Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

27 May 2023 11:02

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Azərbaycan Ordusunun yaranması və formalaşması tarixi

Suallar:

1. Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu.

2. Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri.

 

Azərbaycan Xalq Cümhuriyyəti dövründə ordu quruculuğu

 
Ordu bir dövlətin, onun xalqının, milli sərvətlərinin, mədəniyyətinin, tarixinin, bütövlüyünün və birliyinin qorunmasının əsas şərti, amilidir. Ordu həm də güc göstəricisi, siyasi arenada dövlətlərin sözünün kəsərini artıran, mövqeyini qəbul etdirən böyük bir silahdır. İstər keçmiş, istərsə də müasir geosiyasi şərait güclü dövlət olmağın əsas şərti kimi qüdrətli orduya sahib olmağı ön plana çıxarır.
Azərbaycan müstəqillik əldə edənə qədər bəşəriyyət tarixinin ən dəhşətli və ən qanlı hərbi-feodal müstəmləkə rejimi olan Rusiya imperiyasının tərkibində idi. Birinci Dünya müharibəsinin gedişində və Romanovlar monarxiya rejiminin devrilməsi nəticəsində yaranmış çox mürəkkəb bir tarixi şəraitdə Azərbaycanın şimal torpaqlarında dövlətçilik ənənələrimiz yenidən, parlamentli respublika formasında dirçəldi. Birinci Dünya müharibəsində böyük dövlətlərin dünyanı bölüşdürmək uğrunda mübarizəsinin həlledici mərhələyə daxil olduğu və ölkənin başı üzərinin yeni işğal təhlükəsinin aldığı çox mürəkkəb bir daxili və beynəlxalq tarixi şəraitdə fəaliyyət göstərən Azərbaycan Parlamenti öz fəaliyyətinin mühüm hissəsini dövlət müstəqilliyinin qorunub saxlanılmasına və ordu quruculuğu məsələlərinə yönəltmişdi. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci ilin 26 iyun tarixli qərarı ilə Rusiya imperiyası dövründə keçmiş Tatar süvari  alayının əsgərlərindən formalaşdırılmış və general Əlağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk ordu hissəsi olan "Əlahiddə Azərbaycan korpusu" yaradıldı. Bu addım xalqımızın dövlətçilik tarixində özünəməxsus yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin ən böyük xidmətlərindən biri kimi tarixləşdi. Gənc Demokratik Cümhuriyyətin yaradıcıları milli dövlətçiliyimizi qorumaq, ölkəni xarici müdaxilələrdən müdafiə etmək, daxili düşmən qüvvələrini zərərsizləşdirmək üçün özünün silahlı qüvvələrini yaratmaqla, milli dövlətçiliyimiz yolunda ölçüyəgəlməz, qarşısıalınmaz bir prosesə başladılar.
1918-ci ildə dünyada və regionda baş verən ictimai-siyasi hadisələrə görə Azərbaycanda mövcud olan milli hərbi qüvvələrin və Azərbaycan dövlətinə göndərilmiş olan Osmanlı hərbi qüvvələrinin bazasında Qafqaz İslam Ordusu yaradıldı və ordu hissələrinin fəaliyyətinə rəhbərlik Azərbaycan hökumətinin razılığı ilə Qafqaz İslam Ordusu komandanına həvalə edildi. Qafqaz İslam Ordusunun mövcudluğu dövrü Azərbaycan Xalq Cümhuriyyətinin ordu quruculuğunun birinci mərhələsini təşkil etmişdir. 1918-ci il noyabrın 1-dən isə Cümhuriyyətin ordu quruculuğunun ikinci mərhələsi başlayır. Həmin gün Azərbaycan hökuməti Hərbi Nazirliyin bərpa edilməsi haqqında qərar qəbul etdi. F.Xoyski Hərbi nazir, S.Mehmandarov nazir müavini təyin edildi və Nazirliyin formalaşdırılması ona həvalə edildi. "Mudros" müqaviləsinin şərtlərinə görə Azərbaycana gəlməli olan ingilis qüvvələri komandanı general Tomson Bakı şəhərinin istər iqtisadi baxımdan, istərsə də hərbi-siyasi cəhətdən mühüm strateji mərkəzi olması səbəbindən nəzarəti tamamilə əlində saxlamaq məqsədilə  türk qoşunları kimi Azərbaycan Ordusunun da 1918-ci il noyabrın 17-dək Bakı şəhərini tərk etməsini tələb edirdi. Bu səbəbdən 1918-ci il noyabrın 22-də Hərbi Nazirlik Gəncə şəhərinə köçdü. Hərbi Nazirliyin Gəncə şəhərinə köçürülməsi hökumət orqanlarının əlaqələrində və bütövlükdə ordunun formalaşması prosesində çətinliklər yaradırdı.
