Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2023 12:22

Bir türbə, iki tarix

Şuşada görkəmli Azərbaycan şairi Molla Pənah Vaqifin abidəsinin açılışı iki dəfə olub - 14 yanvar 1982-ci ildə və 29 avqust 2021-ci ildə...
Tarixi abidə tarixin abidəsidi. Neçə yüz illər əvvəl tikilən, qurulan, yaradılan müdafiə qalaları da abidədi, ömrünü dövlət üçün, dövlətçilik üçün, xalq üçün yaşayanlara qoyulan heykəl də. Qala dövlətə ad edilir, heykəl - dövlətin mənəvi əsgərinə...
Molla Pənah Vaqif şair idi. Azərbaycan şeirinin qüdrətiylə Azərbaycanın gözəlliklərini də tərənnüm edirdi, gözəllərini də, xalqın adət-ənənələrini də. Ədəbiyyatımıza yaşılbaş sona obrazı gətirən, Azərbaycan dilinin incəliklərinə poetik biçim verən, xəlqi ruh baxımından gözəlləmələri Dədə Qorqudun bədii ruhunun davamı olan XIX əsrin böyük şairi Molla Pənah Vaqif həm də böyük ictimai xadim idi. Qarabağ xanı onun siyasi təfəkkürünü dəyərləndirmiş, dövlətinə vəzir dəvət etmişdi...
Ədəbiyyatımıza, mədəniyyətimizə, incəsənətimizə kifayət qədər bələd olan böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olanda həm poetik, həm də siyasi təfəkkürünə rəğbəti olan Molla Pənah Vaqifə 1982-ci ildə Qarabağın həmayılı olan Şuşada heykəl qoydurdu...
 Şuşa şəhərini ilk dəfə böyük tarixi şəxsiyyət Heydər Əliyev abidə-şəhər adlandırıb; abidə-şəhərə dünyəvi sevgi həm də bu tarixi kəlamdan rişələnib...
"Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir". Böyük tarixi şəxsiyyət Heydər Əliyev belə deyirdi.
Tarix XVIII əsrin sonlarını da yaşadır, o illərdə Ağa Məhəmməd şah Qacarın Qarabağa hücumunu da, Şuşanı işğal etməsini də, hakimiyyətə İbrahimxəlil xanın qardaşı oğlu Məhəmməd bəyin gəlməsini də, Vaqifi və oğlu Əli (Əliağa) bəyi edam etdirməsini də (1757-ci il) unutmayıb. Tarix böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycan üçün (deməli, bəşərilik üçün!) gördüyü fəzilətləri də böyük sevgilərlə yaşadır. Əbədiyyən yaşadacaq da!..
Kirs-Daşaltı su kəmərinin genişləndirilməsi, şəhərə qaz çəkilməsi, Milli Musiqi Alətləri Fabrikinin genişləndirilməsi, Xan qızı Natəvanın abidəsinin, Molla Pənah Vaqifin abidə-kompleksinin inşa edilməsi, Mehmandarovların malikanəsinin bərpa olunması, "Yaşıl aptek"in, "Xalça muzeyi"nin təşkili, ... Şuşanı abidələr şəhəri adlandıran böyük tarixi şəxsiyyət Heydər Əliyevin Şuşaya, Şuşanın timsalında Azərbaycana, Azərbaycanın timsalında bəşəriliyə tarixi xidmətlərinin bir hissəsidir.
Azərbaycan SSR Nazirlər Soveti "Şuşa şəhərində tarixi-memarlıq qoruğunun təşkili barəsində" qərarından sonra Şuşada bir çox bərpa işləri görüldü, tarixin daş kitabələrinin üstündən biganəlik pərdəsi götürüldü, onlara yeni nəfəs verildi. "Xan qızı" bulağı, "Gəncə qapısı", "Şor bulaq", "Hacıqulular" memarlıq kompleksi və digər tarixi abidələr bərpa olundu. Və Azərbaycan poeziyasına, Azərbaycan dövlətçiliyinin zaman anlamında dünənlərinə sayğının nəticəsi olaraq şair, siyasətçi Molla Pənah Vaqifə türbə ucaldıldı!..
Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1967-ci ildə tarixinə yaxşı bələd olduğu Şuşada olanda şair kimi, siyasi xadim kimi sevdiyi Vaqifin məzarını ziyarət etmək istədiyini bildirib. Çaşqınlıq yaranıb: Vaqifin məzarının yerini bilmirmişlər. Ən böyük azərbaycanlı olan dahi şəxsiyyət məzarın tapılmasına ciddi göstəriş verib. Görkəmi könül küsdürən dağılmış məzar tapılıb. Az sonra böyük tarixi şəxsiyyətin göstərişi ilə şairin məzarı üstündə türbə tikintisinə başlanılıb. Şuşada Molla Pənah Vaqifin məqbərəsinin yaradılması Ulu Öndər Heydər Əliyevin istəyi idi - böyük şairə, siyasi xadimə ehtiram kimi. Həm də tarixi ehtiram kimi...
