Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2023 17:06

Üç şəhid, üç kitab

Kitab yazmaq müqəddəs işdir. Əgər yazılan bu kitab torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş hərbçilər haqqındadırsa, bu, ikiqat müqəddəslikdir. Vətən uğrunda gedən qanlı döyüşlərdə şəhid olanlar hamımızın əzizimizdir. Belə cəsur oğullar haqqında kitabların yazılması, yayılması da müqəddəs bir amala xidmət edən xeyirxah əməldir.
C.Naxçıvanski adına Hərbi Liseyin müəllimi, qəhrəmanlıq mövzusunda neçə-neçə kitabın müəllifi, "Qızıl qələm" mükafatına və "Məhsəti Gəncəvi" fəxri diplomuna layiq görülmüş şair Mətanət İmamquluyeva 2022-ci ildə bu müqəddəs işə başlayaraq torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş üç igid hərbçimiz - Elvin İmaməliyev, Səbuhi Əhmədov, Emin Əmrahov haqqında ayrı-ayrı kitab yazıb. Onları xalqa yaxından tanıtdırıb.
Şəhidlər haqqında yazılmış bu 3 kitabı maraqla, qürur qarışıq kövrəkliklə oxudum. Gizir Səbuhi Əhmədov haqqında yazılan "Səbuhinin əbədiyyət ömrü" kitabının gözəl tərtibatı elə ilk dəqiqədən diqqətimi çəkdi. Gizir Səbuhi Əhmədova həsr edilmiş kitab "Vətən yaşasın!" yazısı ilə başlayır. Mətanət xanım ilk səhifələrdə kitabın necə yazıldığı, hansı mərhələlərdən keçdiyi barədə oxuculara ətraflı məlumat verir.
Kitabı oxuduqca gizir Səbuhi Əhmədovun keçdiyi ömür və döyüş yolları ilə yaxından tanış oluruq. Öyrənirik ki, Əhmədov Səbuhi Fuad oğlu 21 dekabr 1996-cı ildə Bakı şəhərində anadan olub. Kiçik yaşlarından valideynlərini itirdiyinə görə Səbuhini qardaşı Sənanla birlikdə "SOS" Uşaq Evinə veriblər. 18 yaşı çatanda Səbuhi hərbi xidmətə yollanıb, Vətənə əsgər olub. Vətən qarşısındakı övladlıq borcunu şərəflə yerinə yetirəndən sonra da ömrünü orduya bağlayıb. 27 sentyabr 2020-ci ildə ermənilərin təxribatı ilə İkinci Qarabağ müharibəsi başlayanda Səbuhinin xidmət etdiyi hərbi hissənin şəxsi heyəti də döyüşlərdə iştirak ediblər. Başqa hərbçi yoldaşları kimi, Səbuhi də döyüşlərə cəsarətlə atılıb. Torpaqlarımızın azadlığı uğrunda gedən əməliyyatlarda böyük igidlik göstərib. Gizir Əhmədov Səbuhi Fuad oğlu İkinci Qarabağ müharibəsində göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Cəsur döyüşçü" medalına layiq görülüb.
Vətənə böyük sevgisi olan gizir Səbuhi Əhmədov 2022-ci il sentyabrın 12-də həyata keçirilən əməliyyatda da iştirak edib. Üzərinə düşən döyüş tapşırıqlarını şərəflə yerinə yetirən gizir Səbuhi Əhmədov bu əməliyyatda şəhid olub. Göstərdiyi qəhrəmanlığa görə Əhmədov Səbuhi Fuad oğlu Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə ölümündən sonra "Azərbaycan Bayrağı" ordeninə və "Vətən uğrunda" medalına layiq görülüb.
Müəllif kitabda Səbuhinin qardaşı Sənanın xatirələrinə geniş yer verib. Bu xatirələrdə Səbuhi Əhmədovun həm döyüş, həm də ömür yolu dolğun əks olunub. Kitabda fotoalbom bölümü də var. Bu bölümdə Səbuhinin müxtəlif illərdə, müxtəlif məkanlarda çəkdirdiyi şəkillər yer alıb.
Mətanət İmamquluyevanın "Eminin şəhidlik zirvəsi" kitabı İkinci Qarabağ müharibəsində şəhid olmuş Əmrahov Emin Əvəz oğlunun ömür və döyüş yoluna həsr olunub. Emin Əmrahov Xocavənd rayonunun erməni işğalçılarından azad olunması uğrunda gedən döyüşlərdə şəhid olub. Göstərdiyi şücaətə görə Əmrahov Emin Əvəz oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Döyüşdə fərqlənməyə görə", "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medallarına layiq görülüb. Kitabın redaktoru şeir və poemalarını sevə-sevə oxuduğumuz Azərbaycanın Xalq şairi Nəriman Həsənzadədir.
"Eminin şəhidlik zirvəsi" kitabı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin bu dəyərli sözləri ilə başlayır: "Şəhidlərimizin ruhu qarşısında baş əyirəm, bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır. Erməni vəhşiliyinin qurbanlarının qanı yerdə qalmır. İntiqamımızı döyüş meydanında aldıq".
Kitabda Eminin həyat və döyüş yolu barədə məlumat yer alıb. Emin 9 iyun 1989-cu ildə Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Gəncə şəhərindəki Məhəmməd Hadi adına 10 nömrəli orta məktəbdə oxuyub. Orta təhsilini başa vurandan sonra ordu sıralarına çağırılıb. Vətən qarşısındakı övladlıq borcunu layiqincə yerinə yetirib. Əsgəri xidmətini başa vurduqdan sonra ömrünü ordu həyatına bağlayıb. İkinci Qarabağ müharibəsi başlayanda, o da idarə etdiyi tankla döyüşə qatılıb. Neçə-neçə erməni mövqeyini dağıdıb. 27 oktyabr 2020-ci ildə Emin Əmrahov növbəti döyüş tapşırığını yerinə yetirərkən şəhid olub. Emin qısa, amma şərəfli bir ömür yolu keçib.
Mətanət İmamquluyeva kitabında yaxınlarının Eminlə bağlı xatirələrinə geniş yer verib. Şəhidin həyat yoldaşı Gülnar xanımın xatirələrini oxuduqca qürur və kədər hissləri keçiririk: "Balalarına deyirəm ki, atanız sağ-salamatdı, günlərin birində qayıdacaq. Övladlarım atalarının şəhid olduğunu, heç vaxt geri dönməyəcəyini dərk edənə kimi Eminin yoxluğunu onlara deməyəcəm. Emin yanımıza müqəddəs bayraqla gəlmişdi. Özü getdi, bayraq isə bizimlə qaldı. Sanki onu bizə əbədi bir nişanə, əmanət qoyub getdi. Eminin dörd övladını yaşatmaq üçün yaşayıram".
Mətanət xanım "Eminin şəhidlik zirvəsi" kitabında da yeri düşdükcə fikirlərini poetik şəkildə ifadə edir. Şəhidlərin qəhrəmanlığına, şücaətinə bir-birindən məzmunlu şeirlər yazır. Onların qəhrəmanlığını nəzmə çəkir.
Mətanət İmamquluyevanın "Qələmi silaha dəyişən müəllim" kitabında İkinci Qababağ müharibəsində  yurdumuzun azadlığı uğrunda gedən döyüş əməliyyatlarında şəhid olmuş cəsur Vətən oğlu Elvin İmaməliyevin döyüş və ömür yolundan bəhs olunur.
Ön sözündə Azərbaycan Yazıçılar Birliyinin bölmə sədri, "Ədəbiyyat qəzeti"nin şöbə redaktoru Sərvaz Hüseynoğlu kitaba yüksək dəyər verərək yazır: "Mən söz adamıyam. Bütün səmimiyyətimlə etiraf edirəm ki, şəhid qardaşımız Elvin müəllim haqqında yazılan bu kitabın mənə yaşatdığı qəlb çırpıntılarını, qürur duyğularını, ağrı və nisgili heç vaxt keçirməmişəm".
Cümlələri oxuduqca hiss edirsən ki, bu fikirlər səmimiyyətdən doğulur. Oxucular yaxşı bilirlər ki, hər yazılmış kitaba belə yüksək dəyər verilmir. O kitaba layiqli qiymət verilir ki, reallığı əks etdirsin, böyük oxucu sevgisi qazansın, mövzusu zamanlara sığmasın. Deməli, kitab bu dəyərlərə cavab verir. Əsəri vərəqlədikcə öyrənirik ki, Vətənimizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olmuş Elvin İmaməliyev böyük tarixi bir gündə - 9 may 1989-cu ildə Ağstafa rayonunun Qırılı kəndində dünyaya göz açıb. Bildiyimiz kimi, mayın 9-u uzun illərdir faşizm üzərində Qələbə günü kimi qeyd olunur. Yaxınları güman edirdilər ki, belə əlamətdar bir gündə dünyaya gəlmiş Elvini gələcəkdə böyük uğurlar gözləyir.
Elvin 1995-ci ildə Ağstafa rayon Qırılı kəndindəki Sirac Əliyev adına orta məktəbin birinci sinfinə gedir. Təhsilini yüksək qiymətlərlə başa vurduqdan sonra 2006-cı ildə 530 balla Azərbaycan Dillər Universitetinin fransız dili fakültəsinə qəbul olur. Gələcəyin fransız dili müəllimi 2010-cu ildə ali təhsilini başa vurur. Elə həmin il hərbi xidmətə gedir. Ordu sıralarından qayıtdıqdan sonra doğma kəndlərindəki məktəbdə yeddi il fransız dili müəllimi işləyir. 2018-ci ildə direktorların işə qəbulu imtahanında ən yüksək bal topladığına görə onu 1 nömrəli orta məktəbə direktor təyin edirlər. Vəzifəsinə baxmayaraq Elvin İmaməliyev müharibəyə gedib. Gedib ki, Vətən qarşısındakı övladlıq borcunu şərəf və ləyaqətlə yerinə yetirsin. Yetirir də. Ondan geriyə yalnız və yalnız igidliklərlə dolu səhifələr qalıb.
Müəllif şəhid Elvin İmaməliyevin ömür və döyüş yollarını ardıcıllıqla işıqlandırır. Elvinin anası Rəfiqə xanımın, atası Elsevər kişinin, həyat yoldaşı Əsmər İmaməliyevanın, bacıları Günelin və Gülərin, iş yoldaşlarının, dost-tanışlarının xatirələrini qələmə alır. Bu xatirələri oxuduqca Elvinin göstərdiyi şücaətlər gözlərimiz qarşısında canlanır.  
İkinci Qarabağ müharibəsinə yollanan Elvin böyük igidliklər göstərir. Sərrast atəşlə neçə-neçə erməni qəsbkarını məhv edir. Əməliyyatlar zamanı göstərdiyi igidliyə görə İmaməliyev Elvin Elsevər oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Şuşanın azad olunmasına görə",  "Vətən uğrunda" və "Cəsur döyüşçü" medallarına layiq görülüb.
Şəhid Elvin İmaməliyevin iki oğlu - Təyyar və Tunar yadigar qalıb. Onlar həmişə ataları ilə fəxr edəcək, qürur duyacaqlar. Xalqa qələbə sevinci yaşatmış Elvin İmaməliyev kimi cəsur oğullar heç vaxt unudulmayacaqlar. Bu cəsur oğullar haqqında yazılmış belə dəyərli kitablar onları unudulmağa qoymayacaq.
Müəllif kitabları yazanda fikirlərinin daha aydın, sözlərinin daha təsirli olması üçün maraqlı formalar tapır. Yeri gəldikcə, məqam düşdükcə görkəmli din xadimlərinin, dünyanın məşhur yazıçı və şairlərinin, filosoflarının sözlərindən və fikirlərindən dəyərli nümunələr gətirir. Oxucuda kitaba maraq oyadır. Bu, həm də Mətanət xanımın mütaliəsinin zənginliyindən xəbər verir.
İnanırıq ki, Mətanət İmamquluyevanın şəhidlər haqqında yazdığı kitablar oxucular tərəfindən rəğbətlə qarşılanacaq. Gənc nəsillər zaman-zaman qəhrəmanlığı belə kitablardan da öyrənəcəklər.

Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"