1918-ci ilin sonu 1919-cu ilin əvvəlində yenidən Hərbi Nazirliyin rəhbərliyində və strukturunda qismən dəyişiklik edildi ki, bu da ordunun formalaşması prosesinə müsbət təsir göstərdi. Tam artilleriya generalı S.Mehmandarov hərbi nazir, general-leytenant Ə.Şıxlinski hərbi nazirin müavini təyin edildi. Hərbi Nazirliyin bərpa edilməsindən sonra, ilk növbədə, pərakəndə olan hissələri möhkəmləndirmək, onları vahid rəhbərlik altına gətirmək üçün mərkəzi hərbi idarəetmə orqanlarının təşkilinə diqqət yetirildi. Qısa müddət ərzində Hərbi Nazirliyin aparatı və ümumi qərargah (Qlavnıy ştab) yaradıldı. Orduda xidmətin təşkilinin hüquqi əsasda nizamlanmasına xüsusi diqqət yetirildi. Qısa müddət ərzində Azərbaycan Ordusunun yeni qanunvericilik bazasının yaradılması mümkün olmadığı üçün 1917-ci il yanvarın 1-dək keçmiş Rusiya imperiyasında qəbul edilmiş hərbi qanunvericilik aktları qüvvədə saxlanılırdı. Ancaq bu qanunvericilik aktlarının Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyi, milli orduda xidmətin bu və ya digər tələbləri - uyğun gəlməyən tələbləri ləğv edilirdi. Ordu quruculuğuna türk və rus təcrübəsinin güclü təsirə malik olmasına baxmayaraq Azərbaycanda milli zəminə söykənən ordu formalaşdırıldı. Azərbaycan dili orduda da dövlət dili elan edildi. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda kurslar yaradıldı. Azərbaycan döyüşçüsünün mənəvi dünyasının yaradılmasında mənsub olduğu xalqın tarixi keçmişinin öyrənilməsinə, onun qəhrəmanlıq nümunələri üzərində tərbiyələndirilməsinə böyük əhəmiyyət verilirdi. Hərbi Nazirliyin bərpasının ilk günlərindən hərbi qulluqçuların geyim formasının da milliləşdirilməsi və onun Azərbaycan Ordusuna uyğunlaşdırılması üçün zəruri tədbirlər görüldü.
Yeni dəyərlər üzərində qurulan ordunun milli kadrların hazırlanmsı da Hərbi Nazirliyin qarşısında duran əsas vəzifələrdən biri idi. Bu vəzifənin həllinə nail olmaq üçün hələ türk qoşunlarının Azərbaycanda olduğu vaxt Gəncə şəhərində fəaliyyət göstərən hərbi məktəbin fəaliyyəti yenidən quruldu və onun statusu artaraq praporşiklər məktəbinə çevrildi. Praporşiklər məktəbinin bazasında Hərbiyyə məktəbi açıldı. Bundan başqa, Azərbaycan Ordusunun milli hərbi kadrlar hazırlayan istehkam və hərbi dəmiryolçular məktəbi, həmçinin feldşer məktəbi açıldı. Obyektiv çətinliklər (Sentrokaspi diktaturası və ingilis müdaxiləçilərinin təmizlənilməsi) üzündən hərbi dəniz qüvvələrinin təşkilinə 1919-cu illərin sonlarında başlanıldı. Hərbi Nazirlik hərbi hava qüvvələrinin təşkilinin zəruriliyini nəzərə alaraq müvafiq kadrların hazırlanması üçün 1919-cu ildə Azərbaycan-Gürcüstan hərbi əməkdaşlıq müqaviləsi bağladı. Bu müqaviləyə əsasən, Azərbaycandan bir qrup heyət təyyarəçi peşəsinə yiyələnməsi üçün Tiflis Aviasiya məktəbinə göndərilmişdir. Milli kadrlara olan ehtiyaclarının ödənilməsi üçün isə Hərbi Nazirlik 1920-ci ildə Azərbaycanda hərbi təyyarəçilər məktəbini açmışdır.

