Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2023 17:45

Uşaq dünyasından böyük dünyaya düşən işıq

Ermənistan işğalçı dövlət idi, müharibəni həm də faşist ideologiyasına əsaslanan erməniliklə aparırdı. İşğal etdiyi kəndlərdə mülki əhalini qətlə yetirirdi, əsir aparırdı, evləri dağıdırdı, yandırırdı. Qocaları da, uşaqları da öldürürdü. 1991-ci il dekabrın 23-də Meşəli faciəsində 3 uşaq öldürülmüşdü. 1992-ci il fevralın 14-də Qaradağlıda 8 məktəbli qətlə yetirilmişdi. 1992-ci il fevralın 26-da Xocalıda 63 uşağın ömrünə vəhşiliklə son qoyulmuşdu. Budur, ermənilik!
Ermənilərin törətdiklərini gənclər də bilir, uşaqlar da. Uşaqlar məktəbdə müəllimlərindən eşidir, ailədə valideynlərindən. Bu faciələr haqqında hərbçilərin uşaqları da eşidirlər, eşitdiklərini yaddaşlarına köçürürlər. Uşaqların qətlə yetirilməsi onların uşaq dünyasının dumanlığına dönür...
Bu günün məktəbliləri müharibə illərinin uşaqları olub, yaxın gələcəkdə məktəblilərə İkinci Qarabağ müharibəsi haqqında onlar da danışacaqlar. Təkcə Uşaqların Beynəlxalq Müdafiəsi Günündə deyil, tarixin yaşaması üçün həmişə danışacaqlar.
"N" hərbi hissəsində xidmət edən zabitlərin uşaqları da Vətəni sevə-sevə böyüyürlər, böyüyə-böyüyə Vətəni sevirlər. Müharibənin nə olduğunu onlar da yaxşı bilirlər. Onlar da Zəfərdən, Zəfərin necə qazanılmasından, Zəfəri qazananlardan qürurlanırlar.
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə hərbi şəhərcikdə yaşayıb Beyləqandakı 8 saylı tam orta məktəbdə təhsil alan uşaqların dediklərini uşaq dünyasından böyük dünyaya düşən işıq bilirik...

"Azərbaycan Ordusu"

Nərmin Şirinli (5-ci sinif şagirdi):
- Atam polkovnik-leytenantdır. Vətən müharibəsində o da iştirak edib. Xidmətdən evə gələndən sonra mənim də, özünün də vaxtı olanda müharibədən, döyüşlərdən də danışır. Maraqla dinləyirəm. Bir əsgərin yaralı əsgəri necə xilas etdiyini, onu xilas edəndə özünün şəhid olduğunu eşidəndə kövrəlmişdim. Atam saçlarımı oxşamışdı, "Zəfər həm də o əsgərlərin şücaəti ilə qazanıldı", - demişdi. Televizorda baxdığım verilişlər də, atamın, atamın dostlarının müharibədən danışdıqları da Vətən sevgimizi daha da artırır. Mən bütün hərbçiləri qəhrəman bilirəm.
İkinci Qarabağ müharibəsində atamın xidmət etdiyi hərbi hissədən də şəhidlər olub. Hər məktəbə gedəndə, məktəbdən qayıdanda onların xatirəsinə salınmış parkın yanından keçirik. Ötən il noyabrın 8-də Zəfərin iki illiyi qeyd olunurdu. Onda şəhid anası demişdi: Bu Zəfər şəhid analarının göz yaşını sildi. Səhərisi gün müəllimimiz bizə o ananın dediklərini geniş şəkildə izah edərək demişdi ki, göz yaşını silmək dərdi yüngülləşdirmək deməkdi. Şəhid analarına elə gəlir ki, qələbəni qazananların sırasında onların oğullarının ruhu da olub. Sonra müəllimimiz bizə o ruh haqqında danışmışdı. Biz məktəblilər də şəhidlərimizin ruhunu həmişə ehtiramla xatırlayacağıq...
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü rahat, sülh, əmin-amanlıq şəraitində gözəl keçirdiyimiz üçün də əsgərlərimizin qazandığı Zəfərə borcluyuq. Bu Zəfərə görə 1 İyunu biz də gözəl qarşılayırıq. Əminik ki, bizim yaşıdımız olan uşaqlar görmədikləri kəndlərinə qayıdacaqlar. Yaxın vaxtlarda bu günü öz məktəblərində qarşılayacaqlar.

