Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

17 May 2023 11:33

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 15 İyun - müstəqillik tariximizin mühüm mərhələsi, Milli Qurtuluş Günüdür
Suallar:
1. Müstəqillik tariximizin mühüm mərhələsi.

2. 15 İyun - Milli Qurtuluş Günüdür.

 

Müstəqillik tariximizin mühüm mərhələsi


XX əsrin 90-cı illərinin əvvəllərində ən böyük arzusunu - dövlət müstəqilliyinin bərpasını reallaşdırmaq üçün Tanrı xalqımıza şans verdi. Yetmiş il dünyanı lərzəyə salan bir imperiyanın tərkibindən çıxaraq öz müstəqilliyinə nail olmaq isə elə də asan başa gəlmədi. Ölkəmizi müstəqilliyə aparan yol 20 Yanvar faciəsindən keçdi. SSRİ rəhbərliyi xalqın azadlıq arzusunu boğmaq üçün, hətta ordunun gücündən istifadə edərək qan tökməkdən belə çəkinməsə də, öz istəyinə çata bilmədi - Azərbaycan dövlət müstəqilliyini bərpa etdi.
1991-ci il oktyabtın 18-də dövlət müstəqilliyi bərpa edilən Azərbaycan Respublikasına qarşı bir tərəfdən Ermənistanın əsassız ərazi iddiaları ilə bir neçə il əvvəl başladığı hərbi təcavüz davam edir, bu respublikada tarixi torpaqlarında yaşayan azərbaycanlılar qovularaq qaçqına çevrilir, təcavüzün gedişində ərazilərimiz bir-birinin ardınca işğal edilir, tarixi mənsubiyyətini itirmək üçün yaşayış məntəqələri yandırılır, əhali məcburi köçkün edilir, digər tərəfdən isə hakimiyyət uğrunda müxtəlif qruplaşmalar arasında amansız mübarizə gedirdi.
1992-ci ilin mayında Azərbaycan Xalq Cəbhəsi silahlı yolla hakimiyyəti devirdi. Ölkədə AXC-Müsavat iqtidarı quruldu. Lakin yeni hakimiyyət Azərbaycan Respublikasının problemlərini nəinki həll edə bilmədi, əksinə, onları daha da dərinləşdirdi. İdarəçilikdə səriştəsizlik, problemləri yanlış qoyma və həllinə primitiv, məhdud yanaşma, idarəçilik bacarığının olmaması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə qanadları arasında qarşıdurma ölkəni böhrana gətirib çıxardı. Dövlət müstəqilliyinin bərpasından ötən müddət ərzində bir neçə dəfə hökumət dəyişmişdi. Yürütdüyü siyasətlə xalqdan ayrı düşmüş hakimiyyət ona bəslənən ümidləri doğrulda bilmirdi. Cəbhədəki uğursuzluqlar bir-birinin ardınca gəlirdi. Hakimiyyət mövcud problemləri həll etmək iqtidarında deyildi. Ölkənin şimalında və cənubunda xaricdən qızışdırılan separatçılıq hərəkətləri Azərbaycan Respublikasını parçalayır, milləti və ölkəni dağıdan, dövlətin varlığını təhdid edən qondarma qurumlar yaradılırdı. Azərbaycan dövləti məhvə doğru gedirdi. Bu azmış kimi, 1993-cü il iyunun 4-də Gəncədə polkovnik Surət Hüseynovun rəhbərliyi altında hərbi qiyam baş verdi. Hərbçilər Bakıya doğru irəlilədilər. Azərbaycan qardaş qırğını - vətəndaş müharibəsi ərəfəsində idi. Bəlkə də Azərbaycan tarixində millət və cəmiyyət heç bir zaman bu qədər qütbləşməmişdi.
Beynəlxalq aləmdə Azərbaycan dövlətinin səsi eşidilmirdi. Təşkilati, dövlət idarəçilik bacarığına və qabiliyyətinə malik olmayan, xalqın dəstəyini itirmiş hakimiyyət beynəlxalq aləmdə ölkəni təcridçiliyə gətirmişdi. Diplomatiya dostlar əvəzinə, daha çox düşmənlər qazandırırdı. Qonşularla münasibətlər gərgin idi. Ölkənin maraqları etibarlı qoruna bilmirdi.
Azərbaycan Respublikası çətin vəziyyətə düşmüşdü. Bu, Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni, humanitar və psixoloji həyatını tamamilə bürümüş ağır ümumi böhran idi. Azərbaycan vətəndaşının yaranmış şəraitdən çıxmağa, sabaha ümidi yox idi! İnsanlar sual edirdilər: Azərbaycan xalqının və dövlətinin taleyi necə olacaq? Müstəqil dövlət sanki kağız üzərində, bəyanat xarakterli idi. Bərpa edilmiş dövləti təmsil edən hakimiyyət real olaraq hər hansı bir məsələni həll etmək gücündə deyildi.
Xalq nicat yolu arayırdı. Belə şəraitdə vəzifədə olanlar bir-birinin ardınca istefa verərək məsuliyyətdən yaxa qurtarmaq yolunu tutdular. Bəziləri vəzifələrini "dondurdular", bəziləri isə qaçıb gizləndilər. Bu, Azərbaycan dövlətçiliyi tarixində pis bir an olub, gələcəkdə xatırlanası və müraciət ediləsi deyil, utancverici bir tarix idi! Xalq bir suala cavab axtarırdı: Nə etməli? Ölkəni ağır şəraitdən kim və necə çıxara bilər? Belə bir tarixi şəxsiyyət, lider varmı?
Çoxlu mürəkkəb suallar qarşısında qalan və xilaskar axtarışında olan Azərbaycan xalqının nəzərləri uzun illər boyu yaxşı tanıdığı, dövlət idarəçilik bacarığına və liderlik keyfiyyətinə inandığı Ulu Öndər Heydər Əliyevə yönəldi və ümidlə ona üz tutdu. Xalqın inamına görə, yalnız Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətini məhv olmaqdan, ölkəni parçalanmaqdan, dağılmaqdan xilas edə, xalqı mənəvi-psoxoloji böhrandan çıxara, Ermənistanın davam edən işğalını dayandıra, ölkəni fəlakətə salmış xarici siyasət fəaliyyətini yeni əsaslar üzərində qura bilərdi. Xalqın təkidli tələbləri qarşısında çarəsiz qalan Azərbaycan rəhbərliyi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevi Bakıya dəvət etməyə məcbur oldu.

 

15 İyun - Milli Qurtuluş Günüdür


Bakıda hələ heç bir vəzifə tutmayan, millətin inam yeri olaraq milli liderlik missiyası daşıyan Ulu Öndər Heydər Əliyev təcili olaraq qiyamın baş verdiyi Gəncə şəhərinə getdi. Əhali ilə görüşərək şəraitlə yerində tanış oldu. Ağır bir şəraitdə iyunun 15-də Azərbaycan parlamentinin sədri seçildi. Bu qayıdış sadəcə parlament sədri vəzifəsini tutmaq demək deyildi. Bu, fərqli bir dönüş idi! Bu, Azərbaycan xalqı və dövlətinin xilası, gələcək inkişafını müəyyənləşdirmək üçün olan əzablarla dolu ağır bir dönüş idi!
Ulu Öndərin qarşısında daxili siyasət sahəsində xeyli mürəkkəb və ağır vəzifələri həll etmək dururdu: ölkəni dağılmaqdan, xaricdən dəstəklənən separatçılıqdan xilas etmək, milli birliyi bərpa etmək, hakimiyyətin qanadları arasında yekdillik yaratmaq; xalqla hakimiyyət arasında uçurumu, inamsızlığı aradan qaldırmaq, iflic olmuş dövlət orqanlarını işlək hala gətirmək, dövlətin əlində olması gərəkərkən silahları ələ keçirmiş, ölkədə kriminogen şərait yaradan ayrı-ayrı dəstələri tərksilah etmək, insanların sakit və təhlükəsiz yaşayışını təmin etmək, ağır sosial-iqtisadi şəraitdə yaşayan xalqı inkişafa aparmaq və xalqın mənəvi-psixoloji ruhunu yüksəldərək dövlətin gücünü yaratmaq üçün etibarlı açarı tapmaq, köhnə sosializm sisteminin qalıqlarından imtina edərək uğurlu islahatlar aparmaq və s.
Xarici siyasət sahəsində Ulu Öndər Heydər Əliyevin qarşısında duran əsas vəzifələr dövlət quruculuğu üçün əlverişli beynəlxalq şəraiti təmin etmək, Ermənistanın təcavüzünü dayandırmaq, ölkəni fəlakətə salmış biristiqamətli, savadsız, Azərbaycan xalqı və dövlətinə düşmənlər qazandıran xarici siyasət xəttindən imtina etmək və s. idi. Coğrafi-siyasi mövqeyi, təbii sərvətləri ilə yüzilliklər boyu imperiya siyasəti təcrübəsi olan böyük dövlətlərin sınaq meydanına, "qurdlar süfrəsi"nə çevrilmiş Azərbaycan Respublikasında bütün bunları bir dövlət xadiminin həll etməsi xeyli mürəkkəb və çətin bir iş idi. Yaranmış şərait təcili, düzgün qərarların qəbul edilməsini və qətiyyətlə həyata keçirilməsini tələb edirdi.
Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə müstəqil Azərbaycan dövlətinin və xalqının tarixində yeni bir dövr başladı. Bu, dövlətin və dövlətçiliyin xilası və möhkəm əsaslarda qurulması dövrü idi.
Hakimiyyətə gəlməsi ilə Azərbaycan dövlətini dağılmaqdan, vətəndaş müharibəsindən xilas edən Ulu Öndər Heydər Əliyev indiki Azərbaycan dövlətinin qurucusu və memarı oldu. O, Azərbaycan Respublikasının eksperimentlər ölkəsinə çevrilməsi praktikasına son qoydu. 1994-1995-ci illərdə baş verən dövlət çevrilişləri cəhdlərinin qarşısı qətiyyətlə alındı. Müasir milli dövlət quruldu. Dövlətin və millətin inkişafı baxımından bir sıra tarixi əhəmiyyət daşıyan məsələlər həll edildi. Azərbaycan dövləti 1994-cü il mayın əvvəllərində NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qatıldı. Həmin ayda Ermənistan ilə Azərbaycan arasında atəşkəs elan edildi.