 

Azərbaycan Ordusunun yaranmasının hüquqi əsasları və inkişaf mərhələləri


Azərbaycanın zəngin dövlətçilik tarixində güclü, mütəşəkkil, peşəkar və yüksək döyüş hazırlığına malik ordunun yaradılması, formalaşdırılması, inkişafı müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, milli həmrəylik və bütövlüyünü təmin edən azərbaycançılıq ideologiyasınının banisi, Azərbaycan xalqının və dövlətinin xilaskarı Ulu Öndər  Heydər Əliyevin adı ilə bağlıdır. Güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik dahi şəxsiyyətin rəhbərliyi ilə milli ordumuzun yaradılmasına ötən əsrin 90-cı illərində Naxçıvanda başlamışdır. O dövrdə Ulu Öndərin Muxtar Respublikada ordu quruculuğu istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlər blokada şəraitində yaşayan Naxçıvanı düşmən hücumlarından qorumaqla bərabər, müstəqil Azərbaycanda Milli Ordu quruculuğu prosesinin növbəti mərhələsinin başlanğıcı oldu.
Azərbaycan Ordusunun yaranması və müasir tələblər səviyyəsində formalaşması məhz ağır, mürəkkəb və keşməkeşli yollardan keçmişdir. Ermənistanın təcavüzü, dövlətçiliyin itirilməsi təhlükəsi, daxili çəkişmələr, yeni yaradılmış özünümüdafiə taborlarının ayrı-ayrı siyasi məqsədlərə xidmət etməsi bir tərəfdən torpaqlarımızın işğalına şərait yaradır, digər tərəfdən ordumuzun yaranmasına mane olurdu. Böyük sərkərdə, hərb elminin bütün incəliklərini dərindən bilən Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikamızın həyatının bütün sahələrində olduğu kimi, ordu quruculuğu da planlı surətdə həyata keçirilməyə başladı. İlk növbədə qanunsuz hərbi dəstələr buraxıldı, Silahlı Qüvvələr dövlət nəzarətinə alındı. Digər ölkələrin nümunələrindən, Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin təcrübəsindən istifadə olunaraq mükəmməl hərbi qanunvericilik sistemi yaradıldı. Ulu Öndərin titanik fəaliyyəti nəticəsində güclü Azərbaycan Ordusu yaradılmağa başlandı. Ordu quruculuğunun elmi-təcrübi əsaslar üzərinə qoyulması, vahid komandanlıq prinsipinin həyata keçirilməsi Qarabağ bölgəsində gedən döyüş əməliyyatlarına öz müsbət təsirini göstərdi. Ulu Öndərin sərkərdəliyi ilə o dövr üçün olduqca gərəkli Horadiz əməliyyatı keçirildi. Qələbə ilə nəticələnən bu əməliyyat ordunun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu kükrətdi. Azərbaycan əsgəri inandı və ictimaiyyəti inandırdı ki, ordumuz torpaqlarımızı işğaldan azad etməyə qadirdir. Bu inam xalqın orduya münasibətinin başlıca tərkib hissəsi oldu.
1993-cü il noyabrın 2-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Dövlət televiziyası və radiosu ilə xalqa müraciətdən sonra qəlbində Vətən sevgisi olan, respublikamızdan kənarda hərbi xidmət keçən peşəkar zabitlərin, kadrların Azərbaycana axını ilə müasir Azərbaycan Ordusunun əsası qoyuldu. Dövlət Müdafiə Şurasının ilk iclasında rüşvətxorluğa, cinayətkarlığa, Vətən qarşısında öz müqəddəs borcunu yerinə yetirməkdən boyun qaçıran şəxslərə qarşı barışmaz mübarizə aparılacağının bəyan edilməsi, çağırış və səfərbərliyin, hərbi komissarların işinin günün tələblərinə uyğun qurulması, fərarilərə, xidmətdən yayınanların hamısına qarşı ciddi cəzaların tətbiq olunması istiqamətində atılan qətiyyətli addımlar Azərbaycan Ordusunun döyüş hazırlığının yüksəlməsinə səbəb oldu. Ordu quruculuğu sahəsində aparılan işlərin sistemləşdirilməsi, mərkəzləşdirilməsi, hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi, ordunun vahid komandanlıq prinsipi əsasında fəaliyyət göstərməsi qısa müddətdən sonra öz səmərəsini verdi.
Ulu Öndər Heydər Əliyev ordu quruculuğu prosesinə hələ 1969-cu ildə respublikaya rəhbər seçilməsi ilə başlamışdır. Belə ki, hərbi kadr sahəsində atdığı addımlar, Cəmşid Naxçıvanski adına hərbi təmayüllü ixtisaslaşdırılmış orta məktəbin əsasının qoyulması, azərbaycanlıların ölkə xaricində hərbi məktəblərə daxil olmasının təmin edilməsi, milli zabit kadrlarımızın vəzifələrə irəli çəkilməsi Azərbaycan dövlətinin hərb tarixində yeni bir mərhələnin əsasını qoydu. Ulu Öndər tərəfindən ordu quruculuğu sahəsində milli maraqlarımızın qorunaraq inkişaf etdirilməsi istiqamətində atılan tarixi addımlar sonradan müstəqil Azərbaycan Respublikasında mərkəzləşdirilmiş nizami ordunun yaranmasına təkan oldu. Ulu Öndər Heydər Əliyev güclü və intizamlı ordunun yaradılmasının, həm də yüksək ixtisaslı milli zabit kadrların mövcudluğundan asılı olduğunu nəzərə alaraq Silahlı Qüvvələrin Hərbi Akademiyasını (Hərbi İdarəetmə İnstitutu) yaratdı, Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, Ali Hərbi Dənizçilik Məktəbi və Ali Hərbi Təyyarəçilik Məktəbini (Heydər Əliyev adına Hərbi İnstitut) formalaşdırdı. Azərbaycanda ali hərbi məktəblər sisteminin yaradılması, onun tədris prosesinin NATO-ya üzv olan ölkələrin hərbi təhsil sisteminin üstünlüklərinə uyğun olaraq qurulması ilə Azərbaycan Ordusu ciddi, hazırlıqlı, vətənpərvər zabit kadrları ilə təchiz edilir. Bütün bunlar sübut edir ki, bu gün Azərbaycan Respublikasının qüdrətli və nizami orduya malik olması məhz Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin gərgin zəhmətinin bəhrəsidir.
Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması fasiləsiz, yəni, hər gün davam edən bir prosesdir. Məlumdur ki, hər bir ordunun qüdrəti - onun döyüş qabiliyyəti ilə mənəvi gücünün vəhdətində reallaşır. Bu gün Azərbaycan cəmiyyətində, eləcə də Azərbaycan Ordusunda Ulu Öndər Heydər Əliyev tərəfindən hazırlanmış və elmi-nəzəri prinsipləri zamanın sınağından çıxmış mükəmməl hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. İstər sülh, istərsə də müharibə dövründə hərbi qulluqçularda Vətənə, xalqa, dövlətçiliyimizə sədaqət və məhəbbət hisslərinin möhkəmləndirilməsi, onların ümumdövlət mənafeləri ətrafında səfərbər edilməsi bu istiqamətdə aparılan fəaliyyətin əsas məqsədləridir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev azərbaycanlı olmasıyla həmişə qürurlanan, çağdaş Azərbaycan dövlətçiliyinin memarı olan dahi şəxsiyyət Heydər Əliyevin ordu quruculuğu siyasətini bu gün də uğurla davam etdirir. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə hər il qoşunların idarəetmə, döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə Azərbaycan Ordusunda komanda-qərargah hərb oyunları və taktiki təlimlər keçirilir. Bu təlimlərdə müasir döyüş taktikası tətbiq edilir, dünyada ən qabaqcıl təcrübə öyrənilir. Eyni zamanda, bu təlimlər dost və tərəfdaş ölkələrlə də davam etdirilir. Bu təlimlərdə qazanılan təcrübənin məntiqi nəticəsi idi ki, Azərbaycan Ordusu bəşər tarixinin ən müasir müharibəsini aparmaqla Azərbaycan Respublikasının Ermənistanın işğalına məruz qalmış ərazilərini azad edərək respublikamızın ərazi bütövlüyünü təmin etdi. Azərbaycan 44 günlük Vətən müharibəsində döyüşmək bacarığını, güclü-müasir ordusunu, ən son hərbi texnika üzrə təlim keçmiş yeni nəsil mütəxəssislərini, mühəndislərini, zabitlərini, elit xüsusi təyinatlı hərbçilərini nümayiş etdirdi.
Azərbaycan Respublikasında ordu dövlət üçün prioritetdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair sərəncamları dövlətin orduya qayğısının geniş ölçülü təzahürüdür. Bu qayğı dönməzdir, daimidir. Azərbaycanda ordu quruculuğu dönməz prosesdir. Bu proses ordunun döyüş qabiliyyətinin, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının daha da yüksəldilməsinə xidmət edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik".

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi