Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 İyun 2023 11:24

“Hərbi tibb personalımız da müharibənin ağır sınaqlarından üzüağ çıxdı”

Müsahibimiz Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Firuddin İsaxan oğlu Nəbiyevdir.
- Cənab general-mayor, bildiyimiz kimi, hər il  iyunun 17-si ölkəmizdə tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Müsahibəmizə bu günün tarixi, ölkəmizdə səhiyyənin inkişafı və bu sahədə aparılan islahatlar  haqqında fikirlərinizlə başlamaq istərdim.
- İnsan üçün ən böyük sərvət sağlamlıqdır. İnsan sağlamlığının keşiyində isə tibb işçiləri dururlar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı uğurlu islahatlar tibb sahəsindən də yan keçmədi. Səhiyyənin səmərəsinin yüksəldilməsi və intensivləşdirilməsi üçün maddi-texniki baza yaradıldı, beynəlxalq əlaqələr genişləndirildi. Görülən işlərin, aparılan islahatların nəticəsində bu gün Azərbaycan səhiyyəsi özünün yeni inkişaf mərhələsini yaşayır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı ilə nəinki paytaxt Bakıda, bölgələrdə də müasir tibb mərkəzləri açılır, köhnə tibb ocaqları yenidən bərpa olunaraq müasir avadanlıqlarla təmin olunur. Səhiyyə sisteminin inkişafı, bu sahənin maddi-texniki bazasının, kadr potensialının gücləndirilməsi və infrastrukturun yeniləşdirilməsi daim diqqət mərkəzindədir. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 4 iyun 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətlərini və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyunun 17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Hər sahədə olduğu kimi, Azərbaycan Ordusunda da səhiyyə sahəsinə xüsusi diqqət göstərilir. Vətən müdafiəçilərinin sağlamlığının keşiyində duran hərbi tibbi personalımızın peşə bayramı hər il təntənəli şəkildə qeyd olunur, xidmətlərində fərqlənənlər mükafatlandırılır.  
- Ordunun səhiyyəsini hərbi təbabət adlandırırlar. Hərbi təbabət anlayışı nə deməkdir və Azərbaycan Ordusunda bu iş necə qurulub?
- Hərbi təbabətin yaranma tarixi tibbin özünün tarixi ilə eynidir və minilliklər ərzində, ilk müharibələr zamanı formalaşıb. Qədim Hindistan, Misir, Çin, Yunanıstan və Roma ordularında yaralanmış döyüşçülərin yaraları sarınaraq onlara tibbi yardım göstərilmişdir. Bunu arxeoloji qazıntılar və ədəbi mənbələr də sübut edir. Məsələn, Rusiyanın Kerç şəhəri yaxınlığındakı Kül-oba kurqanında tapılmış b.e.ə VII əsrə aid qızıl vazanın üzərində döyüş meydanında tibbi yardım göstərən skiflər təsvir edilmişdir. Türk dövlətlərinə aid arxivlərdə saxlanılan ilk yazılı bəlgələr isə Səlcuqlar dövrünə məxsusdur. Araşdırmalar göstərir ki, bu dövrdə tibbə böyük önəm verilmiş, darüşşəfalar açılmışdır. Hərbi təbabət yönündə isə Səlcuqların hələ neçə əsr öncə hərbi xəstəxanalara sahib olduqları müəyyən edilmişdir. Ölkəmizdə isə hərbi səhiyyə ilk dəfə 1918-ci il noyabrın 15-də Müdafiə Nazirliyinin tibb şöbəsi kimi yaradılıb.
- 1918-ci il noyabrın 15-də yaradılan tibb şöbəsi, indiki Tibb İdarəsinin müəyyən fəaliyyət sistemi nədən ibarətdir?
- Qədim tarixi olan hərbi təbabət sülh və döyüş fəaliyyəti dövründə hərbi qulluqçuların sağlamlığının qorunmasına və möhkəmləndirilməsinə, xəstəliklərin, döyüş travmalarının qarşısının alınmasına yönəldilən elmi biliklər və praktiki fəaliyyət sistemidir. Bu gün səhiyyə sahəsi Azərbaycan Ordusunda xüsusi diqqət və qayğı göstərilən əsas təminat növlərindən biridir. Bu təminat Dövlət Başçısı tərəfindən təsdiq olunmuş Əsasnaməyə, müdafiə nazirinin bu sahədəki müvafiq əmr və sərəncamlarına uyğun qurulub.
Azərbaycan Ordusunda tibb xidmətinə metodik rəhbərliyi, tibbi əmlakla təchizatı, kadrların seçilməsini və yerləşdirilməsini, elmi-tədqiqat və müalicə-profilaktika fəaliyyətini koordinasiya və təşkil edən əsas rəhbəredici inzibati orqan Müdafiə Nazirliyinin Tibb İdarəsidir. Müdafiə Nazirliyinin Tibb İdarəsi ona tabe olan tibbi hərbi hissə, müəssisələr və bölmələrin vasitəsi ilə Müdafiə Nazirliyində tibbi təminatı həyata keçirir. İstifadə olunan bu sistem tibb xidməti fəaliyyətinin idarə (koordinasiya) olunmasını və tibbi təminatın təşkili üzrə qərarlar qəbul edilməsini, sülh və müharibə dövründə hərbi qulluqçuların həyatının və sağlamlığının qorunması üçün tədbirlər keçirilməsini təmin edir.
- Bölgələrdə, xüsusən də, işğaldan azad olunan ərazilərdə dislokasiya olunan şəxsi heyətin tibbi təminatı hansı səviyyədə təşkil edilir?
- Cənab Prezidentin rəhbərliyi  ilə ordu quruculuğunda  aparılan uğurlu  islahatlar tibb xidmətindən də yan keçmir. Respublikamızda  hərbi təbabət inkişaf etdirilir, təkmilləşdirilir. Bütün hərbi hissələr tibbi yardım avtomobilləri ilə, o cümlədən, zirehli ambulanslarla, diaqnostik tibbi cihaz və avadanlıqlarla, dərman preparatları ilə tam təmin olunurlar. Hərbi hissələrdə müasir tələblərə cavab verən onlarla tibb məntəqəsi tikilmiş, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Gəncə Hospitalı, Mərkəzi Stomatoloji Poliklinika, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi, Mərkəzi Hərbi Həkim Komissiyası, Sanitar-Epidemioloji Nəzarət Mərkəzi əsaslı təmir olunmuş və ən qabaqcıl tibbi avadanlıqlarla təchiz edilən yeni binalara köçürülmüşdür. Hərbi qulluqçular üçün İstirahət Evi də fəaliyyət göstərir. Həmçinin işğaldan azad olmuş ərazilərdə dislokasiya olunan şəxsi heyətin tibbi təminatının təşkil edilməsi məqsədilə yeni və tam təchizatlı hərbi hospitallar, tibb məntəqələri istifadəyə verilib, hazırda yeni hospitalların tikintisi planlaşdırılır. Bir sözlə, yerləşmə yerindən asılı olmayaraq, bütün hərbi hissə və bölmələrimiz təcili tibbi yardım avtomobilləri ilə, diaqnostik tibbi cihaz və avadanlıqlarla, dərman preparatları ilə, fərdi tibbi vasitələrlə tam təmin olunurlar.
- Danılmaz faktdır ki, şəxsi heyətin sağlamlığı döyüş hazırlığına təsir edən ən mühüm amildir. Bu işdə isə hərbi tibbi personalın üzərinə böyük iş düşür. Ordumuzda peşəkar hərbi həkim  kadrların hazırlanması prosesi necə aparılır?
- Hərbi hissələrin şəxsi heyətinin tibbi təminatının təşkil edilməsi ilə yanaşı, tibb xidmətinin əsas vəzifələrindən biri də yüksək ixtisaslı tibbi kadrların hazırlanmasıdır. Çünki Azərbaycan Ordusunda yüksək ixtisaslı tibbi kadrların hazırlanması ölkəmizin müdafiə qüdrətinin artırılmasına xidmət edən mühüm amillərdən biridir. Hərbi Tibb fakültəsi yaradılanadək Azərbaycan Ordusu üçün həkimlərin hazırlanması əsasən mülki ali təhsil müəssisələrində fəaliyyət göstərən hərbi kafedralarda həyata keçirilirdi.
Orduda yüksək ixtisaslı tibb kadrlarına tələb olduğunu və ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini görən Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 25 may 2000-ci ildə Azərbaycan Tibb Universitetinin tabeliyində Hərbi Tibb fakültəsi yaradılması barədə Sərəncam imzalandı. Hal-hazırda Hərbi Tibb Fakültəsi səriştəli və savadlı peşəkar hərbi həkim və feldşerlərin hazırlanması işinin öhdəsindən uğurla gəlir. Bu gün fakültəmizin məzunları olan hərbi həkimlərimiz həm Baş Klinik Hospitalda, həm qarnizon hospitallarında, həm də ucqar tibb məntəqələrimizdə uğurlu fəaliyyət göstərirlər.
- Döyüşlər zamanı səhra şəraitində və ekstremal vəziyyətlərdə tibb işçilərinin fəaliyyəti haqqında sizin fikirlərinizi bilmək istərdik.
- İkinci Qarabağ müharibəsində  bütün qoşun növləri kimi, hərbi tibbi personalımız da ağır sınaqlardan üzüağ çıxdı. Məlumat üçün deyim ki, döyüş fəaliyyətləri zamanı tibbi təminat - şəxsi heyətin sağlamlığının qorunması, möhkəmləndirilməsi, bərpa edilməsi və xəsarət alanların döyüşənlərin sırasına mümkün qədər tez qaytarılması məqsədilə bütün tibbi hissə və bölmələrin yerinə yetirdiyi təşkilati, profilaktik, müalicə-təxliyə, əks-epidemik və digər tədbirlər kompleksidir. Tibb xidmətinin döyüş vaxtı əsas vəzifələri, ümumilikdə, şəxsi heyətin qüvvəsini və ya döyüş gücünü mümkün olan ən yüksək səviyyədə qoruyub saxlamaqdır. Bir sözlə, döyüşün tibbi təminatı döyüş gücünün saxlanılmasına xidmət edir. Bu gün biz qürurla deyirik ki, tibbi personalımız 44 gün ərzində döyüş fəaliyyəti zamanı tibbi təminatın qarşısında duran tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəldi. Hərbi həkimlərimiz əməliyyatlar zamanı digər qoşun növləri ilə çiyin-çiyinə döyüşə atılaraq qəhrəmanlıq nümunələri göstərdilər. Müharibə zamanı tibb işçilərindən yaralılarımız da, şəhidlərimiz də oldu. 42 tibb işçisi isə xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmancasına şəhid olub. Allahdan yaralılarımıza şəfa, şəhidlərimizə rəhmət diləyirəm.
Xüsusi vurğulamaq yerinə düşər ki, müharibədən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarının birində "Doğrudan da, həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər. Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir", - deyərək tibbi personalımızın uğurlu fəaliyyətini yüksək qiymətləndirmişdir.
- Hərbi həkimlərimizin növbəti sınağı qardaş ölkə Türkiyədə oldu. Xalqımıza qürurlu anlar yaşadan hərbi tibb personalımızın  Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyi və Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyəti haqqında nə deyə bilərsiz?
- "Dost dar gündə tanınar" deyiblər. Azərbaycan ilə Türkiyə arasındakı dostluq, qardaşlıq  əlaqələrinin böyük tarixi var. Tarixin ən mürəkkəb dövrlərində iki qardaş ölkə bir-birilərinə dəstək olublar. Hər zaman olduğu kimi, Türkiyədə əsrin fəlakəti adlandırılan zəlzələ zamanı da ölkəmiz dəstəyini əsirgəmədi.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, Azərbaycan Ordusunun hərbi tibb personalı Türkiyəyə ezam olundu. Hərbi həkimlərimiz Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə qardaş ölkədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərdi.
Ümumilikdə, 81 cərrahi əməliyyat icra edən, 517 nəfərə isə ambulator yardım göstərən 20 nəfərlik hərbi tibb personalımızın fəaliyyəti Türkiyədə yüksək qiymətləndirildi. Həmçinin qardaş ölkəyə ezam olunmuş hərbi tibb personalımızın rəhbəri tibb xidməti polkovniki Niyaməddin Ağamalıyevi Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan "Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı" ilə təltif etdi. Bu bir hərbçinin timsalında ordumuza, ordunun timsalında dövlətçiliyimizə ehtiramın və Kahramanmaraşda 21 gün müddətində fəaliyyətdə olan  tibb personalımızın zəhmətinə verilən yüksək qiymətin təzahürüdür.
- Səhiyyə sistemində aparılan hər islahat insanların sağlamlığına etibarlı təminat yaradır. Hərbi tibb sahəsində mütəmadi islahatlar aparılır, xarici ölkələrlə və beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir. Bu addımların hərbi tibb sahəsinə hansı müsbət təsirləri var?
- Azərbaycan Ordusunun xarici ölkələrlə ikitərəfli və çoxtərəfli hərbi əməkdaşlığı hərbi təbabətin inkişafına da təsirsiz ötüşmür. Onlarla hərbi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir və faydalı təcrübə mübadiləsi aparır. Onu da deyim ki, Azərbaycan Beynəlxalq Hərbi Tibb Komitəsinin üzvüdür. 1921-ci ildə Belçikada yaradılan Beynəlxalq Hərbi Tibb Komitəsi Cenevrə Konvensiyalarının prinsiplərini daha dolğun yerinə yetirmək və hərbi tibb sahəsində elmi məlumat mübadiləsini təmin etmək məqsədilə təsis olunub. Hazırda 112 dövlətin üzv olduğu Beynəlxalq Hərbi Tibb Komitəsinin əsas vəzifəsi hərbi tibb sahəsində texnoloji və elmi təcrübə mübadilələrini təşviq etməkdir. Bundan əlavə, komitə silahlı qüvvələrin tibb xidmətlərinin gənc hərbi həkimləri üçün beynəlxalq sessiyalar və təkmilləşmə kursları, böyük zabitləri üçün silahlı münaqişələrin hüquqi aspektləri üzrə kurslar, iki ildə bir dəfə beynəlxalq konqreslər təşkil edir. Bu komitənin bir üzvü kimi Azərbaycan hərbi tibb xidmətinin beynəlxalq əməkdaşlıq arealı çox genişdir. Bu da hərbi təbabət sahəsində beynəlxalq təcrübənin öyrənilməsinə, bu sahədəki beynəlxalq standartların ordumuzda tətbiq edilməsinə böyük töhfələr verir.
Xarici ölkələrlə hərbi tibb sahəsində əməkdaşlıq çərçivəsində sonuncu dəfə iyunun 14-də rəhbərlik etdiyim nümayəndə heyəti ilə Qazaxıstanda səfərdə olduq. Səfər zamanı keçirilən görüşdə Azərbaycan və Qazaxıstan arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlərə dair ətraflı fikir mübadiləsi apardıq.
- Cənab general, Tibb İşçilərinin Peşə Bayramı Günü münasibətilə Azərbaycan Ordusunda çalışan tibbi personala təbrikiniz və ürək sözləriniz.
- Səhiyyənin inkişafına daim xüsusi diqqət yetirmiş, tibb işçilərinə böyük qayğı göstərmiş Ulu Öndər "Həkimlik peşəsi öz xalqına, sənətinə yüksək sədaqət tələb edən bir işdir" demişdir. Bu gün Azərbaycan Ordusunda xidmət edən bütün tibb heyəti Vətən müdafiəçilərinin sağlamlığının keşiyində inamla dayanır, tibb xidmətini yüksək səviyyədə təşkil edərək vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Onlar həm yaralanmış və xəstələnmiş hərbi qulluqçulara tibbi yardım göstərir, onları müalicə edir, həm də şəxsi heyət arasında xəstəliklərin yaranması və yayılmasının qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görürlər. Onların hər birini Tibb İşçilərinin Peşə Bayramı günü münasibətilə səmimi-qəlbdən təbrik edir, möhkəm cansağlığı, məsuliyyətli və şərəfli xidmətlərində uğurlar, yeni-yeni nailiyyətlər arzulayıram.
- Müsahibə üçün çox sağ olun.

Müsahibəni apardı: Mahmud MÖHBALIYEV "Azərbaycan Ordusu"