Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

29 Mart 2023 16:00

Tarixin qanlı səhifəsi

Ermənilər tarixin bütün mərhələlərində xalqımıza qarşı insanlığa yaraşmayan qanlı əməlləri ilə yadda qalıblar. Xalqımızın başına gətirilən ən dəhşətli faciələrdən biri 1918-ci ilin 30 mart - 3 aprel tarixində daşnak-bolşevik dəstələri tərəfindən törədilən soyqırımı olub. Bu soyqırımı amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, bəşər tarixində ən qanlı faciələrdən biridir. Bu soyqırımı barədə çox sözlər deyilib, kitablar yazılıb, fikirlər səsləndirilib, filmlər çəkilib. Bütün bunlar həqiqəti dünyaya çatdırmaq, erməni xislətini aşkara çıxarmaq üçündür.
Məşhur fransız diplomatı Loresin dediyi kimi: "Danışmaq lazımdır ki, həqiqət açılsın".
Zor gücünə mənfur qonşularımız olmağı bacaran ermənilər tarixin müxtəlif dövrlərində mifik "Böyük Ermənistan" ideyasını gerçəkləşdirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımlar həyata keçiriblər. 1918-ci ildə azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla törədilib. Bu ərazilərdə dinc əhali kütləvi surətdə öldürüldü, diri-diri yandırıldı.
1918-ci il martın 15-də S.Şaumyan Bakı Sovetinin iclasında "Bakı Soveti Cənubi Qafqazda vətəndaş müharibəsinin başlıca istehkamına çevrilməlidir" - deyərək, əslində, azərbaycanlıların soyqırımına göstəriş verdi. Bakıda törədilən 1918-ci ilin mart soyqırımında "Daşnaksütyun" bolşeviklərin zərbə qüvvəsini təşkil etdi. Qafqaz işləri üzrə müvəqqəti fövqəladə komissar təyin edilən S.Şaumyan mart soyqırımının əsas təşkilatçısı və icraçısı idi. Bu cinayəti həyata keçirmək üçün lazım olan şəraiti də ermənilər yaradırlar. Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin Lənkəranda xidmət edən oğlu Məhəmməd Tağıyev Lənkəran şəhərində baş verən ixtilafda bolşevik erməni silahlı dəstələri tərəfindən qətlə yetirildi. Martın 27-nə təyin edilən dəfndə iştirak edəcək müsəlman alayının zabitləri Lənkərandan Bakıya gəldilər. Dəfndən sonra zabitlər "Evelina" gəmisi ilə geri qayıtmalı idilər. Axtardıqları əlverişli məqamın çatdığını görən ermənilər gizli şəkildə Rus Milli Şurası, Xəzər matrosları, eser və menşevik partiyaları arasında guya "Evelina" ilə gedən zabitlərin Lənkəranda olan müsəlman hərbi dəstələri ilə birlikdə Muğandakı rus-malakan kəndlərini məhv edəcəkləri şayiəsini yaydılar. Gözlədikləri kimi, bütün qeyri-azərbaycanlı siyasi və hərbi qüvvələr "Evelina" gəmisinin tərk-silah edilməsinə tərəfdar oldu.
Martın 30-da Bakı şəhəri mədən-zavod rayonlarının İnqilabi Müdafiə Komitəsi yaradıldı. Komitənin təşəbbüsü ilə sözügedən gəminin Lənkərana yola düşməsi dayandırıldı və gəmidəki zabitlər tərk-silah edildi.
Azərbaycan milli təşkilatlarının nümayəndələri İnqilabi Komitəyə gələrək alınmış silahları "Hümmət" müsəlman bolşevik komitəsi vasitəsilə qaytarmağa cəhd göstərdilər. Martın 30-da Nəriman Nərimanovun evində S.Şaumyanla və həmin gün İnqilabi Müdafiə Komitəsində M.Ə.Rəsulzadə ilə keçirilən görüşlərdə müəyyən razılıq əldə edilərək, silahların qaytarılmasına vəd verilsə də, bolşevik-daşnak koalisiyası sözünə əməl etmədi...
1918-ci il martın 31-də səhər tezdən bolşevik-daşnak dəstələri azərbaycanlılar yaşayan məhəllələrə hücuma keçdilər. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda, "Daşnaksütyun" partiyasının 4 minlik silahlı dəstəsi iştirak edirdi. S.Şaumyanın xahişi və V.İ.Leninin xüsusi göstərişi ilə Saritsından göndərilən 2 təyyarə havadan, hərbi gəmilər isə dənizdən şəhərin azərbaycanlılar yaşayan məhəllələrini bombalamağa başladılar. Azərbaycan xalqına divan tutmaq üçün əllərinə fürsət düşmüş daşnaklar erməni neft sənayeçilərinin barjlarında qoyulmuş toplardan Abşeronun şimalındakı kəndləri də atəşə tutdular. Qeyri-bərabər döyüşdə müsəlmanların müqaviməti dayandırmalarına baxmayaraq, yaxşı silahlanmış və hazırlanmış erməni əsgərləri müsəlmanların evlərinə soxulur, sakinləri öldürür, onları xəncər ilə doğrayır, uşaqları yanan evlərin içinə atır, körpə uşaqları süngülərin ucuna keçirirdilər. Dinc əhalini qorxudan dəhşətə gətirib, istədiklərinə nail olmaq üçün hər cür vəhşiliyə əl atan bolşevik-erməni cəlladları müsəlman qadınlarını daha ağır formada qətlə yetirirdilər. Şəhərin təkcə bir yerində qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış 57 müsəlman qadının meyiti tapılmışdı. Çoxlu gənc qadını diri-diri divara mıxlamışdılar. Qaçıb canını qurtarmağa çalışan əhalini gülləbaran etmək üçün şəhərin müvafiq yerlərində əvvəlcədən pulemyotlar qoyulmuşdu. Müsəlmanların soyqırımı aprelin 2-də gecəyədək davam etdi. Bolşevik-daşnak birləşmələri həmin günlərdə "Kaspi" mətbəəsini, "Açıq söz", "Bakı" qəzetlərinin redaksiyasını, "İsmailiyyə" binasını yandırmış, "Təzə pir" məscidinin minarələrini top atəşləri ilə dağıtmışdılar. Bunun nəticəsində Bakıda 15 mindən, bölgələrdə 38 mindən artıq azərbaycanlı qətlə yetirildi.
Bir çox müsəlman məhəllələri məhv edildikdən sonra martın 31-də axşamüstü İçərişəhərin alınması əməliyyatı başlandı. Bununla bağlı Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra yaradılan Fövqəladə İstintaq Komissiyası sədrinin Ədliyyə Nazirliyinə təqdim etdiyi məruzədə aşağıdakı faktlar göstərilir: Nikolay (indiki İstiqlaliyyət) küçəsilə hücuma keçmiş erməni əsgərlərinə başlıca olaraq, erməni ziyalılarının nümayəndələri rəhbərlik ediblər. Belə dəstələrdən biri evə girib, səkkiz qadın və uşağı güllələmişdir. Başqa dəstə Fars küçəsində Bala Əhməd Muxtarovun evinə girərək, doqquz müsəlmanı küçəyə çıxarmış və kilsə meydanında güllələmiş, meyitlərin ikisini "Dağıstan" mehmanxanasındakı alovun içinə atmışdır...
31 Mart soyqırımının statistikası xüsusi qəddarlıqla həyata keçirilən bəşəri cinayətin dəhşəti haqqında kifayət qədər aydın mənzərə yaradır. Hadisələrdə Bakı, Şamaxı, Muğan, Quba və Lənkəranda 50 mindən çox azərbaycanlı xüsusi amansızlıqla qətlə yetirilmiş, 10 minlərlə insan öz torpaqlarından qovulmuşdu. ABŞ-ın kəşfiyyat mənbələrinə görə, 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
O günlərdə bolşevik-daşnak dəstələri azərbaycanlılara həlak olmuş yaxınlarını dəfn etməyə icazə vermirdi. Onlar cəsədləri yanan binalara atır, quyulara, dənizə tökürdülər. Bakıda Şaumyanın rəhbərlik etdiyi Bakı Sovetinin tam hakimiyyətinin bərqərar olması qurbanların dəqiq sayının hesablanmasına imkan vermədi. Lakin İranın Bakıdakı konsulu Məhəmməd Səid-ol Vesarə Marağeyinin yazdığına görə, təkcə onun yaratdığı xüsusi komissiya tərəfindən Bakının küçə və həyətlərindən 5000-dən çox müsəlmanın meyiti toplanmış və dəfn olunmuşdu. Menşeviklərin "Naş qolos" qəzeti həmin günləri belə təsvir edirdi: "Hər tərəf meyitlərlə doludur - yanıb kül olmuş, doğranmış, eybəcər hala salınmış meyitlər…".
Tarixin səhifələri vərəqləndikcə yeni-yeni faktlar, erməni vəhşiliyinin tükürpədən səhnələri üzə çıxır. Son vaxtlar məlumatların dəqiqləşdirilməsi istiqamətində axtarışlar genişləndirilir. Təkzibolunmaz arxiv sənədləri, soyqırımlarını təsdiqləyən çoxsaylı dəlil-sübutlar aşkarlanır.
Təkcə Şamaxıda 1918-ci ilin mart-aprel aylarında öldürülənlərin sayı bəzi məlumatlarda bu rəqəmin 7 min, bəzilərində 8-12 min, hətta 40 min olduğu göstərilir. Öldürülənlərin sayının dəqiqləşdirilməsi ilə bağlı ötən əsrin 90-cı illərindən etibarən yerli tədqiqatçılar da bir sıra araşdırmalar aparıblar. Onların tədqiqatı nəticəsində yüz nəfərə yaxın şahiddən toplanan xatirə və məlumatlar müəyyən edilib ki, erməni cinayətkarları - S.Şaumyan, S.Lalayev, Z.Arestisyan, T.Əmirov və A.Əmiryan qardaşlarının rəhbərliyi ilə Şamaxı şəhərində təqribən 14-16 min nəfər qətlə yetirilib. Didərgin düşənlərin sayı isə 18 min nəfərdən çox olub.
Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe qeyd edirdi ki, ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hamını öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirdilər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlı cəsədinin qulaqları, burunları kəsilmiş, qarınları yırtılmış, cinsiyyət orqanları doğranmışdı. Ermənilər uşaqlara da, yaşlılara da rəhm etməmişdilər.
M.Ə.Rəsulzadə A.Y.Kluqeyə istinadla yazırdı: "Kluqenin, digər əcnəbilərin o günlərin xatirəsi olmaq üzrə almış olduqları və bu gün əllərdə mövcud olan fotolar çox faciəli mənzərələri əks etdirir. Bir yığın qızlı-erkəkli cocuq ölüləri üzərində qocaman çoban köpəkləri bu məsum yavruları gəmirir... Çılpaq bir qadın yerə sərilmiş, ölmüş... bu ölü vücudun qurumuş məməsini canlı bir yavru əmməkdədir...".
Lənkəran da 1918-ci ilin mart - aprel hadisələri zamanı erməni daşnaklarının təcavüzünə məruz qalan bölgələrdən biri olub. Həmin dövrdə Lənkəran şəhərində, rayonun Mamusta, Yuxarı Nüvədi, Vilvan, Veravul, Girdəni, Cil, Osaküçə, Darquba, Gərmətük, Sütəmurdov və digər kəndlərində kütləvi qətliamlar törədilib. Ümumilikdə, Lənkəran və ətraf rayonlarda 40-dək yaşayış məntəqəsi yandırılmaqla yerlə-yeksan edilib, 2000-dən çox dinc sakin qətlə yetirilib...
