Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2023 10:57

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqımızın Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır
Suallar:

1. Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir.

2. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısıdır.
Heydər Əliyev Azərbaycan xalqının Ümummilli Lideridir
Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduğu xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüş Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdən biridir.
Ulu Öndər Heydər Əliyev rəhbərlik etdiyi 30 illik dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Azərbaycan Respublikasının 1969-cu ildən bəri yaşayan dövrü xalqımızın tarixinə Ulu Öndər Heydər Əliyev dövrü kimi əbədi həkk olunmuşdur. Azərbaycan Respublikasının müasir tarixində 1969-cu il respublikamızın sosial-iqtisadi və mədəni inkişafında dönüş ili olmuşdur. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında respublikanın dinamik inkişafı üçün kompleks proqramların işlənib hazırlanmasında yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlıq və nəhəng enerji ötən əsrin 70-ci illərinin bariz əlamətinə çevrildi. Bu illər Azərbaycanın quruculuq salnaməsinə ən parlaq səhifələr kimi daxil olmuşdur.
Tarixi bu dövrdən etibarən başlanan Ulu Öndər Heydər Əliyev idarəetmə fəlsəfəsinin başlıca ideya-siyasi istiqaməti xalqın milli özünüifadəsinin bütün forma və vasitələrinin geniş vüsət alması, milli qürur hissinin güclənməsi və milli şüurun yüksəlişinə təkan verən sürətli inkişaf strategiyasının gerçəkləşdirilməsi ilə səciyyələnmişdir. Xalqın tarixi yaddaşının özünə qaytarılması Ulu Öndərin qəlbində illərdən bəri sıxılıb qalmış milli dövlətçilik ideyalarının gerçəkləşməsi üçün zəmin yaratdı.
Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Məktəbin yaradılması, gənc və yeniyetmə azərbaycanlı oğlanların həmin məktəbə, habelə respublikadan kənarda ali hərbi məktəblərə cəlb olunması Azərbaycan Respublikası üçün peşəkar hərbi kadrlar hazırlanması işinə böyük təkan verdi. Ulu Öndərin uzaqgörənliyi sayəsində gələcəkdə müstəqil Azərbaycan Ordusunun formalaşması üçün kadr potensialının həlli yolunda mühüm addım atıldı.
Azərbaycan Respublikası öz dövlət müstəqilliyini bərpa etdikdən sonra ilk illərdə ölkədə hakimiyyət uğrunda başlanan silahlı mübarizə, hakimiyyətlərin bir-birini əvəz etməsi və çoxhakimiyyətliliyin hökm sürməsi müstəqil dövlətçiliyə ağır zərbələr vurdu. Ölkədə yaranmış ictimai-siyasi xaos, anarxiya, zorakılıq halları, milli və vətəndaş qarşıdurmasının kəskinləşməsinə və hakimiyyətin tam iflasına rəvac verirdi. Nəticədə, 1993-cü ilin yayında Azərbaycan dövlətçiliyi böhran və məhv olmaq təhlükəsi qarşısında qaldı, ölkə vətəndaş müharibəsi və parçalanma həddinə gətirildi. Belə bir vəziyyətdə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev öz böyük siyasi təcrübəsi və müdrikliyi ilə Azərbaycanı bu təhlükəli vəziyyətdən çıxarmaq üçün gərgin işə başladı. İlk növbədə hakimiyyət vakkumu aradan qaldırıldı, respublikanın müxtəlif bölgələrində baş qaldırmış destruktiv qüvvələr xalqın fəal köməyi ilə zərərsizləşdirildi, vətəndaş müharibəsinin qarşısı alındı. Azərbaycanın dövlətçiliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar ünsürlər cəmiyyətdən təcrid edildi. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan arasında mövcud olmuş silahlı münaqişədə atəşkəsə nail olundu. Ulu Öndər Azərbaycan həqiqətlərini, xüsusilə Ermənistan-Azərbaycan arasında mövcud olmuş Qarabağ münaqişəsinin mahiyyətini dünya ictimaiyyətinə çatdıra bildi.
Ayrı-ayrı şəxslərə və siyasi qruplaşmalara xidmət edən silahlı birləşmələr Ali Baş Komandan Heydər Əliyevin məqsədyönlü və qətiyyətli siyasəti nəticəsində ləğv edildi, Azərbaycan Ordusunun formalaşdırılması, Azərbaycan Respublikasının nizami Silahlı Qüvvələrinin yaradılması ilə bağlı təxirəsalınmaz tədbirlər görüldü, orduda kütləvi fərarilik hallarına son qoyuldu, hərbi intizam möhkəmləndirildi.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə əsl dönüş yarandı, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət quruculuğu başlandı.
Azərbaycan Respublikasının daxilində yaranmış sabitlikdən və beynəlxalq aləmdə ölkəmizə artan inam və maraqlardan istifadə edərək 1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" adlandırılan ilk neft müqaviləsi imzalandı. Azərbaycan Respublikasının iqtisadi suverenliyini əks etdirən ilk beynəlxalq neft müqaviləsi ölkə iqtisadiyyatının dinamik inkişafının əsasını qoydu və bu gün onun praktiki nəticələri göz qabağındadır. Azərbaycan dövlətinin iri beynəlxalq lahiyələrdə iştirakı Böyük İpək Yolunun bərpası, nəqliyyat dəhlizlərinin Azərbaycan Respublikasının ərazisindən keçməsi Ulu Öndərin neft strategiyasının həyata keçirilməsinin bəhrəsidir.   
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən etmiş, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlıları üçün möhkəm zəmin yaratmışdır.
Azərbaycanda dövlətçilik ənənələrinin XX əsrin sonlarında bərpa edilib zənginləşdirilməsi, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, onun əbədi, dönməz xarakter alması, ölkəmizin dinamik iqtisadi inkişaf yolu ilə inamla irəliləməsi, onun beynəlxalq nüfuzunun sürətlə artması Ulu Öndər Heydər Əliyevin səmərəli fəaliyyəti sayəsində mümkün olmuşdur. Ulu Öndər Heydər Əliyev öz müdrik rəhbərliyi, siyasi uzaqgörənliyi, qətiyyəti və əzmkarlığı ilə zəmanəmizin görkəmli siyasi xadimi kimi tanınmış Azərbaycan xalqının Ümummilli Liderinə çevrilmişdir. Azərbaycan Respublikasının hərtərəfli inkişafı üçün onun hazırladığı strateji istiqamətlər hələ uzun illər müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsi və gücləndirilməsi, iqtisadi qüdrətinin artırılması, xalqımızın layiq olduğu xoşbəxt həyata qovuşması işinə xidmət edəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun  layiqli davamçısıdır
Qüdrətli ordu, güclü iqtisadiyyat, beynəlxalq arenada önəmli mövqe, müstəqil xarici siyasət və qalib ölkə. Bu öz tarixinin ən güclü dövrünü yaşayan Azərbaycan dövlətinin bugünkü reallıqlarıdır. 20 il əvvəl Azərbaycan xalqı müdrik seçim edərək Ulu Öndərinin siyasi kursuna dahi şəxsiyyətin layiqli davamçısı cənab İlham Əliyevə səs verərək Azərbaycan Respublikasının Prezidenti seçdi. Yeni əsrin yeni lideri cənab İlham Əliyev bu 20 ildə Azərbaycanı həm siyasi-iqtisadi, həm də hərbi cəhətdən qüdrətli, dünyada sözü keçən dövlətə çevirdi. Bu güc sayəsində Qarabağın 30 il davam edən işğalına 44 gündə son qoymaq mümkün oldu. Çoxəsrlik Azərbaycan tarixində buna bənzər şərəfli və qürurlu günlər olmayıb. Xalqımıza Qarabağ Zəfərini bəxş edən, bizi qalib xalqa çevirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev "güclü dövlət" konsepsiyasının əsasını üç mühüm güc - iqtisadi-siyasi, hərbi güc və onların vəhdəti təşkil edir.
Ulu Öndərin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" kəlamı üzərində qurulan siyasət nəticəsində ötən 20 il ərzində misilsiz uğurlara imza atılıb. 1994-cü ildə imzalanan "Əsrin müqaviləsi" ilə əsası qoyulan neft strategiyası sonrakı illərdə də davam etdirilib. Azərbaycan Respublikasının qazandığı nailiyyətlərin təməlində məhz bu strategiya dayanır. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, 2007-ci ildə Bakı-Tbilisi-Ərzurum qaz kəməri kimi misilsiz layihələr reallaşdırılıb. 2018-ci ildə Avropanın enerji təhlükəsizliyində böyük rola malik Cənub Qaz Dəhlizinin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin və 2020-ci ildə TAP boru kəmərinin rəsmi açılış mərasimləri keçirilib. Həmçinin "Əsrin müqaviləsi" 2050-ci ilə qədər uzadılıb.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin yaradılması istiqamətində böyük işlər görülüb. Bakı-Tbilisi-Qars dəmiryolu istifadəyə verilib. Azərbaycanın Rusiya, İran və Gürcüstanla sərhədinə qədər yeni magistral avtomobil yolları çəkilib. İşğaldan azad olunmuş Füzuli və Zəngilan şəhərlərində hava limanlarının inşası, Laçın rayonunda hazırda hava limanının tikintisinin davam etdirilməsi, Qarabağ bölgəsinin sənaye mərkəzinə çevriləcək Ağdamda on minlərlə sakin üçün nəzərdə tutulmuş tamamilə yeni şəhərin inşa olunması və məcburi köçkünlərin qayıdışı üçün reallaşdırdığı Zəngilan rayonunun Ağalı kəndində ilk pilot layihəsi, Laçın şəhərinə Böyük Qayıdışa hazırlığın görülməsi bunların bariz nümünəsidir.
Bu gün Azərbaycan dövləti həm də dünyada sayı məhdud olan kosmik ölkələr sırasındadır. 2013-cü ildə ilk telekommunikasiya peykimiz "Azerspace-1", 2014-cü ildə yer səthini müşahidə edən "Azersky" peyki, 2018-ci ildə isə daha bir telekommunikasiya peyki "Azerspace-2" orbitə çıxarılıb.
Bütün bunlarla yanaşı, son 20 ildə əhalinin yoxsulluq səviyyəsi 49 faizdən 5 faizə enib, strateji valyuta ehtiyatlarımız 50 milyard ABŞ dollarını ötüb. Qeyri-neft sektorunun kənd təsərrüfatının, metallurgiya sənayesinin, yüngül sənayenin inkişafı istiqamətində atılan mühüm addımlar da öz müsbət nəticəsini verməkdədir.
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin böyük siyasi bilikləri, təcrübəsi, diplomatiya elmini dərindən bilməsi ölkəmizin xarici siyasət kursunun uğurla həyata keçirilməsində mühüm rol oynayır. Ölkələrin bir-birinin suverenliyinə hörmət etmələrinin, əməkdaşlığı gücləndirməklə qarşılıqlı faydalı əlaqələrin qurulmasının vacibliyini bəyan edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xarici siyasət kursunu  bu prinsiplər əsasında qurub. Bu səbəbdəndir ki, dünya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü beynəlxalq və regional təşəbbüslərə dəstək verir. Əlbəttə, Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlər, həmçinin digər xarici tərəfdaş ölkələrlə iqtisadi müstəvidə qurulan səmərəli əməkdaşlıq qarşılıqlı siyasi əlaqələrin formalaşmasında və möhkəmləndirilməsində mühüm rol oynayır. Bu gün həm də dünyada etibarlı tərəfdaş kimi tanınan Azərbaycan Respublikası qonşu ölkələrlə (Ermənistan istisna) müxtəlif platformalarda əməkdaşlıq əlaqələri quraraq mövcud münasibətlərini daha da möhkəmləndirir.
Bu illər ərzində beynəlxalq təşkilatlarla da səmərəli əməkdaşlıq əlaqələri qurması ölkəmizin beynəlxalq imicinin formalaşmasında müstəsna əhəmiyyət kəsb edir. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik etməsi ölkəmizin beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir. Bu sıraya Türk Şurası, MDB, ATƏT, İƏT və kimi digər qurumlarla səmərəli əməkdaşlıq əlaqələri də daxildir.
Düşünülmüş və konkret hədəflərə istiqamətlənmiş xarici siyasətdə ən ağrılı problemimiz olan Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, problemin həlli üçün hüquqi bazanın formalaşdırılması xüsusi yer tuturdu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bütün səfərlərində, keçirdiyi görüşlərində, mötəbər tribunalarda etdiyi çıxışlarında Ermənistanın işğalçılıq siyasəti səbəbindən yaranmış bu münaqişə əsas mövzu olmuşdur. Bununla yanaşı, dövlətimizin başçısı müvafiq qurumların, diplomatik missiyaların qarşısında bu məsələ ilə bağlı müvafiq tapşırıqlar qoydu və əməli addımlar atıldı, beləliklə, dünya Azərbaycanın ədalətə söykənən mövqeyi barədə məlumatlandırıldı.
İllər ötdükcə Azərbaycanın artan iqtisadi imkanları fonunda ordumuzun arsenalı dünyanın ən qabaqcıl ölkələrinin istehsalı olan müasir hərbi texnikalarla daha da gücləndirildi. Müxtəlif ölkələrlə hərbi əməkdaşlığa dair sənədlər imzalandı, hərbi qulluqçularımızın xarici dövlətlərdə müxtəlif təcrübə proqramlarında iştirakı təmin edildi. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci ildə imzaladığı Sərəncama əsasən, Müdafiə Sənayesi Nazirliyi yaradıldı.
Beynəlxalq reytinqə görə, Azərbaycan Ordusu bu gün dünyada ən güclü 50 ordu sırasında yer tutur. Vətən müharibəsinə qədər Azərbaycan Ordusu öz gücünü və döyüş qabiliyyətini 2016-cı ilin aprelində həm düşmənə, həm də dünyaya nümayiş etdirdi.  2020-ci il sentyabrın 27-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin döyüşə əmri ilə Azərbaycan Ordusunun başladığı əks-hücum əməliyyatı işğal altındakı torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün bərpa olunması ilə nəticələndi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycan Ordusunu yaratdı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev isə onu dünyanın ən güclüləri sırasına çıxardı. Bu ordu qarşısında duran tarixi missiyanı, yaradıcısı olan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin arzusunu və vəsiyyətini yerinə yetirdi. Odur ki, bu gün Ulu Öndər Heydər Əliyevin ruhu rahatdır və bu qələbə həm də Ulu Öndərin ideyalarının təntənəsidir.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətində əldə edilən hər bir uğur Ulu Öndər Heydər Əliyevin zəkasının təcəssümü, onun irsən qoyub getdiyi milli tərəqqi ideyalarının təzahürüdür.  

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi