Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun ad günü münasibətilə tədbirlər keçirilib.
Aprelin 25-də Müdafiə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Şuşa və Nərimanov rayon icra hakimiyyətlərinin rəsmiləri, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması, “Veteran Tankçılar” İctimai Birliyi və ictimaiyyət nümayəndələri Birinci Şəhidlər xiyabanında əvvəlcə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun məzarını ziyarət edərək önünə əlvan qərənfillər düzüblər.
Xalqımızın qəhrəman oğlu Həzi Aslanov haqqında bir neçə kitabın müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani çıxış edərək bildirib ki, Milli Qəhrəmanın ad günündə ilk olaraq Həzi Aslanovun məzarını ziyarət etməyimiz heç də təsadüfi deyil.
Ulu Öndər Heydər Əliyev Həzi Aslanovun xidmətlərini həmişə yüksək qiymətləndirib. Heydər Əliyevə görə Həzi Aslanov İkinci Dünya müharibəsində mərdliklə döyüşən, vuruşan Azərbaycan xalqının nümayəndələrindən ən görkəmlisidir. O, bu döyüşlərdə həlak olmuş, ancaq öz vətəndaşlıq borcunu yerinə yetirmiş, Azərbaycan xalqının hansı yüksək mənəvi keyfiyyətlərə malik olduğunu dünyaya nümayiş etdirmişdir.
Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsindən 10 ay öncə Azərbaycan Prezidenti İlham Əliyevin Həzi Aslanovun 110 illiyinin qeyd olunması haqqında Sərəncamı da təsadüfi deyildir. Bu, hər bir Azərbaycan əsgərini torpaqlarımızı işğaldan azad etməyə ciddi hazırlaşmasına, hərbi əməliyyatlarda döyüşçülərin ata-babalarımızın qəhrəmanlıq ənənələrini davam etdirməsinə hər zaman hazır olmağa bir işarə idi.
Sərəncamda qeyd edildiyi kimi, Həzi Aslanovun göstərdiyi misilsiz şücaət və başçılıq etdiyi tank alayının müstəsna rəşadəti torpaqlarımızın işğaldan azad edilməsinə hər an hazır olan Azərbaycan Ordusunun bütün şəxsi heyəti üçün əsl qəhrəmanlıq nümunəsidir.
Yeni yaranmaqda olan Azərbaycan Ordusunun ilk tankçıları, eləcə də Albert Aqarunov burada şəhidlərimizin, o cümlədən Həzi Aslanovun məzarı önündə and içərək müqəddəs savaşlara yollanmış və Qarabağ uğrunda döyüşlərdə qəhrəmanlıq zirvəsinə ucalmışlar.
Vətən müharibəsinin ilk günündə tankçılarımız “Hər birimiz Həziyik, hər bir əmrə hazırıq!” şüarı altında döyüş meydanlarına atılmışlar.
Albert Aqarunov, Şövqiyar Abdullayev, Əsəd Əhmədov “Azərbaycanın Milli Qəhrəmanı”, Amid Heydərov və Elçin Abdullayev “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adına, onlarla tankçımız isə müxtəlif döyüş orden və medallarına layiq görülmüşlər.
Milli Qəhrəman Albert Aqarunovun məzarı önünə güllər düzülüb, xatirəsi ehtiramla yad edilib. Din xadimləri şəhidlərin ruhuna dualar oxuyub, ziyarətçi veteranlar xatirələrini söyləyiblər.
Qeyd edilib ki, Azərbaycan tolerant ölkədir. Burada yaşayan bütün xalqların nümayəndələri Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda bir yerdə düşmənə qarşı mərdliklə vuruşub və bu gün də Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında səylərini əsirgəmirlər. Albert Aqarunov yəhudi əsilli idi. Ancaq o, azərbaycanlı idi, Azərbaycan vətəndaşı idi. Azərbaycanlı olması ilə həmişə fəxr etmişdir. Ölümündən sonra da Milli Qəhrəmanımız yəhudi xalqı ilə dostluq və qardaşlığımızın daha da möhkəmləndirilməsinin rəmzinə çevrilmişdir.
Milli Qəhrəmanın Nərimanov rayonunda ucaldılan möhtəşəm abidəsi qarşısına Müdafiə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcması və “Veteran Tankçılar” İctimai Birliyi adından əklillər və çələng qoyulub. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni ifa olunub.
Polkovnik Abdulla Qurbani ziyarətçiləri salamlayaraq qeyd edib ki, İsrail Dövlətinin müstəqilliyinin 75-ci ildönümü münasibətlə Azərbaycan Prezidenti cənab İlham Əliyev bu gün İsrail Dövlətinin Prezidenti Zati-aliləri cənab İsxak Hersoqa təbrik ünvanlayıb. Həmin təbrikdə qeyd olunur ki, Azərbaycan-İsrail əlaqələrinin daim yüksələn xətlə inkişaf edərək bugünkü səviyyəyə çatması məmnunluq doğurur. Bunun təməlində xalqlarımızı birləşdirən çoxəsrlik möhkəm dostluq və qarşılıqlı rəğbət hissləri dayanır.
Prezident İlham Əliyev inandığını bildirir ki, xalqlarımızın və ölkələrimizin mənafelərinə uyğun olaraq Azərbaycan-İsrail dostluğu və əməkdaşlığının böyük potensialından daha dolğun istifadə etmək üçün qarşılıqlı səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Milli Qəhrəmanın həyat və döyüş yolu haqqında məlumat verilərək qeyd olunub ki, Albert Aqarunov 1969-cu il aprel ayının 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonundakı 154 saylı orta məktəbin 8-ci sinfini bitirib. Texniki-Peşə məktəbində sürücü-mexanik peşəsinə yiyələnib. Gürcüstanın Axalkalaki rayonunda xidmətdə olarkən tankçı kimi vəzifələrinin öhdəsindən layiqincə gəlib. Ordudan tərxis olunduqdan sonra bir müddət Suraxanı maşınqayırma zavodunda çalışıb.
1991-ci ildə könüllü olaraq Azərbaycan Ordusunda yeni yaranmaqda olan Əlahiddə Tank taboruna daxil olub. Xankəndi, Şuşa, Daşaltı, Cəmilli istiqamətlərində erməni təcavüzkarlarına qarşı mərdliklə vuruşub. Düşmənə canlı qüvvə və texnika sarıdan xeyli itkilər verib.
1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda düşmənə dağıdıcı və sarsıdıcı zərbələr endirməsinə baxmayaraq, igid tankçımız canından çox sevdiyi doğma Vətən torpağı uğrunda şəhidlik zirvəsinə ucalıb.
Vətən müharibəsində xalqımızın birliyi, həmrəyliyi, dövlətimizin iqtisadi gücü, rəşadətli ordumuzun igid döyüşçülərinin şücaəti və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərkərdə məharəti, qətiyyəti, hücum diplomatiyası sayəsində qazandığımız möhtəşəm qələbə ilə həm Birinci, həm də İkinci Qarabağ müharibəsində şəhid olan Vətən övladlarının ruhlarını şad etdik. Onların qanı yerdə qalmadı. Onların intiqamı döyüş meydanında alındı. Nə qədər Azərbaycan var, qədirbilən xalqımız var, rəşadətli Azərbaycan Ordusunun igid döyüşçüləri var şəhidlərimizin, o cümlədən Albert Aqarunov kimi Milli Qəhrəmanlarımızın xatirəsi əbədi yaşayacaqdır.
Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov, Bakı şəhəri Dağ Yəhudiləri Dini İcmasının sədri Milix Yevdayev, “Veteran Tankçılar” İctimai Birliyinin sədri Hacı Əzimov, Nərimanov rayon İcra Hakimiyyəti başçısının müavini Novruz Nəcəfov, Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Səlhət Abbasova, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov və başqaları çıxış edərək Ulu Öndərdən miras azərbaycançılıq məfkurəsindən danışıb, respublikamızda yaşayan bütün xalqların Azərbaycan naminə Müzəffər Ali Baş Komandanın əmrlərinə hər an hazır olduqlarını bəyan edib, şəhidlərin adlarının əbədiləşdirilməsi, ailələrinə göstərilən dövlət qayğısına və diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları hərbi orkestrin ifa etdiyi “Qələbə marşı”nın sədaları altında Milli Qəhrəman Albert Aqarunovun ad günü münasibətilə keçirilən vətənpərvərlik tədbirindən ayrılıblar.