Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

5 Aprel 2023 17:01

Gəncə Hərbi Hospitalının yaranmasının 30 illiyi qeyd edildi

Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra bu müstəqilliyi qoruyası, dövlətin ərazilərini müdafiə edəsi ordu yaradılmağa başladı. Ermənistanın elan etmədən başladığı müharibədə həm ordu yaratmaq, həm ordunu formalaşdırmaq, həm də döyüşmək çətin idi. Xalq bu prosesdə yaxından iştirak edirdi.
Azərbaycanın dövlət müstəqilliyi bərpa edildikdən sonra Azərbaycan Respublikasının Müdafiə Nazirliyi yaradıldı, Azərbaycanda yerləşən sabiq SSRİ-yə məxsus hərbi hissələr Azərbaycan Ordusunun tərkibinə daxil edildi. 31 mart 1993-cü il  tarixli əmrlə Azərbaycan Ordusuna daxil edildiyinə görə bu tarix "N" hərbi hissəsinin yaranması günüdür.  
Ermənistanla sərhəddə yerləşən bir neçə rayonun müdafiəçilərini ehtimal edilən döyüş yaralanmalarından müalicə etmək, döyüş olmayan vaxtlarda ehtiyacı olanların sağlamlığının qayğısına qalmaq üçün Gəncədə hərbi hospital yaradıldı və qısa müddətdə tibb personalı ilə komplektləşdirildi. Peşəkar hərbçi həkimlər döyüşlərdə yaralananları ölümdən xilas edir, gərəkli müalicələrlə onların yenidən döyüşlərə qayıtmasını təmin edirdilər. Bu da Ermənistanın elan etmədən başladığı ədalətsiz müharibədə hərbi hospitalın iştirakı idi.
Hərbi hissəyə təyin edilmiş hərbi hissə komandirləri tibb xidməti polkovnikləri Yusif Mehtiyev, Asif Qurbanov, Şahrəddin Balacanov, Anar Məmmədov, Bəhmən Əhmədov hərbi hissənin formalaşmasında, tibb xidmətinin yaxşılaşdırılmasında, inkişafında, yüksəldilməsində, hərbi hissənin inkişafında böyük işlər gördülər, yaxşı ənənələr yaratdılar.
Polkovnik Asif Qurbanov Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamı ilə "Əməkdar həkim" adına layiq görüldü. Bu, təkcə polkovnik Asif Qurbanova deyil, həm də Gəncə hərbi hospitalının tibb personalına ehtiramın təzahürü idi.
Atəşkəs dövründə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ordu quruculuğunun elmi əsaslarla təşkilini uğurla davam etdirərək bir sıra fərman, qərar, sərəncamlar ilə ordu quruculuğunun təkmilləşməsini və sosial müdafiəsinin güclənməsini əhatə edən tədbirlər gördü. Belə tədbirlərdən biri də Gəncədə hərbi hospitalın yeni şöbəsinin inşa edilməsi oldu.
2020-ci ilin iyulunda düşmən Tovuz rayonu istiqamətində atəşkəsi pozanda hərbi hissənin həkimləri təyinat yerlərinə çıxarıldı, yaralılara yüksək dərəcədə tibbi yardım göstərildi. Bu, yaralıların operativ müddətdə müalicə olunmasını təmin etdi.
Hərbi hissə İkinci Qarabağ müharibəsində də yüksək peşəkarlıqla iştirak etdi, Qələbə naminə fədakarlıqla işlədi. Qubadlı rayonunda "N" hərbi hissəsinin tibb məntəqəsinin gücləndirilməsi üçün tibbi personal ezam edildi, şəxsi heyət tərəfindən Qubadlı rayonunda hərbi-səhra hospitalı açıldı, Şuşa şəhərində hərbi-səhra hospitalı fəaliyyət göstərdi, hərbi-səhra hospitalı Kəlbəcər rayonuna köçürüldü və mobil-səhra hospitalının fəaliyyəti bu gün də davam edir. Hərbi səhra hospitalında yüksək ixtisaslı tibb xidməti təşkil olundu, yaralılara cərrahiyyə əməliyyatları keçirildi, yüksək ixtisaslı yardım göstərildi.
Şəxsi heyətin bir qismi müntəzəm olaraq Kəlbəcər rayonunda mobil səhra hospitalının fəaliyyətinə köməklik göstərir. Hərbi hissənin həkim mütəxəssisləri işğaldan azad edilmiş rayonlarda yerləşən hərbi hissələrin tibb məntəqələrinin təşkilində, hərbi qulluqçuların tibbi müayinəsinin təşkilində iştirak edirlər.
Hərbi hissə bu gün də Azərbaycan Ordusunun hərbi qulluqçularının sağlamlığının qorunub saxlanılmasında böyük əmək sərf edir. Bunlar hərbi hissənin müxtəsər tarixidir. Bu tarix Azərbaycan Ordusunun tarixinin kiçik bir hissəsidir.
Hərbi hissənin yaradılmasının 30 illiyi ərəfəsində hərbi hissənin keçmiş rəisləri, zabitləri, həkimləri, tibb işçiləri 31 mart tarixinin işığına toplaşdı. 30 ilin o üzündə qalanlar qürurla, kövrəkliklə xatırlandılar.
Hərbi hissənin ilk rəislərindən olmuş polkovnik Yusif Mehtiyev hərbi hissənin yaradılmasından, əməkdar həkim polkovnik Asif Qurbanov onun necə formalaşmasından, Anar Məmmədov hospitalın komplektləşdirilməsindən danışdılar. İlk baxışda böyük görünən 30 rəqəmi mahiyyət baxımından böyük deyilmiş. Hərbi hissənin bugünkü uğurlarının başlanğıc tarixi olan 30 il hamı üçün nə qədər əziz imiş.
Elxan Muradov o illərdə çətinliklərin dövlətə, dövlətçiliyə sədaqətlə, peşə sevgisi ilə aradan qaldırıldığını da qeyd etdi. Bu görüş hərbi hissənin yaradılmasının 30 illik yubileyindən əvvəl veteranların könül görüşü idi...
İkinci Qarabağ müharibəsində hərbi hissənin zabiti Rövşən Babayev oğlu ilə birlikdə döyüşüb.
Hərbi hissənin vəzifəli şəxslərinin tibbi və digər maddi vəsaitlərin, əmlakların, dərman preparatlarının alınmasına, saxlanmasına və istifadəsinə tələbkarlığı artıb. Gənc əsgərlərin çağırış dövrlərində şəxsi heyət tərəfindən ilkin müayinəsinin aparılması təmin edilir, qarnizonun hərbi hissələrinin şəxsi heyətinə müayinələr və dispanserizasiyalar keçirilir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev deyirdi: "Bu, sadəcə orduda xidmət etmək deyil. Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq - budur vətənpərvərlik". Gəncə Hərbi Hospitalının tibbi heyəti Ulu Öndərin bu tövsiyələrini fəaliyyətlərinin başlıca amillərindən biri bilir.
Hərbi hospital kimi yaranan "N" hərbi hissəsi Birinci Qarabağ müharibəsində də, İkinci Qarabağ müharibəsində də, bu iki müharibə arasındakı dövrdə də ordumuzun şəxsi heyətinə məsuliyyətlə xidmət edib. Tibb personalı hər bir zabitin, gizirin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun, əsgərin sağlamlığının əsgəri olub.
Birinci Qarabağ müharibəsinin ağrıları Gəncə Hərbi Hospitalının üzərinə düşürdü. Döyüşlər Murovdağ istiqamətində getdiyindən yaralılar bu hospitala gətirilirdi. Peşəkar cərrahlar yüzlərlə ağır cərrahi əməliyyat aparmışdı, yaralı döyüşçülərin əksəriyyəti ölümdən xilas edilmişdi. Birinci Qarabağ müharibəsində hospitalın şəxsi heyəti böyük fədakarlıqlar göstərmişdi...
Bu günlərdə hərbi hissənin yaradılmasının 30 illiyi oldu. 30 adi rəqəm deyil, bu rəqəm yüzlərlə hərbi qulluqçunun sağlamlığı ilə bağlı aparılan tibbi mübarizənin il göstəricisidir. Hərbi hissənin yaradılmasının 30 illiyi yüksək ovqatla qeyd edildi.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Dövlət Himni səsləndirildi.
Polkovnik Hüseyn Qaçayev hərbi hissənin yaranma tarixindən, fəaliyyətindən, ordu quruculuğunda iştirakından danışaraq qeyd etdi ki, belə tədbirlər həm tarix kimi, həm də vətənpərvərlik duyğularının yüksəldilməsi kimi əhəmiyyətli olur. Şəxsi heyət belə tədbirləri gələcək fəaliyyət üçün böyük etimad hesab edir.
Vətən müharibəsi  iştirakçısı İlqar Əliyevin anası Firuzə Əliyeva çıxışında ordumuzun qüdrətindən, İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, şəhidlərdən danışaraq qeyd etdi ki, torpaq şəhidliklə qorunur. Azərbaycanda şəhidliyə və şəhidlərə yüksək dövlət qayğısı da gənc nəslin vətənpərvərlik duyğularını yüksəldir. Şəhid analarının təsəllisi Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi oldu. Bu günün əsgərləri də Vətəni şəhidlərimizin sevdiyi kimi sevəcəklər.
Şəhid Rüstəm Hümbətovun atası Səlim Hümbətov İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən, döyüşlərdən danışaraq dedi ki, müharibədə hər döyüşçü qələbə üçün döyüşür. Onlar bilirlər ki, döyüşləri qələbə ilə başa çatdırmalıdırlar. Müharibədə yaralanma da olur, şəhidlik də. Vətən naminə şəhidlik qələbəyə yaxınlaşdırır. Mənim oğlum da qələbə naminə şəhid oldu. Təki Vətən yaşasın, əziz zabitlər, əziz tibb işçiləri. Əminəm ki, bu günün əsgərləri Zəfər qazananların döyüş yolunu qətiyyətlə davam etdirəcəklər.
Mayor Abuzər Abuzərov hərbi hissənin Vətən müharibəsində xidmətlərindən danışdı, şəxsi heyətin qələbə naminə qətiyyətli fəaliyyətinin döyüşlərin gedişində əhəmiyyətli olduğunu qeyd edərək dedi ki, tibb personalımız İkinci Qarabağ müharibəsində əsl fədakarlıqlar göstərdi. Hospitalımızda müalicə almış hərbi qulluqçularımız Zəfərdən sonra  həkimlərimizlə, tibb bacıları ilə görüşməyə gəlirlər. Ehtiram görüşü kimi...
Müdafiə Nazirliyi Tibb İdarəsinin nümayəndəsi polkovnik Natiq İbayev hərbi hissənin şəxsi heyətini yubiley münasibətilə təbrik etdi.
Xidmətdə fərqlənənlərə fəxri fərmanlar təqdim olundu.
Tədbirin sonunda iştirakçılara Gəncə Regional Mədəniyyət İdarəsi Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin kollektivinin konsert proqramı təqdim edildi. Vətənpərvərlik mahnıları toplaşanları bir daha əmin etdi ki, güclü Azərbaycan Ordusunun bütün strukturları  daha da təkmilləşəcək, Azərbaycan dövlətçiliyini daha böyük məsuliyyətlə qoruyacaqdır.

Mübariz MUSAYEV "Azərbaycan Ordusu"