Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

10 İyun 2023 12:35

Böyük xilaskarın qayıdışı - Milli Qurtuluş Günü

Təqvimə nəzər salsaq tarix boyu xalqımızın taleyində böyük əhəmiyyət daşıyan, dövlətimizin formalaşmasını, gələcək həyatını müəyyənləşdirən mühüm günlərin olduğunun şahidi olarıq. Unudulmaması vacib, önəmli günlərdən biri də tarix səhifələrinə qızıl hərflərlə yazılmış 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günüdür. Ulu Öndər Heydər Əliyevin adı ilə bağlı olan bu gün təqvimdə xalqımız üçün sadəcə bayram günü deyil, əsl qurtuluşun tarixidir.
90-cı illərdə yenidən müstəqillik qazanmaq kimi tarixi fürsət əldə edən Azərbaycan qısa zaman ərzində yenə də onu itirmək təhlükəsi ilə üz-üzə idi. Ölkədə hakimiyyət böhranı, siyasi, iqtisadi problemlər, hərc-mərclik, vətəndaş müharibəsi səviyyəsinə kimi yüksəldilmiş qarşıdırma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə təhlükə altına salmışdı. Bunlarla yanaşı, Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin başlanması ilə respublikada vəziyyət daha da gərginləşməyə başladı.
Yenidən müstəqillik qazanılmasından iki il keçməsinə baxmayaraq ölkə hələ də təhlükələrdən xilas ola bilməmişdi. 1993-sü ilin əvvəllərindən ölkədə fəaliyyət göstərən bəzi silahlı dəstələrin yol verdikləri başıpozuq hərəkətlər, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə işə salmışdı. Vəziyyət nəzarətdən çıxır, dövlət süquta doğru irəliləyirdi. Getdikcə gərginləşən siyasi vəziyyət, torpaqlarımızın erməni silahlı birləşmələri tərəfindən işğalı, əhalinin sosial durumunun gündən-günə ağırlaşması ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Hər kəs əmin idi ki, ölkəni bu çətin vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Heydər Əliyevdir. Belə bir vaxtda dövləti məhv olmaqdan xilas etmək üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Əslində, bu, bütün xalqın ürəyinin səsi idi. 1993-cü il iyunun 9-da Ulu Öndər Heydər Əliyev xalqın çağırışına səs verərək Bakıya qayıtdı. İyunun 15-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçildi. Beləliklə, sözün həqiqi mənasında, ölkəmizin taleyində dönüş anı oldu, böyük qurtuluşa doğru mühüm addım atıldı. Xalqımızı nicata aparan yol bilavasitə həmin gündən başlandı. Ulu Öndər Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtararaq, dövlətimizin, xalqımızın tarixi müqəddəratını həll etdi.
Böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürən Heydər Əliyev tərəfindən ölkəni ağuşuna almış gərginlik və qarşıdurma səngidildi, siyasi sabitlik yaradıldı, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Heydər Əliyevin yorulmaz fəaliyyətinin nəticəsi olaraq Azərbaycan gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. Xalqın sevgisini və inamını qazanan Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev 1993-cü il oktyabrın 3-də Prezident seçildi.
Ulu Öndər ovaxtkı dövrdə ölkədə müharibə vəziyyətinin mövcudluğunu nəzərə alaraq düşmənlərimizin və onların beynəlxalq havadarlarının gücünü, planlarını düzgün dəyərləndirərək atəşkəs rejiminə nail oldu. Qüdrətimizin bərpa olunması istiqamətində mühüm addımlar atıldı. Reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Həyatın bütün sahələrində tərəqqi və dirçəliş baş verdi.
Ölkəsini daima qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyən Heydər Əliyev bu istiqamətdə mühüm addımlar atdı. Onun uzaqgörənliyi nəticəsində ölkədə daha genişmiqyaslı islahatlar aparılması üçün 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, normativ-hüquqi bazanın formalaşdırılmasına başlanıldı. Görülən işlərin nəticəsi olaraq artıq Azərbaycan Respublikası dünya arenasında demokratik, hüquqi, dünyəvi dövlət kimi tanınmağa başlandı. Xarici siyasətini bərabərlik və qarşılıqlı mənafe prinsipləri əsasında quran Azərbaycan Respublikası dünyanın bütün dövlətləri üçün açıq ölkəyə çevrildi. Ulu Öndər dünyanın siyasi mənzərəsində Azərbaycanın yerini müəyyən etməklə yanaşı, ölkənin iqtisadi həyatını da dirçəltməyə başladı. Xarici iqtisadi sərmayələrin ölkəyə axını başladı. Ölkənin iqtisadi inkişafının təminatına çevrilən "Əsrin müqaviləsi" imzalandı. Əsrin ən böyük layihələrindən biri olan Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin əsası da məhz Azərbaycan xalqının Ümummilli Liderinin iştirakı ilə qoyuldu.
Azərbaycanda dövlət quruculuğunun, iqtisadi dirçəlişin, sosial-siyasi həyatda tərəqqinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlı olması tarixi bir faktdır. Heydər Əliyev rəhbəri olduğu Azərbaycanı bir dövlət, xalqımızı isə bir millət kimi tarixin ağır və sərt sınaqlarından uğurla çıxartdı, müasir və müstəqil dövlətimizin etibarlı bünövrəsini yaratdı. Odur ki, 15 iyun Azərbaycan dövlətçiliyinin xilası günüdür. Bu tarix Azərbaycanı xaosdan, anarxiyadan, hərc-mərclikdən, özbaşınalıqdan, parçalanma təhlükəsindən qurtulduğu, sabitliyə, əmin-amanlığa, demokratiyaya qovuşduğu gündür. 15 İyun tarixi təkcə dövlətçiliyimizin xilası deyil, həm də Azərbaycanın bu gününü, gələcəyini müəyyənləşdirdi.
İstənilən sahənin inkişaf tarixinə nəzər saldıqda Heydər Əliyevin uğurlu siyasətinin, misilsiz xidmətlərinin şahidi oluruq. Onun ölkəmizə rəhbərlik etdiyi illər milli oyanış, tərəqqi, müstəqil dövlət quruculuğu dövrü kimi qəbul edilir. Məhz həmin illərdə siyasi sistemin möhkəmlənməsi, dövlətçilik ənənələrinin yaradılması, iqtisadi və sosial islahatların aparılması, dünya birliyinə inteqrasiya siyasətinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycan uğurla inkişaf edən, özünü dünya birliyinə etibarlı tərəfdaş kimi təqdim edə bilən bir ölkəyə çevrilib.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində də mühüm işlər görüldü. Aparılan islahatlar nəticəsində orduda olan problemlər öz müsbət həllini tapdı, vahid komandanlıq yaradıldı, qeyri-qanuni silahlı dəstələr ləğv olundu. Quruculuq işləri, struktur dəyişiklikləri, milli kadrların hazırlanması, hərbi xidmətin hərb elminin tələblərinə uyğun qurulması, qoşun hissələrinin təxribatçı və siyasi ünsürlərdən təmizlənməsi Azərbaycan Ordusunun keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına səbəb oldu.
Bu gün Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Ulu Öndərin quruculuq və inkişaf strategiyası uğurla davam etdirilir. İstər iqtisadi, istərsə də hərbi sahədə güclənən respublikamız dünya ölkələri arasında xüsusi imic qazanıb. Əsası Ulu Öndər tərəfindən qoyulan ordumuz Ali Baş Komandanın sərkərdəliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi. Xalqın 30 ilə yaxın torpaq həsrətinə son qoyuldu. Dünya Azərbaycanın həm siyasi arenada, həm də döyüş meydanında gücünün və nəyə qadir olduğunun şahidi oldu.
Bütün bunlar onu göstərir ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə etdiyimiz nailiyyətlər, qazanılan uğurlar əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin parlaq təcəssümüdür.

"Azərbaycan Ordusu"