Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

6 May 2023 11:24

Qardaşlıq köməyi, qardaşlığın təltifi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş vermiş zəlzələ nəticəsində xəsarət alanlara tibbi yardım göstərmək məqsədilə qardaş ölkəyə ezam olunmuş hərbi tibb personalımızın rəhbəri Türkiyə dövləti tərəfindən mükafatlandırıldı. Bu bir hərbçinin timsalında ordumuza, ordunun timsalında dövlətçiliyimizə ehtiramın təzahürüdür. Beştəpə Milli Konqres və Mədəniyyət Mərkəzində keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tibb xidməti polkovniki Niyaməddin Ağamalıyevi "Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı" ilə təltif etdi.
Qardaş ölkədə baş vermiş güclü zəlzələ nəticəsində  Azərbaycan Ordusunun hərbi tibb personalının Kahramanmaraşda Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə fəaliyyəti yüksək qiymətləndirildi. Baş vermiş zəlzələdən sonra ümumilikdə 20 nəfərlik hərbi tibb personalı - ümumi cərrah, travmatoloq, LOR, cərrah, oftalmoloq, neyrocərrah, revmatoloq, anestezioloq, plastik-rekonstruktiv cərrah, feldşer, əməliyyat tibb bacıları və anestezistlər Türkiyədə 81 cərrahi əməliyyat icra edib, 517 nəfərə ambulator yardım göstəriblər.
Kahramanmaraşda 21 gün müddətində fəaliyyətdə olan  tibb personalımızın təəssüratlarını bölüşmək üçün onlarla Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında görüşdük.
Tibb xidməti polkovniki Niyaməddin Ağamalıyev:
- Zəlzələ ən qəddar düşmənlə belə müqayisə olunmayacaq dərəcədə təhlükəlidir. Çünki bir anın içində yurd-yuvaları yerlə-yeksan edir, yüzlərin, bəzən minlərin ömrünü tükəndirir. Fevralın 6-da qardaş ölkədə baş verən dəhşətli təbii fəlakətdə də bunun bir daha canlı şahidi olduq. Qardaş ölkənin yaşadığı bu vəziyyət hər birimizi dərindən sarsıtdı. Dövlət başçısının tapşırığı ilə fevralın 7-də kömək məqsədilə Türkiyəyə yola düşdük. Öncə İstanbula, oradan Adana şəhərinə getdik. Adana şəhərinin valisi bizi Kahramanmaraşa çatdırmaq üçün avtomobillə təmin etdi. Əsas yol zəlzələ nəticəsində dağılmışdı, alternativ yoldan istifadə olunurdu. Bu yol da həddindən artıq yükləndiyi üçün iki saatlıq yolu 9 saata getdik. Şəhərə çatıb səhiyyə şöbəsinə üz tutduq. Bizi təəccüb içində qarşıladılar - hələ İstanbul ekibi də gəlib çatmamışdı. Hərbi tibb personalımız əvvəlcə zəlzələdə müəyyən qədər zədə alıb həyati təhlükə daşımasına baxmayaraq Nəcib Fazil adına şəhər xəstəxanasında fəaliyyətə başladı. Təhlükəli olsa da, yaralılara tibbi yardım göstərməklə onları həyata qaytarmaq bizim üçün hər şeydən üstün idi...
Komandanımız fevralın 9-dan etibarən fəaliyyətini zəlzələ bölgəsində açılan Türkiyə Respublikası Silahlı Qüvvələrinin səyyar xəstəxanasında davam etdirdi. Xilas olunanların yenidən həyata davam etməsi üçün tibbi, psixoloji yardım edirdik. Türk qardaşlarımız xidmətimizdən razı qalır, minnətdarlıq edirdilər.
