Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2023 12:35

Kərki necə işğal olundu?

Naxçıvan şəhərindən 15 dəqiqəlik məsafədə bir kənd var - Yeni Kərki. Kəngərli rayonunun inzibati ərazi vahidinə daxil olan bu yaşayış məntəqəsi adından da göründüyü kimi yaranması uzaq bir tarixə söykənmir. Lakin Yeni Kərkidə məskunlaşanlar tarixi yurd yerimiz olan qədim Kərkinin sakinləridir. O sakinlər ki, müharibənin ağrı-acısını görüblər. O sakinlər ki, 33 ildir yurd nisgili ilə yaşayırlar.
Kərki Sədərək kəndinin 8-10 kilometrliyində yerləşir. 960 hektara yaxın ərazini əhatə edən yaşayış məskənində "O tay", "Sulu zağa", "Bəzirxana", "Köhnə Kərki", "Dəlik daş", "Sənəm zağası", "Gavurqala", "Cəhənnəm dərə", "Şırran", "Qızıl daş", "Qurdbaba", "Alma yokkuşu", "Qırmızı güney", "Şurut bulağı" kimi toponimlər bu torpağın qədim tarixinin nişanələrindəndir. Lakin bu nişanələri saxtalaşdırmaq, mənimsədikləri digər çoxsaylı Azərbaycan torpaqları kimi Kərkiyə iddia etmək məqsədilə hiylə işlətməkdə usta olan ermənilər bu istəklərinə də elə addım-addım yaxınlaşıblar. Kərki 90-cı illərin itkisi deyil. Sədərəyin bir parçası olan Kərki ermənilərin zamanla həyata keçirdikləri məkrli planlarının qurbanı idi. Və bu 1990-cı ildə tam reallaşdı.
Tarixə nəzər salanda görürük ki, ermənilər zaman-zaman hiylə yolu ilə Azərbaycanın bir sıra torpaqlarını ələ keçirmişlər. Belə fakta Zaqafqaziya SFSR MİK Rəyasət heyətinin 18 fevral 1929-cu il tarixli qərarında rast gəlirik. Əsassız bir qərarla Azərbaycanın Naxçıvan MSSR ərazisindən 657 kv.km və ya 65 700 ha torpaq sahəsi Ermənistana verilmişdir. 9 kəndin (Kərçivan, Qurdqulaq, Goradiz, Ağbin, Ağxəç, Almalı, Sultanbəy, İtqıran və Kilit kəndinin bir hissəsi) Ermənistan ərazisinə qatılması yerli əhali tərəfindən etirazla qarşılansa da, nəticəsi olmamışdır. Azərbaycanlı əhali zaman-zaman həmin əraziləri tərk etmiş və bu torpaqlar saxta yolla Ermənistan ərazisinə çevrilmişdir.
Belə bir taleni Kərki kəndi də yaşamalı olur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin 5 may 1938-ci il tarixli qərarı ilə Naxçıvan Muxtar Respublikasının Kərki kəndinin ətrafındakı torpaqların xeyli hissəsi Ermənistana verilir. Beləliklə, Kərki kəndi Azərbaycandan (Naxçıvan MR ərazisindən) tam təcrid olunaraq ada şəklinə düşür.
Yerli əhali arasında narazılıqların yaranmasının qarşısını almaq, həmçinin yerli əhalinin hamısının azərbaycanlı olması nəzərə alınaraq Azərbaycan Mərkəzi İcraiyyə Komitəsində yerləşmiş ermənilər təkcə Kərki kəndinin yerləşdiyi çox kiçik bir ərazini Azərbaycanın tərkibində saxlamaqla, kənd ətrafındakı 900 hektardan artıq bir ərazini saxta sənədlərlə rəsmiləşdirir.
Sədərəklə Kərkini dağ yolu birləşdirirdi. Ermənilərin növbəti hiyləsi Kərki ərazisindən yol salmaq olur. Əslən sədərəkli, tarix üzrə fəlsəfə doktoru Vaqif Məmmədov "Kərkinin taleyi" adlı kitabında bu barədə geniş bəhs edərək yazır: "Bir məqsəd Sisyan-Cermuk yoluna kəsə yol qazanmaq olursa, digər tərəfdən Kərkini tədricən yerli əhalidən təmizləmək, "Kərkinin düzü" adlı sahəni ələ keçirmək və Kərki ilə Sədərək arasında əlaqələri kəsmək olur. Beləliklə, Arazdəyən-Cermuk şosesi Kərkinin düzü adlanan ərazidən salınır. Kərki Sədərək üçün böyük dayaq sayılırdı. Sədərəkdən yaylağa gedən 40-dan artıq obanın adamlarının, sürüsünün yolu Kərkidən, Kərkinin düzündən keçərdi. 60-cı illərin əvvəllərində İrəvandakı Eçmiədzin kilsəsinin keşişinin qardaşı oğlu, erməni şairi Paruyr Sevak Kərki düzü adlı ərazidə maşın qəzasından ölür. Fürsəti dəyərləndirən ermənilər qəza yerində xatirə kimi simvolik qəbir düzəldirlər. 15-20 il ərzində həmin "xatirə qəbir" böyük bir sahəni "işğal" edir, kiçik qonaq evi, restoran, otel, nəhayət, qəsəbə salınır - Sevakavan". Hansı ki bu qəsəbə Kərkini işğal etmək və kərkililəri sıxışdırmaq baxımından ermənilər üçün əhəmiyyətli olur.
Məqsədli şəkildə əraziləri zəbt edən ermənilərin növbəti hədəfi Sədərək idi. Sədərəklə Kərkini ayırmaq planı üzrə hərəkət edən ermənilər 1988-ci ildən Kərki əhalisini psixoloji təzyiq altında saxlayır, daha sonra bu təzyiq 1990-cı ildə silahlı hücumla əvəzlənir. Kəndin keşiyini çəkən kərkililərin səyinə, Şərurdan, Sədərəkdən gələnlərin dəstəyinə baxmayaraq Kərki illərlə yürüdülən erməni məkrinin qurbanına çevrilir. 1989-cu ilin son aylarında Kərkiyə gediş-gəliş tamamilə dayandırılır. Həmin dövrdə artıq kənddə müdafiəçilər qalmışdı. Son günə qədər kəndi tərk etməyən əli silah tutan kərkililər 1990-cı il yanvarın 15-də rus hərbçilərinin təkidli tələbi ilə axşam saat 6-7 radələrində doğma yurdu tərk etmək məcburiyyətində qalırlar. 350 nəfərə yaxın əhalinin yaşadığı qədim yurd yerini ermənilər beləcə işğal edir. Kərkinin adını isə dəyişərək Tiqranaşen qoyurlar. Başqasının torpağına - Kərkiyə hücumu zamanı məhv edilən quldur dəstəsinin başçısı Tiqranın "şərəfinə".
Mənəvi zərbə ilə yanaşı, kərkililər həm də maddi zərəri yaşamalı olurlar. Neçə-neçə kərkili illərdir əziyyətlə becərdiyi bağını, bağçasını, qurulu evini eləcə tərk etmək məcburiyyətində qalır. Arxiv sənədlərində bununla bağlı bir neçə faktı diqqətinizə çatdırırıq.
Naxçıvan MSSR Nazirlər Sovetinin 10 avqust 1990-cı il tarixli qərarından: Naxçıvan MSSR Nazirlər Soveti qeyd edir ki, uydurma Dağlıq Qarabağ problemi ilə əlaqədar Ermənistan SSR-dən qovulmuş 200 min azərbaycanlı ilə yanaşı, Naxçıvan MSSR-nin İliç rayonunun Kərki kəndində yaşayan 96 ailə erməni quldurları tərəfindən və Azərbaycan torpağından çıxarılmışdır. Hazırda qovulan ailələrin 64-nün muxtar respublika ərazisində yerləşdirilməsi zəruri hesab edilir. Qeyd edək ki, digər ailələr Azərbaycanın müxtəlif bölgələrində yerləşmişlər. Kərki kəndini tərk etmiş vətəndaşlara dəymiş əmlak zərərinin ödənilməsi barədə Naxçıvan MR Dövlət Arxiv idarəsində sənədlər saxlanılır.
Ənənəvi erməni məkrinin qurbanı olan Kərki Şərurun Günnüt kəndi kimi, doğma Qarabağımız kimi əsarətdən qurtulacaq. Qədim yurd yerimiz öz sahiblərinə qovuşacaq. Kərkililərin də tək arzuları doğma torpağı qucaqlamaq, yaralarını sarımaqdır. Torpaq öz sahiblərinə qovuşanda yurd olur, insan öz torpağına sahiblənəndə xoşbəxt olur. Tezliklə Kərkidən sizləri salamlamaq diləyilə.

Ruhiyyə RƏSULOVA Naxçıvan televiziyasının baş redaktoru