Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Mart 2023 20:30

Azərbaycan Ordusunda Beynəlxalq Humanitar Hüquq normalarının öyrənilməsi və tətbiqi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı qarşıya qoyulmuş bütün döyüş tapşırıqlarını Beynəlxalq Hüquq normaları çərçivəsində şərəflə yerinə yetirmişdir. Lakin buna baxmayaraq düşmən öz iyrənc siyasəti və məqsədlərindən əl çəkməyərək beynəlxalq aləmdə dövlətimizə və ordumuza müxtəlif yollarla ləkə gətirmək üçün Beynəlxalq Humanitar Hüquq normalarının pozulması ilə əlaqədar yalan məlumatlarını yaymaqda davam etməkdədir. Halbuki, aparılan döyüş əməliyyatlarında qarşı tərəf bütün Beynəlxalq Humanitar Hüquq normalarını vəhşicəsinə pozaraq dinc əhalini atəşə tutmaqdan belə çəkinməmişdir.
Hərbi hissələrdə bu mövzuda şəxsi heyətlə mütəmadi olaraq seminarlar keçirilməkdədir. Seminarlar çərçivəsində Beynəlxalq Humanitar hüququn məqsəd və vəzifələrini əks etdirən bir sıra prinsipləri, silahlı münaqişələrin humanistləşdirilməsi, döyüş aparılmasının metod və vasitələrinin seçilməsində vuruşan tərəflərin üzərinə məhdudiyyətlərin qoyulması, müharibə qurbanlarının beynəlxalq-hüquqi müdafiəsi, mülki obyektlərin və mədəni mülkiyyətin mühafizəsi, hərbi zərurətin və ictimai qaydanın qorunmasının insana hörmətlə uzlaşdırılması və başqa normalar haqqında əsgərlərimiz məlumatlandırılırlar.
Əlavə olaraq hüquq normalarının pozulması halları və onlara görə məsuliyyət mövzusunda şəxsi heyətlə söhbətlər aparılır. Bildirilir ki, Beynəlxalq Humanitar Hüquq normalarının qadağan etdiyi döyüş əməliyyatlarının aparılmasının üsul və vasitələrinin tətbiqi, həmin pozuntuların ictimai təhlükəsizliyi, silahlı münaqişə iştirakçılarına və mülki əhaliyə əsassız əzab-əziyyətin verilməsi qadağandır. Həmçinin əhalinin həyat təhlükəsizliyini təmin edən təsərrüfat obyektlərinin dağılmasına, mədəni sərvətlər və memarlıq abidələrinin əbədi olaraq itirilməsini, ətraf mühitə ziyanın vurulmasına səbəb olan halların yolverilməzliyi izah edilir.
Seminarlar zamanı şəxsi heyətə "Müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün müddətlərin tətbiq olunmaması haqqında" 26.11.1968-ci il tarixli Konvensiyanın 1-ci maddəsinə və Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinin 6-cı maddəsinə uyğun olaraq insanlıq əleyhinə cinayətlərə heç bir müddət şamil olunmadığı bildirilir. Həmçinin müharibə cinayətkarlarına sığınacaq almaq hüququnu tənzimləyən normaların şamil olunmaması, belə ki, "Ərazi sığınacağı haqqında" 14.12.1967-ci il tarixli Bəyannaməyə görə sülh və bəşəriyyət əleyhinə cinayətlər törətməkdə əsaslı olaraq şübhəli bilinən şəxsin sığınacaq almaq hüquqlarının olmadığı və həmin hüquqdan istifadə edə bilməyəcəyi barədə normalar çatdırılır.

 

 

Silahlı Münaqişələr Hüququ normalarının pozulmasına görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş məsuliyyət


Beynəlxalq Humanitar Hüquq normalarının qadağan etdiyi döyüş əməliyyatlarının aparılmasının üsul və vasitələrinin tətbiqi, həmin pozuntuların ictimai təhlükəliliyini təşkil edir. Belə pozuntular BHH normalarının riayət olunmamasına, silahlı münaqişə iştirakçılarına və mülki əhaliyə əsassız əzab-əziyyətin verilməsinə, qurbanların sayının artmasına, əhalinin həyat təhlükəsizliyini təmin edən təsərrüfat obyektlərinin dağıdılmasına, mədəni sərvətlər və memarlıq abidələrinin əbədi olaraq itirilməsinə, ətraf mühitə ziyanın vurulmasına səbəb olur. Buna erməni silahlı birləşmələrinin işğal altında olan Azərbaycan Respublikasının ərazilərində yerləşən meşə massivlərinin qırılmasını, tarixi abidələrin talan edilməklə oğurlanıb daşınmasını, yaşayış sahələrinin qarət edilərək dağıdılmasını misal çəkmək olar.
Belə cinayətlərin motivləri müxtəlif ola bilər: qisas, tamah məqsədi, vəzifə hərisliyi, eləcə də ideoloji (irqçi, faşist, millətçi və s.).
Bu cinayətlər qəsdən və ya ehtiyatsızlıqdan törədilə bilər.
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 40-cı maddəsinə əsasən, bilə-bilə qanunsuz əmri və ya sərəncamı yerinə yetirməklə qəsdən cinayət törətmiş şəxs ümumi əsaslarla cinayət məsuliyyətinə cəlb olunur. Qanunsuz əmr və ya sərəncamın yerinə yetirilməməsi cinayət məsuliyyətinə səbəb olmur. Həmin Məcəllənin 16-cı fəslində sülh və insanlıq əleyhinə aşağıdakı cinayətlər nəzərdə tutulur:
- təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və ya aparma (maddə 100);

- təcavüzkar müharibəni başlamağa açıq çağırışlar (maddə 101);

- beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücumetmə (maddə 102);

- soyqırımı (maddə 103);

- soyqırımın törədilməsinə təhriketmə (maddə 104);

- soyqırımı əlamətləri olmadan əhalini məhv etmə (maddə 105);

- köləlik (maddə 106);

- əhalini deportasiya etmə və ya məcburi köçürmə (maddə 107);

- cinsi zorakılıq (maddə 108);

- məcburi hamiləlik (maddə 108-1);

- təqib (maddə 109);

- insanları zorakılıqla yoxa çıxarma (maddə 110);

- irqi ayrı-seçkilik (aparteid) (maddə 111);

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 17-ci fəslində müharibə cinayətləri göstərilir. Burada aşağıdakı cinayətlər nəzərdə tutulur:
- muzdluluq (maddə 114);

- müharibə qanunlarını və adətlərini pozma (maddə 115);

- silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma (maddə 116);

- silahlı münaqişə zamanı hərəkətsizlik etmə və ya cinayətkar əmr vermə (maddə 117);

- hərbi soyğunçuluq (maddə 118);

- müdafiə olunan nişanlardan sui-istifadə (maddə 119).
Müasir beynəlxalq hüquqa görə, müharibə cinayətkarları müddətlərin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad edilə bilməzlər. Belə ki, "Müharibə cinayətləri və bəşəriyyət əleyhinə cinayətlərə görə cinayət məsuliyyətindən azad edilməsi üçün müddətlərin tətbiq olunmaması haqqında" 26.11.1968-cı il tarixli Konvensiyanın 1-ci maddəsinə əsasən, Beynəlxalq Hərbi Tribunalın Nizamnaməsinin 6-cı maddəsinə uyğun olaraq insanlıq əleyhinə cinayətlərə heç bir müddət şamil olunmur. Müharibə cinayətkarlarına sığınacaq almaq hüququnu tənzimləyən normalar da şamil olunmur. Belə ki, "Ərazi sığınacağı haqqında" 14.12.1967-ci il tarixli Bəyannaməyə görə sülh və bəşəriyyət əleyhinə cinayətlər törətməkdə əsaslı olaraq şübhəli bilinən şəxsin sığınacaq almaq hüququ yoxdur və o həmin hüquqdan istifadə edə bilməz.

Müdafiə Nazirliyi Hüquq İdarəsi