Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

3 İyun 2023 17:45

“Şuşa sevgim ordumuza sevgidir”

Vətən kəlməsi insanda daha dərin və əziz hisslər oyadır. Vətənə məhəbbət dövlətə, dövlətçiliyə, xalqa məhəbbətdir. Hər sadə, mürəkkəb cümləsinin əzəl mübtədası Vətən olanlar üçün Vətənə görə  hər cür fədakarlığa hazır olmaq yaşam fəlsəfəsidir.
Vətənpərvərlik - məhəbbətdir, Vətənə məhəbbətdir, ülvi məhəbbətdir, müqəddəsliyə müqəddəs məhəbbətdir. Qəhrəmanlığı şərtləndirən ilkin amil Vətənə sevgidir. Hansı məqalədəsə oğlunu hərbi xidmətə yola salan bir ananın öyüdünü oxumuşdum: Get Vətəni qoru. Vətənsiz sən nəyə lazımsan, mən nəyə lazımam, biz nəyə lazımıq. Oğullar getdilər Vətəni qorudular, torpaqlarımızı işğaldan azad etdilər.
Fədakarlar, qəhrəmanlar, məğlubedilməzlər Vətən müharibəsində tarixi Zəfər qazandı. Düşmənlə döyüşənlər də şücaətli idi, döyüşənlərin döyüş əzmini, qələbə ruhunu kükrədən xalq da. O vaxtlar bir ifadə eşitmişdim: Xalqın qələbə istəyi də əsgərdi!..
Polkovnik Firudin Əzizov da Vətəni belə sevənlərdəndir...
Firudin Novruz oğlu Əzizov 27 may 1975-ci ildə Cəlilabad rayonunda vətənpərvər bir ailədə dünyaya göz açıb. Babası Böyük Vətən müharibəsi iştirakçısı olub. Orden və medallarla təltif olunan Abbas kişi iştirakçısı olduğu ağır döyüşlərdən, yaralanmasından, Vətəndən, Vətən sevgisindən danışardı. Övladlarına da, nəvələrinə də,  tədbirlərdə gənclərə də söhbət açardı. Bu söhbətlər vətənpərvərlik dərsləri idi. Hər söhbət dinləyənin duyğularını Vətənə daha incəliklə bağlayırdı. Novruz kişi də, qardaşları da sovet ordusunda hərbi xidmətdə olmuşdular, xidmətlərini Birinci Qarabağ müharibəsində müstəqil Azərbaycanın Ordusunda davam etdirmişdilər. Firudin Novruz oğlu belə bir ailədə görüb-götürmüşdü...
Əzizovun timsalında bir daha təsdiq olunur ki, vətənpərvərlik soydan, kökdən gəlir.
Bu sevgi, bu istəklə də Firudin Əzizov 1992-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq Məktəbinə (indiki Heydər Əliyev adına Hərbi İnstitut) daxil olub. Polkovnik deyir ki, "1992-ci ilin dekabrında Ümumqoşun fakültəsinin birinci kursunun şəxsi heyətindən ibarət tabor yaradıldı. Bu tabor döyüş tapşırığını yerinə yetirmək üçün  Ağdam rayonunun Mərzili, Novruzlu və Qarakənd istiqamətinə göndərildi. Taborumuz döyüş tapşırığını itkisiz yerinə yetirdi. Bu döyüşlər xatirimdə həm  kursant kimi iştirak etdiyim ilk döyüş kimi qalır, həm də atamla birlikdə döyüşdüyüm döyüş kimi... 1994-cü ildə Murovdağ istiqamətində gedən döyüşlərdə də verilən döyüş tapşırıqlarını layiqincə yerinə yetirdik".
31 illik xidmətinin 21 ilini ön xətt hərbi hissələrində xidmət edən polkovnik deyir: "Bütün əmr və tapşırıqları yüksək səviyyədə yerinə yetirmək iqtidarında olan ordumuz bu gün dünyanın inkişaf etmiş orduları ilə eyni səviyyədədir. Müasir hərb elminin tələbləri baxımından daha yüksək səviyyədə formalaşan bu güclü ordu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin başladığı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində daha da möhkəmlənir, mətinləşir, döyüş qabiliyyətini artırır."...
İkinci Qarabağ müharibəsi ərəfəsində ön xətdə yerləşən hərbi hissəyə komandirlik edən zabit 2020-ci ilin ortalarından başlayaraq düşmən tərəfdə müşahidə edilən hərəkətlilik haqda yuxarı komandanlığa məlumat verib. Az sonra düşmən sentyabrın 26-da Alıxanlı, 27-də səhər saat 5-6 radələrində Şükürbəyli yaşayış məntəqələrini və döyüş mövqelərimizi artilleriya atəşinə tutub, mülki vətəndaşlar arasında yaralananlar olub. Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də səhər saatlarında əks-hücum əməliyyatı başlayıb. İkinci Qarabağ müharibəsinin başlanması polkovnik Firudin Əzizovun yaddaşında tarix olaraq belə qalıb...
Onun rəhbərlik etdiyi hərbi hissə Füzuli, Cəbrayıl, Xocavənd, Hadrut və Şuşaya kimi döyüş yolu keçib, verilən hərbi əmrləri uğurla yerinə yetirib.
