Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

28 İyun 2023 10:00

“Ordumuzun 105-ci ildönümü “Heydər Əliyev ili”ndə qeyd olunur”

Müsahibimiz Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini - Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovdur.
- Cənab general-mayor, Sizi, sizin şəxsinizdə ordumuzun şəxsi heyətini 26 İyun - Silahlı Qüvvələr Günü və Qurban Bayramı münasibətilə "Azərbaycan Ordusu" qəzetinin əməkdaşları adından təbrik edirəm.
- Sağ olun. Mən də hər iki ümumxalq bayramlar münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edir, onlara Vətən naminə daha məsuliyyətli xidmət arzulayıram.
- Cənab general-mayor, dünyanın böyük siyasi xadimləri müasir Azərbaycanı Heydər Əliyevin tarixi, bəşəri əsəri kimi dəyərləndirir. Bu mühüm komponentin tərkib hissələrindən biri olan ordu quruculuğunun ən mühüm, ən bəşəri mərhələsi böyük tarixi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır.
- Tamamilə düzgün dəyərləndirmədir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra, 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması barədə qərar qəbul edildi, oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən silahlı qüvvələrin yaradılması haqqında qanun qəbul olundu. Bunlar ordunun yaradılması üçün gərəkli hüquqi sənədlər idi. Ancaq ordu dünyəvi ordular formatında yaradılmırdı. Belə bir dövrdə torpaq iddiasına görə Ermənistan Azərbaycana qarşı elan etmədən müharibəyə başlamışdı. Yaradılmış hərbi hissələr bu və ya digər səbəblərdən döyüş əməliyyatları aparma səviyyəsində deyildi.
Azərbaycanda nizami ordunun qurucusu böyük tarixi şəxsiyyət Heydər Əliyev oldu.  Belə ki, Azərbaycanda hakimiyyət boşluğu, separatçılıq, mövcud yerli müdafiə taborları bu və ya digər siyasi qurumların mənafeyinə xidmət etməsi dövlət müstəqilliyinin iflası həddinə gətirmişdi. Böyük tarixi şəxsiyyət Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Bu, Azərbaycanın dövlətçiliyinin xilası idi. Ulu Öndərin sərəncamı ilə yerli müdafiə taborları buraxıldı, orduda vahid komandanlıq yaradıldı.Bunlar ordunun nizami ordu kimi formalaşmasının başlanğıcı idi.
- Qeyd etdiniz ki, Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı, orduda vahid komandanlığın yaradılması, nizami ordunun formalaşmasının başlanğıcı idi. Bəs həmin dövrdə döyüşən şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin artırılması istiqamətində hansı mühüm addımlar atıldı?
- Böyük tarixi şəxsiyyət ordunun şəxsi heyətinin döyüş hazırlığı ilə yanaşı mənəvi-psixoloji hazırlığının tamamlanmasını da təmin etdi. Bu istiqamətdə görülən işlər, atılan addımlar öz müsbət nəticəsini verməyə başladı. Uğurlu Horadiz əməliyyatı ordu quruculuğunun bu mühüm tezisini yerinə yetirdi. Bu qələbə Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu yüksəltdi. Hərbi ekspertlər də təsdiqləyirlər ki, Horadiz əməliyyatında qazanılan qələbə gələcək qələbələrdə olduqca gərəkli mənəvi-psixoloji stimul oldu. Bu baxımdan deyə bilərik ki, böyük tarixi şəxsiyyət Heydər Əliyevin formalaşdırdığı ordu qazandığı qələbə ilə şəxsi heyəti yüksək mənəvi-psixoloji ovqata köklədi.
- Cənab general-mayor, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ordunu bütün istiqamətlər üzrə inkişaf etdirdi. Keçirilən irimiqyaslı islahatlar, genişmiqyaslı beynəlxalq təlimlər, Azərbaycan Ordusunun arsenalına daxil edilən müasir silah və texnika torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələndi. Bu barədə nə deyə bilərsiz?
- "1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycan Ordusu müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır" - bu fikirlər böyük tarixi şəxsiyyət Heydər Əliyevə məxsusdur. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyev Ulu Öndərin formalaşdırdığı ordunu bütün parametrlər üzrə inkişaf etdirdi. Ordu quruculuğunda həyata keçirilən böyük islahatlar, genişmiqyaslı beynəlxalq təlimlər, silahlanmaya yeni silahların daxil edilməsi, şəxsi heyətin yeni döyüş texnikalarının, uçuş aparatlarının, atıcı silahların istismar xüsusiyyətlərini mükəmməl səviyyədə mənimsəməsi Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına çıxartdı. Nəticədə torpaqlarımız düşmən işğalından azad edildi. Bu, Heydər Əliyev dühasının Azərbaycana misilsiz xidmətinin nəticəsidir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bir fikri Azərbaycanda ordu quruculuğu prosesində Heydər Əliyev mərhələsini belə ifadə edir: "Heydər Əliyevin ordu quruculuğu sahəsində çox böyük xidmətləri olmuşdur. Məhz onun fəaliyyəti nəticəsində nizami ordu yaradılmışdır".
- Ordu quruculuğu prosesi həm də kadr siyasəti ilə bağlıdır. Bu baxımdan zabit kadrları hazırlığının müəyyən mərhələləri Sizin rəhbərlik etdiyiniz idarənin fəaliyyəti ilə bağlıdır.
- Ordu quruculuğu çoxşaxəli prosesdir. Bu proses maddi-texniki bazanı da əhatə edir, şəxsi heyətin döyüş hazırlığını da, ordunun zabit kadrları ilə komplektləşdirilməsini də. Yəni, ordu quruculuğu bütöv bir prosesdir və dövlətin nəzarəti altında həyata keçirilir. Bu prosesi şərtləndirən amillər vahid bir məqsədin tərkib hissələridir.
Ordu quruculuğu bilavasitə orduda kadr siyasəti ilə əlaqəlidir. Hərbçi kadrların hazırlanması, onların şərəfli xidməti, hərbi biliklərinin artırılması, təkmilləşdirilməsi həm hərbi təhsillə, həm də hərbi xidmətlə davam etdirilir. Bu baxımdan hərbi xidmət hərbi təhsilin məntiqi davamıdır. Buna görə də hərbi xidmətin başlanğıcı olan hərbi təhsil vahid ideoloji struktur olmaqla hərbi təhsil sistemi kimi dövlət üçün prioritetdir. Böyük tarixi şəxsiyyət Heydər Əliyev bu sahəyə Azərbaycan sabiq SSRİ-nin tərkibində olan dövrdə də böyük əhəmiyyət verirdi, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra da. Birmənalı şəkildə deyilməlidir ki, Azərbaycanda hərbçi kadrların hazırlığı həmişə Ulu Öndər Heydər Əliyevin ciddi nəzarəti altında olub.
- Hələ sovetlər dönəmində Azərbaycanda ibtidai hərbi məktəbin yaradılması respublikada hərbçi kadrların hazırlanması, həmin vaxt üçün cəsarətli və böyük tarixi bir addım idi.
- Bəli, Azərbaycan xalqının Ümumilli Lideri Heydər Əliyevin təşəbbüsü və dönməz təkidi ilə yaradılan Cəmşid Naxçıvanski adına Hərbi Lisey azərbaycanlı zabit korpusunun genişləndirilməsində olduqca əhəmiyyətli oldu. Hərbi təhsil sistemində həyata keçirilən islahatlar bu məktəbin yaradılmasının məntiqi davamı kimi tarixləşdi. Bakı Ümumqoşun Komandirlər Məktəbinə general-leytenant Valeh Bərşadlının rəis təyin edilməsi bu məktəbdə təhsil alan azərbaycanlı kursantların sayının artmasında mühüm amil oldu. Eləcə də SSRİ-nin ali hərbi məktəblərinə daha çox azərbaycanlı kursant göndərilməyə başlandı. Bu kursantlar Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra ordumuzda zabit kimi xidmət etdilər, yüksək rütbələrə layiq görüldülər. Yəni, hərbi təhsil sistemində həyata keçirilən islahatlar ordunun kadr siyasətinin mühüm tərkib hissələrindəndir.
Naxçıvanda fəaliyyətə başlayan Heydər Əliyev adına Hərbi Lisey də bu vacib şəbəkədə olduqca gərəkli fəaliyyət göstərməkdədir.
Hərbi təhsil sisteminin şəbəkəsi də genişləndirildi. Azərbaycan Respublikası Prezidentinin 20 fevral 1999-cu il tarixli fərmanı ilə yaradılan Silahlı Qüvvələrin Hərbi Akademiyası ali hərbi təhsilli komandir və qərargah zabitlərinin, hərbi-elmi işçilərin hazırlanmasını, hərbi elmi tədqiqatların aparılmasını, hərbi-strateji, hərbi-iqtisadi və hərbi-siyasi məsələlərin öyrənilməsini əhatələyən geniş imkanlara malik hərbi təhsil müəssisəsi kimi fəaliyyətə başladı. Bu, ordu quruculuğunda kadr siyasətinin də uğurla aparılmasında önəmli oldu.
Azərbaycan Respublikası Prezidentinin 20 may 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Ordusunun Türkiyə Silahlı Qüvvələrinin standartlarına uyğunlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində hərbi təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədilə Milli Müdafiə Universiteti yaradıldı.
Silahlı Qüvvələrin Hərbi Akademiyası, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və digər xüsusi təyinatlı təhsil müəssisələri öz fəaliyyətlərini yeni yaradılan Milli Müdafiə Universitetinin nəzdində Hərbi Elmi-Tədqiqat İnstitutu, Hərbi İdarəetmə İnstitutu, Heydər Əliyev adına Hərbi İnstitut, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi, Heydər Əliyev adına Hərbi Lisey, Cəmşid Naxçıvanski adına Hərbi Lisey və Tibb Universitetinin Hərbi Tibb Fakültəsi kimi fəaliyyət göstərir. Bunlar Müdafiə Nazirliyi Kadrlar İdarəsinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ordu quruculuğu istiqamətində kadr siyasətini uğurla aparmaq və fəaliyyətini keyfiyyətli təmin etmək üçün vacib potensialdır.
Belə ki, Azərbaycan Ordusunda aparılan kadr istahatları tətbiq edilən yeniliklər, zabit heyətinin peşəkarlığının artırılması prosesi cənab Ali Baş Komandanın tapşırıq və tələblərinə, həmçinin müdafiə nazirinin qərar, əmr və direktivlərinə uyğun olaraq həyata keçirilir.
- Cənab general-mayor, İkinci Qarabağ müharibəsi qələbə ilə başa çatdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə döyüşlərdə fərqlənənlər orden və medallarla təltif edildilər.
- 2020-ci ilin sentyabrına kimi zabitlər də, əsgərlər də Ali Baş Komandanın əmri ilə başlanacaq döyüşlərdə iştirak etməyi arzulayırdılar. Torpaqlarımızın işğaldan azad edilməsi üçün bütün hərbi qulluqçular döyüşləri yüksək döyüş əzmi ilə, qələbə ruhu ilə gözləyirdilər. Azərbaycan Ordusunun şəxsi heyəti Vətən uğrunda, torpaqlarımızın azad edilməsi istiqamətində döyüşdülər. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə tarixi Zəfər qazandılar. Düşünürəm ki, şəxsi heyət üçün ən böyük təltif Zəfərə görə xalqın sevgi və ehtiramı oldu. Hərbi xidmətini davam etdirən zabitlər, gizirlər bu sevgini, bu ehtiramı sədaqətlə yaşadır, təyin olunduğu yeni vəzifələrdə xidməti bu ovqatla davam etdirirlər. Bununla yanaşı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə verilən fəxri adlar, orden və medallar ordumuza göstərilən diqqət və qayğının, eləcə də əldə olunan Zəfərin qiymətləndirilməsinin təcəssümüdür.
- Zəfərdən sonra ordu quruculuğunda həyata keçirilən tədbirlər kadr siyasətini də əhatə edir. Ordu quruculuğunu şərtləndirən vacib amillərdən biri olan mənəvi-psixoloji hazırlığı Şəxsi Heyət Baş İdarəsi tənzimləyir. Zəfərdən sonra bu hazırlıq prosesinə hansı yeni metodlar tətbiq edilir?
- Qeyd etdiyim kimi, İkinci Qarabağ müharibəsi iştirakçısı olmuş zabitlər ictimai-siyasi hazırlıq dərslərində, müxtəlif miqyaslı vətənpərvərlik tədbirlərində döyüşlərdən danışırlar. Bunlar əsgərlər üçün qeyri-rəsmi dərslik olur. Şuşa uğrunda döyüşlərə heyrəti ifadə edir, Azərbaycan Ordusunun zabitləri bu heyrəti də Zəfərdən sonrakı mənəvi-psixoloji hazırlığın tərkib hissəsi kimi yaşadırlar. Yəni, zabitlərimiz xidmətlərini İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərin qüruru ilə davam etdirirlər.
- Bu qürurun davamı işğaldan azad edilmiş ərazilərə böyük qayıdışın başlamasıdır.
- Bəli, böyük qayıdış Zəfərin davamıdır. Sakinlərin Zəngilanın Ağalı kəndinə, sonra Talış kəndinə, sonra Laçına qayıdışı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə uğurla davam edən bərpa - quruculuq işlərinin nəticəsidir. Əhali illər sonra doğma kəndlərinə qayıdışa görə Müzəffər Ali Baş Komandana, qalib Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirirlər.
- Cənab general-mayor, Silahlı Qüvvələrin 105 illiyi və Qurban Bayramı ilə əlaqədar şəxsi heyətə arzularınız...
- Böyük tarixi şəxsiyyət Heydər Əliyevin nizami ordu kimi formalaşdırdığı Azərbaycan Ordusunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev qüdrətli ordu səviyyəsinə çatdırdı. Ordumuzun bütün zabitləri, gizirləri, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, əsgərləri qalib orduda xidmət etdikləri üçün qürur duyurlar. Mən də onların hər birini səmimi-qəlbdən hər iki bayram münasibətilə təbrik edir, xidməti uğurlar arzulayıram.

Müsahibəni  apardı: Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"