Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Aprel döyüşləri - Zəfərin başlanğıcı...

2016-cı ilin apreli Azərbaycan Ordusunun növbəti şanlı Qələbəsi ilə tarixləşdi. Azərbaycan Respublikasının Prezidenti bu döyüşlər haqqında qürurla dedi ki, Aprel döyüşləri dərsliklərə salınmalıdır. Bu qələbə ordumuzun həm döyüş, həm də yüksək mənəvi-psixoloji hazırlığa malik olduğunu da təsdiqlədi. Aprel qələbəsi onu da təsdiqlədi ki, Azərbaycan Ordusu Cənubi Qafqazda ən güclü ordudur. Bu qələbə xalqımıza bir gerçəkliyi də yaşatdı: Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyə qadirdir - bu döyüşlər Ali Baş Komandanın döyüş əmri ilə başlanacaq döyüşlərdə Azərbaycan ordusunun qalib gələcəyinə, torpaqlarımızı işğaldan azad edəcəyinə əminliyin döyüşləri idi.
2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri iri miqyaslı təxribatlar törətmək niyyəti ilə ön xətt mövqelərə və yaşayış məntəqələrinə intensiv artilleriya atəşi ilə hücuma başladı. Aprel döyüşləri 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan sonra ən şiddətli döyüşlər idi. Ordumuzun bölmələri hücumun qarşısını aldı, əks-hücumla düşməni geri çəkilməyə məcbur etdi. Bu döyüşlər hərb tariximizə Aprel döyüşləri kimi həkk olundu.
Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnən bu döyüşlərdə qüdrətli ordumuz düşmənə sarsıdıcı zərbə vurdu, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəklikləri, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyini, Cocuq Mərcanlını, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonu istiqamətində işğal altında olan 2000 hektardan çox ərazini işğaldan azad etdi. Bu, döyüşlərin hərbi nəticəsi idi. Onun mənəvi nəticələri isə ordunun şəxsi heyətinin döyüş əzminin, qələbə ruhunun göstəricisi oldu.
Azərbaycan Ordusunun qətiyyətli döyüşləri, qazandığı qələbələri ilə düşmənin məğlubedilməzlik mifinin yalan olduğunu dünyaya nümayiş etdirdi. Xalqımız öz  ordusu, qorxubilməz oğulları ilə qürur duydu.
Aprel döyüşləri Azərbaycan dövlətinin, dövlətçiliyinin dönməzliyinin, Azərbaycan əsgərinin gücünün, qüdrətinin ifadəsi kimi tarixləşdi.  Bu döyüşlər sübut etdi ki, Azərbaycan Ordusu düşmənin istənilən miqyaslı təxribatının, istənilən hərbi əməliyyatının qarşısını almağa qadirdir. Aprel döyüşləri həm də Azərbaycan Ordusu ilə düşmən ordusu arasındakı güc fərqinin, peşəkarlığının, döyüş hazırlığının fərqinin də təsdiqi oldu.
Aprelin 4-də düşmən itirilmiş mövqelərini geri qaytarmaq məqsədilə cəbhənin əsasən, Ağdərə-Tərtər və Xocavənd-Füzuli istiqamətlərində mövqelərimizə yenidən hücum etdi. Əraziyə yaxın yaşayış məntəqələrimiz intensiv atəşə tutuldu. Ordu hissələrimizin şücaətini görən düşmən döyüşə əlavə qüvvələr cəlb etmək istədi, buna nisbətən nail oldu, ancaq döyüşü davam etdirməyə nail ola bilmədi. Yüksək döyüş hazırlığına malik olan bölmələrimiz düşmənin strateji baxımdan əhəmiyyətli hərbi bazasının qərargahına və “erməni könüllülərini” daşıyan maşınlara tutarlı zərbələr endirdi.
Erməni silahlı qüvvələri bu döyüşlərdə böyük itkilərə məruz qaldı,  320-dən çox düşmən məhv edildi, 500-dən artıq erməni hərbi qulluqçusu yaralandı, 30-dək tankı və digər zirehli texnikası, 25-dən artıq artilleriya qurğusu sıradan çıxarıldı. Bu döyüşlər bir daha təsdiqlədi ki, işğalın sonu yaxınlaşıb.
