Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

21 İyun 2023 17:32

“Unudulmaz qəhrəman”

Vətən uğrunda qəhrəmancasına döyüşmüş, ərazi bütövlüyümüz naminə canlarını fəda etmiş qəhrəman oğullarımızın əziz xatirəsi sonsuzadək ürəklərdə yaşayacaq. Xalqımızın yaddaşında igidliyi, fədakarlığı ilə əbədilik qazanmış Vətən oğulları həmişə ölkəmizdə hörmət və qürur hissi ilə xatırlanacaqlar.
Azərbaycan Hərb Tarixi Muzeyində Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin anadan olmasının 70 illiyi münasibətilə "Unudulmaz qəhrəman" adlı anım tədbiri keçirildi.
Anım tədbirində Müdafiə Nazirliyinin idarə və təşkilatlarının, ictimaiyyət nümayəndələri, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları iştirak etdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Tədbiri açıq elan edən Hərb Tarixi Muzeyinin rəisi istefada olan polkovnik Əzizağa Qənizadə "Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyat və döyüş yolu" adlı məruzə ilə çıxış edərək bildirdi ki, Əlif Hacıyev 1953-cü il iyunun 24-də Xocalıda dünyaya göz açıb. Onun keçdiyi həyat və döyüş yolu ilə tanış olanda qürur duymamaq mümkün deyil. Bütün həyatını Vətəninə xidmət etməklə keçirən bu igid əsl qəhrəmanlıq nümunəsidir.
Muzey rəisi Milli Qəhrəmanın keçdiyi şərəfli döyüş yolu barədə də geniş məlumat verdi: "Əlif Hacıyev 1974-1984-cü illərdə daxili işlər orqanlarında müxtəlif vəzifələrdə xidmət etmişdi. Sonralar təhsilini Frunze adına Milis Məktəbində və Daxili İşlər Nazirliyinin Akademiyasında davam etdirmişdi.
Əlif Xankəndidə çalışarkən uzun müddət fəaliyyət göstərən gizli millətçi mərkəzi ifşa etməyə çalışır. Buna görə də erməni millətçiləri onu saxta ittihamlarla günahlandıraraq, 10 il həbs cəzasına məhkum edirlər. O, 1989-cu il fevralın 20-də əfv olunaraq azadlığa çıxır.
Vətəninə böyük məhəbbətlə bağlı olan Əlif Hacıyev  həbsxanadan buraxıldıqdan sonra doğma yurdu Xocalıya qayıdır. O, qısa müddətdə Xocalı təyyarə limanı xətdaxili işlər bölməsinə rəis təyin edilir. Eyni zamanda, Xocalı aeroportunun komendantı vəzifəsini də yerinə yetirir. Cəsarətli fəaliyyətinə  görə 1991-ci ilin dekabrında ona mayor rütbəsi verilir.
Bu o vaxtlar idi ki, artıq Dağlıq Qarabağda ermənilərin özbaşınalıqları daha da böyük faciələrə səbəb olmuşdu. Ölkədə nizami ordunun olmaması bu faciələrin qarşısının alınmasını çətinləşdirirdi".
Çıxışına davam edən muzey rəisi Ə.Qənizadə qeyd etdi ki, Xocalı soyqırımından əvvəl  hava limanının strateji əhəmiyyətini başa düşən ermənilər aeroportu ələ keçirməyə cəhd edirdilər. "Bunun üçün Xankəndidən 100-ə yaxın erməni döyüşçü Xocalıya gəlir. Ermənilər hava limanını mühasirəyə alır və axşam saat 10-a kimi oranı boşaltmaq üçün vaxt verirlər. O zaman aeroportda cəmi 30-a yaxın əməkdaş var idi. Əlif Hacıyevin idarəçiliyilə döyüşçülərimiz  hava limanını düşmənə təslim etmirlər.
Ancaq Xocalı hər tərəfdən mühasirəyə alınmışdı. Bu təhlükəni Əlif çoxdan duymuşdu. O, hər gün vəziyyətlə bağlı paytaxta məlumat verir, təcili tədbir görülməsini tələb edirdi. Kömək isə gəlmirdi. Nəhayət, Əlifin qorxduğu dəhşətli hadisələr baş verdi. Erməni-rus hərbi birləşmələri tarixdə misli görünməyən cinayətə əl atdılar.
Məlumdur ki, 31 il öncə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri Xankəndi şəhərində yerləşdirilmiş keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə silahsız və köməksiz Xocalı şəhərinə hücum edirlər. Əvvəlcə şəhər dörd tərəfdən erməni qoşunları tərəfindən əhatə olunur, sonra isə Xocalıya artilleriya və ağır hərbi texnikadan güclü və amansız atəş açılır, az bir vaxt ərzində şəhərdə yanğın baş verir, şəhər tamamilə alova bürünür. Şəhərin müdafiəçiləri və yerli əhali buranı tərk etməyə məcbur olurlar. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilərək yandırılır. Soyqırımı zamanı 613 nəfər öldürülür".
Muzey rəisi onu da vurğuladı ki, Əlif Hacıyev və onun dəstəsi səhər saat 5-ə qədər düşmənə ciddi müqavimət göstərirlər. Amma döyüşlər qeyri-bərabər qüvvələr arasında gedir. Ağır döyüşlərdə Əlif Hacıyev də düşmən gülləsinə tuş gələrək şəhid olur. Ölümündən bir neçə gün sonra Əlifin tabutunu Bakıya gətirib Şəhidlər xiyabanında dəfn edirlər.
Azərbaycan Respublikası Prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə Əlif Lətif oğlu Hacıyevə ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verildi. Bu gün Bakı şəhərindəki küçələrdən biri ölməz qəhrəmanın adını daşıyır.
Tədbirdə çıxış edən Elmar Hüseynov, Ədalət Mustafayev 39 yaşında şəhidlik məqamına ucalan qəhrəmanın şərəfli ömür və döyüş yolundan, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı qələbədən, bu qələbənin bütün şəhidlərimizin ruhuna təsəlli olduğundan  danışdılar.
Tədbir iştirakçılarına Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin şərəfli ömür və döyüş yolundan bəhs edən "Xocalının Əlifi" adlı sənədli film nümayiş olundu.
Tədbirdə şəhidin bacısı Şükufə xanım çıxış edərək, Əliflə bağlı xatirələrini bölüşdü. Onlara göstərilən diqqət və qayğıya, eləcə də şəhidlərin xatirəsinin daima uca tutulduğuna görə Azərbaycan Respublikasının Prezidentinə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirdi.
Sonda Abbas Mirzə Şərifzadə adına Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərliyi tərənnüm edən musiqilər səsləndirildi.

Günay TAĞIYEVA  "Azərbaycan Ordusu"