Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

14 İyun 2023 16:25

Şəhidlərin hamısı əzizimizdi

Şəhidlərimizin ruhu indi də döyüş növbətçiliyindədi. Xidmətə başlayan hər əsgəri mülki həyatdan xidmətə aparan yol Şəhidlər xiyabanından keçir...
Şəhidlər xiyabanı özümüzün də, ruhumuzun da ziyarət yeridi...
İkinci Şəhidlər xiyabanındayam. Düşüncələrimdə bir sorğu çırpınır: Görəsən, təntələk əsən yel  gələnləri salamlamağamı tələsir, gedənləri uğurlamağamı, kövrələnlərə təsəlli verməyəmi, anaların yanağında közə dönən göz yaşlarını silməyəmi, üzünü doyunca görmədiyi, qoşa qolları boynuna yorulunca sarılmadığı atasının baş daşını qucaqlayan 7-8 yaşlı oğlunu səsləməyə ürəyi gəlməyən gənc ananın qəhərini bölməyəmi, nisgilli bacıyla şəhid qardaşın, dərdi ömrünün mehrabına dönən atayla şəhid oğulun səssiz-sözsüz mükalimələşməsinə ətək sərməyəmi, ...
Düşüncələrinin tünlüyündə sıxılcımlar çəkən ananın baxışlarına çökən qəhərdə bir doğmalıq görürəm.
- Oğlun hansıdı, ay ana?, - soruşuram.
Sağ əli ürəyinin üstünə əyilir, sol əli gözünə dikəlir.
- Hamısı mənim balamdı, ay bala. Hamısı bütün anaların oğludu. Oğulun-qızın ögeyi olur, şəhidin - yox.
Şəhid anasının qəhərli səsini şəhidlərə elegiya, dediklərini şəhidliyə qədir-qiymət bilirəm. Bu qədir-qiymət min illərin o üzündən gəlir, milli-mənəvi dəyərlərimizlə səsləşir.
Ötüb-keçməkdə olan gənc qızın da baxışlarında qəhər görürəm. Əzizi hansı şəhiddi, şəhid nəyidi görəsən - qardaşıdımı, qara sevdasıdımı? Ötüb keçmir. Baxışları şəhid anasının daş-baxışlardan üzülməyən baxışlarına, qolları Ananın kürəyinə sarılır. Bu necə munis doğmalıqdı, bu necə səmavi mehr-ülfətdi? - bilmirəm, bildiyim budu ki, müqəddəsliyə sədaqətdi...
Gənc qızın qolları şəhid anasının kürəyində çarpazlaşıb, şəhid anasının qolları - gənc qızın kürəyində. Gənc qız "Anam!.." - deyir, Ana - "Qızım!..". Göz yaşları Ananın da, gənc qızın da kürəyini isladır. Şəhid anası gənc qızın qəhərini də ürəyinə qavqarıb xiyabandan çıxır. Çəkingən addımlarla  məzarların sırasına tələsən gənc qıza yaxınlaşıram, jurnalist marağıyla adını soruşuram:
- Güneldi, - deyir.
- Şəhid anası nəyin idi?
- Hansı şəhidimizinsə anasıdı, özünü tanımıram.
- Kimin ziyarətinə gəlibsən?
- Hamısının.
Çaşqınlıqla baxdığımı görəndə "Pedaqoji Universitetin tələbələriyik, üç rəfiqə hər şənbə günü bura gəlirik, şəhidlərimizin baxışlarıyla kəlmələşirik. Məzarlarına qulluq edirik, bu da bizim xidmətimizdi...", - deyir. Səsinin qəhərində müqəddəs bir doğmalıq var...
Günelin, onun tələbə yoldaşlarının İkinci Şəhidlər xiyabanına belə gəlişləri mənə Xəlil Rza Ulutürkün bir beytini xatırladır:
Torpaq gedər, qayıdar da,

Tək millətdə ruh yaşasın!
Günel də, tələbə yoldaşları da məzarların üstündən təravətini itirmiş gülləri toplayır, baş daşlarına, sinə daşlarına bacı sığalı çəkir, məzarların arasını təmizləyir. Min illərdən gələn ruha sədaqətdi bu!
"Ruh!" - deyirdin, sənin ruhun

ruhumuzla baş-başadı, Xəlil Rza!

