Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

12 May 2023 13:38

Azərbaycan xalqının Ümummilli Liderinin anadan olmasının 100-cü ildönümü ilə əlaqədar hərbi liseyə media-tur təşkil edildi

Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində dövlətin və dövlətçiliyin inkişafı naminə xidmətləri saysız-hesabsızdır. Bütün sahələrdə Azərbaycan xalqının Ümummilli Liderinin izinə rast gəlməmək mümkün deyil. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin yaradılması bugünkü güclü Azərbaycan Ordusunun yaradılması üçün atılan ilk addım idi. Cəmşid Naxçıvanski adına Hərbi Liseyin milli zabit kadrların hazırlanmasında və Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu oldu. Bu gün də ordumuzun sıralarında xidmət edən zabitlərin əksəriyyəti Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstərdilər.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə media-tur təşkil edildi. Media nümayəndələri liseydə kursantlar üçün yaradılan şəraitlə tanış olub, liseyin məzunu olan zabitlərdən müsahibələr aldılar.
2006-2009-cu illərdə hərbi liseydə təhsil almış kapitan Fuad Məmmədov əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil müəssisəsinin yetirməsi olmasından, bu gün şanlı Azərbaycan Ordusunda xidmət etməsindən qürurla danışdı: "Cəmşid Naxçıvanski adına Hərbi Liseyin bugünkü nizami ordunun hazırlanmasında əvəzsiz rolu var. Çətin bir dövrdə xalqının gələcəyini, müstəqilliyini düşünən dahi şəxsiyyət milli kadr zabitlərini görmək istəyi ilə cəsarət və qətiyyətlə bu addımı atdı. Bu təhsil ocağının yaradılması Ulu Öndərin uğurlu siyasətinin bir parçası oldu. 2003-cü il aprelin 21-də Ulu Öndər Cəmşid Naxçıvanski adına Hərbi Liseyin 30 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə "Sizə səmimi deyirəm, Cəmşid Naxçıvanski adına Hərbi Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona, bax bu cür baxacağam" deməsi onun Vətən övladlarını savadlı hərbçilər kimi yetişməsini görməsinin sevincinin, hərbi təhsil ocağına olan məhəbbətinin təcəssümü idi. Qürurverici haldır ki, liseyin məzunu olan zabitlər Vətən müharibəsi zamanı qəhrəmanlıq nümunələri nümayiş etdirdilər, qarşıya qoyulan tapşırıqların öhdəsindən uğurla gəldilər", - deyə zabit bildirdi.
Baş leytenant Rəvan Həsənzadə də Cəmşid Naxçıvanski adına Hərbi Liseyin məzunlarındandır. Zabit Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin qeyd etdiyi "Hər bir peşə şərəflidir, ancaq Vətəni qorumaq peşəsi hər bir peşədən üstündür, şərəflidir" ifadəsini xatırlayaraq şərəfli peşənin nümayəndəsi olmağın qürurundan danışdı. "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevi düşündürən əsas məsələlərdən biri də azərbaycanlı gənclərin orduya hazırlanması və hərbi məktəblərə cəlb edilməsi olub. Ulu Öndər taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə böyük hörmətlə yanaşıb və həmişə onların xidmətlərini yüksək qiymətləndirib. Ordu sıralarında xidmət edən zabitlərin əksəriyyəti Heydər Əliyevin yaratdığı hərbi liseyin məzunlarıdır. Onlar torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə böyük hünər və rəşadət göstəriblər. Bu gün də Cəmşid Naxçıvanski adına Hərbi Liseydə yüzlərlə gənc hərbi təhsil almaqda davam edir. Onlar liseyin yetirmələri olan qəhrəman zabitlərin döyüş yolunu hər zaman özlərinə nümunə biləcək, gələcəkdə  hər biri peşəkar zabit olaraq torpaqlarımızın müdafiəsində dayanacaqlar".
Baş leytenant Telman Bayramov da Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Hazırda Hərbi Dəniz Qüvvələrində xidmət edən gənc zabit müstəqil Azərbaycanın çiçəklənməsi tarixində Ulu Öndər Heydər Əliyevin böyük əziyyətinin olduğunu qeyd etdi: "Hər zaman xalqını düşünən Ulu Öndər zamanın nəbzini tutmağı bacarırdı. O hiss edirdi ki, azərbaycanlı gəncləri ali hərbi məktəblərə hazırlamaq məqsədilə respublikada hərbi təyinatlı orta internat məktəbini yaratmağın zamanı çatıb. Belə bir məktəbin yaradılması Azərbaycanın gələcəyi üçün çox mühüm hadisə olacaqdı. Burada azərbaycanlı gənclər həm rus dilini mükəmməl öyrənə, həm də ibtidai hərbi biliklərə yiyələnə və asanlıqla istədikləri ali hərbi məktəblərə daxil ola bilərdilər. Şübhəsiz ki, həmin dövr üçün bunu reallaşdırmaq asan məsələ deyildi. Ancaq Heydər Əliyev iradəsi və siyasi bacarığı nəticəsində bu istəyini gerçəkləşdirməyi bacardı. Nəticədə, 1971-ci ildə məhz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü, gərgin zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. Hərbi təmayüllü məktəb yaradıldı. Bu hərbi məktəbdə azərbaycanlı gənclər təhsil almağa başladılar. Həmin gənclər Azərbaycan Ordusunun formalaşmasında iştirak etdilər. Onların arasında generallar, admirallar yetişərək müstəqil Azərbaycanın hərb tarixinə öz töhvələrini verdilər. Mən də çətinlikləri dəf edərək bu gün ən güclü ordular sırasında olan bir ordunun zabiti olduğum üçün fərəhlənirəm", - deyə zabit vurğuladı.
Yaradıcısı və qurucusu Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev olan C.Naxçıvanski adına Hərbi Lisey hələ bundan sonra da hərbçi olmaq arzusu ilə yaşayan yüzlərlə, minlərlə gəncə öz qapılarını açacaqdır. Bu təhsil ocağında qəhrəman zabitlərimizin döyüş təcrübələri öyrəniləcək, illər, əsrlər boyu ordumuz üçün savadlı, bacarıqlı və vətənpərvər kadrlar hazırlanacaqdır.

Oruc MUSTAFAYEV "Azərbaycan Ordusu"