Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

20 May 2023 12:33

Beynəlxalq elmi-praktik konfrans elmi tədqiqatların intensivliyini artıracaq

Böyük tarixi şəxsiyyətlər dünyəvi siyasətə təsir göstərməklə onu dövlətin daha da möhkəmlənməsinə, dövlətçilik təsisatlarının dayanıqlığının, etibarlığının təmin edilməsinə yönəldə bilir. Azərbaycançılıq ideologiyasını dövlətçiliyin başlıca ideoloji xətti bilən, Azərbaycanın siyasi və iqtisadi maraqlarını məhz bu ideologiya ilə tənzimləyən Heydər Əliyev belə tarixi şəxsiyyət olub - sovetlər dönəmində də, Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra da. Azərbaycanlı olmasıyla fəxr edən dahi şəxsiyyət deyirdi ki, Azərbaycan bütün dünyaya Günəş kimi doğacaq.
Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə böyük tarixi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş "Hərb sənətinin aktual problemləri" mövzusunda beynəlxalq elmi-praktik konfrans da bu dahi və tarixi şəxsiyyətin Azərbaycan naminə fəaliyyətinin mahiyyətinə verilən yüksək elmi-tarixi dəyərin təzahürü idi. Ulu Öndərin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycanın Dövlət Himni səsləndirildi. Milli Müdafiə Universitetinin rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, professor, general-leytenant Heydər Piriyevin Azərbaycanın siyasi, iqtisadi, mədəni inkişafının necə formalaşdırıldığı  təhlil edilən məruzəsində Heydər Əliyevin Azərbaycanın dövlətçiliyinin möhkəmlənməsində və dövlətin inkişafında tarixi fəaliyyəti qürurla xatırladıldı. Məruzə "Heydər Əliyev və Azərbaycan" ideoloji konsepsiyasının ifadəsi kimi dinlənildi.
Beynəlxalq elmi-praktik konfrans mahiyyətlərin elmi baxımdan təhlilinin, ümumiləşdirilməsinin konfransı kimi izlənildi. General-leytenant Heydər Piriyev məruzəsində qeyd etdi ki, dahi siyasətçinin, nadir şəxsiyyətin siyasi irsi azərbaycançılıq məfkurəsinin parlaq ifadəsidir.
Azərbaycan xalqının Ümummilli Liderini "dahi siyasətçi və nadir şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətini nəsillərə nümunə, böyük bir məktəb, çoxsahəli, zəngin irsi öyrənildikcə öyrədən tükənməz bir xəzinə, konseptual və universal xarakter daşıyan irs, azərbaycançılıq ideologiyasının formalaşmasında, möhkəmlənməsində  mühüm rol oynayan, Azərbaycanın ictimai-siyasi fikir tarixində mərhələ" kimi təqdim edən general-leytenant Heydər Piriyev dedi:
- Heydər Əliyev təcrübi biliklərə və rasional təfəkkürə malik lider idi, həmişə yalnız cağdaş dövrün tələbləri çərçivəsində deyil, daha geniş kontekstdə düşünürdü. Onun ictimai-siyasi, iqtisadi və mədəni həyatın, dövlət və hərb  quruculuğunun bütün sferalarını əhatə edən zəngin irsi problemlərə elmi yanaşma, dərin təhlil tərzi ilə seçilir. Bu baxımdan, Ulu Öndərin ordu quruculuğu siyasəti, bu sahədə konseptual fikirləri aktuallığını indi də saxlamaqdadır.
Ölkənin müxtəlif ali hərbi məktəblərində təhsil alan azərbaycanlı gənclərin sayının artırılmasına, SSRİ miqyasında  hərbi təmayüllü 3-cü məktəbin Bakıda açılmasına nail olması o vaxtlar asan olmamışdı, birmənalı qarşılanmamışdı. Bu uğur, əslində, bütün sahələrdə inkişafın stimulu və dəyişməz şərti olan  konseptual yanaşmanın reallaşması baxımından dəyərli bir hadisə idi. Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə general-leytenant Valeh Bərşadlının rəis təyin edilməsi də azərbaycançılığın təzahürü oldu.
Dövlət müstəqilliyi bərpa edildikdən sonra hakimiyyət boşluğunun, separatizmin yaratdığı milli qarşıdurma Azərbaycanda dövlətçiliyin itirilməsinin siyasi ərəfəsi kimi yaşanılırdı. Xalq ciddi təkidlə Heydər Əliyevi hakimiyyətə dəvət etdi. Bu tarixi dəvət Azərbaycanın dövlətçiliyinin xilas edilməsinə dəvət idi. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçiliyini labüd iflasdan xilas etdi...
Heydər Əliyevin dönməz qətiyyəti nəticəsində siyasiləşmiş silahlı dəstələr ləğv olundu, poetik-obrazlı düşüncə modelləri ilə fikir yürüdən diletant komandirlər ordu sıralarından uzaqlaşdırıldı, zabit və əsgərlərin mənəvi və döyüş ruhunun yüksəldilməsi istiqamətində mühüm addımlar atıldı,  Silahlı Qüvvələrdə vahid mərkəzdən idarəçilik prinsipi bərqərar edildi, ordunun maddi-texniki bazasını möhkəmləndirmək, hərbi təhsilin, döyüş və kadr hazırlığının səviyyəsini yüksəltmək, xarici ölkələrlə hərbi əməkdaşlığın bünövrəsini qoymaq kimi  mühüm məsələlərin həlli istiqamətində tarixi qərarlar qəbul olundu. Tam əminliklə demək olar ki, ordu quruculuğunun bütün parametrlər üzrə inkişafına, təkamülünə tarixi şans yaradan Heydər Əliyev konsepsiyası Azərbaycan xalqına möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilən, 2020-ci ildə 30 illik işğala son qoyan müzəffər bir ordu bəxş etdi.
Milli Müdafiə Universitetinin rektoru, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru, professor, general-leytenant Heydər Piriyev çıxışının sonunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfransın işinə uğurlar arzuladı.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun baş direktoru, akademik Əli Abbasov böyük tarixi şəxsiyyət Heydər Əliyevin təhsilə, xüsusilə hərbi təhsilə böyük, kəsilməz diqqət yetirdiyini, azərbaycanlı gənclərin Azərbaycandan kənarda da nüfuzlu ali məktəblərdə təhsil almalarını, hərbi təhsilin həmin dövr üçün müasir hesab edilən tələblərinə cavab verə biləcək səviyyəsini təmin edə bildiyini qeyd etdi.
Müharibədə elmin tətbiq edilən və ediləcək nailiyyətlərinin müharibəaparma strategiyasının tərkib hissələrindən biri olduğunu qeyd edən akademik çıxışında onu da bildirdi ki, son illərdə ordu quruculuğunda həyata keçirilən islahatları 2015-ci ildən Hərbi Akademiya ilə qarşılıqlı fəaliyyətimizin nəticələri də zənginləşdirmişdi. Akademik Əli Abbasov fikrini Ulu Öndər Heydər Əliyevin bir kəlamı ilə tamamladı: "Alimin elmi nəticələrinin praktik tətbiqi varsa, on dəfə artır”. Tədbir iştirakçıları böyük tarixi şəxsiyyətin bu kəlamını Azərbaycanda texniki ixtiraların daha da intensivləşəcəyinə mənəvi xeyir-dua kimi qəbul etdilər.
Akademik Əli Abbasov onu da qeyd etdi ki, əvvəllər Hərbi Akademiya ilə, indi Milli Müdafiə Universiteti ilə elmi əməkdaşlıq institutumuzun elmi potensialını zabitlərin tövsiyələri ilə yeni axtarışlara, nəticə etibarilə yeni ixtiralara sövq edir.
Bakı Dövlət Universitetinin nəzdində Tətbiqi Riyaziyyat Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Fikrət Əliyev çıxışında düşündürücü bir tezis səsləndirdi: Ümummilli Lideri olmayan xalq, dövlət dünyəvi inkişaf yoluna çıxa bilməz.
Liderlik missiyasının fəlsəfi mahiyyəti Heydər Əliyevin Azərbaycana rəhbərliyə qayıtdıqdan sonra bir daha təsdiqləndi.
Akademik Fikrət Əliyev Heydər Əliyev fenomeni ilə bağlı onun bir çıxışının videogörüntüsünü təqdim etdi. Ulu Öndər bu çıxışında Nüvədi kəndi haqqında danışırdı, Zəngəzur xatırlanırdı. Bilməyənlərə məlum oldu ki, Zəngəzur keçidi məsələsi hələ sovet hakimiyyəti illərində aktual olubmuş, bu keçidin istifadəsinin yaxşılaşdırılması üçün Heydər Əliyev o zaman mərkəzin sərt müqaviməti ilə rastlaşıbmış. Heydər Əliyev qeyd edirdi ki, o zamanlar Zəngəzur keçidi dar bir zolaq idi. Sonradan bu zolaq Azərbaycan torpaqları hesabına genişləndirilərək bugünkü vəziyyətə çatdırılıb.
