Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Aprel 2023 12:22

Güclü və modern Azərbaycan Ordusu Ulu Öndər Heydər Əliyev siyasətinin nəticəsidir

2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur.
Müstəqil Azərbaycanın memarı və qurucusu sayılan Heydər Əliyevin əziz xatirəsi xalqımız tərəfindən hər zaman ehtiramla yad edilir. Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycan dövləti və xalqı qarşısında misilsiz xidmətləri daim hörmətlə xatırlanır, zəngin irsinin gələcək nəsillərə çatdırılması üçün mühüm tədbirlər həyata keçirilir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamına əsasən 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi bu istiqamətdə görülən işlərdəndir.
Müdafiə Nazirliyi Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi rəisinin vəzifəsini icra edən Vətən müharibəsi iştirakçısı polkovnik Elşad Əbilov qəzetimizə müsahibə verərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycan Ordusunun yaradılması və inkişafı istiqamətində atdığı addımlardan danışıb.
- Cənab polkovnik, bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd olunur. İstərdik ki, Ulu Öndərin Azərbaycan tarixində rolu, ölkəmizin və ordumuzun inkişafı istiqamətindəki xidmətləri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsinin əhəmiyyəti barədə fikirlərinizi bildirəsiniz...
- Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində yeri və rolu daim xatırlanacaq. Çünki Ümummilli Liderin Azərbaycan xalqı qarşısında xidmətləri danışdıqca bitməyəcək bir ümmandır. Ulu Öndərin fəaliyyəti Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyətdir. Bütün sahələrdə olduğu kimi, Azərbaycan Ordusunun yaradılması və inkişafı istiqamətində də mühüm işlər görüb. Belə ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin müstəqil dövlətimizin əsaslarını yaratmaq konsepsiyasının tərkib hissələrindən biri də məhz milli hərbi kadrların yetişdirilməsi üçün hərbi təhsilin yüksək səviyyədə qurulmasından ibarət idi. O, bu konsepsiyanın həyata keçirilməsinə hələ XX əsrin 70-ci illərindən başlamışdı. 1971-ci ildə Azərbaycan KP MK hərbi təmayüllü internat məktəbinin yaradılması haqqında qərar verəndə, bu, rəsmi Moskvanın ciddi narazılığına səbəb oldu. Dəfələrlə Azərbaycana komissiyalar göndərildi. Onların tələbi bu idi ki, əgər siz gəncləri hərbi təhsilə cəlb etmək istəyirsinizsə, onları Suvorov adına, Naximov adına məktəblərə göndərin. Lakin Heydər Əliyev öz qərarından dönmür və Moskvanı inandırmağa çalışırdı ki, bu məktəb nə Naximov, nə də Suvorov məktəbi deyil. Orta ümumtəhsil məktəbi olmaqla yanaşı, gəncləri ali hərbi məktəblərə hazırlayan təhsil ocağıdır.
1971-ci ildə Cəmşid Naxçıvanski adına hərbi təmayüllü məktəbin təsis edilməsi bu problemin həlli yolunda ciddi addım oldu. 1973-cü ildə ona ümumrespublika məktəbi statusu verildi. Beləliklə, sovet inzibati-amirlik sisteminin hökm sürdüyü bir vaxtda bütün çətinliklərə və təzyiqlərə baxmayaraq Heydər Əliyev keçmiş sovet respublikalarında analoqu olmayan hərbi təmayüllü məktəbin əsasını qoydu.
Sərəncama gəldikdə isə, düşünürəm ki, 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi haqqında Sərəncam Ulu Öndərin şəxsiyyətinə, onun tarixi xidmətlərinə yeni dəyərlər əsasında verilən qiymətdir. Sərəncamda qeyd edildiyi kimi, Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Ulu Öndər Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur. Azərbaycan Respublikasında 2023-cü ilin "Heydər Əliyev İli" elan edilməsi cəmiyyətin bütün təbəqələrində olduğu kimi, Azərbaycan Ordusunda da sevinclə qarşılanır, dünya miqyaslı siyasi və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirilir.
- Cənab polkovnik, bildiyimiz kimi siz də C.Naxçıvanski adına Hərbi Liseyin məzunusunuz. Kursant olduğunuz illərdə Ulu Öndər Heydər Əliyev hərbi təhsil ocağına gələrək sizlərlə görüşüb. Şübhəsiz ki, sizin də Ümummilli Liderlə bağlı xatirələriniz var. Həmin günü necə xatırlayırsınız?
- Bəli, 1983-1986-cı illərdə C.Naxçıvanski adına Hərbi Liseydə təhsil almışam. Həmin illərdə Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışmasına, işinin çoxluğuna baxmayaraq Azərbaycana gələn kimi ilk növbədə liseyə gəlir, bizimlə görüşlər keçirirdi. Təbii ki, Heydər Əliyevin bizimlə səmimi söhbəti hər birimizin yaddaşına əbədi həkk olunub və bu görüşlərin zabit kimi formalaşmağımızda böyük əhəmiyyəti var. Çünki həmin illərdə Ulu Öndəri general kimi, hərbçi kimi tanıyırdıq. Hər birimiz ona oxşamağa çalışırdıq. Həmçinin  görüşlərə Sovet İttifaqının ən görkəmli generallarını, marşallarını, admirallarını dəvət edirdi. Arzulayırdı ki, biz də gələcəkdə general, marşal, admiral olaq və Azərbaycanın müdafiəsini təmin edənlərdən olaq. Düşünürəm ki, Ulu Öndərin arzuları gerçəkləşib. C.Naxçıvanski adına Hərbi Liseyin yetirmələri həm Birinci Qarabağ müharibəsində, həm də 44 günlük Vətən müharibəsində böyük şücaətlər göstəriblər. Liseyin məzunlarından onlarla general, admiral, Azərbaycanın Milli Qəhrəmanı və Vətən Müharibəsi Qəhrəmanı var. Bir sözlə, biz hamımız fəxr edirik ki, Ümummilli Liderin əsasını qoyduğu məktəbin məzunlarıyıq.
- Qeyd etdiniz ki, Ulu Öndər Heydər Əliyevin sizlərlə səmimi söhbət etməsi zabit kimi formalaşmağınıza təsir edib. Bəs Ümummilli Liderin sizlərlə söhbəti mənəvi-psixoloji vəziyyətinizə hansı səviyyədə təsir göstərirdi?
- Biz, birinci növbədə Əbədiyaşar Komandandan vətənpərvərliyi öyrəndik. Onun Vətəninə, torpağına bağlılığı, xalqını sevməyi, və həyata keçirdiyi fəaliyyətlər hər birimizə nümunə idi. Heydər Əliyev dühasını örnək almağımız, onun Vətən sevgisindən ilhamlanmağımız zabit kimi, komandir kimi, döyüşçü kimi formalaşmağımızda çox böyük rol oynadı. O vaxtı yeniyetmə idik və hamımız çalışırdıq ki, Heydər Əliyevin hər bir sözünü, hər bir kəlməsini yadımızda saxlayaq və onu gələcək fəaliyyətimizdə tətbiq edək. Biz onu rəhbər kimi sevirdik və hamımız ona oxşamağa çalışırdıq. Hərbi liseydə də, Ali Hərbi Məktəbdə də təhsil alarkən üzərimizdə ilahi bir qüvvəni, Heydər Əliyev qüvvəsini həmişə hiss edirdik və bu qüvvə bizi daima irəliyə aparırdı. Çünki Ümummilli Liderin bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət idi.
Ulu Öndər Heydər Əliyevin zəngin irsinin öyrənilməsi, gələcək nəsillərə və Azərbaycan Ordusunun şəxsi heyətinə ötürülməsi bilavasitə dövlətimizin gələcəyi üçün önəmlidir.
Heydər Əliyevin xalqa xidməti anlayışı kifayət qədər tutumlu olduğundan onun dərindən tədqiqinə ehtiyac var. Həyatımızın elə bir sahəsi yoxdur ki, Ulu Öndərin rəhbərliyi illərində inkişafa nail olunmasın. Həm də bu inkişaf sadəcə olaraq prosesin adi axarının təzahürü formasında deyil, bir qayda olaraq, əhəmiyyətli keyfiyyət dəyişiklikləri ilə müşayiət olunan sıçrayış xarakterli yeniləşmə formasında özünü büruzə verir. Bu baxımdan, hər birimizin bu zəngin irsi öyrənmək vəzifə borcumuz olmaqla yanaşı, onu gənc nəsillərə aşılamaq da vacib şərtlərdəndir. Hesab edirəm ki, bu istiqamətdə sistemli iş aparılır.
- "Heydər Əliyev İli" ərəfəsində bu irsin çatdırılması istiqamətində orduda hansı işlər görülür?
- "Heydər Əliyev İli" ərzində görüləcək tədbirlər planı Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov tərəfindən təsdiq olunub. Plana əsasən mütəmadi olaraq kütləvi, bədii və hərbi vətənpərvərlik tədbirləri keçiririk. Demək olar ki, ötən 4 ay ərzində baş tutan tədbirlərdə Ulu Öndərin həyat və fəaliyyəti, Azərbaycana rəhbərlik etdiyi illərin tarixin ən intensiv mərhələsi kimi yadda qalması, azərbaycançılıq ideologiyasının banisi olması şəxsi heyətə çatdırılıb. Təbii ki, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında olan bütün xidmətlərinin hamısını çatdırmaq mümkün deyil. Çünki Ümummilli Liderin həyatı, irsi böyük bir məktəbdir və bunu tam şəkildə çatdırmaq üçün uzun illər lazımdı. Onu da qeyd edim ki, keçirilən tədbirlərlə kifayətlənmirik. Bildiyiniz kimi, Azərbaycan Ordusunun zabit heyəti ilə "Heydər Əliyev irsini öyrənirik" məşğələləri keçirilir. Bu məşğələlərdə zabitlərə Azərbaycanın inkişaf konsepsiyasının Heydər Əliyev irsi ilə bağlılığını əhatəli şəkildə qavramağın ən etibarlı üsulunun onun xalq qarşısındakı xidmətlərinə nəzər salmaq olduğu vurğulanır. Zabitlər də öz növbəsində öyrəndiklərini, ictimai-siyasi hazırlıq dərslərində əsgərlərə çatdırırlar.