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciələrin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiya mart soyqırımını - ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı. Martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən Ümummilli Matəm Günü elan olundu. Bununla da azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət verməyə cəhd göstərildi. Lakin Cümhuriyyətin süqutu bu sahədə başlanmış işi yarımçıq qoydu.
Azərbaycanın dövlət müstəqilliyi bərpa olunandan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq məqsədilə həyata keçməsi vacib olan qərarların məntiqi davamı olaraq, soyqırımı hadisələrinə siyasi qiymət vermək Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 26 mart 1998-ci ildə imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Fərmandan sonra başlandı. 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edildi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 31 mart ilə əlaqədar olaraq Azərbaycan xalqına müraciətində deyilirdi: "Xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, dəlillər əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış yalan təsəvvürləri dəyişdirmək, ona hüquqi-siyasi qiymət verdirmək nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. Bu, soyqırımı qurbanlarının xatirəsi qarşısında indiki nəslin müqəddəs borcudur".
Erməni-bolşevik silahlı dəstələrinin 105 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə ictimaiyyətinə, eləcə də dünyanın bir çox guşələrində yaşayan həmvətənlərimizə, diaspor təşkilatlarına, xaricdəki səfirliklərimizə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 18 yanvar 2018-ci ildə "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzaladı.
Soyqırımlar Azərbaycan xalqının məqsədli şəkildə başına gətirilən faciələrdir. Ermənilər Bağanis-Ayrımda, Meşəlidə, Qaradağlıda, Xocalıda soyqırımlar törətdilər. Erməni xisləti bəşəriliyə düşmənçilikdir. Bütün bu çətinliklərin qarşısında daim dik dayanan xalqımızın, Azərbaycan Ordusunun gücü, qüdrəti Vətən müharıbəsində özünü bir daha göstərdi...
Azərbaycan xalqının yaddaşına əbədi həkk olunmuş 31 mart soyqırımından 105 il ötür. Azərbaycan xalqı və dövləti soyqırımı qurbanlarının xatirəsini daim əziz tutur, bütün dünyanı erməni faşizminin iç üzünü görmək üçün bu tarixi hadisələrdən ibrət götürməyə çağırır.

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"

* * *

Məqaləyə "İstiqlal" qəzetinin 29 mart 1919-cu il il tarixli sayında dərc edilən 31 mart soyqırımı qurbanlarının birinci ildönümünün Matəm Gününə həsr olunan məqaləsindən sətirlərlə başlamaq istəyirəm: "... Matəm bizə vətənpərvərliyi bildirəcək, Vətən yolunda ölməyin, Vətən üçün qurban verməyin mənəvi ləzzətini hiss etdirəcəkdir. Matəm istiqlal və hüriyyətimizin mənəvi dirəyi olacaqdır. Hüriyyət və istiqlaliyyət üçün ölmək bir şərəf, yaşamaq bir vəzifədir. Rəhmət olsun Sizə, ey şəhidlər! Hörmət və təzim olsun Sizə, ey Vətən qəhrəmanları! Salam və dua olsun Sizə, ey millət fədailəri!"
Ötən əsrin əvvəllərində bolşevik-erməni silahlı birləşmələrinin  Azərbaycan ərazisində həyata keçirdikləri kütləvi etnik təmizləmə və təcavüzkar siyasət nəticəsində Bakı, Quba, Şamaxı, Göyçay, Cavad, Salyan, Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran, Gəncə və digər bölgələrdə on minlərlə günahsız azərbaycanlı qətlə yetirilmişdir. Xalqımıza qarşı XX yüzilliyin ən faciəli soyqırımlarından biri törədilmişdir. Tarixi faktlar sübut edir ki, 1918-ci ilin aprel-may aylarında təkcə Quba qəzasında 167 kənd tamamilə dağıdılıb, şəhərin mərkəzi talan edilib, evlər yandırılıb, qəzanın müsəlman və qismən də yəhudi əhalisi kütləvi şəkildə qətllərə məruz qalıb. O dəhşətli faciələrdən, kütləvi qırğınlardan bizi 105 illik zaman kəsiyi ayırsa da, qanlı hadisələrin qanlı izləri bu gün də qalmaqdadır.
