Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

24 May 2023 12:05

Günnüt əməliyyatı həmişə qələbə ovqatı ilə xatırlanacaq

İkinci Qarabağ müharibəsi ordumuzun tarixi Zəfəri ilə başa çatdı. Tarixin gedişini öz axarına qaytaran və ədalətin bərpasına xidmət edən bu Zəfər 1993-cü ilin Horadiz əməliyyatında, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında qazanılmış qələbələrin məntiqi və hərbi davamı oldu. Dünya ictimaiyyəti bir daha gördü və əmin oldu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan güclü dövlətdir və onun güclü ordusu vardır" kəlamları gerçəklikdir.
İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin döyüş əzminə, qələbə ruhuna 2016-cı ilin Aprel döyüşlərində qazanılmış qələbənin hansı səviyyədə təsiri olubsa, 2018-ci ilin Günnüt əməliyyatında qazanılmış qələbənin də həmin səviyyədə təsiri olub...
Günnüt kəndi Naxçıvanın Şərur rayonundadı. Naxçıvan-Sədərək magistral yolunun sağında, Şərurun 22 kilometrliyində, Şərur düzənliyində yerləşir. Əksər tədqiqatçılar onun adını güney, gün dəyən, gün döyən yer kimi mənalandırırlar. Kənd qədim kənd idi. Bu qədimlik ərazidə və yaxın ərazidə  mədəniyyətin qədimliyinin təsdiqi kimi qəbul edilmişdi, Naxçıvan mədəniyyətinin tərkib hissələrindən biri kimi tədqiq olunmuşdu. Elan edilmədən başlayan müharibənin ilk vaxtlarında Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri düşmənin müntəzəm həmlələrinə, hücumlarına məruz qalırdı. Bu həmlələrin, hücumların qarşısı alınırdı. Kəndlərin təhlükəsizliyinin icraçıları həm də kənd camaatı idi. 1992-ci ildə ermənilər Günnütü işğal etdi, evləri, kitabxananı, tibb məntəqəsini, qəbiristanlığı dağıtdılar. Əksəriyyəti Mahmudkəndə köçən kənd camaatı ev-eşiyinə qayıdacağına inanırdı. Bu işğal təsdiqləyirdi ki, Ermənistan təkcə Dağlıq Qarabağa deyil, Naxçıvandakı ərazilərimizə də iddialıdır...
Müharibə uzansa da, kənd camaatı doğma yurdlarına qayıdacağına inanırdı, ümidini itirmirdi.
2016-cı ilin Aprel döyüşləri qələbə ilə tamamlanmışdı, Azərbaycan Ordusu Lələtəpə, Bayraqtəpə kimi mühüm strateji əhəmiyyətli yüksəkliklər də daxil olmaqla, 2000 hektardan çox ərazini işğaldan azad etmişdi. Bu qələbə ordumuzun şəxsi heyətinin döyüş əzmini, qələbə ruhunu daha da yüksəltmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu qələbənin istər hərbi, istərsə də mənəvi-psixoloji əhəmiyyətini yüksək dəyərləndirmişdi: "Aprel döyüşləri dərsliklərə salınmalıdır". Həmin vaxtlarda bu döyüşləri sonrakı döyüşlərin başlanğıcı bilən əsgərlər Ali Baş Komandanın əmri ilə döyüşlərin davamını arzulayırdılar. Bu arzu şəxsi heyətin, deməli, xalqın arzusu idi...
26 il ermənilərin nəzarətində qalan Günnüt Ermənistanla təmas xəttindədi. İllərlə bu əraziyə düşmən nəfəsi də dəyirdi. Bəzi yüksəkliklər düşmənin, bəzi yüksəkliklər bizim ordumuzun mövqeləriydi - vətənsevərliklə işğalçılıq, azərbaycançılıqla ermənilik qarşı-qarşıya dayanmışdı. Necə deyərlər, ün yetirdi, əl çatırdı. O illərdə Günnüt istiqamətində döyüş növbətçiliyi aparan əsgərlərimiz hər ayın Aprel, hər döyüşün Aprel döyüşü olmasını istəyirdi. Bu istək Azərbaycanın ərazi bütövlüyünün bərpası istəyi kimi yaşanılırdı.
Azərbaycanda ordu quruculuğu elmi əsaslarla, bütün vacib şərtlər yerinə yetirilməklə, dünyəvi hərbi təcrübələrdən bəhrənilməklə ən müasir hərbi texnikalarla, uçuş aparatlarıyla, atıcı silahlarla təchiz edilməklə aparılırdı. Bu proses beynəlxalq təlimlərlə davam etdirilirdi. Dünyanın aparıcı dövlətləri də, işğalçı Ermənistan da görürdü ki, Azərbaycan Ordusu güclü ordudur. İşğalçı dövlət həm də bu səbəbdən irimiqyaslı təxribatlar törətməkdən çəkinirdi...
Ermənistanla sərhəddə yerləşən Günnüt kəndinin relyefi müdafiə olunan tərəf üçün də, hücum edən tərəf üçün də əməliyyat aparmağa imkan verirdi. Bundan hərbi əməliyyat baxımından daha səmərəli bəhrələnmək həm də dislokasiya yeri Günnüt ətrafı olan hərbi hissələrin döyüş hazırlığından bilavasitə asılı idi. Yüksək döyüş və mənəvi-psixoloji hazırlığa malik olan Əlahiddə Ordunun şəxsi heyəti Günnütün taleyinə çökmüş dumanlığın dağıdılması əmrini qələbə ilə başa çatdırdı.
Günnüt əməliyyatı ərəfəsində Ermənistan müdafiə nazirliyi informasiya yaymışdı: "Son həftələrdə Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində Azərbaycan qüvvələri mövqelərini inkişaf etdirmək və irəli çəkmək üçün aktiv mühəndislik işləri aparırlar. Bu cür hərəkətlər cəzasız qala bilməz". Bu informasiya işğalçı dövlətin yeni ərazilər iddiasında olduğunun, yeni təx-ribatlar törədəcəyinin proqnozları idi. Proqnozu mayın 20-də Şərur-Sədərək istiqamətində yeni təxribat törətməklə gerçəkləşdirmək istəmişdi. Niyyətinə çatmadı. Azərbaycan əsgəri həm ərazini işğaldan azad etdi, həm də düşmənə bir daha anlatdı ki, sən məğlubiyyətə məhkumsan.
Günnüt əməliyyatı 2018-ci il mayın 20-də başladı. Əlahiddə Ümumqoşun Ordu düşmənin niyyətini çiliklədi, istəyini tapdaladı.  Günnüt əməliyyatı Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun ifadəsiydi. Bu döyüşlər 1992-ci ildə törədilmiş işğala görə erməniliyə qarşı azərbaycançılığın döyüşüydü. Günnüt əməliyyatı xalqın işğalın qınına çəkiləcəyinə, vətənsevərliyin əsgərləşdiyinə inamının döyüşüydü. Günnüt əməliyyatı bölgədə  qarşıdurmada da, döyüş şəraitində də əsaslı dönüş yaradacaqdı. Ordu hissələrimiz əməliyyatı bu ruhla başlamışdı. Bu ruh xalqımızın dövlətçilik tarixinin ruhu idi. Bu ruh şəhidlərimizin Azərbaycan əsgərini döyüşə səsləyən ruhu döyüşü idi. Bu əməliyyat tarixi əməliyyat olacaqdı...
Günnüt əməliyyatında qazanılan qələbə ilə Xunut dağı, Qızılqaya dağı, Mehdidağ, Ağbulaq yüksəkliyi işğaldan azad edildi. İrəvan-Keşişkənd-Gorus-Laçın-Xankəndi avtomobil yolunu,  Ermənistanla Qarabağı birləşdirən yolu ordumuz nəzarətə götürdü. Bu əməliyyatla ordumuz ucalıqda dayanır - Qızılqaya dəniz səviyyəsindən 1683 metr yüksəklikdədi. Günnüt əməliyyatı 11 min hektardan çox ərazidən erməni nəfəsini kürüdü.
Mayın 20-də əsgər Adil Tatarov Günnüt kəndi istiqamətində gedən döyüşdə şəhid oldu. Əsgər Adil Tatarov Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində anadan olmuşdu, 2017-ci ilin aprelindən xidmət edirdi. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edildi.
Günnüt əməliyyatında əsgərlərimiz 3-6 kilometr irəlilədi. Bu rəqəmin həm hərbi dəyəri, həm də mənəvi-psixoloji dəyəri ilə bərabər bir  məqam da nəzərə alınmalıdır: Günnüt əməliyyatı ilə Əlahiddə Ümumqoşun Ordunun əsgərləri  Dərələyəz mahalının Arpa kəndində, eləcə də Mehridərə vadisində düşmənin istənilən tərpənişinə nəzarət edir. Günnüt əməliyyatı ən uğurlu hərbi əməliyyatlarımızdan biri kimi tarixləşdi...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il mayın 10-da Naxçıvanda Günnüt əməliyyatının istər hərbi, istərsə də mənəvi-psixoloji əhəmiyyətini xatırladaraq demişdi: "...Uğurlu Günnüt əməliyyatı - üç il bundan əvvəl keçirilmiş əməliyyat bunun bariz nümunəsidir. O əməliyyat Ermənistanda hakimiyyət dəyişikliyinə təsadüf etdi, ona görə hakimiyyətə gəlmiş yeni iqtidar bunu bir növ ört-basdır etməyə çalışdı. Biz də heç üstünü vurmadıq. Çünki bizə hansısa təbliğat yox, real iş lazımdır. Biz çox önəmli strateji yüksəklikləri Ermənistan ordusundan təmizlədik, o yüksəklikləri əldə etdik. Bu yüksəkliklər imkan verdi ki, biz artıq strateji kommunikasiyalara tam nəzarət edirik və Ermənistandan Dağlıq Qarabağa gedən yola da nəzarət edirik. İkinci Qarabağ müharibəsində bu yola nəzarət imkanlarımız bizə bir çox informasiyanın əldə edilməsində kömək göstərdi. Qarşı tərəf bilir ki, bizim nəzarətimizdə olan bu kommunikasiyalar istənilən vaxt kəsilə bilər və əlbəttə, öz addımlarını buna uyğun atmalıdır".
Aprel döyüşləri deyəndə aprelin 5-ni xatırlayırıq, Günnüt əməliyyatı deyəndə mayın 27-sini, İkinci Qarabağ müharibəsi deyəndə noyabrın 8-ni...
 
Məhəmməd NƏSİRLİ "Azərbaycan Ordusu"