- İki ildən artıqdır ki, Azərbaycan öz zəfər tarixini yaşayır. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində torpaqlarımızı işğaldan azad etdi. Cənab Prezident Şuşa azad olunduqdan sonra dedi: "Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim". Bu vəsiyyət Ulu Öndər tərəfindən qoyulan Ali Baş Komandan tərəfindən uğurla yerinə yetirilən vəsiyyət idi. Vətən müharibəsinin iştirakçısı kimi əsası Ümummilli Lider tərəfindən qoyulan Azərbaycan Ordusunun inkişafını və tərəqqisini necə qiymətləndirirsiniz?
- Bilirsiniz ki, Heydər Əliyev bütün hakimiyyəti dövründə Azərbaycan ərazilərinin işğaldan azad olunması istiqamətində dinamik fəaliyyət göstərirdi. Keçirdiyi görüşlərdə, etdiyi səfərlərdə daima Azərbaycanın haqlı mövqeyini ortaya qoyurdu. Bir çox təzyiqlərə baxmayaraq bir addım da geri çəkilmir, Qarabağın işğaldan azad edilməsinə, Azərbaycanın suveren hüququnun təmin olunmasına çalışırdı. Ulu Öndər siyasətinin layiqli davamçısı Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun güclənməsi və qarşıda duran tapşırıqları yerinə yetirməsi görülən planlı işin nəticəsi oldu. Belə ki, 2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında və İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu qısa müddət ərzində qarşıya qoyulan tapşırıqları yerinə yetirərək düşməni məğlubiyyətə uğratdı. 44 günlük Vətən müharibəsinin iştirakçısı kimi onu da deyə bilərəm ki, şəxsi heyət yüksək mənəvi-psixoloji vəziyyətdə döyüşlərə atıldı. 30 ilə yaxın həsrətə son qoymaq üçün şücaət göstərdi. Xüsusi olaraq qeyd edim ki, hər bir zabit və əsgər müharibəyə böyük ruh yüksəkliyi ilə gedirdi. Bilirdi ki, savaşımız haqq savaşıdı. Nəticədə bütün qoşun növləri və birləşmələr müqəddəs tapşırığın öhdəsindən layiqincə gəldi. Azərbaycan Ordusu Böyük Qələbəyə imza atdı. Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu Ümummilli Liderin vəsiyyətini yerinə yetirdi.
- Qeyd etdiniz ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Ali Baş Komandan İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. İstər döyüş meydanında, istər də siyasi arenada ölkəmiz yeni nailiyyətlərə imza atır. Azərbaycanın indiki reallıqlarını və perspektivini necə qiymətləndirirsiniz?
- Perspektivə gəlincə, indiki dövrün olduqca mürəkkəb olduğunu qeyd etmək istəyirəm. Bu günlər dünyada müxtəlif proseslər baş verir. Toqquşmalar, müharibələr, terror hadisələri günümüzün reallığıdır. Ali Baş Komandanın siyasi fəaliyyəti isə göz qabağındadır. Keçirilən görüşlər, edilən xarici səfərlər, Azərbaycan-Türkiyə qardaşlığının daha da möhkəmlənməsi onu göstərir ki, ölkəmiz siyasi arenada xüsusi nüfuza malikdir. Həmçinin arsenalımıza daxil edilən yeni silahlar, keçirilən müxtəlifmiqyaslı təlimlər ordumuzun gücləndirilməsinə yönələn əsaslı fəaliyyət planıdır. Bu planın əsası isə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulub. Dövlətçilik salnaməmizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömrü boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ulu Öndər Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir. Xalqımız onun əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla anır, yenidən hakimiyyətə gəldiyi günü - 15 iyun tarixini Azərbaycan Respublikasının dövlət bayramı - Milli Qurtuluş Günü kimi qeyd edir. Fəxarət hissi ilə qeyd etmək lazımdır ki, Ulu Öndər Heydər Əliyev hər bir azərbaycanlının qəlbində bir abidə ucaldıb və bu abidənin adı müasir müstəqil Azərbaycan dövlətidir. Müstəqil Azərbaycan dövləti Ulu Öndər Heydər Əliyevin indiki və gələcək nəsillərə əmanəti, onun zəngin və çoxşaxəli irsi isə xalqımızın milli sərvətidir. Bu müqəddəs mirası qoruyub saxlamaq hər bir azərbaycanlının şərəfli vəzifəsidir.
- Maraqlı müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı: Ceyhun CƏFƏRLİ "Azərbaycan Ordusu"