Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 İyul 2023 10:54

Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri, qürur mənbəyidir

Dövlətin qüdrətini şərtləndirən amillər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük rol oynayır. Ölkəmiz iqtisadi və siyasi nailiyyətlərlə yanaşı, ordu quruculuğunda da böyük uğurlar qazanıb. Azərbaycan Ordusunun Cənubi Qafqazın ən güclü ordusu olduğunu dünya dövlətləri də etiraf edir.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərləri ilə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə Əlahiddə Azərbaycan Korpusu yaradılmışdı. Müsəlman Korpusunun adının dəyişdirilməsi və Əlahiddə Azərbaycan Korpusu adlandırılması milli silahlı qüvvələrin yaradılması istiqamətində mühüm addım olmuşdu.
1918-ci il mayın 28-də qəbul olunmuş "İstiqlal bəyannaməsi"ndə qeyd edilirdi ki, Azərbaycan özünü xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün nizami orduya malik olmalı, özünün silahlı qüvvələrini yaratmalıdır. 1919-cu ilin sonlarında şəxsi heyəti 25 min olan Azərbaycan Ordusunun 1920-ci ildə 40 min nəfərə çatdırılması planlaşdırılırdı... Sovet imperiyası Azərbaycan Demokratik Respublikasını ilhaq etdikdən sonra hərbi nazirlik ləğv edildi, ordu quruculuğunu başa çatdırmaq mümkün olmadı.
Yalnız Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə Azərbaycana hakimiyyətə gəlişindən sonra onun müstəsna xidmətləri sayəsində hərbi kadrların hazırlanması prosesi yenidən başlandı. Bu, milli ordu quruculuğunda dönüş idi və dinamik bir proses oldu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildi - 1991-ci il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il tarixli Fərmanına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü elan edildi. Bu tarix rəsmi dövlət bayramı kimi qeyd edilir.
Əsası Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan Ordusunun ənənələri yeni müstəvidə qorunub saxlanılır, inkişaf etdirilir. Bu gərəkli iş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün oldu. Əbədiyaşar Komandan Heydər Əliyevin rəhbərliyi altında mütəşəkkil, qüdrətli ordu yaradılmağa başladı, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin hazırlandı.
Müstəqilliyini yeni bərpa etmiş respublikamızda nizami ordu yaradılmasına başlanıldığı andan müxtəlif təzyiqlər də meydana çıxdı. Xaricdən və daxildən göstərilən təzyiqlərin əsas məqsədi ordu quruculuğunun qarşısını almaqla Azərbaycanın müstəqil bir dövlət kimi mövcudluğuna yol verməmək idi. Belə ki, sovet hakimiyyəti dövründə də imperiyanın azərbaycanlılara qarşı hərbi siyasəti dəyişməmişdi. Sovet dövründə çar dövründən fərqli olaraq azərbaycanlı gənclər hərbi xidmətə çağırılırdılar. Lakin onlar, əsasən, tikinti yönümlü hərbi hissələrdə xidmət edirdilər. Bu siyasət azərbaycanlılar arasında hərb elminə dərindən yiyələnən, müasir silahlarla rəftar etməyi bacaran hərbçilərin hazırlanmasına imkan vermirdi. Bu siyasətin mahiyyətini yaxşı başa düşən Ulu Öndər Azərbaycanda hakimiyyətə gəldikdən sonra, 1971-ci il iyulun 20-də “İxtisaslaşdırılmış internat məktəbinin yaradılması haqqında” qərarın qəbul olunmasına nail oldu. Azərbaycan xalqının Ümummilli Lideri azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul olunmasına da nail olmuşdu. Bu gün C.Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrlarının hazırlanmasında, deməli, Silahlı Qüvvələrimizin zabit kadrlar ilə komplektləşdirilməsində müstəsna rolu var.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi bərpa edildikdən sonra ölkəmiz hərbi sahədə də ciddi böhranla üzləşdi. Nizami orduya malik olmayan Azərbaycan Qarabağ uğrunda gedən döyüşlərdə vəziyyəti nəzarət altına necə ala bilərdi - bu da çox çətinliklə həyata keçirilirdi. Ordunun maddi-texniki təminatı sahəsində də problemlər vardı. Müharibədəki mövqe məğlubiyyətlərinin qarşısını tədricən almaq üçün ölkənin bütün imkanları milli ordu quruculuğuna səfərbər edildi. Könüllü taborlardan nizami orduya doğru ilk ciddi addımlar atıldı. Orduda vahid komandanlıq yaradıldı. Qismən hərbi səfərbərlik və orduya çağırış işi nizamlandı.