Bu çıxışda Ermənistan ərazisində qalan Azərbaycan kəndi Nüvədinin ermənilər tərəfindən zorla köçürülməsi də xatırlanırdı.
Zəngəzur İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan üçün necə həssas bir ərazi idisə, neçə on illər əvvəl də həmin səviyyədə, bir qədər siyasi mövqedən ciddi açıqlanmayan ərazi olub. Akademik Fikrət Əliyev Nüvədinin zorən necə çıxarılmasından, camaatın Zəngilanın Vejnəli kəndində çadırlarda məskunlaşmasından, bu ağrılı prosesə həmin vaxtlar Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyevin münasibətindən, istər siyasi, istərsə də iqtisadi yardımından danışdı...
Akademik Fikrət Əliyev onu da dedi ki, böyük tarixi şəxsiyyət Heydər Əliyev hamımızın mənəvi müəllimi idi, indi onun siyasi irsini öyrənə-öyrənə Azərbaycana, Azərbaycan elminə sədaqətlə xidmət edirik...
Ulu Öndər qətiyyətlə deyirdi ki, Azərbaycan Ordusu nizami ordu kimi formalaşıb, onun döyüş qabiliyyəti də, şəxsi heyətin mənəvi-psixoloji hazırılığı da yüksəlib. Ordumuz torpaqlarımızı işğaldan azad edəcək, işğalın yaratdığı bütün problemlər həll olunacaq. Bu inamı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev gerçəkləşdirdi.
Hərbi Elmi-Tədqiqat İnstitutunun Humanitar Elmlər şöbəsinin professor-məsləhətçisi, tarix elmləri doktoru, dosent Mehman Süleymanov çıxışında Ulu Öndərin ordumuzu nizami ordu kimi formalaşdırılmasından danışaraq dedi:
- 1994-cü ildə Azərbaycanın ağır durumunda, döyüşlərdə uğursuzluqların yaratdığı müharibə əhval-ruhiyyəsinin sosial-mühitə təsir etdiyi bir vaxtda Heydər Əliyev müharibəni dayandırmağa nail oldu. Cəmiyyəti əmin etdi ki, bu seçim ən doğru seçimdir. Bu seçimin təntənəsini görmək üçün təxminən 30 il gözləmək lazım gəldi. Dahilərin qərarlarının dahiliyi də ondadır ki, onlar daha uzun müddətə və daha səmərəli nəticələrə hesablanır...
Heydər Əliyev ordu quruculuğu sahəsində böyük, Azərbaycan üçün gərəkli işlər gördü. Ordu quruculuğunun ilk nizamlayıcı amilləri - orduya mərkəzləşdirilmiş rəhbərlik prinsipi, vahid komandanlıq prinsipi, təkbaşçılıq prinsipi Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə gerçəkləşdi. Onları qəbul etməmək mümkün deyil. Onlara riayət etməmək isə heç mümkün deyil. Böyük tarixi şəxsiyyətin dühası bunların nə səviyyədə gerçəklik olduğunu da təsdiqlədi. Elmi tədqiqatlar Heydər Əliyev irsinin bütün çalarlarının müəyyənləşdirilməsinə yönəldilib...
Hərbi Elmi-Tədqiqat İnstitutunun Fundamental Elmlər şöbəsinin rəisi, texnika üzrə fəlsəfə doktoru, 1-ci dərəcəli kapitan Əsəd Rüstəmovun məruzəsi müasir müharibələrdə texnikanın roluna həsr olunmuşdu.
Beynəlxalq elmi-praktik konfransda milli təhlükəsizlik, hərbi elmlər, texniki elmlər, hərbi təbabət bölmələrində dinlənilən məruzələr hərb sənətinin problemlərinin araşdırılması baxımından maraqla dinlənildi və elmi tədqiqatların intensivliyinin artacağına əminlik yaratdı...
Bu konfrans Azərbaycanın siyasi fikir tarixində Heydər Əliyev mərhələsinin təsbiti baxımından növbəti (və gərəkli! Gərəklik hərb sənətinin aktual məsələlərinin həlli istiqamətində fenomenal tarixi şəxsiyyətin fikir işığından bəhrələnmədir) dəyərli hadisəyə çevrildi.
Milli Müdafiə Universitetinin təşkilatçılığı ilə keçirilən belə beynəlxalq elmi-praktik konfranslar hərb sənətinin aktual problemlərinin araşdırılmasını, öyrənilməsini, digər elmi-tədqiqat institutları ilə koordinasiyanın formalaşmasını təmin edəcəkdir...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"