Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2023 10:56

Hərbi təhsilimizin Heydər Əliyevlə başlanan uğuru

Anadan olmasının 100 illiyi böyük təntənə ilə qeyd olunan Ulu Öndər Heydər Əliyevdən Azərbaycan xalqına miras qalmış çox dəyərli yadigarlardan biri də Cəmşid Naxçıvanski adına Hərbi Liseydir. Bu liseyin yaradılması Azərbaycanın dövlətçilik və hərb tarixində elə bir yaddaqalan hadisədir ki, vaxt ötdükcə onun həyatımızdakı yeri də, yaradıcısı olan Heydər Əliyevin dühasının əzəməti də daha aydınlığı ilə hiss olunacaqdır.
1971-ci il aprelin 29-da Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin büro iclası zamanı respublikada növbəti dəfə hərbi-kütləvi işlərin vəziyyəti və gedişi müzakirə olunanda Heydər Əliyev çox maraqlı, tarixi və cəsarətli bir çıxış etmişdi. Mərkəzi Komitənin bürosu respublikanın həyatı ilə bağlı rəhbər qərarları qəbul edən ali bir orqan idi. Büro iclasında respublikanın və xalqın həyatında əhəmiyyət kəsb edən məsələlər müzakirəyə çıxarılmışdı. Həmin məsələlərdən biri də respublika gəncləri arasında hərbi-kütləvi işlərin təşkilinin vəziyyəti idi.
Heydər Əliyev çıxışında bildirmişdi ki, son il yarım ərzində hərbi məsələ artıq üçüncü dəfə respublika rəhbərliyinin müzakirəsinə çıxarılmışdır. Yəni, gənclər arasında hərbi kütləvi işlərin təşkili, o cümlədən milli zabit kadrlarının hazırlanması məsələsi respublika rəhbərliyinin xüsusi diqqəti altında idi. Həmin iclasda Heydər Əliyev milli zabit kadrlarının hazırlanmasının əhəmiyyətini və zərurətini xüsusi olaraq qeyd etmişdi və bu məsələ ilə bağlı öz çıxışında belə bir fikir demişdi: "Qarşımızda çox böyük vəzifə dayanır və biz milli hərbi kadrlara malik olmasaq, bunu gələcək nəsillər bizə bağışlamaz". Yəni, Heydər Əliyev milli hərbçi kadrların hazırlanmasını xalqın və millətin gələcəyinə hesablanmış bir vəzifə kimi qəbul edir, respublikanın bütün rəhbər təşkilatları qarşısında bununla bağlı ciddi vəzifələr qoyurdu. Bu istiqamətdə görülməli işlərin ilhamvericisi məhz Heydər Əliyevin özü idi. Onun təşəbbüsü və təkidi ilə 1971-ci il iyulun 20-də xüsusi orta internat məktəbin yaradılması haqqında qərar qəbul edildi. Həmin ilin noyabrında Heydər Əliyev bayraq təqdim etdi və məktəbə Cəmşid Naxçıvanskinin adının verildiyini açıqladı.
Xüsusi internat məktəbinə Cəmşid Naxçıvanskinin adının verilməsi də təsadüfi deyildi. Cəmşid Naxçıvanski Azərbaycanın tanınmış generalı, xalqımızın hərb tarixində şərəfli yeri olan Naxçıvanskilər nəslinin nümayəndəsi idi. Bu nəsil Azərbaycan tarixinə Kəlbalı xan Naxçıvanski, İsmayıl xan Naxçıvanski, Hüseyn xan Naxçıvanski kimi generallar bəxş etmişdi. 1970-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycanda general Cəmşid Naxçıvanskinin anadan olmasının 75 illiyi respublika səviyyəsində qeyd edilirdi. General Cəmşid Naxçıvanski Heydər Əliyevin 1969-cu ilin yayında respublika rəhbəri seçilməsindən sonra yubileyi ümumxalq səviyyəsində qeyd edilən ilk tanınmış general idi. Bununla bağlı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin və Nazirlər Sovetinin xüsusi qərarı var idi. Həmin qərarda Cəmşid Naxçıvanskinin adının əbədiləşdirilməsi məsələsi də nəzərdə tutulmuşdu. Xüsusi orta internat məktəbin yaradılmasına başlayanda bu məktəbə C.Naxçıvanski kimi bir generalın adının verilməsi məqsədəuyğun sayılmışdı.
