Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Türkün igidliyi, şəhidliyi

Türk millət olaraq Bilgə xaqanın Orxon-Yenisey abidələrinin bəngüdaşlarında tarixləşmiş nəsihətini həmişə sökülən dan yerinin duası bilib: "Ey türk milləti, titrə və özünə dön, sən özünə dönəndə böyük olursan!". Türk milləti titrəyib, özünə dönüb, ruhən dünyaya sığmayıb - böyük olub...
Torpağa görə, Vətənə görə kəhər yoranların qaranlıqları əridən qılınclarının işığı zaman-zaman türkə dar gələn dünyanın gözlərini qamaşdırıb. Çin Böyük Hunun qüdrətinə sipər kimi Çin səddini yaradıb. Tarix tarix olalı böyük imperiyalar yaradan, sərhədlərini qılıncıyla çəkən, hökmü Doğudan Batıyacan keçən türkün igidliyi dünyaya görk olub, torpağı qoruya-qoruya yaşadan, yaşada-yaşada qoruyanlar böyüyüb - qüdrətlənib, türk olub. "Diriliş Ərtoğrul", "Quruluş Osman", "Alparslan: Böyük Səlcuqlu", ... kimi filmlər türklüyün yurdlaşma, vətənləşmə fəlsəfəsini ifadə edir. İlk həyat dərsi bu fəlsəfə olan türk yeniyetməsi  üçün ömür torpaq naminə ilk döyüşlərdən başlayır...       
Böyük tarixi şəxsiyyət Mustafa Kamal Paşanın  "Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir", "Azərbaycan xalqının bizimlə bizdən çox maraqlandığını bilirik" kəlamları yüz ildi Azərbaycanı da, Türkiyəni də sevənlərin ruhunun yaddaşındadı. Bu kəlamlar ürəyə təpər, gözlərə nur kimi yaşadılır...
Böyük tarixi şəxsiyyət Heydər Əliyev Azərbaycanla Türkiyəni "Bir millət, iki dövlət" kimi sevirdi, sevdirirdi. Bu sevgi zaman-zaman Azərbaycanın da, Türkiyənin də xoş günlərinin haləsi, çətin günlərinin sipəri olub. İndi də belədi...
Bəxtiyar Vahabzadə min illərin, yüz illərin o üzünü ədəbiyyata "At üstündə doğulub, at üstündə ölən türk" kimi gətirmişdi. Tarixi ifadə edən mahiyyətli tarixi misralar kimi düşüncələrdədi: türk igid doğulur, torpaq naminə, Vətən naminə igid kimi döyüşür, igid kimi şəhid olur. Döyüşə-döyüşə yaşayıb, döyüşə-döyüşə ölmək (müqəddəsliyi dərk edənlər buna ölməzlik deyirlər) fəlsəfəsini türk müəyyənləşdirib. Türkün dünyaya gəlişi də torpağa (Vətənə) gərək olub, ölümü də. Türk gənci dili söz, əli qılınc tutduğu anlardan özünü torpağın (Vətənin) keşikçisi bilir.
Dünyaya ilk salamı Ötükəndə olan türk millətinin sonuncu imperiyası ingilislərin, fransızların, rusların işğalıyla üz-üzə qalanda titrəyən, özünə dönən - böyük olan türk milləti Mustafa Kamal Paşanın sərkərdəliyiylə mübarizəyə - müharibəyə başladı. Türkün türklüyü istiqlal savaşının kəsəri-nə döndü, türk döyüşdü, igidliklə döyüşdü, torpağa, Vətənə sevgisi, sərkərdəyə inamı, sərkərdənin sərkərdəlik qüdrəti tarix yaratdı. Qalib dövlət olan türk millətinin qüdrəti dünyanın heyrətinə döndü. Türk milləti Mustafa Kamal Paşanın həm sərkərdəliyi, həm müdrikliyi, həm də türklüyü ilə yeni - dünyəvi dövlət yaratdı: Türkiyə Respublikası. Bu dövlət əbədiyyətin dövləti oldu...