1994-cü il sentyabrın 20-də dünyanın bir sıra böyük ölkələrini təmsil edən transmilli şirkətlərlə "Əsrin müqaviləsi" imzalandı. Ulu Öndər Heydər Əliyevin qətiyyəti özünü "Əsrin müqaviləsi" imzalandıqdan sonra baş verən dövlət çevrilişi cəhdlərinin qarşısının alınmasında aydın şəkildə göstərdi. 1994-cü ilin oktyabr və 1995-ci ilin mart aylarında baş verən dövlət çevrilişi cəhdləri məhz Ulu Öndərin yenilməz qətiyyəti, siyasi bacarığı ilə iflasa uğradıldı. Azərbaycan xalqı qanuni hakimiyyəti müdafiə etdi. Bu çevrilişlərin qarşısının alınmasının Azərbaycan üçün tarixi və ibrətamiz bir tərəfi oldu. Ulu Öndər göstərdi ki, Azərbaycan dövlət çevrilişləri üçün sınaq meydanı deyildir, Azərbaycanda güclü dövlət vardır. Bununla da silahlı yolla hakimiyyətə gəlmək kimi acı təcrübəyə son qoyuldu. Dövlət çevrilişlərinin qarşısı alındıqdan sonra Azərbaycan dövlətinə investisiya axını başladı.  
1995-ci il noyabrın 12-də ümumi seçkilər yolu ilə Azərbaycan Respublikasının Konstitusiyası qəbul edildi və müstəqil Azərbaycan Respublikası parlamentinə seçkilər keçirildi. Dünyanın ən demokratik konstitusiyalarından biri olan ana qanunumuzda insan hüquq və azadlıqları ilə bağlı müddəalarla yanaşı, Azərbaycan xalqı və dövlətinin gələcəyi ilə bağlı olan fundamental məsələlər təsbit edildi. Xəzər dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üstündə gedən mübahisələr dövründə ədalətə və artıq mövcud olan praktikaya dayanaraq Xəzərin Azərbaycan sektorunun ölkə ərazisi olmasının təsbit edilməsi və ölkə ərazisinin yalnız ümumxalq referendumu yolu ilə dəyişdirilməsinin mümkün olması Ermənistanın təcavüzünün davam etdiyi bir şəraitdə tarixi əhəmiyyət daşıyan bir addım idi. Bununla müstəqil Azərbaycan dövlətinin ilk Konstitusiyasının memarı olan Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan Respublikasının gələcəyini müəyyənləşdirən bir dövlət xadimi oldu.
Ulu Öndər Heydər Əliyevin rəhbərliyi və yürütdüyü siyasət nəticəsində Azərbaycanın müstəqillik tarixində ilk dəfə  anarxiyadan sabitliyə, qarışıqlıqdan demokratiyaya, ağır həyat şəraitindən firavan bir yaşayışa keçid baş verdi. Azərbaycan xalqının sabaha və özünə inamı artdı. Ən başlıcası, Azərbaycanda təməlləri möhkəm olan, güclü dövlətçilik ənənəsinin, dərin dövlətin əsası qoyuldu. Ulu Öndər milli ideyaları milli ideologiya olaraq sistemləşdirdi və formalaşdırdı. Bütün ölkə vətəndaşlarını birləşdirən azərbaycançılıq ideologiyasının əsaslarını işləyib hazırlayaraq həyata keçirdi, etnik millətçiliyə dayanan yanaşmadan imtina edərək, bütün vətəndaşların şəxsiyyət vərəqəsində "Azərbaycan Respublikasının vətəndaşı" yazmağın təşəbbüskarı və onu reallaşdıran dövlət xadimi olaraq, siyasi milliyyətçiliyə, dövlət-millət anlayışına keçidin banisi oldu. Bu, Azərbaycan tarixində görünməmiş bir fəaliyyət və bir ilk idi.
Azərbaycan dövlətinin hərb sistemi quruldu. Ölkəni xarici təcavüzdən qorumağa qadir olan güclü ordu formalaşdırıldı. Atəşkəs dövründə Azərbaycan Ordusu döyüş hazırlığını artırmaqla yanaşı, müasir silah və sursatla da təchiz olunurdu. Şübhəsiz ki, Ulu Öndərin apardığı müdrik siiyasət nəticəsində müstəqilliyimiz qorunub, dövlətlə xalqın birliyi təmin edilib. Bu gün Azərbaycan qalib ölkə olaraq dünyadakı nüfuzunu daha da artırıbsa, 44 günlük Vətən müharibəsində 30 ilə yaxın Ermənistanın işğalına məruz qalan torpaqlarını düşmən tapdağından azad edibsə, bu uğurların təməlində Ulu Öndər Heydər Əliyev məktəbinin, uzaqgörənliyinin əsasları dayanmaqdadır. Bu əsaslar Azərbaycanın ötən onilliklərdə güclənməsinə, iqtisadi, diplomatik, hərbi sahədə irəliləməsinə şərait yaratdı və əlbəttə ki, Ulu Öndərin siyasət mücəssəməsi məhz bu günlər yaşadığımız Zəfər tariximizə hesablanmış uzun, çətin bir yolun keçidi idi.
