Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2023 12:35

Əsgərə məktub gəlib...

Əsgərə yazılan hər məktuba mən
Könül ziyarəti dedim əzəldən...
 
Min illərdi xalq ruhən döyüşənlərin, dövlətlər yaranandan sonra ruhən əsgərin yanında olub. Həmişə də könüldən-könülə yollar görünüb - məktub da könüldən-könülə yoldu...
Hər məktub hal-əhval tutmaq, nəyisə, nələrisə öyrənmək, bildirmək niyyətiylə yazılır - məktub insanlar arasında münasibətin ifadəsidi. Yüz-yüz illər əvvəl dövlət də dövlətə niyyətini bu yolla bildirərdi, niyyətinin cavabını bu yolla alardı. Məktublaşma indi də davam etdirilir.
İnsanlar arasında yaxınlardan-uzaqlardan göndərilən məktubun cavabı bəzən həsrətlə, narahatlıqla, bəzən intizarla gözlənilir...
Həzin-həzin əsən meh ağacların xırda budaqlarını, xırda budaqlarda yarpaqları necə həzinliklə tərpədirsə, tanımadığı kiçik yaşlılardan aldığı məktub da əsgərin ürəyinin döyüntülərini elə titrədir.
Əsgərə yazılan məktub ərkin ən gözəlidi, sorğunun ən gərəklisidi, niyyətin ən durusudu, ən kövrəyidi...
Müharibədən əvvəl əsgərlərimizə məktəblilər də məktub yazırdı. Qələbə istəyiylə yazılan məktublarda fikir bəzən şeirlə ifadə edilirdi, bəzən bayrağımızın fonunda döyüş şəkli ilə. Gəncədən bir məktəbli yazmışdı: "Məktəbimizin bir müəllimi döyüşlərdə şəhid olub. Onun da qisasını alın...". Bu məktubu milli mentalitetimizin yaşarılığına şagird andı bilmişdim: Şagird öz atasının (şagirdin) müəlliminə (ustadına) sevgisini sədaqətlə yaşadır!.. Məktublardan biri belə tamamlanmışdı: "Cavabı qələbədən sonra yazarsan...". Məktəblinin niyyətinin işığı o məktubu oxuyan əsgərin, əsgərlərin döyüş əzminə, qələbə ruhuna sarılmışdı, şübhəsiz. Zəfərdən sonra həmin məktəbli ilə əlaqə saxladım. Qalib əsgər ona məktub yazmayıb, özü gəlib onun görüşünə...
İkinci Qarabağ müharibəsində tarixi Zəfər qazanıldı, torpaqlarımız işğaldan azad edildi. Zəfər xalqın istəyinin, 28 il döyüş növbətçiliyi aparan niyyətinin Zəfəri kimi tarixləşdi...
Məktəblilər əsgərlərə Zəfərdən sonra da məktublar yazırlar. Bu məktublar təkcə məktəblinin özünün deyil, təhsil aldığı məktəbin bütün şagirdlərinin istəyini də ifadə edir.
Əsgərə yazılan məktub ləngimir...
Bu məktublar sevgilərlə, ehtiramlarla birnəfəsə oxunur. Oxuyanlar bu məktubları könlünə köçürür. Hələ İkinci Qarabağ müharibəsindən əvvəl Bakı şəhərində oxuyan bir məktəbli redaksiyamıza məktub yazmışdı, məktubu tanımadığı, ad-soyadını bilmədiyi bir əsgərə yazdığı məktubu çatdırmağı xahiş etmişdi. Məktubu çatdırmışdıq, əsgər tanımadığı, məktubuyla tanıdığı məktəbliyə cavab yazmışdı. Bu, məktəbli ilə əsgər, ümumiləşdirsək, o vaxtların  məktəbliləri ilə o vaxtlar hərbi xidmətdə olan əsgərlər arasında mənəvi birliyin təntənəsi kimi yaşanılmışdı. "Salam, əsgər qardaşım. Tanımasaq da, hamınız hamımıza doğmasınız. Atam əsgər olanda ona bir məktəbli məktub yazıb. Sonralar görüşüblər də, məktublaşıblar da. O məktəbli indi əsgərdir. Yəqin ki, əsgər yoldaşlarına atam haqqında da danışıb. Mən də əsgər olanda sənin haqqında danışaram. Vətəni yaxşı qoruyun. Sağ olun". (Dadaş Əmrahlı, Bakı şəhəri 306 nömrəli məktəbin 2-ci  sinif şagirdi).
Bu doğmalığı yaradan nə idi? - Vətənə xidmət.
Bakı şəhərindəki 220 nömrəli məktəb-liseyin 2g sinif şagirdləri əsgərlərə məktub yazıblar. Məktublar sevgidi - əsgərə sevgidi, orduya sevgidi...
Emin Qədirov yazır: "Mən Bakı şəhər 220 nömrəli məktəb-liseyin 2g sinif şagirdiyəm. Müəllimimiz deyir ki, siz yaxşı oxusanız, şəhidimizin ruhu şad olacaq. Onun ruhunu şad etməyə çalışırıq. Əsgər qardaşım, siz də yaxşı əsgər olun, şəhidlərin ruhu sizdən də razı qalsın"; Fidan əsgərdən darıxıb-darıxmadığını soruşur: "Darıxmayın, atam deyir ki, əsgərin darıxmağa vaxtı olmur. Siz Vətəni qoruyursunuz. Vətəni qoruyanlar darıxmaz..."; Ayla yazır ki, "Bizim qardaşlarımız da böyüyəndə əsgər olacaqlar. Onda bizim qardaşlarımıza da məktublar yazılacaq. O da sevinəcək" (Ayla duyur ki, əsgərə məktub sevincdi, gözlənilməz sevinc gözəl könül xoşluğudu. Vətən müharibəsində qazanılacaq Qələbənin sevincini hamı gözləyirdi. Bu şagirdlərin ataları da xalqın gözlədiyi sevincə qüdrətin işığı deyirdi); Ömər yazır ki, "Əsgər qardaşım, biz də sevinirik ki, Qarabağ bizimdir. Siz azad Qarabağımızı qoruyursunuz. Sağ olun. Səni tanımırdım, indi tanıyacam, sevinəcəm" (8 yaşlı uşaq məktubuna cavabı əsgərdən alanda sevinəcək, bu sevinc doğmaların məktubla görüşünün sevinci olacaq); Raul yazır: "Salam. igid əsgər! Mən Azərbaycanın Milli Qərrəmanı Ərəstun Mahmudov adına 220 nömrəli məktəb-liseyin 2g sinif şagirdi Canıyev Raulam. Sən məni tanımırsan, mən də səni. Amma mən səni və sənin kimi bütün əsgərləri çox istəyirəm. Çünki siz Vətənin keşiyində dayanıb bizi qoruyursunuz. Sizə görə biz rahat yaşayırıq" (Raul sinif yoldaşlarını, məktəbin şagirdlərini, Azərbaycanımızın məktəblilərini nəzərdə tutur. Elə bil bu səmimi məktub onun bütün yaşıdlarının adından yazılıb. Sevgi var bu kiçik məktubda, ehtiram var, təşəkkür var. Bir də işığı görünən inam var...). Emin Qədirov tanımadığı əsgərdən soruşur ki, kitabları sevirsənmi, hansı kitabları sevdiyini yaz, sənə göndərərəm. Bu sorğu da sevgidi. Məktəbli inanır ki, tanıyacağı əsgər mütaliəni sevir, əmindir ki, o da oxuya-oxuya öyrənir, öyrənə-öyrənə oxuyur, bəlkə də hərbçi olacaq. Emin nə gözəl düşünür. Eminin əsgərə inamı nə gözəl inamdı, əminliyi gerçəklik qədər şirin əminlikdi! Xatırlayıram: 2016-cı ilin martında Cocuq Mərcanlıda əsgər Məmməd Süleymanov mənə bir məktub göstərmişdi. Qonşularının 5-ci sinifdə oxuyan oğlu yazıbmış: "Siz hərbi xidmətdən qalib kimi qayıdacaqsınız...". Zəfərdən sonra Məmmədlə gənc əsgərlərin andiçmə mərasimində görüşmüşdük: "O vaxtlar sizə göstərdiyim məktubu yazmış şagirdin andiçmə mərasiminə gəlmişəm. Atası ilə birlikdə". 7 il əvvəlin əsgərinin bu günün əsgərinin hərbi andiçmə müqəddəsliyinə gəlişini etibar, əsgərə yazılan bir məktuba sədaqət bilmişdim...).
Ömər məktubunda hələ tanımadığı əsgərdən soruşur ki, əsgərlik necədir? Bu, adi maraqdımı, öyrənmək, bilmək istəyidimi, yaş sərhədini aşma niyyətidimi? Hər nədirsə, bu sorğu Vətən adına sorğudu. Hər məktub bir əsgərin düşüncələrinin işığına, işığın doğmalığının çağırışına dönür. Bir azdan bu işıq, bu çağırış sətir-sətir mətləbə dönəcək, doğmalığa doğmalıq cavabı olacaq. Bir niyyət (məktub yazma) iki şükranlıqla nəticələnəcək: əsgər şükranlığı (tanımadığım məktəbli mənə məktub yazıb), məktəbli şükranlığı (tanımadığım əsgərdən məktubuma cavab almışam)...
 Sidiqə Nuriyeva məktubu çatacağı əsgərdən necə xidmət etdiyini soruşur. Uşaq səmimiliyi ilə səslənən bu sorğu səmimi sorğudu. Hiss olunur ki, şagird bu sorğunu ancaq "yaxşı xidmət edirəm" cavabını alacağına əminliklə verib. Azərbaycan Ordusunun gücünə, qüdrətinə inamdan gəlir.
Əsgərə yazılan məktub doğmalaşdırma vasitəsidi. Şagirdlə (xalqla) əsgəri (ordunu) doğmalaşdıran bu ünsiyyət vasitəsi (məktub) böyük mənəvi qüdrətə malik imiş! Az sonra keçmiş əsgərlə bu günün əsgərinin görüşünü də görmüşdüm. Yaşadılan gözəl dostluğun görüş anlarını tarixləşdirə bilmədiyimə indi də təəssüflənirəm. Məktubların yaranacaq xoş münasibətin, dostluğun başlanğıcı olacağına əsgərlərin səmimiliyindən biz də məmnun olduq, zabitlər də.
Arzu yazır ki, "Siz bizi qoruyursunuz. Ona görə sizi biz də çox sevirik. Qardaşlarımız da, sinif yoldaşlarımız da böyüyəndə sizin kimi əsgər olacaqlar". Məktəblinin bu yaşda bu düşüncəsini cəmiyyətlə təmasının, ailə söhbətlərinin, bəzi gərəkli televiziya verilişlərinin təzahürü, vətənpərvərlik tərbiyəsinin səviyyəsinin göstəricisi bilirsən.
220 nömrəli məktəb-liseyin 2-ci sinif şagirdlərinin məktubu hər əsgərə yazılıb elə bil. Elə bil bu məktub məktəblilərlə əsgərlər arasında niyyət körpüsüdü. 2020-ci ilin 8 Noyabr Zəfəri şagirdlərin də düşüncələrini gözəlləşdirib, bu düşüncələrdə Vətən elə gözəl görünür ki!..
Sidiqə Nuriyevanın da, Nazlı Əlizadənin də, Solmaz İsmayılovanın da, Həbib Əsgərovun da, Ramiz Rəsulzadənin də, Ömər Qurbanovun da, ... məktubları əsgərlərə gözəl könül xoşluğu verdi.  
Sinif şəhid adınadırsa, şagirdlər hər dərs günü sinfə daxil olanda özünə söz verir: yaxşı şagird olacam, dərs qurtaranda özündən soruşur: Mən necə şagirdəm? Azərbaycan əsgərinə məktub yazan şagirdlərə məktəbdə hamı yaxşı şagird deyir. Yaxşı şagirdlər əsgərlərə məktub yazmışdılar. Yaxşı şagirdlər nümunəvi əsgərlərdən cavab alacaqlar...

 Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"