Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 İyul 2023 15:25

“Mən də əsgər olacam!”

Əsgərdən gələn məktub əl-əl gəzir, gözlərin nuruna, ürəklərin sevincinə dönür. Bir nəfərə yazılsa da, neçə dəfə oxunur, neçə ruhu rəvanla ruhən kəlmələşir. Bu kəlmələşmə doğmalaşmadı...
Məktəbliyə əsgərdən məktub gəlib. Şagird məktub yazdığı əsgəri tanımırdı - tanıdı. Əsgərdən aldığı məktubu həmişə əzizləyəcək - adına gələn ilk məktub kimi, əsgərdən gələn məktub olduğuna görə. Sevinə-sevinə alıb, sevinə-sevinə oxuyub, sevinə-sevinə düşünüb: Mən də əsgər olacam! Hər kəlmə şagirdin uşaq dünyasının dolaylarından sıyrılan cığıra dönüb, cığırlar - ruhən yola... Məktəbli bu cığırların işığından baxıb gördüyü yeni dünyaya əsgər dünyası deyib, əsgər dünyasına - Azərbaycan, Azərbaycana - Vətən. Azərbaycanı sevən məktəbli Vətənin müqəddəsliyini, bəlkə də, bu anlarda duyur, dərk edir; dili Vətən deyən məktəblinin ürəyi də Vətən deyir...
Vətənpərvərlik müxtəlif məqamlarda müxtəlif yollarla təsdiqlənir. El-oba, xalq, millət, dövlət adına istəyin gerçəkləşməsindən qəhrəmanlığadək belədi; Vətəni sevənləri sevmək də vətənpərvərlikdi:
Bakı şəhərindəki 220 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdləri əsgərlərə məktub yazmışdılar. Hər məktubda sevgi vardı. Bu sevgi əsgərə ünvanlansa da, Vətənə sevgini ifadə edirdi.
Məktəbin müəllimi Həqiqət Əsgərovanın təşəbbüsü gözəl təşəbbüsdü - məktəblilər əsgər həyatı ilə tanış olurlar, hərbi xidmət haqqında əsgərlərin özlərindən öyrənirlər. Müəllim bu təəssüratları gərəkli məcraya yönəldəcək. Bu, uşaqların vətənpərvərlik duyğularının formalaşmasının başlanğıcı olacaq. "Vətəni sevirsiniz deyə biz sizi çox sevirik", - Məlik belə yazmışdı. Məlikin məktubunu əsgər Ruslan Ələsgərov da oxumuşdu, yaxınlığındakı əsgər yoldaşları da. Hamısı duyğulanmışdı. Əsgər Ruslan Ələsgərov cavab məktubunda Vətənə belə sevgisinə görə Məlikə minnətdarlıq edirdi: "Biz də sən yaşlarda olanda sizin kimi düşünürdük, indi əsgərik, Vətəni qoruyuruq. Böyüyəcəksiniz, siz də Vətəni qoruyacaqsınız...". Məlik də, Məlikin sinif yoldaşları da bu məktubu əsgər xeyir-duası bilir...
Əsgər Malik Arzumanov Nur adlı məktəblinin sualına cavab olaraq yazıb ki, bütün əsgərlər bir-birləri ilə həm silahdaş, həm də dostdur. Azərbaycan Ordusunun gücü həm də bu dostluqdadı. Cavab məktubuyla tanıdığı əsgər Malik Arzumanovun fikirləri indi ikinci sinif şagirdi olan Nurun yaddaşında həmişə qalacaq, gələcəkdə bu fikirləri gözəldən də gözəl dərk edəcək. Bu əminlik haradandı? - hələ azərbaycançılığın nə olduğunu bilməyən 8 yaşlı məktəblinin səmimi sualına 19 yaşlı əsgərin səmimi cavabı azərbaycançılıqdı; bu cavab azərbaycançılığın bir çalarının sözlə ifadəsidi. "Sizin yaxşı təhsil alıb gələcəkdə ölkəmizə xeyir verəcəyinizi, dəyərli vətəndaş olacağınızı düşünmək mənə sizin kimi məktəbliləri olan Vətənin keşiyində durmaq qədər xoşdu..." - fikirləri də belədi. Bu məktubun (belə məktubların) Nurun da, onun sinif yoldaşlarının da, məktəbin digər siniflərində oxuyanların da xarakterinin formalaşmasında gərəkli olacağına əminlik, həm də dostluğa sədaqətdi...
Əsgər İsaxan Abdullayevin Fuada yazdığı cavab məktubu da bu niyyətlə səsləşir: Azərbaycan əsgəri olaraq Azərbaycan məktəblisinə duru niyyət bildirmək. Bu duru, bu gözəl niyyətdə də mehin yarpağa, ruhun bayrağa, bayrağın torpağa bağlılığının, ayrılmazlığının işartıları görünür:  "İnanırıq ki, gələcəkdə Vətənə gərəkli olacaq peşə seçəcəksiniz, Vətənə layiqli övlad olacaqsınız..."...
Əsgər İsaxan Abdullayevin məktəbli Suada yazdığı fikirlər Azərbaycan əsgərinin mənəvi dünyasının zənginliyinin, Vətənə sevgisinin, hərbi xidmətə sədaqətinin təsdiqidir. Suad da, sinif yoldaşları da bu məktubu oxuduqdan sonra İsaxanın timsalında bütün əsgərlərimizi daha da çox sevəcəklər...
