Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Mart 2023 11:39

Hər döyüş tarixin bir zərrəsidi...

Müəllimlərinin, sinif yoldaşlarının söhbətlərindən sonramı bu qərara gəlibmiş - evlərində qətiyyətlə hərbçi olmaq istədiyini, C.Naxçıvanski adına Hərbi Liseydə təhsil almağa qərarlı olduğunu deyib. Umacaqlı baxışları bir müddət ata-anasının üzündən üzülməyib. Yeniyetmənin qətiyyəti, qətiyyətinin dönməzliyi o ilin sərin yaz axşamında bir ürək tutumunca işığa dönüb. Bu işıq niyyət işığıydı - Lənkərandan böyük yola, başlanğıcı bu yol olan ömür yoluna düşən işığıydı. Bir yaz günü Elçin Muradov C.Naxçıvanski adına Hərbi Liseyin kursantı oldu... Sonra Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbin (indiki Heydər Əliyev adına Hərbi İnstitut) kursantı.
Liseydə təhsil alanda bu sahəni seçdiyinə görə özünün, istəyinə razılıq verdiklərinə görə valideynlərinin ünvanına xoş sözlər demişdi. Ali Hərbi Məktəbə qəbul olunandan sonra xəyalən Lənkərana sarı, əzizlərinin ünvanına "Sağ olun ki, ali hərbi təhsil alıram, gözünüz aydın!.." - pıçıldamışdı. İlıq yay küləyi bu gözəl pıçıltının ovqatını Lənkərana çatdırmışdı...
Leytenant Elçin Muradov hərbi xidmətə böyük məsuliyyətlə başlamışdı.
İkinci Qarabağ müharibəsi ərəfəsində kapitan (indi mayordur) Elçin Muradovun xidmət etdiyi hərbi hissə Murovdağ istiqamətindəydi. Döyüş əmri veriləndə hərbi hissə Füzuli rayonuna - Əbdürrəhmanlıya göndərilib. Döyüşə, ermənilərin mövqeyinə - şərti adı "70 metr" olan əraziyə hücuma keçiblər. Düşmən geri çəkilib, səhərisi gün daha şiddətli döyüş olub, əlavə kömək alan ermənilər döyüşçülərimizin mövqeyini minaatanlarla atəşə tutublar. Kapitan Elçin Muradovun ayağına qəlpə dəyib. Onu döyüşdən çıxardıb hospitala göndəriblər. Qəlpə çıxarılıb - ayağın xeyli hissəsini zədələnibmiş. Həkimlər ona ciddi müalicə müəyyənləşdiriblər. Müharibədə döyüş əzmini, qələbə ruhunu axarından saxlamaq olmur - kapitan Elçin Muradov hospitalda cəmi beş gün qala bilib. Əsgərlərindən biri zəng edib, halını soruşub, sabah hücuma keçəcəklərini bildirib. Onda Elçin ciddi-cəhdlə hospitaldan çıxıb döyüşlərə qayıtmağa təkid edib. Bu istəyə, bu niyyətə "Olmaz..." - deyə bilməyiblər...
Xidmət etdiyi hərbi hissədəydi. Yeni mövqe qələbələri qazanmaq, torpaqlarımızı işğaldan azad etmək üçün hücuma keçəcəkdilər. Azərbaycan əsgəri mövqe qələbələrini möhtəşəmliklə davam etdirməliydi.
Oktyabrın 23-ü idi. Əmr dan yeri sökülməmiş verildi. Döyüşçülərimiz artilleriyaçıların atəş dəstəyindən sonra düşmənin möhkəmləndirdiyi sədləri dağıda-dağıda döyüşürdü, döyüşə-döyüşə dağıdırdı. Düşmən möhkəmləndirdiyi mövqedən geri çəkilməyə məcbur oldu...
Xocavənd ətrafında Şiştəpə yüksəkliyi uğrunda döyüş başlayanda kapitan Elçin Muradov döyüşçülərə hücuma qruplar şəklində keçməyi tapşırdı. Belə də etdilər. Sağ cinahda döyüş gərginləşəndə Elçin üç döyüşçünü o istiqamətə göndərdi, özü hücumu digər döyüşçülərlə mərkəzdən davam etdirdi.
Öldürülmüş düşmənləri ötüb keçmişdilər. Bir qədər aralıda səngər vardı. Elçin həmin səngərə düşmək istəyirdi ki, öldürüldüyünü güman etdikləri düşmənlərdən biri əvvəl dikəldi, sonra dizi üstə qalxdı. Atışa başlayanda ayaq üstə dayanmağa heyi qalmadı, yerə çökdü - öldü. Ancaq son nəfəsdə döyüşçülərimizdən birini yaraladı. Yara o qədər də ciddi deyildi. Onu da, yaralarından qan açılan kapitan Elçin Muradovu da hospitala təxliyə etdilər...
Noyabrın 7-si idi...
Kapitan Elçin Muradov Zəfəri döyüşlərdən uzaqda eşitdi, bu sevinci döyüşlərdən uzaqda yaşadı... İkinci Qarabağ müharibəsindən sonra Elçin Muradova növbəti "mayor" hərbi rütbəsi verildi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
...Mayor Elçin Muradov gənc zabitlərlə, əsgərlərlə söhbətlərində İkinci Qarabağ müharibəsinin döyüşlərindən də danışır - hər təəssürat tarixin bir zərrəsidi. Gənc zabitlər də, əsgərlər də bu təəssüratları tarix kimi yaddaşlarına köçürürlər...

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"