Türk xalq adına, millət adına, dövlət adına, Vətən adına döyüşüb, igidliklə döyüşüb. Sarıqamış döyüşləri bir tarixdi, Çanaqqala döyüşləri başqa tarix, Anadolu döyüşləri ayrı tarix. Döyüşlərdə türk mehmetçiyinin sağında-solunda azərbaycanlı döyüşçülər də olub. Bu, ruhun bölünməzliyiydi.
Döyüşənlər hər döyüşdə Şükrü Paşanın vəsiyyətini xatırlayaraq döyüşüb: "Düşmən sərhədləri-mizi keçdikdən sonra ölsəm, məni dəfn etməyin, qoy ətimi itlər yesin, düşmən sərhədlərimizi keçməmiş şəhid olsam, sabunum, kəfənim çantamdadır" (şəhidliyin mahiyyətini Şükrü Paşa nə qədər müdrikcəsinə müəyyənləşdirib!..)...
İkinci Qarabağ müharibəsindən əvvəl Mübariz İbrahimov da, İkinci Qarabağ müharibəsində Elvin Şükürlü də, onlarla Mübarizlər, Elvinlər də düşmənin üstünə Şükrü Paşa düşüncəsiylə getmişdi.
Tarix deyir ki, Hun imperatoru Tanhu Çiçi çinlilərlə döyüşdə mühasirəyə düşüb, xanımı və oğlu da daxil olmaqla, 1518  nəfərlə ölüm qılıncına kimi vuruşub. Tarix həm də deyir ki, Anadolu Səlcuqlu Türk dövlətinin başçısı Süleyman şah Suriya ilə döyüşdə təslim olmamaq üçün intihar edib, son nəfəsində "Mən türklüyümə və mənliyimə yaraşan iş tutdum", -  deyib. Tarix onu da deyir ki, Səlcuqlu Sultanı Alparslan Malazgird Zəfəri ərəfəsində ağ paltar geyinərək sərkərdələrinə deyib: "Bu, mənim şəhidlik kəfənimdir. Savaş meydanında ölsəm, məni bu paltarda dəfn edərsiniz...". Budur, türkün igidliyi, türkün dövlətə görə şəhidliyi budur!
Sonrakı yüz illərdə də, min illərdə də türk türkə kəc baxanlarla döyüşüb  - torpağa görə, dövlətə görə igidliklə döyüşüb, dövlətə görə şəhid olub...
Sarıqamış faciəsi türk döyüşçülərinin igidliyinə, igidliyini tamamlayan şəhidliyinə tarixi elegiyadır: 1918-ci il dekabrın sonlarında Osmanlı ordusunun hissələrinə Allahu-Əkbər dağını aşmaq, rus ordusunu mühasirəyə almaq əmri verilmişdi. Düşmənin duyuq düşməməsi üçün Allahu-Əkbər dağında "Allahu-Əkbər!" təkbirlərini ruhən pıçıldayan əsgər və zabitlər qar qalağını dizləyə-dizləyə irəliləyiblər. Hamısı dodaqda kəlmə donduran şaxtada qar əzə-əzə mənzil kəsib. Sarıqamışda 90 min əsgər və zabit şaxtada həlak olub. Bu da şəhidlikdi. Ordu generalı Petroviç Moskvaya göndərdiyi teleqramda heyrətləndiyi bir gerçəkliyi təəssüflə etiraf edirdi: "Onları təslim ala bilmədim, çünki əsir almağa heç kimsə yoxdur. Onlar bizdən əvvəl öz Allahlarına təslim olmuşdular".
Türkün Vətən naminə şəhidliyi budur!
1920-ci ildə türk ordusu igidliklə döyüşdü. Bu, türkün tarixə görk döyüşüydü. Sarıqamışı azad etməsi 90 min şəhid əsgər və zabitin narahat ruhuna gözaydınlığı oldu.
Çanaqqala döyüşləri... Üç işğalçı dövlətlə döyüşlər. Onbaşı Seyid Əlinin igidliyi, igidliyinin yaratdığı qəhrəmanlığı - 245 kiloqramlıq mərmiləri kürəyində daşıması, düşmən gəmisinə atəş açılması, vaxtında atılan bir mərmiylə döyüşün gedişinin dəyişməsi, ... Türkün döyüşü budur! Türkün torpağa görə, dövlətə görə mümkünsüzü mümkünləşdirən igidliyi, hünəri budur!..
Azərbaycanda vəziyyət gərginləşəndə Qafqaz İslam Ordusu Azərbaycanın imdadına yetişdi.
Bakı-Şamaxı yolunun kənarında, Acıdərə vadisində bir məzar var. Yüz ildən artıqdır "Türkün qəbiri" kimi tanınır, "Türkün qəbiri" adı ilə ziyarət olunur. Ötənlər-keçənlər burada ayaq saxlayır, Azərbaycanın qurtuluşu üçün döyüşmüş bir döyüşçünün ruhuna mənəvi borcunu ödəyir.
İllərlə adsız anılıb. Məlum olan gerçəklik: şəhid türk zabitidi, daşnaklarla döyüşdə şəhid olub. İllərdən sonra onun Qədir əfəndi olduğunu deyiblər. Sonralar minbaşı İzzət bəy olduğu müəyyənləşdirilib.
Minbaşı İzzət bəy Acıdərə vadisi yaxınlığında yaralanıb. Döyüş bir qədər səngiyəndə ətrafda yaşayanlar yaralananların köməyinə çatıb. Gülsabah adlı qadın baş örtüyü ilə İzzət bəyin yarasını sa-rımaq istəyib. İzzət bəy qoymayıb. "Gülləni çıxartmağa kömək elə..." deyib...
Çıxartdıqları gülləni özünün istəyiylə İzzət bəyin cib yaylığına büküblər. Yaylıqda bir güllə də varmış.
İzzət bəy yaralılara baş çəkən Nuru paşaya deyib ki, Anadoluda torpaqlarımızı qoruyanların sırasında atam da olub, döyüşüb, ağır yaralananda mehmetçiklərdən xahiş edib ki, gülləni çıxartsınlar. Gülləni çıxardıb dəsmalına büküblər. Atam son nəfəsində mehmetçiklərə deyib ki, bunu oğluma çatdırarsınız. Mən Vətənimiz uğrunda vuruşdum, dövlətimiz üçün şəhid oluram. Oğluma deyin ki, bu gülləni Vətən naminə iki eləsin. Paşam, mən atamın vəsiyyətini yerinə yetirdim, gülləni iki elədim. Tapşırın, bu güllələri oğluma versinlər. Ona atasının Azərbaycanda şəhid olduğunu desinlər. Ruhumu incik salmasın, Vətən üçün bu güllələri üç eləsin...
Türkün Vətən sevgisi, Vətənə görə şəhidliyi budur!..
Nə vaxtsa türkün şəhidliyinə ehtiram kimi üç güllə haqqında ballada yazacam...
Acıdərədə "Türkün qəbiri" kimi tanınan qəbir minbaşı İzzət bəyin qəbridi...
Türk belə döyüşür, belə şəhid olur...
Qəbrin üzərinə qoyulmuş sənduqədə yazılıb: "Bir türk oğlu qəhrəmanındır bu məzar. Gör necə yer ilə yeksan eləyibdir xar-zar. Ərseyi-hərb içrə bir aslanındır bu məzar. Bu qəbir Osmanlı alayı qoşunlarından olan zabitin qəbridir. Qafqaza gəldi, müharibə etdi və şəhid oldu... 1336-cı ildə şərəfli şəhadət daddı, ilqarını seçdi" (tarix hicri ilə qeyd olunub - R.H.). Bu yazı mahiyyəti etibarilə epitafiya deyil, daş kitabədi. Onu ruhən Orxon-Yenisey abidələrinin daş kitabələrindən bilirəm...
Türkün igidliyi budur, şəhidliyi budur!..
 
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"