Döyüşlərdə bayraqlaşmış oğullara

"Ruhumuzun bayrağısan!" deyiriksə,

Ruh yaşayır, ruh yaşadır, Xəlil Rza!
...Şəhidlərin məzarlarının sırasında dayanmış gənc qız xiyabana gələnlərə tərəf baxır. Getməkmi istəyir, bir qədər uzaqlaşmaqmı, iki-üç addım atıb dayanır; ürəyi geri çəkir onu. Gələnlərin sırası seyrələnə kimi belə olacaq; kimin ziyarətinə gəldiyini kiminsə görməsini, bilməsini istəmir. Gətirdiyi gülləri qara sevdasının sinə daşına qoyacaq, gözləri yorulunca daş baxışlarla səssiz-sözsüz kəlmələşəcək, ürəyini orada qoyub qayıdacaq...
Gənc anadı, bir də 3-4 yaşlı uşaqdı. Ana qayıtmaq, uşaq əlini anasının əlindən çıxartmaq istəyir, dartınır, ağlamır, ağlamsınır. "Atamı da aparaq..." - deyir. Gənc ana qızını bağrına basır...
Xiyabanda tanış baxışlar görürəm. İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə, mövqelərdə, səngərlərdə kəlmələşdiyim zabitlərdi, gizirlərdi. Neçə illərin o üzündə qərarlaşa bilməyən düşüncələrim bir gerçəkliyin yedəkçisinə dönür: Şəhidlikdən keçməyən döyüşlərin zəfəri olmur...
Neçə illər əvvəl Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidovdan eşitmişdim: Torpaqlarımız işğaldan döyüşlə azad ediləcək. Kaş qaliblərin sırasında biz də olaydıq. Polkovnik Şükür Həmidov şəhidlərimizin sırasında oldu. Zəfərdən sonra neçə-neçə qazidən eşitmişəm: Döyüşlərdə şəhidlərin ruhu da sıralarımızdaydı...
Sol ayağı protezli cavan polkovnik Şükür Həmidovun başdaşını qoşa qolları arasına alıb. Başdaşının sinəsini göz yaşları isladıb. Nəsə deyir, heç nə eşidilmir. Tanıdığım igidi tanıyan, sevdiyim zabiti sevən qazinin kimliyini bilmək istəyirəm. Gah şəhidlərin sırasına baxır, gah polkovnikin başdaşına, gah da göy üzünə. Bir də soruşuram kimliyini. Əl ağacına mətərislənərək, "Döyüşçü", - deyir, kimliyini bildirmir (indiyəcən heç kim kimliyini bunca duyğusallıqla (və səmimiyyətlə!) nişan verməyib!).
- Döyüşdə yaralandım. Təxliyə etdilər. Komandirimizi bir də görə bilmədim. Qubadlı uğrunda döyüşlərdə şəhid olduğunu eşitdim.
Xatırlayırıq ki, Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov Qubadlıda şəhid olub. Doğulduğu Armudlu kəndinin yaxınlığında, əli ata yurduna çata-çatda...
Dediyi ümumi (və doğma!) ada görə döyüşçü qardaşımızla o qədər səmimiyyətlə, o qədər ehtiramla sağollaşıram ki!..
Sağollaşdığım cavan oğlanın kimliyi düşüncələrimə qürurlu bir adla düşür: Döyüşçü. Bu adı İkinci Qarabağ müharibəsində qazanılan tarixi Zəfərin mənəvi ad daşıyıcısı bilirəm...
Salman Bakıdakı 240 saylı orta məktəbin VIII sinfində oxuyur. Dayısını ziyarətə gəlib. "Bura gələndə şəhidlərin hamısını ziyarət edirəm...", - Salman belə deyir. Məktəblinin şəhidlərə - şəhidliyə ehtiramı bəşəri ehtiramdı...
İkinci Şəhidlər xiyabanına gəlmək, şəhidləri ziyarət etmək analar, bacılar, qızlar üçün mənəvi borcödəmədi, yeniyetmə oğlanlar üçün hərbi xidmətin başlanğıcıdı, tərxis olunmuşlar üçün - hərbi xidmətin davamı; şəhidlərin hamısı hamımızın əzizimizdi...
Əsən yellər İkinci Şəhidlər xiyabanına gələnlərin yerişindən yan keçir...
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"