Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 İyun 2023 09:11

“Anatolian Phoenix-2023” - qardaşlığın, dostluğun və müttəfiqliyin təlimi

Qardaş Türkiyə Cümhuriyyətinin Konya şəhərində keçirilən "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təlimi xoş xatirələrlə yadda qaldı. 5-16 iyun tarixlərində keçirilən beynəlxalq təlimdə Türkiyə və Azərbaycanla yanaşı, Qətər, Şimali Kipr Türk Respublikası, Polşa, İspaniya dövlətlərinin də orduları iştirak etdilər. Almaniya, Nigeriya, Braziliya, Gürcüstan, Özbəkistan, İndoneziya və başqa ölkələr isə müşahidəçi qismində təlimi izlədilər.
Təlimin ilk günü iştirakçı ölkələrin hərbi qulluqçularına "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təliminin hazırlıq brifinqi təqdim olundu. Qeyd olundu ki, uzun illərdən bəri təşkil olunan beynəlxalq təlimdə axtarış-xilasetmə ssenarisinin müxtəlif elementləri icra olunur. Bu elementlərin icra olunmasında əsas məqsədlərdən biri Döyüş Axtarış və Xilasetmə (CSAR - Combat Search and Rescue) qabiliyyətinin artırılması və müasir təcrübənin öyrənilməsidir. CSAR - müharibə dövründə döyüş meydanı və ya yaxınlığında aparılan  axtarış xilasetmə əməliyyatlarıdır. Çıxış edənlər onu da xüsusi vurğuladılar ki, real döyüş mühiti əsasında hazırlanmış "Anatolian Phoenix" beynəlxalq  təlimində iştirak edən hərbi qulluqçular öz praktiki və nəzəri biliklərini sınaqdan keçirir və bacarıqlarını dövrün tələbləri əsasında təkmilləşdirirlər. Həmçinin iştirakçıların yeni nəsil hərbi texnika, silah və təchizat avadanlıqlarından istifadə bacarığını yüksəldir, müxtəlif iştirakçı qüvvələrlə birgə fəaliyyətləri icra edən şəxsi heyətin qarşılıqlı uzlaşma keyfiyyətini artırırlar. Brifinq zamanı "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təliminin iştirakçılarına təhlükəsizlik qaydaları, icra olunacaq tapşırıqların ssenarisi, keçiriləcəyi ərazinin relyefi və iqlimi, o cümlədən qarşıda duran məqsədlər izah olundu. Bildirildi ki, beynəlxalq təlim, iştirakçı ölkələrlə Türkiyə Silahlı Qüvvələrinin müxtəlif bölmələri arasında hərbi əlaqələri gücləndirmək, qarşılıqlı koordinasiya işlərini müasir tələblər çərçivəsində qurmaq, planlaşdırma, taktika və digər hərbi fəaliyyətlərini təkmilləşdirmək üçün yaxşı fürsətdir. Məlumat üçün onu da qeyd edək ki, "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təlimində Azərbaycan Ordusunun şəxsi heyəti də iştirak edirdi.
"Anatolian Phoenix-2023" beynəlxalq təlimi müddətində iştirakçı ölkələrin hərbi qulluqçuları müxtəlif ssenarilər üzrə tapşırıqlar yerinə yetirdilər. Təlim planına uyğun olaraq, gündəlik keçirilən brifinqlərdə yerinə yetiriləcək tapşırıqlar və onların ardıcıllığı, axtarış-xilasetmə tədbirinin görüləcəyi ərazinin relyefi və  iqlimi ilə bağlı zəruri məlumatlar verildi. Qardaş Türkiyədə təşkil olunan beynəlxalq təlimin ilkin mərhələsində təlimə cəlb edilmiş aviasiya heyətlərinin iştirakı ilə tanışlıq məqsədli birgə uçuşlar həyata keçirildi. Təlimin sonrakı mərhələlərində konvoyun qorunması, xilasetmə tədbirləri, təxliyə fəaliyyətləri çərçivəsində müxtəlif missiyalar yerinə yetirildi. Təlim çərçivəsində HHQ, HDQ və XTQ-dən olan hərbi qulluqçularımız hava, su, yer inteqrasiyalı missiyalarda iştirak etdilər. Belə ki, təlim iştirakçıları qəzaya uğramış ekipaj üzvlərinin şərti düşmən arxasında axtarış-xilasetmə və təxliyə olunması missiyasını həyata keçirdilər. Bu missiyanın icra olunmasında məqsəd hərbi qulluqçuların axtarış-xilasetmə bacarıqlarını təkmilləşdirmək, müxtəlif ölkələrin hərbi qulluqçuları arasında qarşılıqlı uzlaşmanı təmin etmək və hərbi qulluqçular arasında uğurlu təcrübə mübadiləsini aparmaqdır. "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təlimi müddətində hərbi qulluqçular paraşüt hazırlığı və patrul fəaliyyəti üzrə də müxtəlif tapşırıqları icra etdilər. Onu da qeyd etmək lazımdır ki, keçirilən təlimin plan ssenarisinə əsasən təlim iştirakçıları gecə və gündüz tapşırıqlarının icrasında da uğurlu nəticələr əldə etdilər.
Beynəlxalq təlimin növbəti günlərində "Yüksək Səviyyəli Müşahidəçi Günü" keçirildi. Tədbirdə Türkiyə Hərbi Hava Qüvvələrinin komandanı ordu generalı Atilla Gülan, Qətər Hərbi Hava Qüvvələri komandanı Mohammed Abdulla Aldosari və Azərbaycan Hərbi Hava Qüvvələrinin nümayəndəsi general-mayor Zaur Rüstəmov da iştirak etdilər. "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün iştirakçılarına "Anatolian Phoenix-2023"-ün gedişatı, qarşıya qoyulan tapşırıqların nəticələri və yerinə yetirilməsi dərəcələri barədə statistik və digər zəruri məlumatlardan ibarət brifinq təqdim olundu. Brifinq başa çatdıqdan sonra təlimə həsr olunmuş qısametrajlı film qonaqlara nümayiş etdirildi. Sonra qonaqlar Konya hava bazasından atış poliqonuna gedərək iştirakçı qüvvələrin hərbçiləri tərəfindən icra olunan müxtəlif epizodlardan ibarət praktiki tapşırıqların yerinə yetirilməsini izlədilər. Sonda "Yüksək Səviyyəli Müşahidəçi Günü"nün planına uyğun olaraq Türkiyə Hərbi Hava Qüvvələrinin "Solo Türk" və "Türk Yıldızları" aviaqrupunun təqdimatında nümunəvi uçuşlar nümayiş olundu.
"Anatolian Phoenix-2023" beynəlxalq təliminin bağlanış mərasimi də təntənəli keçdi. Mərasimdə təlim rəhbərliyi "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təlimində iştirak edən ölkələrin hər birinə minnətdarlığını bildirdi və qeyd olundu ki, iştirakçı ölkələrlə qarşılıqlı əməkdaşlıq nəticəsində güclənən əlaqələr bundan sonra da artan xətlə gedəcəkdir. Daha sonra təlim iştirakçılarına hesabat brifinqi təqdim olundu, rəhbər şəxslər tərəfindən xatirə hədiyyələrinin mübadiləsi həyata keçirildi.
Bununla da qardaş Türkiyə Respublikasının Konya şəhərində təşkil olunan qardaşlığın, dostluğun və müttəfiqliyin təlimi olan "Anatolian Phoenix-2023" beynəlxalq təlimi unudulmaz anlarla hafizələrə köçdü. Biz də öz növbəmizdə təlim iştirakçısı olan hərbçilərimizin fikirlərini öyrəndik.
Kapitan Sadiq Əhmədov qeyd etdi ki, hər bir işdə olduğu kimi, hərb sahəsində də xüsusi olaraq uğurlu işin əsas şərtlərindən biri düzgün planlaşdırmadır. "Təlimdə iştirak edən şəxsi heyət real döyüş təcrübəli hərbi qulluqçulardan ibarətdir. Qardaş Türkiyə ordusunun yüksək tələblərə cavab verən müasir PUA-ları, nəzarət və radio qurğuları sayəsində təlimin nəticələri qeydə alındı. Aparılan müşahidələr və edilən analizlər onu deməyə əsas verir ki, real döyüş mühitinə uyğun qurulmuş və sadədən çətinə doğru müxtəlif epizodlar bölməmizin şəxsi heyəti tərəfindən uğurla yerinə yetirildi. Burada müxtəlif ölkələrin hərbi qulluqçularının  birgə fəaliyyətlərin icrasında iştirak etməsi hər bir iştirakçının döyüş potensialını artırmağa müsbət təsir etdi. İstər ölkə daxilində keçirilən müxtəlif miqyaslı təlimlər, istərsə də ölkə hüdudlarından kənarda təşkil olunan beynəlxalq təlimlər döyüş hazırlığımızın artırılması üçün əla fürsətdir. Bizim üzərimizə düşən əsas vəzifə yaradılan şəraitdən maksimum yararlanmaqdır".
Növbəti müsahibim Hərbi Dəniz Qüvvələrinin zabiti kapitan-leytenant Ziya Fərziyev oldu. "Hərbi Dəniz Qüvvələrinin şəxsi heyətinin peşəkarlığının və təcrübəsinin artırılması məqsədilə yuxarı komandanlığımız tərəfindən xeyli işlər görülür. Hərbi əməkdaşlıq çərçivəsində dünyanın müxtəlif ölkələrində keçirilən təlim və məşqlərində iştirak edən şəxsi heyət öz ixtisasının incəliklərinə yiyələnir, onu müasir dövrün tələbləri çərçivəsində mənimsəyir. "Anatolian Phoenix-2023" beynəlxalq axtarış-xilasetmə təlimində 44 günlük Vətən müharibəsi zamanı şərəfli döyüş yolu keçmiş təcrübəli hərbi qulluqçularımız iştirak edirdilər. Məlumdur ki, hərb sahəsi gündən-günə yenilənir və müasir tələbləri özündə əks etdirir. Qardaş Türkiyə bu gün dünyanın əsas gücə malik ordularından birinə sahibdir. Burada Türkiyə ordusunun hərbi qulluqçuları ilə yanaşı, digər orduların hərbçiləri ilə də qarşılıqlı əlaqədə müxtəlif epizodlardan ibarət tapşırıqların icrasında iştirak etdik. Bu təlimdə peşəkarlıq çox önəmlidir. Peşəkarlığın qazanılması üçün də şəxsi heyət mütəmadi məşqlər keçmiş, təlimlərdə üzərinə düşən tapşırıqları uğurla yerinə yetirmiş, öz bilik və bacarıqlarını daha da təkmilləşdirmişdir. Uğurlarımız bundan sonra da davam edəcək. Üçrəngli bayrağımızı bundan sonra da qürurla dalğalandırmaqla, komandanlığın və xalqımızın bizə olan etimadını layiqincə doğruldacağıq", - deyə zabit bildirdi.
Hərbi Hava Qüvvələrindən mayor Yasin Həsənov bildirdi ki, ölkəmizin iştirak etdiyi təlimlərdə qazandığı hər bir uğur bizi daha böyük uğurlara aparır. "Hərbi Hava Qüvvələrinin şəxsi heyəti istər "Anatolian Phoenix", "Anatolian Eagle", istərsə də "TurAz Qartalı" təlimlərində iştirak edərək qardaş Türkiyə və dünyanın nüfuzlu hərbi hava qüvvələri ilə təcrübə mübadiləsi apararaq öz döyüş potensialını daha da artırır. "Anatolian Phoenix-2023" beynəlxalq təlimində kifayət qədər təcrübəli pilotlarımız, texniki heyətimiz iştirak etdi. Onların hər biri bu gün dünya üçün təcrübə nümunəsi, gələcək nəsil aviasiya heyətlərimiz üçün örnəkdir. Bugünkü təlimlərdə iştirak edən dünya ölkələri var ki, bizə həsəd aparırlar. Çünki biz əsl döyüşdə püxtələşmiş, döyüş qabiliyyətimizi artırmış hərbçilərik. Bu gün artıq bütün dünya Azərbaycan Ordusunun Hərbi Hava Qüvvələrinin gücünə bələddir. Artıq heç kimə sirr deyil ki, peşəkar pilotlarımız sayəsində ölkəmizin hava hüdudları bu gün göz bəbəyi kimi qorunur və bundan sonra da layiqincə qorunacaq".
Hərbi pilot Zəfər Mehrəliyev Hərbi Hava Qüvvələrinin Azərbaycan Ordusundakı fəaliyyətindən danışdı: "Dəmir qanadlı şahinlərimiz təlimdə qarşıya qoyulan tapşırıqların icrasında uğurla iştirak etdilər. Biz gənc yaşlarımızda öz mütəxəssislərimizdən bu ixtisasın incəliklərini öyrənmişik və bu gün də üzərimizə düşən əsas vəzifə gələcəyimizin memarları olan gənc pilotlarımızla öz nəzəri və praktiki biliklərimizi bölüşməkdir. Bu gün burada keçirilən beynəlxalq təlimdə qardaş Türkiyə Respublikasının Hərbi Hava Qüvvələrinin də pilotları iştirak edirlər. Qürurverici hadisədir. Onların hər birinin bizə doğma münasibət bəsləməsi hər birimiz üçün böyük stimul və motivasiya verici amillərdir. Bir hərbçi pilot olaraq doğma insanların arasında olmaq və bu cür mötəbər təlimdə iştirakçı olmaq qürurvericidir. Burada birimizin uğurunu bütün ordumuzun və bizə doğma olan ölkələrin uğuru bilirik. Sevindirici haldır ki, bu cür tarixi anların iştirakçısı oldum. İkinci Qarabağ müharibəsi bizim üzümüzü nurlandıran döyüş oldu. Bu Qələbəni öz qanı və canı ilə yazan şəhidlərimizi unutmaq olmaz. Polkovnik Z.Nudirəliyev, polkovnik-leytenant  Ramiz Qasımovun timsalında butün şəhidlərimizin ruhuna ən yüksək ehtiramımızı nümayiş etdirmək məqsədilə qarşıya qoyulan tapşırıqların öhdəsindən layiqincə və lazımınca gəlirik".
Təbiidir ki, hərbi aviasiya dedikdə səhnəarxası qəhrəmanlarımız olan texniki heyəti də unutmamalıyıq. Bunun üçün də hərbçi pilotlarımızın səmada təhlükəsizliyinin qarantı olan mühəndis heyətindən baş leytenant Coşqun Məmmədovla  həmsöhbət oldum. Zabit dedi: "Aviasiyada uçuşun təşkili hərbi pilotlar tərəfindən bilinsə də, əslində, təyyarənin səmaya qalxmasından tutmuş quruya enməsinə qədər təhlükəsizliyin təmin edilməsində xeyli sayda insanın rolu vardır. Belə ki, uçuş prosesi komanda işidir. Onların hər biri öz vəzifəsinə uyğun olaraq fəaliyyəti təşkil edir, hərbçi pilotlarımızı növbəti təhlükəsiz uçuşa hazırlayırlar. Təhlükəsizliyin təmini üçün də hər kəs öz vəzifəsinin öhdəsindən layiqincə gəlməyə borcludur. Burada ən xırda səhvə belə yer yoxdur. Bunun üçün də texnik və mühəndis heyətinin peşəkarlığı və əzmkarlığı sayəsində hərbi pilotlarımız yüksək nəticəli uçuşlar həyata keçirərək "Anatolian Phoenix" beynəlxalq taktiki-uçuş təlimini də layiqincə başa vurdular. Bu təlimdə əldə olunan uğurların qazanılmasında hər bir kəsin əməyinin dəyəri çox yüksəkdir. Təcrübəli pilotlarımız, texniki heyətimiz, dəniz xüsusi təyinatlılarımız və xüsusi təyinatlı qüvvələrimizin yerinə yetirdikləri uğurlu tapşırıqlar xalqımızın və dövlətimizin inamını doğrultmaq üçün çox vacib imkandır ki, burada hər kəs əlindən gələnin ən yaxşısını etməyə çalışır".

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"