Abidə kompleks (türbə) inşa edilmişdi...
Açılışda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də iştirak etmişdi...
Məqbərə kompleksi Cıdır düzünə yaxın bir ərazidə dahi şairin məzarı üstündə inşa olunmuşdu. Dördkünc quruluşa malik idi. Türbə inşa edilərkən relyef, dağlıq massivlə türbənin uyğunlaşdırılması arxitektura baxımından incəliklə nəzərə alınmışdı. Türbənin daxilində şairin heykəltəraş Albert Mustafayevin hazırladığı büstü vardı...
1982-ci il yanvarın 14-də - Şuşada Molla Pənah Vaqifin məqbərəsinin açılışı günü qar yağıb. Təbiət həmin günün səhərində yollara ağ xalımı döşəyirdi? Ağ qarda 185 il əvvəlin bir qəddarlığına tarixin kinayəsiydimi? Göylərin abidə-şəhər olan Şuşaya görə sevincinin ifadəsiydimi? - yağan qar XVIII əsrin sonlarına XX əsrin sonlarının ehtiramına göylərin xeyir-duasıydı. Qar yerə yağırdı, böyük sevgiyə qar yağa bilməzdi!..
Məqbərənin açılışında Üzeyir bəyin "Koroğlu" uvertürası Cıdır düzündən yer üzünə yayıldı...
Açılış mərasimində dahi şəxsiyyətin "Şuşa Azərbaycanın tarix və memarlıq abidəsidir" kəlamı azərbaycançılıq manifesti kimi dinlənilib...
Əli Mahmud Şuşada Vaqif Poeziya Günlərinin təşkil olunmasını xahiş edib. Ulu Öndər bu təklifi dəstəkləyib, İsmayıl Şıxlıya, Mirzə İbrahimova gənclərin bu arzusunu nəzərə almağı tapşırıb, həm də "Mən özüm də gəlib iştirak edəcəyəm", - deyib. Bu tədbir - Vaqif Poeziya Günləri Şuşanın işğalına qədər davam edib...
10 il Azərbaycan şeirinin şəhd-şəkəri Şuşanın möcüzə duruşuna, qüdrət havasına sığal çəkib. Bu gərəkli tədbir hər il avqust ayında Qazaxdan başlayıb Şuşada yekunlaşıb...
Bir bayatıda deyildiyi kimi, "Tikdim ki, izim qala...". Məqbərə tikilmişdi, Cıdır düzünün qənşərində gələnləri ruhən salamlayırdı. Ruhun salamlaşmasının xeyir-duasını ən böyük azərbaycanlı vermişdi. Uca göylər bu ruhi salamlaşmanın aydınlığına bələnmişdi. Qəlbitəmizlər, Azərbaycan poeziyasına bələdlər, bu poeziyanın işığında bəşərilik görənlər tarixi belə bir abidə ilə süsləyən tarixi şəxsiyyəti 10 il məqbərənin qənşərində, sonralar əli çatmadığı, ruhun dolaşdığı abidə-şəhərin xatirələriylə  böyük ehtiramla xatırlayırdı...
Ermənilər dahi tarixi şəxsiyyət Heydər Əliyevdən Kremlə şikayət etmişdilər ki, o, "...Qarabağ xanının vəziri Vaqifə heykəl qoyub". Onda da "yel qayadan heç nə apara bilməmişdi"...
İllər keçdi...
10 il... 11-ci il Azərbaycanda, el demiş, "göy kişnədi, bulud ağladı..."...
Ermənistanın Azərbaycandan ərazi iddiası elan edilmədən başlayan müharibəyə səbəb oldu. Havadarlarına ümid olan Ermənistanın işğalçılıq niyyətində olduğunu görənlər görürdü, sözüötkünlər buna məhəl qoymurdular. Nəyə görə? Niyə? - bəlli olsa da, etiraf edilmirdi...
Azərbaycanda genişlənən milli mübarizə hərəkatı həm dövlətçiliyin bərpası üçün imperiya ilə mübarizə aparırdı, həm də imperiyanın siyasi və hərbi dəstəyindən bəhrələnən Ermənistanla döyüşürdü...
1992-ci il mayın 8-də Şuşa şəhəri işğal olundu...
Ermənilər işğal etdikləri ərazilərdə binaları sökmüşdülər. Dağıtmışdılar; işğal olunmuş kəndlərdə, şəhərlərdə "daş üstə daş" qalmamışdı. Tarixi abidələr məhv edilmişdi. Şuşada Molla Pənah Vaqifin abidə-kompleksi də dağıdılmışdı...