2007-ci ilin aprelin əvvəlində Quba şəhərində tikinti məqsədilə aparılan qazıntılar zamanı təsadüfən aşkar edilmiş kütləvi məzarlıq 1918-ci il aprel-may aylarında ermənilər tərəfindən törədilmiş Qubanın müsəlman əhalisinin soyqırımının əyani sübutudur. Qeyd edək ki, dövlətimizin başçısı İlham Əliyevin 30 dekabr 2009-cu il tarixli Sərəncamına uyğun olaraq, erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci ildə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"nin yaradılmasına qərar verilmişdi. Memorial kompleks 2012-2013-cü illərdə inşa edilib. Onu da qeyd etmək yerinə düşər ki, 2013-cü ildə kompleksin açılışında Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva iştirak etmişdi.  
31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar olaraq materiallar hazırlamaq məqsədilə Quba şəhərinə ezam olunduq. Burada ötən əsrin əvvəllərində erməni daşnak qüvvələrinin törətdiyi kütləvi insan qırğınlarının qanlı izləri Quba "Soyqırımı Memorial Kompleksi"nin ərazisində xalqımızın yaddaşında yaşatmaq üçün qorunur. Erməni vəhşilərinin törətdiyi qırğınlar, talanlar barədə canlı şahidlərin acı xatirələri nəsildən nəslə keçərək bu gün də danışılmaqdadır.
Quba "Soyqırımı Memorial Kompleksi"nin direktoru, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramova söhbətinə Cümhuriyyət parlamentinin orqanı olan "Azərbaycan" qəzetinin 8 dekabr 1918-ci il tarixli sayındakı məqalədən götürülmüş bu sətirlərlə başladı: "Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən siyasi düşmənlərimizə bənzəyə bilmərik və bənzəmək istəmirik. Biz təmkin və soyuqqanlılıqla haqlı olduğumuzu tam dərk edərək təmiz vicdanla öz məqsədimizə doğru gedirik və inanırıq ki, ətrafımızda olan bütün xalqlara münasibətdə bizim loyallığımız, səmimiliyimiz və sadəliyimiz kin və eqoist ehtirasların gözlərini gerçəkliyə qapamadığı hər kəs tərəfindən nəhayət ki, etiraf olunacaq və qiymətləndiriləcək. Fakt göz qabağındadır. Kim istəyirsə, yoxlaya bilər".
Eyni zamanda, direktor qeyd etdi ki, bu sətirlər muzeyin ekspozisiyasına Azərbaycan xalqının 1918-ci il qırğınlarına münasibətini əks etdirən epiqraf kimi verilib. "Memorial kompleksin ekspozisiyasının müəllifi tarix elmləri doktoru, professor Solmaz Rüstəmova - Tohididir. Abidə-muzeyin giriş, əsas zal və çıxış hissələrində yerləşdirilmiş ekspozisiyasında 1918-ci il mart-iyul aylarında Bakı quberniyasının beş qəzasında - Bakı, Şamaxı, Quba, Göyçay və Cavad qəzalarında müsəlman əhalisinin soyqırımı tarixi öz əksini geniş tapıb. Kompleksin memarlıq quruluşunda hüznlüyü əks etdirən məqamlara xüsusi önəm verilmişdir. Yaşanmış hadisələrin miqyası, ağırlığı və acılığı faciə qurbanlarının xatirəsinə dərin hörmət əlaməti olaraq hər hansı dekorasiyadan istifadə edilməmişdir. Burada matəm sükutunu təmkinlə təcəssüm etdirən möhtəşəm ekspozisiya ziyarətçilərimizə azərbaycanlıların soyqırımı tarixini dəqiq və xronoloji ardıcıllıqla çatdırır. Quba "Soyqırımı Memorial Kompleksi" türk-müsəlman dünyasında erməni vandalizmini özündə əks etdirən yeganə ideoloji mərkəz və ilk Cümhuriyyət şəhidlərinin - 1918-ci ildə soyqırıma məruz qalmış günahsız insanların uyuduğu müqəddəs yerdir. Erməni millətçilərinin Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı 1918-ci və sonrakı illərdə bütün ölkə hüdudlarında həyata keçirdikləri cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması, soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədilə tarixi həqiqətlərin üzə çıxarılması istiqamətində kompleksimizdə elmi araşdırmalar aparılır, beynəlxalq tədbirlər və təbliğat kampaniyaları keçirilir, çap məhsulları hazırlanır, müxtəlif çoxsaylı layihələr həyata keçirilir. Soyqırımı hadisələri hansı ölkədə törədilməsindən asılı olmayaraq, bu insanlığa qarşı yönəlmiş ümumbəşəri cinayətdir. Biz hər zaman dinc sakinlərə qarşı yönəlmiş və terrora əsaslanan faşizm hərəkətlərinə qarşı öz etirazımızı bildirməli, gələcəkdə bir daha bu kimi dəhşət dolu vandalizm hərəkətlərinin təkrarlanmaması üçün birlik nümayiş etdirməliyik. Tarixinə sahib çıxan xalq məğlubedilməzdir".
Ekspozisiyadakı matəm sükutu bizi sanki o qanlı illərə aparır, soyqırıma məruz qalmış həmvətənlərimizin çarəsiz görkəmlərini gözlər önünə sərir. Hər bir lövhə tarixin dəhşət dolu, insanlığın unudulduğu anları bizə xatırladır. Bir anlıq o faciələrin şahidinə çevrilirsən. Sənədlər, fotoşəkillər, bütün eksponatlar ziyarətə gələnlərə ermənilərin törətdiyi o dəhşətli insan qırğınlarından danışır. 1918-ci il qətliamları, qırğınları, talanları, yanğınları tariximizin qanla yazılan səhifələridir. Hər bir azərbaycanlı bu səhifəni sətir-sətir oxuyub əzbərləməli, unutmamalıdır. Erməni vəhşilərinin törətdiyi bu soyqırımlarını uzun illər xalqımıza unutdurmağa çalışsalar da, sovet dönəmində gizlətsələr də, nəhayət, tarixi həqiqət üzə çıxdı, öz yerini tapdı.
Rəxşəndə xanımla söhbətimizdən o da aydın olur ki, elmi işinin mövzusu  Quba bölgəsi ilə bağlıdır. Mövzusu "Azərbaycan Xalq Cümhuriyyətində Quba bölgəsi" adlanır. O, Quba soyqırımı ilə bağlı çoxlu sayda arxiv sənədlərinə əsaslanan geniş araşdırma apardığını dedi: "Azərbaycan Xalq Cümhuriyyəti hökuməti yarandıqdan ay yarım sonra ölkə ərazisində baş verən qanlı hadisələrə münasibət bildirməyi zəruri sayır. Ona görə də 1914-cü ildən Birinci Dünya müharibəsi başladığı vaxtdan bolşevik adı altında erməni quldur dəstələri tərəfindən müsəlman əhalisinə və onun mülkiyyətinə qarşı törədilən zorakılıq hallarını araşdırmaq məqsədilə 1918-ci il 15 iyul tarixində Fövqəladə Təhqiqat Komissiyasının yaradılması haqqında qərar qəbul edir. Əvvəl Xarici İşlər, sonra Ədliyyə Nazirliyi yanında fəaliyyət göstərən FTK-nın sədri dövrünün tanınmış hüquqşünası Ələkbər bəy Xasməmmədov idi. Təhqiqat komissiyası Quba qəzasında 1918-ci ilin dekabrından işləməyə başlayır. Qısa müddət ərzində onlarla şahid dindirilir, hadisələrin baş verdiyi yerlərə baxış keçirilir. Çoxlu sayda sənədlər toplanaraq üç cild, 451 vərəqdən ibarət istintaq materialı hazırlanır. Komissiyanın topladığı sənədlər ermənilərin cinayətlərini bütün təfərrüatı ilə ifşa etməklə yanaşı, Quba hadisələrinin də erməni millətçilərinin "Böyük Ermənistan"ın ərazisi kimi baxdıqları Azərbaycanın bütün regionlarında müsəlman əhalisinin sayının maksimum dərəcədə azaldılmasına can atan daha irimiqyaslı əməliyyatlarının, planlarının tərkib hissəsi olduğunu sübut edir".
Direktor “31 Mart Azərbaycanlıların Soyqırımı” tarixinin 105 illiyi ilə əlaqədar olaraq  müvafiq tədbirlər planı hazırladıqlarını dedi: "Bildiyimiz kimi, bu il həm də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyidir. Biz bir yenilik etdik. Heydər Əliyev Mərkəzlərində xalqımızın  soyqırımı faciəsini əks etdirən 105 fotoşəkildən ibarət baner formasında sərgilər keçirməyi qərara aldıq. Artıq İmişli, Beyləqan, Biləsuvar, Kürdəmir rayonlarında, Sumqayıt şəhərində, Bakı şəhəri, Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzlərində sərgilər təşkil etmişik. Bu il "Heydər Əliyev İli" çərçivəsində posterlər hazırlamışıq. Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra azərbaycanlıların soyqırımı tarixinə ilk dəfə 1998-ci ildə Ulu Öndər tərəfindən hüquqi qiymət verilmişdir. Məlumat üçün bildirim ki, soyqırımı faciəsini əks etdirən fotoşəkillər 1918-ci ildə polşalı fotoqraf Lev Daşkoviç tərəfindən çəkilmişdir. Bu şəkillərin bir hissəsi Azərbaycan Milli Dövlət Arxivində, bir hissəsi isə Cümhuriyyət parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Parisdəki arxivində qorunub saxlanılırdı. Onu da qeyd edim ki, Quba "Soyqırımı Memorial Kompleksin"nin fəaliyyətə başlamasından 10 il keçir. Hazırda soyqırımı kompleksi qoruq statusundadır. Ərazisi 3,5 hektardır. 10 il ərzində 1 milyondan artıq ziyarətçimiz olub. Bunlardan 178 mini xarici ölkələrdən gələn ziyarətçilərdir. Kompleksdə 4 dildə - ərəb, rus, ingilis və Azərbaycan dillərində sinxron tərcümə ziyarətçilərə təqdim olunur. Əməkdaşlarımız yetərincə məlumatlı mütəxəssislərdirlər. Dəfələrlə olub ki, ziyarətçilər faciənin ağırlığına dözə bilməyib muzeydən gözü yaşlı çıxıblar.
Onu da qeyd edim ki, müxtəlif layihələrimiz var və məktəblərdə uğurla həyata keçiririk. Növbəti layihələrimiz isə mədəniyyət müəssisələrində reallaşacaq. Layihələrimiz "Tarixdə bu gün", "Tarixçilərin qələmindən", "Soyqırımı həqiqətlərini bilək", "Azərbaycan tarixi" adlanır. Əməkdaşlarımız beynəlxalq simpoziumlarda iştirak ediblər. Elmi fəaliyyətimizi dərinləşdirmək məqsədilə Bakı Dövlət Universitetinin tarix fakültəsi və Şamaxı Pedaqoji Universiteti ilə memorandum imzalamışıq. Biz qubalılar ermənilərin xalqımıza qarşı törətdikləri faciələri unutmur, dünya ictimaiyyətinə çatdırmaq üçün daha əzmlə çalışırıq".
Qubalılar şəhərin mərkəzində soyqırıma məruz qalmış həmyerlilərinin xatirəsinə ucaldılmış abidəni vaxtaşırı ziyarət edir, bir əsrdən çox zaman keçməsinə baxmayaraq, o qanlı hadisələri, qırğınları unutmur, faciə qurbanlarını daim anır, xatirəsini daim əziz tuturlar.

Lalə HÜSEYNOVA "Azərbaycan Ordusu"