Ölkəmizdə nizami ordu quruculuğunun əsası 1993-cü ilin sonlarında Ulu Öndərin Bakıda xalqa müraciəti ilə qoyuldu. Bu müraciətdə ordu quruculuğunun bəzi aspektləri bildirilirdi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına xüsusi diqqət yetirdi. Həmin vaxtdan ordu quruculuğuna elmi prinsiplərlə yanaşıldı, ordu quruculuğu elmi əsaslarla davam etdirildi, ordu siyasi təsirlərdən xilas edildi.
Ulu Öndər Heydər Əliyevin uğurlu daxili və xarici siyasətinin nəticəsi olaraq 1994-cü il mayın 12-də  Bişkekdə atəşkəsə nail olundu. Atəşkəs elan olunduqdan sonra orduda aparılan islahatlar, hərbi təhsil sisteminin yaradılması və inkişafı qısa zamanda böyük nəticələr verdi.  
Ulu Öndər Heydər Əliyev ordu-xalq münasibətlərini yeni bir səviyyəyə qaldırdı, bu əlaqələri daha da səmərələşdirdi, səmimiləşdirdi. Bütün fəaliyyətində xalqa güvənən, xalqın etimadına arxalanan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqı ordunun güc mənbəyi, ordunu  xalqın bir hissəsi bilirdi. Dahi Rəhbər əmin idi ki, xalqın orduya belə münasibəti, xalqın ordunu qayğı ilə əhatələməsi ordunun inkişafının və möhkəmlənməsinin əsas şərtlərindən biridir.
Ulu Öndər Heydər Əliyev ordu quruculuğuna dövlət rəhbərliyini təmin edərək bu prosesi dövlətin müstəsna səlahiyyətləri səviyyəsinə qaldırdı. Ordunu siyasətdən kənarlaşdıraraq ölkə Konstitusiyasından irəli gələn vəzifələrə xidmət göstərməsini təmin etdi, ordunun formalaşması, təşkilatlanması və təchizatı qəbul edilmiş qanunlarla normalaşdırıldı. Orduda vahid komandanlığın praktiki əsaslarını yaradaraq idarəetmə strukturlarına qarşı məsuliyyəti ciddiləşdirdi, ordu quruculuğunu dövlət quruculuğunun digər sahələri ilə üzvü şəkildə əlaqələndirdi. Ordu dövlət üçün prioritet məsələ oldu, tələbatları vaxtı-vaxtında ödənildi,   bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Dövlətin və xalqın mənafelərinə cavab verən hərbi siyasət müəyyənləşdirildi ki, bununla da ordu quruculuğunun  vəzifələri, onların icra yolları konkretləşdirildi, dövlətin etibarlı müdafiə qabiliyyətinin yaradılması üçün əməli addımlar atıldı.
Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasi kursunu ordu quruculuğunda da  uğurla davam etdirir. Xalqın orduya doğma münasibəti, xalqın ordunu qayğı ilə əhatə etməsi daha da möhkəmlənib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında ordu quruculuğu sahəsində həyata keçirilən müdrik siyasət qısa vaxtda Azərbaycan Ordusunu gücləndirdi. Bunu beynəlxalq ekspertlər də etiraf edirlər. Dövlətimizin siyasi və iqtisadi baxımdan davamlı inkişafı ordumuzun gələcəkdə də öz inkişaf tempini saxlaması üçün əsaslı bir təminatdır.
Ordu quruculuğunu hər zaman diqqət mərkəzində saxlayan Ali Baş Komandan bu barədə deyib: "Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq".
Son illər ərzində Azərbaycan Respublikası hərbi potensialını xeyli artırıb. Ölkəmizə ən müasir silah-sursat, texnika, avadanlıq gətirilib. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Ordusu ən güclü ordular sırasındadır. 2016-cı ilin aprelində Ermənistan ordusunun təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi, minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Azərbaycan Ordusu Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı.
Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısının alınması üçün həyata keçirilən əks-hücum əməliyyatı zamanı pilotsuz uçuş aparatları, müasir silah və texnikaların səmərəli tətbiqi nəticəsində düşmənə güclü zərbələr endirildi. Əməliyyat zamanı düşmənin təmas xəttinin dərinliklərində formalaşdırdığı əks-hücum əməliyyatı qruplaşmalarına, artilleriya, reaktiv və minaatan batareyalarına atəş zərbələri endirildi və düşmən böyük itkilərə məruz qaldı.
Bu döyüşlər Azərbaycan Ordusunun peşəkarlıq, mənəvi-psixoloji hazırlıq, döyüş ruhu, texniki-təchizat və silah-sursat baxımından Ermənistan ordusunu nə qədər qabaqladığını göstərdi.
Naxçıvan Muxtar Respublikası ərazisində keçirilən Günnüt əməliyyatı da Azərbaycan Ordusunun uğurları sırasındadır.
Bu uğurlar Azərbaycanın hərbi-siyasi mövqelərini daha da gücləndirdi, işğal altında olan bütün ərazilərimizi azad etməyə qadir olduğunu sübuta yetirdi.
2020-ci ilin 27 sentyabrından 8 noyabr tarixinə qədər davam edən Vətən müharibəsi Azərbaycanın tarixi Zəfəri ilə başa çatdı. Ölkənin ərazi bütövlüyü bərpa olundu. Bu tarixi qələbə, ilk növbədə, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin iradəsi və rəşadətli Azərbaycan Ordusunun döyüş meydanında sərgilədiyi şücaəti ilə qazanıldı.
Azərbaycan xalqı öz əzmini, birliyini, gücləndiyini sübut etdi. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 30 illik həsrətə son qoydu. Biz öz əzəli torpaqlarımıza Zəfər bayrağı ilə qayıtdıq.
44 günlük müharibənin hər saniyəsində qardaş, dost və müttəfiq Türkiyə Respublikası Azərbaycanın yanında olduğunu göstərdi. Bu baxımdan Şuşa Bəyannaməsi Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesajdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il iyunun 15-də Şuşada imzaladığı Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu. Şuşada dalğalanan Azərbaycan və Türkiyə bayraqları ölkələrimizin birliyini nümayiş etdirir.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin "Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır. Bunu biz bilirik, Azərbaycan xalqı bilir və bütün dünya bilir. Güclü orduların reytinqlərində Azərbaycan Ordusunun çox yüksək yeri vardır. Ordumuzun döyüş qabiliyyəti yüksək səviyyədədir, günbəgün artır. Ordumuzda nizam-intizam hökm sürür. Ordumuzun maddi-texniki təminatı ən yüksək səviyyədədir. Biz son illər ərzində milyardlarla dollar dəyərində ən müasir silah-sursat, hərbi texnika almışıq. O texnikalar ən son texnologiyaya malikdir" fikirləri məhz bu baxımdan diqqəti çəkir.
Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə 2022-ci ildə Milli Müdafiə Universiteti yaradılıb. Milli Müdafiə Universitetinin başlıca vəzifələrindən biri Azərbaycan Ordusunda ali hərbi təhsilin bütün səviyyələri və əlavə təhsil proqramları üzrə ixtisaslı kadrlar hazırlamaqdır. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 5 mart tarixli Fərmanı ilə "Xüsusi təyinatlı təhsil müəssisələrinin siyahısı"nda dəyişikliklər edilib. Silahlı Qüvvələrin Hərbi Akademiyası təhsil müəssisəsi kimi ləğv olunub, onun maddi-texniki bazasında iki müstəqil institut - Hərbi Elmi-Tədqiqat İnstitutu və Hərbi İdarəetmə İnstitutu yaradılıb. Bu gün, eyni zamanda, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi fəaliyyətini Heydər Əliyev adına Hərbi İnstitut kimi davam etdirir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Cəmşid Naxçıvanski adına Hərbi Lisey, Heydər Əliyev adına Hərbi Lisey və Hərbi Tibb fakultəsi də Milli Müdafiə Universitetinin tabeliyinə verilib.
Azərbaycan Ordusunun yüksək peşəkarlıqla apardığı əks-hücum əməliyyatı zamanı son dərəcə yüksək dəqiqliklə hədəfi vuran və qarşısıalınmaz zərbə gücünə malik silahlarla, düşmənin ağır texnikasını və canlı qüvvəsini darmadağın edən pilotsuz uçuş aparatları ilə ordumuzun tamamilə modernləşdirilməsi Azərbaycanda ordu quruculuğu istiqamətində görülən ciddi tədbirlərin kiçik bir hissəsidir. Qürur hissi ilə qeyd etmək lazımdır ki, Azərbaycan Ordusu hazırda dünyanın ən güclü ordularından biridir. Bu uğurların qazanılmasında Müzəffər Ali Baş Komandanın misilsiz xidmətləri danılmazdır. Hər bir Azərbaycan vətəndaşı onu xarici və digər təhlükələrdən layiqincə müdafiə edəcək ordunun olmasına əmindir.
Azərbaycan Ordusu müstəqilliyimizi və ərazi bütövlüyümüzü əbədi qorumaq gücündədir! Azərbaycan Ordusu dövlətin dayağı, xalqın güvənc yeri və qürur mənbəyidir! Ordumuza güvəncimiz tam, sevgimiz sonsuzdur.