Azərbaycan Prezidenti tariximizdə ilk dəfə olaraq xaricdə yaşayan həmvətənlərlə işin qurulması və reallaşdırılması üçün dövlət komitəsi yaratdı. Xaricdə yaşayan soydaşlarımızla əlaqələr genişləndirildi. Azərbaycan Respublikası dövləti onların qürur mənbəyi oldu.
Ulu Öndər Azərbaycan Respublikası dövlətinin xarici siyasət strategiyasını müəyyənləşdirdi və reallaşdırmağa başladı. Azərbaycanın strateji müttəfiqləri, strateji tərəfdaşları, ortaqları, qonşuları dəqiqləşdirildi. Müxtəlif neft boru kəmərləri işə salındı və ya təməli atıldı. Azərbaycanın xarici ölkələrdən enerji asılılığına son verildi. Bakı-Novorossiysk, Bakı-Supsa, Bakı-Tbilisi-Ceyhan neft boru, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri layihələrinin əsası qoyuldu. Bu boru kəmərləri layihələri təkcə iqtisadi deyil, eyni zamanda, Azərbaycan dövlətinin beynəlxalq mövqelərini möhkəmləndirən, müstəqilliyi gücləndirən, xalqın maddi rifah halının və mənəvi-psixoloji ruhunun yüksəlməsinə kömək edən layihələr oldu.
Ulu Öndər Heydər Əliyevin səyləri ilə Böyük İpək yolunun bərpası həyata keçirildi. Şərqlə Qərbi birləşdirən, təkcə iqtisadi-ticarət deyil, eyni zamanda, böyük siyasi və strateji əhəmiyyət daşıyan TRASEKA proqramı reallaşdırıldı. Azərbaycan dövləti dünya ölkələrinin ticarətini əlaqələndirən qovşaq bir ölkə oldu. Azərbaycanı dünyanın mərkəzlərindən birinə çevirəcək Bakı-Tbilisi-Qars dəmir yolunun layihəsi ideyası və onun həyata keçirilməsi üçün hazırlıqlara başlanılması da müstəsna tarixi əhəmiyyət daşıyan hadisə idi. Azərbaycanın beynəlxalq mövqeləri möhkəmləndi. Avropa ilə Asiyanın qovşağında yerləşən Azərbaycanın əhəmiyyəti artdı, Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başladı.
Azərbaycan dövlətinin dağılmasının və ölkənin məhv olmasının qarşısını Ulu Öndər Heydər Əliyev topsuz-tüfəngsiz, qan tökmədən, böyük uzaqgörənliklə, müdrikcəsinə, xalqa arxalanaraq həll etdi. Xalq isə ona etibar etdi və inandı. Problemlərin həllində Ulu Öndər Heydər Əliyev şəxsiyyəti və liderlik keyfiyyəti müstəsna rol oynadı. Ulu Öndərin hakimiyyəti illərində Azərbaycanda dövlət möhkəmləndirildi, ölkə müasirləşmə üçün hazırlandı.
Dünyada elə bir xalq tapmaq olmaz ki, milli tarixinin ən mürəkkəb mərhələsində müstəsna rol oynamış, dövlətçilik ənənələrini formalaşdırmış milli lideri olmasın. Çünki liderlərin mənalı və zəngin həyat səhifələrini vərəqləyərkən, addımlarının təhlilini apararkən onların mənsub olduğu xalqların da dövlətçilik ənənələri, tarixi, inkişaf səviyyəsi barədə aydın təsəvvür yaranır. Bu dahi şəxsiyyətlər yüksək mənəvi aləmləri ilə, ali bəşəri və milli ideallara, ümummilli mənafelərə ürəkdən bağlılıqları ilə milyonların qəlbində özləri üçün möhtəşəm abidə ucaldırlar. Bu mənada xoşbəxt xalqıq ki, bizim də əbədiyyət abidəmiz var - Ulu Öndər Heydər Əliyev!

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi