanıram ki, musiqimiz kimi, rəqsimiz də iştirakçıların yaddaşından uzun müddət silinməyəcək.
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzindən, Azərbaycan musiqisini dünyaya sevdirənlərdən xoş təəssüratlarla ayrıldıq. Bir daha əmin olduq ki, Mərkəzin solist və rəqqasları həmişə hərbi musiqimizi dünyanın müxtəlif yerlərində keçirilən festivallarda böyük həvəslə, böyük sevgiylə təbliğ edəcək və sevdirəcəklər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"