İkinci Qarabağ müharibəsi Zəfərlə başa çatdı, Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etdi. Müharibə Şuşanın işğaldan azad olunması ilə sonlandı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu döyüşlər haqqında qürurla belə dedi: "Həmin günlərdə Azərbaycan əsgəri Şuşaya doğru irəliləyirdi. Sıx meşələrlə, dağlarla irəliləyən ordumuz bu yolda qəhrəmanlıq nümunələri göstərdi. Düşmənin heç vaxt ağlına belə gəlməzdi ki, Azərbaycan əsgəri dağlardan, dərələrdən, sıldırım qayalardan dırmaşıb keçərək Şuşaya çata bilər. Lakin ordumuz mümkünsüz görünən bu işləri reallığa çevirdi". Zəfərdən sonra üçtərəfli bəyanat imzalandı...
Şuşada da quruculuq işləri başladı...
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2021-ci il yanvarın 14-də (tarix həmin gün 39 il əvvəlin 14 yanvarını böyük ehtiramlarla xatırladı...) Şuşaya səfərində Molla Pənah Vaqifin abidəsini də ziyarət etmişdi; dağıdılmış abidə 39 il əvvəlki görkəmi ilə yaddaşlarda sədaqətlə yaşadılırdı. Dövlət başçısı böyük tarixi şəxsiyyətin istəyiylə yaradılmış abidə-kompleksə yeni ömür verilməsini - onun əvvəlki formatında və formasında yenidən inşa edilməsini tapşırmışdı. Azərbaycançılığa, Azərbaycan naminə yaşanılmış tarixi şəxsiyyət ömrünə sədaqət kimi!
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin zaman anlamında tarixin dünənlərini xatırlaması da, bu xatırlamanın tarixə də, tarixi şəxsiyyətlərə də ehtiram kimi dinlənildi: "Təxminən 40 il bundan əvvəl, bax, bu yerdə atam durmuşdu, mən isə o tərəfdə durmuşdum. Şaxtalı-qarlı havada Vaqifin məqbərəsinin açılışı idi. Ondan sonra ikinci dəfə 1982-ci ilin iyul ayında - iyulun 29-da atamla bərabər ikinci dəfə Şuşaya gəlmişdim. O vaxt Vaqif Poeziya Günləri keçirilirdi. Bu gün isə ikinci dəfə Vaqifin məqbərəsinin açılışını biz qeyd edirik. Vaqif Poeziya Günləri keçirilərkən atamın 59 yaşı var idi. Bu gün mənim 59 yaşım var. Bəziləri hesab edə bilər ki, bu, təsadüfdür. Ancaq mən hesab edirəm ki, burada böyük rəmzi məna var, tarix təkrarlanır. Azərbaycan tarixinin qara səhifəsi artıq arxada qaldı..."...
Molla Pənah Vaqifin məqbərəsi əvvəlki məqbərənin eynidir; böyük tarixi şəxsiyyət Heydər Əliyevin 1982-ci ildə inşa etdirdiyinin eynini 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yenidən inşa etdirdi.
Zəfərdən sonra yenidən inşa edilmiş bu məqbərədə olanda ruhumu qəribə bir kövrəklik bürüdü. Məqbərədə salonun ortasında quraşdırılmış sanduqənin ayaq tərəfində dayanıb ruhən böyük şairə "Cahan mülkündə gördüyün bu doğru halət sənin ruhuna ehtiramdı, şair...", - pıçıldadım. "29 il sənə ad olmuş abidənin göylərində durnalar qanad saxlamayıb, şair. Müqəddəsliyə yad nəfəsi dəydiyini duyublar, yadların törətdiklərini görüblər, bir vaxtlar sənin Vidadiyə dediklərini bu qəddarlığı törədənlərə ünvanlayıblar: "Yarü yoldaşını öldürən fələk, Məgər səni beylə qoyar, ağlarsan...". İkinci Qarabağ müharibəsi işğalçılara ad elədiyimiz bu misraları gerçəkləşdirdi. Mənə elə gəlirdi ki, böyük şairin ruhu az qala iki əsr əvvəl Vidadiyə dediyi "İbrət et Ağa Məhəmməd xandan, ey kəmtər gəda" beytini "Nə Qarabağ adını çək, nə Azərbaycana bax!" misrası ilə tamamlayır. Gümanım şairə də, Şuşada yenidən ömür verilən abidə-kompleksə də, bu kompleksə ad olan iki tarixə də azərbaycançılıq duasıdı...
Vaqif Poeziya Günlərində iştirak etsəm, elə bu adla bir şeir oxuyacam: Bir türbə, iki tarix...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"