Nurcan Bayramova (3-cü sinif şagirdi):
- Mənim də atam hərbçidir. Hələ məktəbə getmədiyim vaxtlarda da mənə torpaqdan danışardı. Anam bəzən söhbətimizə qoşulanda atam qətiyyətlə, "Vətənin, torpağın, dövlətin nə olduğunu bu yaşında bilməyən uşaq gələcəkdə Vətəni, dövləti necə sevər?" - deyərdi. Neçə illər əvvəl olmuş döyüşlərdən danışardı, qəhrəmanlardan danışardı. Vəzir adlı bir döyüşçüdən danışmışdı. Demişdi ki, müharibə başlayanda qəhrəmancasına döyüşüb, xeyli düşməni məhv edib. Atamın boynunu qucaqlamışdım, "Mən də hərbçi olacam", - demişdim. Gülümsünmüşdü, bir-neçə gündən sonra mənə hərbi paltar tikdirmişdi. O paltarı sevə-sevə geyinirəm.
Atam deyir ki, rayonlar, kəndlər işğal olunanda uşaqlar da çox əziyyətlər çəkiblər. Yollarda da, məskunlaşana kimi o kənddə, o biri kənddə, şəhərdə də. Çoxusu şəhərdə illərlə yataqxanalarda yaşayıb. Ailə bir otağa necə sığıb? Uşaqlar dərslərini necə öyrəniblər? Universitetə necə hazırlaşıblar? Çox çətinliklər görüblər. Atam da deyir, müəllimlərimiz də deyir, işğaldan azad edilmiş kəndlər tikiləcək, hamı öz evinə köçəcək, onda o vaxtlar əziyyət çəkən uşaqların uşaqları Azərbaycan Ordusunun qazandığı Zəfərə görə 1 İyunu babalarının evində sevinə-sevinə qeyd edəcəklər.

Ayan Mehdiyeva (2-ci sinif şagirdi):
- Atam mənə müharibə haqqında çox şey danışıb. Döyüşlərdən danışıb, döyüşçülərdən danışıb, qəhrəmanlardan danışıb. Müharibə vaxtı döyüşlərə gedən döyüş maşınlarına, döyüşçüləri döyüşə aparan maşınlara yollar boyu əl edən uşaqlardan danışıb. O uşaqlar bizim yaşıdlarımız olub. Bir dəfə dörd-beş məktəbli yolda döyüş bölgəsinə döyüşçü aparan avtobusun qarşısını kəsib, analarının bişirdiklərini döyüşənlərə çatdırmalarını xahiş ediblər. Atam deyirdi ki, bu, həmin uşaqların müharibədə iştirakı olub. Hərdən yadımıza düşür ki, bizim yaşıdlarımız da müharibədə iştirak edib, onlarla fəxr edirik. Nə gizlədim, əgər döyüş bölgəsində, döyüşlərə aparan yolun kənarında yaşasaydıq, biz də o uşaqlar kimi, döyüşlərə döyüşçü aparan avtobusların qarşısına çıxardıq.
Xocalı soyqırımı günündə televizorda verilişlərə baxanda anama sığınmışdım, nə gizlədim, ağlamışdım, anamın göz yaşları mənim saçımı islatmışdı. Atam ikimizə də təsəlli kimi demişdi ki, İkinci Qarabağ müharibəsində ordumuzun qazandığı Zəfər bu ağrı-acıları bir qədər azaltdı, Xocalı faciəsində qətlə yetirilən uşaqların da qisası alındı...
Məktəbdə "Məktəblilərin sülh nəğməsi"ni bizə də öyrədiblər. Hamımız bu mahnını təkcə mahnı kimi deyil, məktəbli arzusu kimi oxuyuruq. Biz də istəyirik ki, dünyada sülh olsun. O gün atamdan bir misra eşitdim: Biz hərb istəmirik, hərbə hazırıq. Biz də sülh istəyirik. İstəyirik ki, heç zaman müharibə olmasın. 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününü də bu arzu ilə qarşılayırıq.