Vətənə döndükdən sonra fəaliyyətimiz rəhbərlik tərəfindən yüksək qiymətləndirildi və vaxtından əvvəl növbəti "Tibb xidməti polkovniki" hərbi rütbəsi ilə təltif olundum. Aprelin 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən "Türkiyə Cümhuriyyəti Dövlət Üstün Fədakarlıq Medalı" ilə təltif edildim. O anlarda keçirdiyim hissləri sözlə ifadə etmək mümkünsüzdür. Hamı ayağa qalxaraq Azərbaycan xalqını alqışladı. Türkiyə Respublikasının Prezidentinin və rəhbər heyətinin mənim timsalımda xalqımıza münasibəti çox yüksək idi. Bu medalda  qrupumuzun hər üzvünün əməyi var. Oradan zəng vuraraq komandamızın hər bir üzvünü təbrik etdim, sevincimi bölüşdüm. Qardaş ölkədə baş verən zəlzələdə, onun fəsadlarının aradan qaldırılmasında tibbi xidmətlərimiz hər zaman qürurla xatırlanacaq.
Tibb xidməti kapitanı Məğrur Məmmədov:
- Türkiyədə baş yermiş zəlzələyə hərbi tibb personalından köməyə göndərilənlərin sırasında bir türk, bir insan, bir zabit olaraq yer almaq üçün müraciət etdim. Xahişim müsbət qarşılandı. Buna görə gec də olsa, qəzetiniz vasitəsi ilə rəhbərliyə minnətdarlığımı bildirirəm.  Mən illər öncə Türkiyədə Gülhanə Tibb Akademiyasında kurs keçmişdim. Orada olduğum müddətdə bizə olan münasibətin və sevginin daha da yaxından şahidi olmuşdum. Vətən müharibəsində də qardaş dövlətin mənəvi dəstəyi danılmazdır.
Fəlakətdən sonra bir həkim olaraq orada olmağı özümə borc bildim. Kahramanmaraşda olduğum müddətdə komandamız əlindən gələni əsirgəmədi. Biz tibbi yardımlardan, əməliyyatlardan fürsət olanda görülən işlərə də köməklik etdik - çadır qurduq, yemək daşıdıq. Köməklik etdiyimiz insanlar bizim Azərbaycandan gəldiyimizi biləndə bunu təəccüblə yox, sevgi ilə, doğmalıqla qarşıladılar. Çadırımızın üzərinə yazdığımız "Türkiyəm, qardaşın qardaşa borcu olmaz. Təşəkkür gözləməz. Bəhanə yapmaz. Qardaşın Azərbaycan" sözləri türk generallarından birinə duyğusal anlar yaşatmışdı, bunu sosial mediada paylaşmışdı. Bizim bu mesajımız kütləvi informasiya vasitələrinin də marağına səbəb oldu. Anadolu ajansı bizdən müsahibə aldı...
Tibb xidməti baş leytenantı Günay Məmmədova:
- Xalqımız qardaş ölkədə zəlzələnin baş verdiyi ilk gündən istər maddi, istərsə də mənəvi dəstəyini əsirgəmədi. Biz orada olduğumuz müddətdə 24 saat fəaliyyət göstərdik. Səyyar xəstəxanaya gətirilən bütün yaralılara yüksək səviyyədə tibbi xidmət göstərilirdi. Komandamızın hər bir üzvü üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəldi. Türkiyədə olduğumuz zaman Milli Müdafiə naziri Hulusi Akar, Səhiyyə naziri Fəxrəddin Hoca və Milli Müdafiə Nazirliyinin tibb xidməti rəisi general-mayor, professor Mustafa Gerek səhra xəstəxanasına gəldilər, səmimi görüş oldu. Milli Müdafiə naziri Hulusi Akar yaralılara göstərdiyimiz xidmət və qayğıya görə bizə minnətdarlığını bildirdi.
Dağıntılar altından çıxan xəstələrə əlimizdən gələn yardımı edirdik. Onların arasında 80 yaşlarında yaddaşını itirmiş, hətta adını belə xatırlamayan qadına Fatma xala adını verərkən keçirdiyim hissləri indi də ifadə edə bilmirəm. Bu gün də telefon əlaqəsi saxladığım balaca Berfin hər dəfəsində soruşur ki, Günay abla, nə zaman gələcəksən, mənim gəlinciyimi nə zaman gətirəcəksən? Göz yaşları içində 102 saat sonra  xilas edilən Cansu üçün keçirdiyimiz sevinc müqayisə olunmaz. Biz üzləşdiyimiz bütün çətinliklərə qalib gələrək neçə-neçə insan həyatını xilas etdik.
Fəaliyyətimə görə müdafiə naziri general-polkovnik Zakir Həsənovun müvafiq əmri ilə "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalı ilə təltif olundum.
Baş gizir Ravil Abdullayev:
- Kahramanmaraşda vəziyyət olduqca ağır idi. Su, işıq yoxuydu, hava çox soyuq idi. Buna baxmayaraq qrupumuzdakı həkimlərin, tibb bacılarının hamısı üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəldilər.
21 gün ərzində yaralılar başqa ölkələrin tibb işçilərindən daha çox bizə üz tutur, onlara qonaq, bizə qardaş deyirdilər. Türkiyədə ölkəmizi layiqincə təmsil etdik. Sonda qardaşlarımız bizi çox böyük hörmətlə yola saldılar. Hətta vida mərasimində duyğusal anlar da yaşandı. Mərasimdə İstanbul valisi şəxsən iştirak edərək nümayəndə heyətinin bütün üzvlərinə xatirə döş nişanı bağışladı. Göstərilən köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Baş çavuş Aygün Məmmədova:
- Zəlzələdə insanlar təkcə fiziki cəhətdən deyil, həm də mənəvi cəhətdən də yara almışdılar. Bir gecənin içində doğmalarını itirənlər səhəri  çaşqınlıq içində açmışdılar. 21 gün ərzində insanların sağlamlığı keşiyində dayanmaqla yanaşı, həm də onlara mənəvi dəstək olduq.
Kahramanmaraşa çatdıqdan sonra kiçik çavuş Sevil Əhmədova ilə fəaliyyətə başladığımız Nəcib Fazil adına şəhər xəstəxanasında otaqların birində qarışıqlıq səbəbindən nəzarətsiz tək qalan, ağır ürək əməliyyatı keçirmiş bir xəstə ilə qarşılaşdıq. O anda xəstənin ümidsizliyə qapılan gözlərində bir qığılcım kimi sevinc, həyat işartıları göründü. Dərhal xəstə üçün gərəkli müalicəyə başlanıldı. Xəstə Haşım Altınok tam sağlamlığına qovuşana kimi qayğısına qaldıq. Bu gün əlaqələrimiz davam etməkdədir. Haşım Altınok bizə və bizim timsalımızda Azərbaycan xalqına öz dərin minnətdarlığını bildirir.
Kiçik çavuş Sevil Əhmədova:
- Fevralın 6-da Türkiyədə baş verən zəlzələdə minlərlə insan həlak olmuşdu. Biz yaralıların köməyinə tələsirdik. Şəhərə çatanda qarşılaşdığımız mənzərədən dəhşətə gəldik. Şəhərdə nə işıq vardı, nə dağılmamış bir bina, nə də insanlar. Ətraf ölü sükuta bürünmüşdü. Dağılmış binaların altından kömək istəyən insanların zəif fəryadı eşidilirdi. Özümüzü itirmədik. Axı biz bura insanlara kömək etmək üçün gəlmişdik. İşimizin məsuliyyətinin fərqindəydik. Günlər sonra yerlə-yeksan olmuş o binaların altından insanların sağ xilas olması möcüzə idi. Həyata qaytardığımız yaralılar xoş sözlərlə bizə yorğunluğumuzu unutdururdu. Orada həkimlərlə yanaşı, tibb bacılarının üzərinə də məsuliyyətli vəzifələr düşürdü. Biz sutka ərzində dayanmadan işləyirdik. İşlər növbəli şəkildə təşkil olunmuşdu. Həkimlərimiz yaralılara tibbi yardım göstərir, onların həyatı uğrunda mübarizə aparırdılar. Xilas etdiyimiz yaralıların minnətdarlığı bizim üçün ən böyük mükafat idi. Bizə bəslənən bütün ümidləri doğrultduq. Köməyinə birinci yetişib, zəlzələ bölgəsini ən sonda tərk etdik. Vətənə döndükdən sonra fəaliyyətimizi yüksək qiymətləndirdiyinə görə Müdafiə Nazirliyinə, Baş Klinik Hospitalın rəhbərliyinə təşəkkürümüzü bildiririk.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

fotolar Namiq PƏNAHOVUNDUR