Aprel döyüşləri həm də onu göstərdi ki, Azərbaycan işğal faktı, mövcud status-kvo ilə barışmayacaq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dediyi kimi, Azərbaycan ərazilərində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək. Bu bəyanat Azərbaycan adından verilmişdi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qürurla qeyd edirdi ki, Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir, Azərbaycan əsgərinin qələbəsidir, Azərbaycan dövlətinin qələbəsidir: "Biz bütün dünyaya bir daha sübut etdik ki, Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır, bunu beynəlxalq reytinqlər də qeyd edir. Bir daha sübut etdik ki, heç vaxt Azərbaycan indiki vəziyyətlə barışmayacaq və öz ərazi bütövlüyünü bərpa edəcəkdir".
Şanlı hərbi qələbəmiz olan Aprel döyüşləri dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərməklə yanaşı, Azərbaycan xalqının və dövlətinin heç vaxt işğalla barışmayacağını, ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini bir daha nümayiş etdirdi.
Aprelin 2-də təxminən saat 05:45 radələrində Lələtəpə Azərbaycan bölmələrinin tam  nəzarətinə keçdi. Azərbaycan bayrağını Lələtəpədə dalğalandıran əsgər Asim Quliyev həmin anı belə xatırlayırdı: "Həmin bayrağı dəfələrlə təlimlərə aparmışdım. Yoldaşlar arasında hər zaman arzulayırdıq ki, məhz bu bayraq bizim iştirakımızla azad olunan ərazidə ucaldılsın. Elə qismət oldu ki, Lələtəpə istiqamətində hərəkətə keçəsi olduq. Düşmən səddini yararaq zirvəyə çıxdıq. 1 saatlıq döyüşdən sonra səngərdə bir dənə də olsun müqavimət göstərən düşmən hərbçisi qalmamışdı. Düşmən əlavə qüvvələrlə və artilleriyanın dəstəyi ilə hücuma başlayırdı. Mən hər kəsə zəfərimizi bəyan etmək üçün mərmi partlayışlarını və ölümü nəzərə almayıb bayrağımızı asmaq qərarına gəldim. Həmin vaxt tanklarımızın səsini eşitdim. Onlar köməyə gəlirdilər. Sevinc göz yaşlarıma hakim ola bilmirdim".
Aprel döyüşləri Azərbaycan Ordusunun istənilən döyüş tapşırığını yerinə yetirmək üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu da təsdiqlədi.
Bu Qələbə yüksək döyüş və mənəvi-psixoloji hazırlığın vəhdəti ilə qazanıldı.
O günlərdə hər bir Azərbaycan vətəndaşı özünü ruhən döyüşlərdə hiss edirdi. Xalqımızın ərazi bütövlüyü uğrunda göstərdiyi birliyinin başlanğıcı Aprel döyüşləri oldu. Həmin günlərdə döyüşlərdə iştirak etmək üçün aidiyyəti qurumlara olunan müraciətlərin sayı-hesabı yox idi. Əli silah tuta biləcək hər bir vətəndaş işğal altında olan torpaqlarımızın azad edilməsi üçün döyüşməyə hazır olduğunu göstərdi. Vətən müharibəsində düşməni əzmək üçün "Dəmir yumruğ"a çevrilən də bu xalq-ordu birliyi düşməni qorxuya salmaqla yanaşı, dünyanı heyrətə gətirdi.
Aprel döyüşlərinin ən böyük tarixi əhəmiyyətindən biri də bu qələbə sayəsində "Böyük Qayıdış" prosesinin başlanğıcı qoyuldu. Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində mülki əhalinin yaşayışı üçün təhlükə tamamilə aradan qaldırıldı. Dövlətimizin başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin kəndə qayıdışı ilə bağlı 2017-ci il 24 yanvar tarixli Sərəncamı ilə "Böyük Qayıdış" prosesinə start verildi. O zaman Cocuq Mərcanlı  kəndinin əhalisinin 23 illik fasilədən sonra doğma torpaqlarına qayıtması işğalda olan digər ərazilərimizin də tezliklə azad olunacağına xalqımızda dərin inam yaratdı.
Digər bir tərəfdən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və Müdafiə Nazirliyinin rəhbərliyinin təmas xəttinə gedərək, Ermənistan ordusunun atəşləri nəticəsində yaşayış məntəqələrimizə dəyən ziyanla yerində tanış olmaları, yerli əhali, eləcə də ön xətdə şəxsi heyətlə görüşü xalqımızın və ordumuzun düşmən üzərində qəti qələbəyə ümidlərini daha da artırdı.
O zaman Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı bütün dünyaya bir daha nümayiş etdirdi ki, Qarabağ probleminin həlli beynəlxalq təşkilatların biganəliyinə görə, Ermənistanın işğalçılığına görə müddət baxımından uzansa da Azərbaycan torpaqlarını işğaldan azad edəcək. Cocuq Mərcanlı kəndinin yenidən qurulması və yerli əhalinin öz doğma yurdlarına qayıtması gərəkli mesaj idi. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzərinin inşası  onu göstərirdi ki, gün gələcək, Şuşanın məscidləri də bərpa ediləcək. Bu yozumun da mahiyyəti döyüş idi, döyüşlə qazanılacaq Qələbə idi. Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdikdən sonra ilk olaraq Şuşada Yuxarı Gövhər ağa məscidi tam təmir edildi.
Aprel döyüşlərindən sonra erməni saytlarından birində deyilirdi: Talış kəndinin şimal və şimal-qərbdəki yüksəkliklərinin Azərbaycan Ordusunun nəzarətində olması burada tam başqa vəziyyət yaratdı. Döyüşlərə qədər kənddə 573 nəfər yaşayırdı. Hərbi əməliyyatlar bitdikdən sonra isə kənddə cəmi 50 nəfər qaldı. Aprel döyüşlərindən sonra kənd icra hakimiyyətinin binası, şadlıq zalı tikilib, suyun verilişi bərpa edilsə də heç kəs bura qayıtmayıb... Düşmən bilirdi ki, öz əzəli sahibləri çox yaxında bu torpaqları da azad edəcək... Bu tarixə "Dördgünlük müharibə" adı ilə düşən Aprel döyüşlərinə düşmənin yanaşması, qorxusu və narahatlığı idi.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev Aprel döyüşlərinin əhəmiyyəti barədə dediyi sözlər bu qələbənin ordumuz və xalqımız üçün önəmini açıq şəkildə ifadə edib: "Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır. Bir daha onu göstərdi ki, biz bu vəziyyətlə barışmayacağıq. Onu göstərdi ki, xalq-iqtidar birliyi bu gün Azərbaycanda yüksək səviyyədə təmin olunur, möhkəmlənir".
Aprel döyüşlərində Azərbaycan hərbçilərinin yüksək qabiliyyətli döyüş bacarıqları və uğurları dövlət başçısı tərəfindən çox yüksək qiymətləndirildi. 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin üç hərbi qulluqçusu "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adına layiq görüldü, 7 hərbi qulluqçusu "Azərbaycan Bayrağı" ordeni, 1 hərbi qulluqçusu 2-ci dərəcəli və 4 hərbi qulluqçusu 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 hərbi qulluqçusu "Vətən uğrunda" medalı, 43 hərbi qulluqçusu "İgidliyə görə" medalı, 45 hərbi qulluqçusu "Hərbi xidmətlərə görə" medalı, 2 hərbi qulluqçusu "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırıldı.
Aprel Qələbəsindən sonra 2018-ci mayında Naxçıvan istiqamətində Günnüt əməliyyatı ilə on bir min hektarlıq ərazi azad olundu, İrəvan-Yeğeqnadzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət ələ keçirildi, 2020-ci ildə iyulunda isə Tovuz istiqamətində düşmən təxribatının qarşısı qətiyyətlə alındı, düşmənə sarsıdıcı zərbələr vuruldu. 2020-ci ilin sentyabr ayının 27-də başlanan 44 günlük Vətən müharibəsi işğal altında olan torpaqlarımızın azad olunması ilə nəticələndi, tarixi Zəfər  qazanıldı, ədalət bərpa edildi.
Bu gün əminliklə deyə bilərik ki, Azərbaycan Ordusu dövlətimizin qüdrətinin nümunəsidir, xalqımızın iftixar yeridir və ölkəmizin ərazi bütövlüyünü təmin etmək iqtidarında olan yüksək hazırlığa malikdir. Aprel döyüşləri 2020-ci ilin noyabrında qazanılan Zəfərin başlanğıcı idi...
 
Günay TAĞIYEVA "Azərbaycan Ordusu"