Yunus Məmmədov (3-cü sinif şagirdi):
- Birinci Qarabağ müharibəsində atalarımız biz yaşda olublar. Onlar da müharibənin nə olduğunu biz yaşlarında olanda biliblər. Ona görə də bizimlə söhbətlərində müharibədən də danışırlar. Bizim Vətənə sevgi ruhunda böyüməyimizi istəyirlər. Mənim atam da hərbçidir. O da İkinci Qarabağ müharibəsinin iştirakçısıdır. Onun da döyüş təltifləri var. Atam deyir ki, bütün müharibə iştirakçılarının ən böyük təltifi qazanılan Zəfərdir, təkcə müharibə iştirakçılarının yox, hamının.
Bu Zəfər çətin şəraitdə böyüyən, oxuyan, torpaqlarından didərgin salınan hərbi xidmətə gedən uşaqların da Zəfəri oldu. Bu Zəfər onları çətin şəraitdən qurtardı. Onlar işğaldan azad edilmiş doğma kəndlərinə ata-anaları ilə qayıdacaqlar, kəndlərini tanıyacaqlar. Babası Zəngilanın Ağalı kəndindən olan məktəbli "Yayda harada olacaqsan?" - sualına sevinclə, "Kəndimizdə, Ağalıda!" - deyib. Bu sevinci ordumuz yaratdı, bu sevgi ordumuza olan sevgidir...
Müəllimlərimiz deyirlər ki, uşaqlara ən böyük hədiyyə sülhdür. Biz uşaq olanda da, böyüyəndə də, gəncləşəndə də həmişə sülh olsun deyərək yaşayacağıq. Əsgərlərimizə deyirik ki, bu sevincimizə görə çox sağ olun, əsgər əmilərimiz!

Kənan Tağıyev (3-cü sinif şagirdi):
- Xudayar adlı bir döyüşçü varmış. Döyüşçülər onu çox sevirmiş. Hərdən mahnılar da oxuyurmuş. Xudayarın bir mahnısını televizordan mən də eşitmişəm. Çox xoşuma gəlib. Atam deyir ki, müharibədə belə mahnılar döyüşçüləri qələbəyə aparıb. Bildim ki, Xudayar həm döyüşü ilə, həm də mahnısı ilə Vətənə xidmət edib. Biz uşaqlar Vətəni Mübariz kimi, Çingiz kimi, Xudayar kimi sevirik. Müəllimimiz deyir ki, qəhrəmanlar Vətən üçün döyüşdülər, Vətən üçün şəhid oldular.
Xocalı faciəsi haqqında veriliş atama da çox pis təsir göstərib. Orta məktəbin aşağı siniflərində oxuyanda hərbçi olmağı qərara alıb. Ata-anası onun arzusuna yox deməyib. Atam təhsil alıb, müxtəlif hərbi hissələrdə xidmət edib. Məni birinci sinfə məktəbə gedəndə atam aparmışdı. Orada atam da danışmışdı. Demişdi ki, mənim oğlum da hərbçi olacaq. Həmin gündən sonra bu fikir mənim düşüncələrimdədir.
Böyüyəndən sonra mən də atam kimi hərbçi olacam, Vətənimiz indiki kimi onda da sülh içində, uşaqlar indiki kimi dinc dünyada yaşayacaqlar...

Nurlan Abdullayev (1-ci sinif şagirdi):
- Evdə atamdan, məktəbdə müəllimlərimizdən, məktəbə gedəndə uşaqlardan eşitmişəm. Ona görə hamısı yadımda qalıb. Həmişə ordumuzun güclü olduğunu eşidirəm, qəhrəmanlıqlar eşidirəm. İndi ikinci sinif şagirdi olacam. Bir yaş-bir yaş böyüyürəm. Atam deyir ki, böyüyəndə sən də Vətəni yaxşı tanıyacaqsan. Vətəni mən də sevirəm, tanıyandan sonra da sevəcəm. Bizi dövlətimiz müdafiə edir. Biz xoşbəxt uşaqlarıq...