Hazırda hərbi lisey adlandırılan bu təhsil ocağının yaradılmasında başlıca məqsəd azərbaycanlı gənclər üçün ali hərbi təhsil məktəblərinə aparacaq yolun asanlaşdırılması idi. Milli hərbi kadrların sayının artırılması Heydər Əliyevin əzəli arzusu idi. Bununla o, Azərbaycanda hərbi işin canlandırılmasına, şərəfli hərb tarixinin davam etdirilməsinə çalışırdı. Bu barədə özü belə deyirdi: "Ali Hərbi Məktəblərə, əsasən, ruslar, ukraynalılar, belaruslar qəbul oluna bilərdilər. Qalan millətlərdən gənclərin hərbi məktəblərə qəbul edilməsini çox nadir hadisə kimi qəbul etmək olardı. Bunları görəndə, bu barədə fikirləşəndə düşünürdüm, yaxşı, biz Sovetlər İttifaqının bərabər hüquqlu müttəfiq respublikasıyıq, böyük səlahiyyətlərimiz var. Biz nə üçün ordudan təcrid olunuruq? Demək, əlavə tədbirlər görmək lazım idi ki, bu maneəni keçəsən və azərbaycanlıları orduda komandan, zabit vəzifəsinə çatdıra biləsən".
Milli hərbi kadrların sayının artırılması və sovet ordusunda azərbaycanlıların layiqli yer tutması üçün Heydər Əliyev tərəfindən görülən əlavə tədbirlərin sayı çox idi. Lakin onlardan ən səmərəlisi və dövrünə görə ən cəsarətlisi hərbi liseyin əsasının qoyulması idi. Milli hərbi kadrların hazırlanması və sayının artırılması geniş planda milli təfəkkürün oyanması, sosialist ideoloji ehkamlarına ciddi zərbə demək idi. Buna görə də mərkəzi sovet orqanlarının nümayəndələri bir-birinin ardınca Bakıya gəldilər, xüsusi orta məktəbin yaradılmasının qanunsuz olduğunu bildirdilər, onun ləğvini tələb etdilər. "Daha sonra bir dəfə də gəldilər. Mən hər dəfə onların cavabını verdim. Axırda da Moskvaya getdim, ən yüksək səviyyədə bunu müzakirə etdim. O səviyyədə mənim arqumentlərimə etiraz etmək mümkün deyildi. Amma aşağılar, təbiidir ki, məntiqsiz işlər görürdülər. Amma yüksək səviyyədə mən məntiqlə danışanda, onlar da məntiqlə danışmalı idilər. Məni aldatmaq olmaz. Beləliklə, mən məktəbi bu bəlalardan xilas etdim", - böyük tarixi şəxsiyyət belə deyirdi.
Heydər Əliyev məktəbi kimi tanınan hərbi liseyin şərəfli tarixinin başlanğıcı belə qoyuldu. Ulu Öndər bu təhsil ocağına hər zaman qayğı göstərirdi. Əsası qoyulandan sonra Heydər Əliyev hər il bu təhsil ocağına gəlirdi, çox böyük sevinc hissləri və mehribanlıqla liseydə təhsil alan kursantlarla görüşürdü, onların təhsil qayğıları ilə yaxından maraqlanırdı. Hətta daha yüksək vəzifəyə irəli çəkilib Moskvaya gedəndən sonra da bu təhsil ocağını unutmurdu, məzuniyyət üçün Bakıya gələndə mütləq ora baş çəkirdi. Bu məktəbə olan münasibətini belə ifadə edirdi: "Bilirsiniz, sizə səmimi deyirəm. Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax, bu cür baxacağam".
İndi Azərbaycan Respulikasının hərbi həyatını bu lisey olmadan təsəvvür etmək mümkün deyildir. Hələ sovet hakimiyyəti illərində bu təhsil ocağını bitirən nə qədər azərbaycanlı gənc ölkənin nüfuzlu hərbi məktəblərində təhsil aldılar və bununla Azərbaycanda yeni zabitlər nəslinin sıralarını tamamladılar.