Əsmanın öyrənmək niyyətli sorğusu adi maraq olsa da, ictimai maraqdı - Əsma yaşında olan məktəblilər də, onlardan bir neçə böyük olanlar da bu suala cavab almaq istərdi: "Əsgərin bir günü necə keçir?". Əsgər Rəşad Əliyev Əsmanın sorğusunu həm cavablandırıb ("Saat altıda oyanırıq, səhər idmanı edirik, sonra yatağımızı yığırıq, yuyunuruq, səhər yeməyindən sonra biz də sizin kimi dərs keçirik. Zabitlər bizə hərbi biliklər öyrədir, silahlardan atma bacarığımızı təkmilləşdiririk, təlim varsa, iştirak edirik. Asudə vaxtlarımızda xalqımızın tarixindən, Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində qazandığı Zəfərdən danışırıq”), həm də onlara - 220 nömrəli məktəb-liseyin şagirdlərinə tövsiyələrini bildirib ("Yaxşı oxuyun, Vətəni daha böyük məhəbbətlə sevin"), arzularını çatdırıb ("Sizə dərslərinizdən yüksək qiymətlər almağı, əlaçı olmağı, gələcəkdə tələbə adı qazanmağı arzulayıram”)...
Əsgər Nuriyev Ömərə yazıb ki, biz Vətəni qoruyuruq. Bu, bizim borcumuzdur, yaxşı oxumaq - sizin. Burada bizə hər cür yüksək şərait yaradılıb. Heç nədən çətinliyimiz yoxdur. Biz hərbi xidmətdə nümunəvi əsgər olmağa çalışırıq, siz də nümunəvi şagird olmağa çalışın. Komandirimiz deyir ki, istəyin varsa, ona çalışmaqla nail ola bilərsən.
Gözəl düşüncələrdi! Şagirdlərin belə düşünən əsgərlərə görə orduya sevgisi daha da artacaq, orduya sevgisinə görə - Vətənə!..
Bu, gümandan daha çox gerçəklikdir. İsaxan yazıb ki, "Vətəni qorumaq şərəf işidir, biz bunu sevə-sevə edirik. Sizə tövsiyəm budur ki, Vətənimiz haqqında hər şeyi öyrənəsiniz, onda Vətənimizin necə gözəl olduğunu daha yaxşı biləcəksiniz. Vətəni sevə-sevə böyüyəcəksiniz, sinfinizin oğlanları Vətəni sevə-sevə böyüyəcəklər, Vətənin əsgəri olacaqlar. Onlarla siz də qürurlanacaqsınız. Siz də bilin ki, Azərbaycan Ordusu ən güclü ordulardandır...
Gülay yazmışdı ki, bizim evdə hər il iyunun 26-sı həm Silahlı Qüvvələr Günü kimi qeyd olunur, həm də mənim ad günüm kimi. Ona görə mən ordumuzu başqa uşaqlardan daha çox sevirəm. Əsgər Vüsal Musayev məktəbli Gülaya yazıb ki, səni həm öz adımdan, həm də əsgər yoldaşlarımın adından həm Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm, həm də ad günün münasibətilə. Sən daha məsuliyyətlə oxumalısan, çünki ömrünün ən əziz günü ordumuzun adı ilə bağlı olan gündür.
Məktəblilər məktublarında hərbi xidmət haqqında soruşurlar. Hər sorğunun mahiyyəti nəyisə, nələrisə bilməkdi. Bu biçim sorğular, bəlkə də, hərbi xidmətə hazırlığın ilkindən də ilkin başlanğıcıdı - məktəbli zamanı həm də belə qabaqlamaq istəyir. İkinci Qarabağ müharibəsi haqqında döyüşlər, qəhrəmanlar haqqında atasından eşidib, müəllimlərindən eşidib, əsgərlərdən də eşitmək istəyir. Bu istək də vətənpərvərlikdi.
Ümid məktubunda soruşmuşdu ki, hərbi hissəniz Vətən müharibəsində iştirak edibmi? Əsgər Tofiq Abdullayev məktubunda həm məktəblinin sorğusunu cavablandırıb, həm də hərbi hissənin döyüşlərdə necə iştirak etdiyini bildirib: "Hərbi hissəmiz müharibə başlayandan Zəfərə kimi döyüşlərdə iştirak edib, əsgər və zabitlərimiz qəhrəmanlıqla vuruşub, döyüşlərdə beş nəfər şəhid olub. Onların yolunu biz davam etdiririk. Bizim yolumuzu siz davam etdirəcəksiniz..."
"Əsgər" kəlməsi cəmiyyət üçün həmişə həssas olub. Bu həssaslıq İkinci Qarabağ müharibəsində daha da həssaslaşdı, Zəfərdən sonra doğmalıq həddində yaşadılmaqdadı. Məktəblilərin əsgərlərə məktub yazması da bununla bağlıdı. 2020-ci ilin 27 sentyabrına kimi məktublarda torpaqlarımızın işğaldan azad edilməsi istəyi ifadə olunurdu, Zəfərdən sonra işğaldan azad edilmiş ərazilər. "Əsgərlikdən sonra sən də oralarda işləyəcəksənmi?" - sorğusu 8 yaşlı məktəblinin cəmiyyət haqqında düşüncələrinin başlanğıcıdı. Rəşad cavab məktubunda yazıb ki, əsgər dostlarımla oraya işləməyə getməyi qərara almışıq...
... Əsgər məktubu əldən-ələ dolaşır. Bu məktubları oxuyanlar əsgərlərin Vətənə bağlı düşüncələrini könlünə köçürür. Hamısı illərin tez ötüşməsini arzulayır - oğlanlar Vətənə əsgər olmaq üçün, qızlar Vətənə əsgər olan sinif yoldaşları ilə qürurlanmaq üçün...
Yaz yağışından sonra göy üzü üzə necə gülürsə, göy üzündən asılı qalan göy qurşağı görənlərə necə könül xoşluğu verirsə, əsgər məktubları da elə ovqat yaradır...
Əsgər məktubları yollarda ləngimir...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"