Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

19 Aprel 2023 15:38

Həkimlik anddır, vicdandır, müqəddəsdir

Yaşı cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar.
Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir.
Azərbaycan Ordusunda yüksək ixtisaslı, qayğıkeş həkimlərimizin bacarığı və çalışqanlığı sayəsində hərbçilərimiz sağlam şəkildə xidmət edirlər. Vətən müharibəsində hərbçilərimizlə yanaşı, tibb işçiləri də Hərbi anda, dövlətə, peşələrinə sədaqət nümayiş etdirdilər. Cəbhələrdə döyüşənlərin sağlamlığını qorumağın da mahiyyəti döyüş idi. İkinci Qarabağ müharibəsində həkimlərimiz həm ön, həm də arxa cəbhədə cəsarət, misilsiz dəyanət və humanizm nümayiş etdirdilər. Yüzlərlə yaralı hərbçilərimizi həyata qaytaran həkimlər sırasında Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının zabiti tibb xidməti mayoru Azər Əhliman oğlu Əliyev də vardı.
O, 20 yanvar 1989-cu ildə  Almaniya Demokratik (indiki AFR) Respublikasının Maqdeburq şəhərində anadan olub. Həkimlik peşəsinə marağı uşaq yaşlarından yaranıb. A.Əliyevin atası da hərbi həkim olub. Əhliman Əliyev daim fəxrlə daşıdığı hər iki peşədən qürurla söz açıb. Dəfələrlə atasına yaxınlaşıb minnətdarlıq edən, sağlamlıqlarına görə ona borclu olduqlarını deyən əsgərlərin, zabitlərin gözlərindəki sevgi bir yeniyetmənin peşə seçiminə təsirsiz ötüşməyib. Azər 2005-ci ildə Azərbaycan Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul olub. Vətənimizin ağır günlərində bütün vətənpərvər zabitlər kimi yeni yaranan Azərbaycan Ordusunda xidmətini davam etdirən tibb xidməti polkovnik-leytenantı Əhliman Əliyev dünyasını dəyişdikdən sonra Azər atasının yolunu davam etdirmək üçün hərbi həkim olmağı qərara alıb. Bu məqsədlə 2009-cu ildə təhsilini hərbi tibb fakültəsində davam etdirib. 2011-ci ildə ümumi cərrah ixtisaslı tibb xidməti leytenantı kimi ön xətdəki hərbi hissələrdən birində xidmətə başlayıb. 2012-2017-ci illərdə rezidenturada təhsil aldıqdan sonra Hərbi Tibb Fakültəsinin hərbi cərrahiyyə kafedrasında müəllim, 2020-ci ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının cərrahiyyə bölməsinin rəisi olan Azər Əliyev 2022-ci ildən poliklinika rəisinin tibbi hissə üzrə müavini vəzifəsində xidmətdədir.
Tibb  xidməti mayoru Azər Əliyev deyir ki, həkim öz işinə ürəkdən bağlı olmalı, peşəsinin vacibliyini, ciddiliyini dərk edərək çətinliklərdən, təhlükələrdən qorxmayaraq bütün həyatını insanların sağlamlığına həsr etməyi bacarmalıdır.  "Bunlarla yanaşı, həm də öyrənməyə və özünü inkişaf etdirməyə çalışmalı, Vətəninə, xalqına məsuliyyətlə xidmət etməyi qarşısına məqsəd qoymalıdır".
2016-cı il Aprel döyüşlərində Azər həkim Tapqaraqoyunlu istiqamətində yaradılan səhra hospitalında cərrahi əməliyyatlarda iştirak edib. O, səsində hiss edilməsi çətin olmayan qürurla dedi ki, Aprel döyüşləri tariximizə Böyük Zəfərin başlanğıcı kimi həkk olunub. Bu döyüşlər Azərbaycan Ordusunun qalib ordu olacağına, torpaqlarımızı işğaldan azad edəcəyinə əminlik döyüşləri idi. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Bu döyüşlərdə Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, şəxsi heyətin peşəkarlığı və yüksək döyüş hazırlığı ilə yanaşı, hərbi səhiyyənin yüksək səviyyədə olduğunu da gördük. Biz göstərdik ki, Azərbaycanın hərbi səhiyyəsi nəinki bölgədə, hətta dünya miqyasında ən güclü səhiyyələr sırasındadır və itkilərin qarşısını maksimum səviyyədə almağa hazırdır.
Aprel döyüşlərini duyğusallıqla xatırlayan müsahibim unuda bilmədiyi bir yaralıdan söz açdı: "Apreldə tərxis olunmalı idi. Hər iki ayağı travmatik amputasiya olundu. Onun döyüşlərə qayıtmaq istəyini bu gün də unuda bilmirəm".   
Vətən müharibəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücünü, Ali Baş Komandanın sərkərdəlik qüdrətini bütün dünyaya nümayiş etdirdi.
Tibb xidməti mayoru Azər Əliyev vurğuladı ki, "Dəmir yumruq" əməliyyatı Azərbaycan Ordusunun tibbi təminatının yüksək səviyyədə olduğunu da, Azərbaycan həkiminin fədakarlığını da təsdiqlədi. "Vətən müharibəsində Tibb İdarəsinin rəhbərliyi hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən təşkil etmişdi. Sentyabrın 27-də döyüş əməliyyatları gedən bölgəyə yaxın ərazidə fəaliyyət göstərən hospitala ezam olundum. Müharibədə, döyüşdə yaralanmalar danılmazdır. Vətən müharibəsinin getdiyi o günlərdə ağır tibbi əməliyyatlar həyata keçirir, yaralıların qısa müddətdə müalicə olunub sağlamlıqlarına qovuşmaları üçün əlimizdən gələni əsirgəmirdik".
Azər həkim oktyabrın 12-dək “N” saylı hospitalda Azərbaycan əsgərinin sağlamlığının keşiyində durub. Daha sonra Talış və Suqovuşan istiqamətində yaradılan səhra hospitalında yaralılarımızın həyatını xilas edib.
“Ən çox hansı əməliyyatları icra edirdiniz?” sualına cavab olaraq A.Əliyev bildirdi ki, Vətən müharibəsində ermənilər daha çox minaatanlardan istifadə etdiklərindən qəlpə yaralanmaları daha çox idi. Adətən, aşağı-yuxarı ətraflar, qarın-döş boşluğu və açıq kəllə-beyin travmalarını əməliyyat edirdik. Güllə yaralanmalarını çox az müşahidə elədik.
Azər həkim deyir ki, müharibə cərrahiyyəsiylə sülh cərrahiyyəsi fərqlidi. Müharibə cərrahiyyəsində xəstənin həyatını qurtarmaq üçün əməliyyatlar olunur. Burada bərpaedici əməliyyatdan söhbət gedə bilməz. Müharibədə cərrahın əsas məqsədi yaralının həyatını xilas etmək, ölməyə qoymamaqdır. Yaralını döyüş zonasından çıxarana, təxliyə edənə qədər müəyyən zaman ötür. Amputasiya qərarını vermək çox böyük məsuliyyət tələb edir. Əzələlərin yaşama müddəti, aşağı ətraflarda qış-yay dönəmi  məsələsi var. İki saatdan artıq əzələ qansız qalıbsa, o əzələnin geri qayıtma şansı yoxdur. Sən onu saxlasan belə o çürüyəcək. Bu halda sən xəstəyə daha çox ziyan vurmuş olacaqsan...
Vətən müharibəsində həkimlərimiz döyüş meydanında - atəş altında yaralılara yardım göstərirdilər. Bu da Vətən müharibəsi dövründə tibb işçilərinin döyüşü idi - yaralıların həyatı uğrunda aparılan döyüş. Öyrəndim ki, Azər həkim Vətən müharibəsində şəxsən 80-dən çox qarın boşluğu, 34 döş boşluğu, 20-dən çox açıq kəllə-beyin əməliyyatı həyata keçirib.
Ağır döyüşlərin getdiyi o günlərdə həkimlərimiz əməliyyatlar apararaq, yaralıların qısa müddətdə xidmətə qayıtmaları üçün əllərindən gələni edirdilər. Baxışları uzaqlara dikilən tibb xidməti mayoru onu da qeyd etdi ki, müharibənin heç bir anını unutmaq mümkün deyil. O günlər hamının ürəyi Vətən üçün döyünürdü. Oktyabrın 5-də və 6-da hərbi hospital düşmən tərəfindən artilleriya atəşinə tutuldu. Həmin anlarda biz cərrahiyyə əməliyyatı aparırdıq. Göstərişə əsasən, hamı hospitalın zirzəmisindəki sığınacağa düşdü. Lakin əməliyyat qrupundan heç kim sığınacağa düşmədi. Əməliyyat davam etdirildi...
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: "Səhiyyə sahəsində çalışan, öz həyatlarını tibb xidmətinə həsr edən insanlar çox şərəfli adamlardır".
Ölkə daxilində və xaricində  iştirak etdiyi konfrans və simpoziumların  onların peşə hazırlığının daha da yüksəlməsinə zəmin yaratmasından, həkimlik sənətinin daim öyrənməyi, təkmilləşməyi və müasir üsullar axtarmağı tələb edən bir sahə olmasından söz açan A.Əliyevin otağındakı diplomlar, fəxri fərmanlar, Gülhanə Hərbi Tibb Akademiyasında uğurla başa vurduğu kursların sertifikatları dediklərinin təsdiqi idi.
Söhbətimiz zamanı müraciət edən xəstələrə mehriban, səmimi davranışı diqqətimdən yayınmadı, onların dərin hörmətini qazandığını hiss etdim. Demək istərdim ki, hər kəs öz peşəsinin mütəxəssisi olmalıdır. Hərbi poliklinikada eşitdiklərimə və müşahidələrimə əsaslanaraq deyə bilərəm ki, müsahibim həkimə xas bütün insani keyfiyyətlərə malik mütəxəssisdir.   
Qalib ordunun həkim zabiti olmağı ilə qürurlanan Azər Əliyev yaşadığı hissləri sözlərlə ifadə etməyin çox çətin olduğunu bildirərək dedi ki, insan həyatı üçün məsuliyyət daşımağa hazır olan həkimlik anddır, vicdandır, müqəddəsdir.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"