Azərbaycan Respulikasının müstəqilliyi dövründə bu məktəbin tarixində yeni bir dövr başladı. Azərbaycan Respulikasının Prezidenti və Ali Baş Komandanı kimi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və qayğısı ilə hərbi liseyin fəaliyyəti daha böyük uğurlarla tamamlanırdı. Məhz orada hərbçi peşəsinin ilkin sirlərinə yiyələnmiş zabitlər müstəqil Azərbaycan Ordusunun kadr heyətinin əsasını təşkil etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında aparılan Vətən müharibəsinin ön sıralarında misilsiz qəhrəmanlıq göstərən zabitlərin böyük bir hissəsi də məhz C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri idi. Bütünlükdə, mövcudluğu dövründə C.Naxçıvanski adına Hərbi Liseyi 14 min gənc bitirmişdir. Onlardan 20 nəfəri general kimi ali hərbi rütbəyə yüksəlmişdir. Hərbi liseyi bitirənlər arasında 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı, 19 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülmüşdür. Respublikanın orden və medalları ilə təltif olunanların sayı daha çoxdur. Hərbi liseyin məzunlarından 158 nəfər döyüşlərdə şəhidlik zirvəsinə yüksəlmişdir. Onların xatirəsi və qəhrəmanlıq yolu bu gün də liseyin kursantları üçün bir nümunə olaraq qalmaqdadır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Sərəncamı ilə Azərbaycanda ordu quruculuğunun Türkiyə modeli üzərində aparılması mühüm bir vəzifə kimi irəli sürülmüşdür. Bəllidir ki, Türkiyə ordusu indi dünyanın ən güclü orduları sırasındadır və belə bir səviyyənin əldə edilməsində Türkiyənin daxili potensialı ilə bərabər, həm də dünyanın qabaqcıl təcrübəsinin öyrənilməsi və tətbiqi böyük əhəmiyyət kəsb etmişdir. Türkiyənin zəngin təcrübəsi isə indi Azərbaycanda öyrənilir və tətbiq edilir. Azərbaycanın xüsusi təhsil müəssisələri də bu prosesdən kənarda qalmamışdır. Türkiyənin hərbi təhsil sahəsindəki təcrübəsi nəzərə alınmaqla, Azərbaycanda hərbi təhsilin yeni standartlar və tələblər üzərində qurulması üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 mart 2022-ci il tarixli Fərmanı ilə Müdafiə Nazirliyi tərkibində Milli Müdafiə Universiteti yaradıldı. İndi Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələri bu qurumun tərkibində birləşib. Milli Müdafiə Universitetinin yaradılması sadəcə bir struktur dəyişikliyi deyildir. Bu strukturun yaradılması ilə xüsusi təyinatlı təhsil müəssisələrində, o cümlədən hərbi liseydə müasir dünya standartlarına cavab verən, eləcə də hərbi təhsil sahəsində Azərbaycanın özünün qazandığı ən yaxşı təcrübə əsasında yeni tədris prosesi qurulmuşdur. Bu yenilik tədris prosesinin gedişində və nəticələrində özünü göstərib. Belə ki, Dövlət İmtahan Mərkəzinin məlumatına görə, 2023-cü ildə respublika üzrə XI sinif şagirdlərinin buraxılış imtahanlarında həm Cəmşid Naxçıvanski adına Hərbi Liseyin, həm də Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi Liseyin XI sinif kursantlarının göstəriciləri respublika üzrə orta göstəricidən daha yüksəkdir.
Ümumtəhsil məktəblərinin şagirdlərinin böyük bir hissəsi məktəbdən kənar özəl hazırlıqlarda da iştirak edirlər. Hərbi liseylərdə isə kursantlar günün nizam qaydalarına uyğun olaraq yalnız lisey daxilində tədrislə məşğul olurlar. Bununla belə, onlar respublika üzrə yüksək təhsil nəticələri göstərməyə müvəffəq olublar. Şübhə yoxdur ki, kursantlar savadlı və bilikli zabitlər kimi Azərbaycan Ordusunda öz layiqli yerlərini tutacaqlar və sədaqətli xidmətləri ilə Heydər Əliyevin əsasını qoyduğu məktəbin şərəfli tarixini daha da zənginləşdirəcəklər.

Ehtiyatda olan polkovnik  Mehman SÜLEYMANOV tarix üzrə elmlər doktoru, dosent,

polkovnik Rəşad TAHİROV Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutu