Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

8 Mart 2023 11:32

“Ürəyimizdə yaşayan atam, tarixdə də yaşayırsan!..”

Qəhrəmanlıq vətənpərvərlikdir. Mənəviyyatın səviyyəsini müəyyənləşdirən  vətənpərvərlik fədakarlıq, qəhrəmanlıq, məğlubedilməzlik ifadələrinin vəhdətinin ifadəsidir.
Vətən müharibəsi Azərbaycan dövlətinin, dövlətçiliyinin, Azərbaycan əsgərinin gücü, Ali Baş Komandanın sərkərdəlik qüdrəti kimi tarixləşdi. Və tarixi yazanlar canları, qanları bahasına Vətən torpağını azad etdilər.
Onlardan biri də kiçik çavuş Elçin Mirzəyevdir. O, 31 iyul 1985-ci ildə Tərtər rayonunda  dünyaya gəlib. Orta məktəbi 2002-ci ildə bitirərək Tibb Kollecinin Ortopedik stomatologiya fakültəsinə daxil olub. Təhsilini başa vurduqdan sonra hərbi xidmətə yollanıb. 2014-cü ildən isə  müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmətə başlayıb.
2020-ci il sentyabrın 27-də əks-hücum əməliyyatı ilə başlayan Vətən müharibəsində Elçin Mirzəyev də iştirak edib - Suqovuşan, Tərtər istiqamətində döyüşərək oktyabrın 10-da şəhid olub.
Vətən müharibəsində göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən kiçik çavuş Elçin Mirzəyev ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilib.
Şəhidlik çox uca bir məqamdır. O məqama yalnız seçilmışlər ucalırlar.
Şəhidin ailəsi ilə görüşüb xatirələri  dinləmək üçün yaşadıqları ünvana üz tuturam. Şəhid Elçin Mirzəyevin həyat yoldaşı kiçik çavuş Günel Mirzəyeva Müdafiə Nazirliyinin Baş Klinik Hospitalının Qan Bankı bölməsində xidmət edir. Həyat yoldaşı şəhid olduqdan sonra onun yolunu davam etdirmək üçün Müdafiə Nazirliyinin rəhbərliyinə müraciət edib. Müraciəti müsbət qarşılanıb. İndi müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi həyat yoldaşının yolunu davam etdirir.
Elçin haqqında danışarkən Günel xanımın səsindəki əbədi ayrılığın qəhəri, bu qəhərin kövrəkliyi məni də kövrəldir, hiss edilməsi çətin olmayan qüruru məni də qürurlandırır; bu ayrılıq Vətən naminə ayrılıqdı. Belə ayrılıq ancaq qəhər deyil, bu qəhərlə birgə qürur çaları da var... "Elçin kimi bir qəhrəmanın, Vətəni hər şeydən çox sevən bir vətəndaşın ömür yoldaşı idim. Bununla qürurlanırdım. Elçin Vətən, torpaq uğrunda şəhid oldu".
Çox vətənpərvər oğul idi Elçin. Ordu sıralarına da elə bu sevgi, bu istəklə getmək üçün müraciət edib. Diş texniki idi. Xidmətə də sanitar təlimatçı kimi başlayıb. Daha sonra xidmət sahəsini dəyişib. Müharibə başlayanda Suqovuşan istiqamətində döyüşüb.
Danışdıqca Günel xanımın çöhrəsində bir təbəssüm yaranırdı. - Elçin sadəcə mənim həyat yoldaşım deyildi, - deyir bitməyən bir sevgi ilə. - O, həm də mənim dostum, sirdaşım, arxam-dayağım idi. Ən əsası o mənə inanır. Bütün arzularımın, istəklərimin həyata keçməsinin cəfakeşiydi. Mənim idealım olan Elçin elə də böyük, canlı, cüssəli deyildi. Amma qorxmaz, qoçaq, bacarıqlı idi. Bu gün mən qızlarımı atalarına layiq övladlar kimi böyütmək üçün əlimdən gələni edirəm.
Oktyabrın əvvəllərində Talış istiqamətində yaralanıb. Boynundan, ayağından qəlpə yarası alıb. Buna baxmayaraq yaralı yoldaşlarına ilk tibbi yardım göstərib, sonra huşunu itirib. Onu döyüşdən çıxarıblar, hospitala göndəriblər. Hospitaldan özünün təkidli istəyi ilə çıxıb, oktyabrın 8-i gecə ailəsinə baş çəkib. Oktyabrın 9-u səhər tezdən gedib. Günel xanım qəhərlə bildirdi ki, Elçinin mülayim siması vardı. Müharibədə çəkdirdiyi şəkillərdə də, bir gecəlik evə gələndə də mənə elə gəldi ki, sanki simasında sərtləşmə yaranıb, bir zəhm, qisas yanğısı peyda olub. Danışığı da dəyişilmişdi. Hər kəlməsində bir qətiyyət, əminlik vardı. "Biz qalib gələcəyik!" deyirdi.
Oktyabrın 10-da səhər saatlarında həyat yoldaşına mesaj yazıb hər şeyin yaxşı olduğunu deyib. "Stolun üstünü yığışdırıb mətbəxə keçəndə əlimdəkilər yerə dağıldı. İçimdən bir ürpərti keçdi. Sanki ürəyimin bir damarı qırıldı. Qeyri-ixtiyari ağlayaraq "Neynəmisənsə halalın olsun, neyləmişəmsə halalın olsun", - dedim. Saat 12-yə 25 dəqiqə işləyirdi. Yığdım, zəng çatmadı. Bir yerdə qərar tuta bilmirdim. Axşama kimi telefonuna zəng çatmadı. Ürəyimə dammışdı ki, Elçin şəhid olub. Lakin ürəyimə gələni dilimə gətirə bilmirdim. Axşam uşaqlarla birlikdə anamgilə getdim. Gecə gözümə yuxu getmədi. Elçinin sonuncu gəlişi, gedəndə dönüb geri baxması gözlərimin önündən getmirdi. Narahatlığımı, ağlamağımı görən bacıma gündüz baş verənləri, Elçinlə əlaqə yarada bilmədiyimi dedim. Bacım mənə ürək-dirək verdi. Səhəri diri gözlü açdım. Qaynıma zəng vurub dünəndən bəri Elçinə zəng çatmadığını, çox narahat olduğumu bildirdim. Elçinin bizimlə əlaqə yaratdığı bütün nömrələri verərək bir xəbər öyrənməsini istədim. Çox çəkmədi ki, ürəyimin hiss edib ağlımın qəbul etmək istəmədiyi o xəbər gəldi... Elçin şəhid olmuşdu..."...   
Bəlkə də evə halallaşmağa gəlibmiş. Qayıdandan sonra dostlarına evə halallıq almaq üçün getdiyini deyib. Aylar sonra bir tədbirdə döyüş yoldaşları dedi ki, 12-yə 25 dəqiqə işləmiş şəhid olub Elçin və yoldaşları. Sən demə özünün ala bilmədiyi halallığı anındaca Allah verdiribmiş Elçinə.   
Elçin qızlarını çox sevərdi. Üçüncü qızı olanda çox sevindi, lap çox. Hər kəsə "Cənnətin qapısı üzümə açıldı", deyirdi. Sən demə, şəhidim öz əməli ilə qazanacaqmış Cənnəti.
Bayaqdan anasının danışdıqlarını səssizcə dinləyən Gülay üç bacının böyüyüdür. Atası şəhid olanda 6-cı sinifdə oxuyurdu. Söhbətləşərkən Gülay atasının sonuncu gəlişini xatırladı. "Onda atamın qospitaldan evə gələcəyini az öncə öyrənmişdik. Tez plakatlar hazırlamışdıq: "Qarabağ Azərbaycandır!", "Bizim atamız qəhrəmandır!", "Səni çox sevirik, atacan!" yazmışdıq. O gecə atam bizimlə evdə qaldı. Atamı o qədər qucaqladıq, öpdük. Səhər tezdən getdi...
Şəhidlərin igidliyi, qəhrəmanlığı zaman keçdikcə əfsanələşir (bu əfsanələşmə tarixi gerçəkliyi yaşadan sevgidən yaranan əfsanədi), yaşadılır. Onların ömür yolundan əsərlər, kitablar yazılır, filmlər çəkilir. Bütün bunlar tarixdi - şəhidlik, şəhidlər tarixləşir. Əsmanın çəkildiyi  "Əsgər bağı" süjeti də bunun təzahürüdür.
Günel xanım bu vətənpərvərlik süjeti ilə bağlı onlara Azərbaycan Televiziyasından zəng gəldiyindən də danışdı. Aprel şəhidi polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc xanım yönləndiribmiş Azərbaycan Televiziyasını. "Sevinc xanımın sədri olduğu "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyindəki bütün şəhid ailələri biri-birini tanıyır. Əsmanın da aktiv bir uşaq olduğunu bildiyindən süjetə onun çəkilməsini məsləhət görübmüş. Seçim müsabiqəsində Əsma səlis, aydın nitqinə görə fərqləndi".
"Əsgər bağı" süjetinin çəkilişlərini xatırlayan Əsma dedi ki, həmin anlarda atamı xatırladım. İşdən evə gəlməsini. Bizim onu qapıda qarşılamağımızı, atamın bizi öpüb qucaqladıqdan sonra papağını başımıza qoymasını, hərbi ayaqqabılarının bağını açmağımızı...
Əsma hərbçi pilot olmaq istəyir.
Günel xanım qızlarına şəhidlikdən, şəhidlərdən danışır. Şəhidlərin ölmədiyindən söz açır. Bildirir ki,  atalarının da ucaldığı şəhidlik müqəddəs zirvədir. Anasının danışdıqlarını tam anlamayan beş yaşlı Aylinin qaşları çatılır. O da zamanında bu kəlmələrin ifadə etdiyi mətləbləri anlayacaq. Atasını qəlbində yaşadan Aylin "Atam kimi mən də diş həkimi olacağam", - deyir.
Gülay, Əsma, Aylin sevgi dolu bir ailədə göz açıblar həyata. Hər bir uşaq üçün ana evin hərarəti, övladlarının qoruyucu mələyi, ata evin dirəyi, uşaqlarının dayağı, qürur mənbəyidir. Atalarla övladlar arasında, ələlxüsus da atalarla qızları arasında bir başqa sehrli bağ olur. Qızlar atalarını özlərinə ideal seçirlər. Elçin də belə ata idi. Bundan sonra da qızlarının xəyalında beləcə yaşayacaq. Onlar daim ataları ilə qürur duyacaqlar. Cismən yanlarında olmasa da, qəhrəman ataları, şəhid qızları olmaları ilə fəxr edib, baş ucalığı ilə davam edəcəklər həyatlarına.
Dövlətimizin şəhid ailələrinə olan diqqət və qayğısından razılıqla danışan Günel xanım şəhidləri ehtiramla anıb, ailələrinə xüsusi həssaslıqla yanaşdıqlarına görə dövlət başçısına, Birinci vitse-prezidentə, Müdafiə Nazirliyinin və Baş Klinik Hospitalın rəhbərliyinə dərin minnətdarlığını bildirdi.
Vətən müqəddəs məkandır. Müqəddəslik uğrunda döyüşənlər, müqəddəslik naminə şəhid olanlar qəlbimizdə əbədiyyən yaşayacaqlar...
Gülay, Əsma, Aylin deyirlər ki, "Ürəyimizdə yaşayan atam, tarixdə də yaşayırsan!..".

Günay TAĞIYEVA "Azərbaycan Ordusu"