Vətən müharibəsində bəzi yaralılar döyüş meydanından çıxmaq istəmirdilər. Tibb məntəqələrində müalicə olunan yaralının sanki ürəyi də, ruhu da döyüş meydanında, yoldaşlarının yanında qalırdı. Bütün yaralılar tezliklə sağalaraq döyüşlərə qayıtmağa tələsirdilər. Polkovnik Firudin Əzizov oktyabrın 2-də Böyük Mərcanlı, Çaxırlı, Mehdili və Aşağı Maralyan kəndlərinin azad edilməsi uğrunda gedən döyüşlərdə yaralansa da, döyüş meydanında ilkin tibbi yardım  alaraq döyüşü davam etdirib.
- Oktyabrin 7-də saat 10 radələrində düşmən Horadiz kəndinə 21 tank, 15 PDM, 22 avtotexnika və yüzlərlə canlı qüvvə ilə hücum etdi. Vaxtında məlumat verildiyinə görə Hadrut, Horadiz, Cəbrayıl yolunu bağlayaraq düşmənin hücumunun qarşısı alındı, düşmənin hücum edən hissələri darmadağın edildi. Ağır itkilərə məruz qalan düşmən silah-sursatlarını qoyaraq qaçdı. Düşməndən qənimət olaraq götürülən silah və texnikaların onların özünə qarşı istifadə edilməsi Azərbaycan əsgərinin döyuş ruhunu daha da artırdı.
Vətən müharibəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, Ali Baş Komandanın sərkərdəlik qüdrətini nümayiş etdirdi.
- Hərbi əməliyyatlar çox sürətlə gedirdi. 30 ilə yaxın müddətdə işğalda qalan torpaqlar azad edilirdi. Yüksək döyüş hazırlığına malik olan ordumuz buna qadir idi. Ən ağır döyüşlərimiz Aşağı Əbdürrəhmanlı kəndi istiqamətində oldu. Nə qədər ağır olsa da, düşmənin müdafiə xəttini yararaq 14 dəqiqədən sonra şəxsi heyət ikinci posta bayraq sancdı. Düşmən rəşadətli ordumuzun sarsıdıcı zərbələri ilə darmadağın oldu. Bu döyüşlər də tarixdir.
Ordumuzun azad etdiyi torpaqlarımız şəhidlərimizin qanı ilə müqəddəsləşib. Çiyin-çiyinə döyüşdüyün yoldaşının şəhid olması nə qədər çətindirsə, düşməndən onun qisasını almaq bir o qədər şərəflidir.
Şəhidləri kövrəkliklə xatırlayan polkovnik Əzizov qeyd etdi ki, şəhidlik mənəviyyat, əbədiyyət zirvəsidir. Bu zirvəyə Vətən, millət, dövlət yolunda ölümün gözlərinin içinə dik baxanlar, üzərinə yürüyə bilənlər ucalır. Ağır döyüşlərdə çiyin-çiyinə döyüşdüyüm Vətən Müharibəsi Qəhrəmanı şəhid polkovnik-leytenant Faiq Qasımov Birinci Qarabağ müharibəsinin və Aprel döyüşlərinin iştirakçısı idi. Şəhid mayor Elçin Mansurov təkidlərə baxmayaraq 12 saat yaralı halda döyüşdü. Cəsarəti, qorxubilməzliyi dillərə dastan olan tank bölməsinin komandiri baş leytenant Azad Hümbətov Füzulinin Yuxarı Yarlıvənd kəndində şəhid oldu...
Şəhidi olmayan xalqın kimliyi bilinməz, azadlığı şəhidliklə qazanmayan xalq azadlığın qədrini bilməz. Hərbi hissənin şəhidləri Vətən Müharibəsi Qəhrəmanı adı ilə, müxtəlif orden və medallarla təltif olunublar.
Şuşanın işğaldan azad edilməsində iştirak edən polkovnik Firudin Əzizov "Bu müqəddəs torpağa ayaq basarkən yaşadığım sevincə qarışan kövrəkliyi izah etməyə sözlər yetərsizdir", - deyir. - Başı qarlı, vüqarlı dağları ilə əzəmətli görünən Şuşanı azad edən rəşadətli ordunun zabiti olmaq qürurvericidir.
Birinci Qarabağ və Vətən müharibəsinin iştirakçısı olan polkovnik hər iki müharibədən danışaraq dedi ki, Vətən müharibəsi Birinci Qarabağ müharibəsi ilə müqayisə olunmayacaq dərəcədə fərqli idi. Belə ki, Birinci Qarabağ müharibəsində ölkədə hökm sürən hərc-mərclik, xaos və vahid komandanlığın olmaması 20 faiz torpaqlarımızın işğal olunması ilə nəticələndi. Vətən müharibəsində qazanılmış qələbədə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Daha dəqiq desək, dövlət-xalq-ordu birliyi Azərbaycanın tarixi qələbəsinin əsasında duran ən mühüm amil oldu. Bu müharibələrin tək oxşar cəhəti Azərbaycan oğullarının Vətən sevgisi, qorxmazlığı, mərdliyi idi...  
Polkovnik Firudin Əzizov Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən "Rəşadət" ordeni, "Füzulinin azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunub.
Yaşadığımız günlər Azərbaycan tarixinin ən şərəfli günləridir. Xoşbəxtik ki, Azərbaycan tarixinin məhz bu dövründə yaşamaq bizə nəsib olub. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun xalqımıza bəxş etdiyi möhtəşəm Qələbənin sevincini hər bir soydaşımız böyük qürur hissi ilə yaşayır. Tarixin səhifələrinə qızıl hərflərlə həkk olunan bu tarixi Zəfər haqqında əsrlər sonra da iftixarla danışılacaqdır...
Polkovnik Firudin Əzizov qürurla deyir ki, Şuşa sevgim ordumuza sevgidir...

Günay TAĞIYEVA  "Azərbaycan Ordusu"