Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Mart 2023 10:28

“Qardaşların gəlişi şəfa gətirdi”

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişinə əsasən, Türkiyədə baş verən zəlzələdə yaralanan insanlara kömək etmək məqsədi ilə 20 nəfərdən ibarət hərbi tibb personalı qardaş ölkəyə göndərilmişdi. Onlar üzərlərinə düşən vəzifələri bacarıqla yerinə yetirərək 21 gündən sonra Vətənə qayıdıblar.
Türkiyədə baş vermiş zəlzələdə yaralanan insanlara tibbi yardım göstərən hərbi həkimlərdən eşitdiklərimiz ürəyimizi dağa döndərdi. Hərbi həkim qrupunun rəhbəri, Müdafiə Nazirliyi Baş Klinik Hospitalın ümumi cərrahiyyə şöbəsinin rəisi - aparıcı cərrah polkovnik-leytenant Niyaməddin Ağamaliyev Türkiyə Respublikasının Kahramanmaraş şəhərində baş verən zəlzələdə yaralanan insanlara göstərdikləri tibbi yardımdan söz açdı. Dedi ki, qardaş ölkədə baş verən dəhşətli təbii fəlakət hamımızı sarsıtdı. “Zəlzələnin ertəsi günü - fevral ayının 7-də kömək məqsədilə Türkiyəyə yola düşdük. Həmin gün Adana şəhərinin valisi bizi Kahramanmaraşa çatdırmaq üçün avtomobillə təmin etdi. Şəhərə çatan kimi səhiyyə şöbəsinə getdik. Hərbi tibb personalımızı Nəcib Fazil adına xəstəxanaya göndərdilər. Həmin xəstəxana da zəlzələyə məruz qalmışdı. Nə qədər təhlükəli olsa da, elə bu vəziyyətdə də yaralılara tibbi yardım göstərməyə başladıq. Fevralın 9-dan etibarən fəaliyyətimizi zəlzələ bölgəsində açılan Türkiyə Respublikası Silahlı Qüvvələrinin səyyar xəstəxanasında davam etdirdik. 21 gün ərzində 81 cərrahiyyə əməliyyatı apardıq, 517 nəfərə ambulator xidmət göstərdik. Türk qardaşlarımız xidmətimizdən razı qalır, minnətdarlıq edirdilər. Biz onlara deyirdik ki, bu, bizim qardaş qayğısıdır. Həyatını xilas etdiyimiz qadınlardan birinin  dediyi: "Siz nicat kimi gəldiniz, bizə həyat verdiniz" sözlərini heç vaxt unutmayacağam. Həkim və tibb bacıları üzərlərinə düşən vəzifələrin öhdəsindən bacarıqla gəldilər. Türkiyədə olduğumuz günlərdə qardaş ölkənin səhiyyə naziri Fəxrəddin Hoca, Milli Müdafiə naziri Hulusi Akar və Milli Müdafiə Nazirliyinin tibb xidməti rəisi general-mayor, professor Mustafa Gerek səhra xəstəxanasına gəldilər, hamımızla görüşdülər. Milli Müdafiə naziri Hulusi Akar yaralılara göstərdiyimiz xidmət və qayğıya görə bizə minnətdarlığını bildirəndən sonra dedi ki, sizin acınız bizim acımız, sizin sevinciniz bizim sevincimizdir. Bu sözlər görülənlərə verilən qiymət idi və daha da əzmlə xidmət etməyimizə stimul oldu.
Səyyar xəstəxanaya gətirilən bütün yaralılara yüksək səviyyədə tibbi xidmət göstərilirdi. Yaralılar başqa ölkələrin həkimlərindən daha çox bizə üz tuturdular. Onlar digərlərinə qonaq, bizə qardaş deyirdilər. Düşünürəm ki, Türkiyədə ölkəmizin şərəfini layiqincə təmsil etdik. Nəticədə türk qardaşlarımız bizi çox böyük hörmətlə yola saldılar. Yolasalma mərasimində İstanbul valisi şəxsən iştirak etdi. O, nümayəndə heyətinin bütün üzvlərinə xatirə döş nişanı bağışladı. Göstərilən köməyə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığını bildirdi”.   
- Yaxşı dost dar gündə tanınar, - deyə tibb xidməti polkovnik-leytenantı Ceyhun Yusifov söhbətimizə qoşuldu. - Türk qardaşlarımızın köməyinə ilk çatan Azərbaycanın hərbi həkimləri oldu. Mən otorinoloq kimi bir neçə nəfəri əməliyyat etdim. Neçə-neçə insanın həyatını xilas etdim. Qrupumuzdakı həkimlərin və tibb bacılarının hamısı üzərinə düşən vəzifənin öhdəsindən bacarıqla gəldilər.
Tibb xidməti polkovnik-leytenantı, travmotoloq Bəhram Qurbanov dedi ki, Ulu Öndər Heydər Əliyev Türkiyə ilə Azərbaycanın dostluğu haqqında böyük uzaqgörənliklə: "Bir millət - iki dövlət" - deyib. Türkiyədə baş verən zəlzələdə yaralananlara kömək etməyə gedəndə böyük qürur və iftixar hissləri keçirirdik. Çünki türk qardaşlarımızın xilasına gedirdik. İlk günlər yaralılar çox oldu. Türkiyədə olduğumuz günlərdə bizə bəslənən ümidləri doğrultduq. Yaralılara tibbi xidmət göstərdik, insanları ölümün əlindən aldıq.
- Fevralın 6-nı Türkiyədə baş verən zəlzələ xəbəri ilə açdıq, - deyə tibb xidməti kapitanı Ceyhun Əliyev sözə başladı. - Böyük bir ərazidə zəlzələ baş vermişdi. Minlərlə insan həlak olmuşdu. Biz yaralıların köməyinə tələsirdik. Çünki zəlzələ bölgəsinə nə qədər tez çatsaydıq, daha çox insanın həyatını xilas edəcəkdik. Kahramanmaraş şəhərinə yetişən kimi yaralıları qəbul etdik. 21 gün ərzində, sözün həqiqi mənasında, insanların sağlamlığı keşiyində dayandıq. Düşünürəm ki, neyrocərrah kimi üzərimə düşən vəzifələri layiqincə yerinə yetirdim.
Tibb xidməti mayoru Şükür Rüstəmov dedi ki, yaralılara tibbi xidmət göstərmək üçün bizim kifayət qədər təcrübəmiz var idi. Biz bu təcrübəni İkinci Qarabağ müharibəsində qazanmışdıq. Buna görə də yaralı türk qardaşlarımızın həyatını xilas edərkən heç bir çətinlik çəkmədik. Zəlzələdə insanlar təkcə fiziki cəhətdən deyil, mənəvi cəhətdən də yaralanmışdılar. Türk qardaşlarımız bir gecənin içində doğmalarını itirib çaş-baş qalmışdılar. Biz belə insanlardan mənəvi dəstəyimizi də əsirgəmirdik.
- Həyatımda belə fəlakət və dağıntını ilk dəfə görsəm də, özümü itirmədim, - deyə tibb xidməti baş leytenantı Günay Məmmədova söhbətimizə qoşuldu. - Çünki bura uçqunlar altında qalmış insanlara kömək etmək üçün gəlmişdik. İşimiz nə qədər çətin olsa da, məsuliyyətimizi dərindən dərk edirdik. Hər yaralını xilas etdikcə elə bil yorğunluğumuzu unudurduq. 102 saat dağıntılar altında qalmış 43 yaşlı qadının həyatını xilas edəndə sanki dünyanı bizə verdilər. Böyük çətinliklərə qalib gələrək neçə-neçə insanın həyatını xilas etdik. Necə deyərlər, yaralı insanlara əsl qardaş köməyi göstərdik.
Baş tibb bacısı baş çavuş Aygün Qafarova dedi ki, əməliyyatlar zamanı biz tibb bacılarının üzərinə də məsuliyyətli vəzifələr düşürdü. Bütün sutka ərzində dayanmadan işləyirdik. İşlər növbəli şəkildə təşkil olunmuşdu. Həkimlərimiz gecə və gündüz səyyar xəstəxanaya gətirilən yaralılara tibbi yardım göstərir, onların həyatı uğrunda mübarizə aparırdılar. Xilas etdiyimiz yaralılar bizə ağızdolusu minnətdarlıq edirdilər. Bu xoş sözlər bizim üçün ən böyük mükafat idi.
Tibb xidməti əsgəri, tibb bacısı Xalidə İsmayılova dedi ki, tibb işçilərinin ən başlıca vəzifəsi insanların sağlamlığı keşiyində dayanmaqdır. Türkiyə Respublikasında olarkən heyət üzvləri yaralıların həyatını xilas etmək amalı ilə çalışırdılar. Çalışqanlığımız müsbət nəticələr verirdi. Biz türk qardaşlarımızın həyatını xilas etdik. Həkimlərimiz də, tibb bacılarımız da üzərlərinə düşən tapşırıqların öhdəsindən bacarıqla gəldilər. Xalqımızı, dövlətimizi layiqincə təmsil etdilər.
- Həkimlik peşəsi müqəddəsdir. Darda qalan insanların həyatını xilas edəndə bu peşə daha da müqəddəsləşir, - deyə tibb bacısı, anastezist baş çavuş Nişanə Məmmədova söhbətimizə qoşularaq ürək sözlərini bizimlə bölüşdü. - Atam Məhəmməd Məmmədov 1994-cü ildə Kəlbəcər uğrunda gedən döyüşlərdə şəhid olub. Bunu ona görə xatırladıram ki, doğmalarını itirməyin nə demək olduğunu mən hələ kiçik yaşlarımdan yaxşı bilirəm. Türkiyə Respublikasında baş verən zəlzələdə də insanlar doğmalarını, əzizlərini itirmişdilər. Dövlətimiz təcili olaraq biz həkimləri və tibb bacılarını zəlzələdə yaralanmış insanların köməyinə göndərdi. Bizə bəslənən ümidləri doğrultduq. Türk qardaşlarımızın köməyinə birinci biz yetişdik, zəlzələ bölgəsini də axırıncı biz tərk etdik. Üzərimizə düşən vəzifələri sona qədər yerinə yetirdik.
Baş gizir Ravil Abdullayev dedi ki, təbii fəlakətin ilk günündən həm xalq olaraq, həm də dövlət olaraq qardaş Türkiyənin köməyinə çatmağa çalışdıq. Xalqımız çətinlikdə qalmış qardaşına, bacısına yardım əlini uzatmağa tələsirdi. Kimisi evindən cehizlik yorğan-döşəyini, kimisi isti paltarlarını, kimisi də aldığı təqaüdü zəlzələdən zərərçəkənlərə yardım üçün göndərirdi. Hadisə yerinə tibbi yardım göstərmək üçün gedəcəyimizi eşidəndə mən də digər yoldaşlarım kimi dərhal yardıma tələsdim. Ezam olunduğumuz ilk gündən Kahramanmaraş şəhərində fəaliyyətə başladıq. Tamamilə dağılmış binaların altından yaralı insanların çıxarılması Allahın möcüzəsi idi. Dağıntılar altından çıxarılıb xəstəxanamıza gətirilən hər yaralı ölümün pəncəsindən qurtulan bir can demək idi. Həkimlərimiz düzgün və vaxtında edilən müdaxilə ilə yüzlərlə insanı yenidən həyata qaytardı. Müayinə və müalicə olunan xəstələrin bizim tibbi personalımıza olan sevgisi, inamı sonsuz idi. Ailəsi ilə birlikdə dağıntılar altından çıxarılan az yaşlı bir qızın bizə ünvanladığı sevgi dolu məktubu, bizim Azərbaycana qayıtmağımızı istəməməsi hər birimizi çox, lap çox kövrəltmişdi, ağladıq da.
Gizir Bəhruz Hacalıyev isə bunları dedi: “İstər İkinci Qarabağ müharibəsi, istərsə də Türkiyədə baş verən zəlzələ Azərbaycan və Türkiyə qardaşlığının gerçəkliyi kimi yaşanıldı. Bunu bütün dünya gördü”. Bu sözləri fəaliyyət göstərdiyimiz səhra xəstəxanasında müalicə alan bir türk vətəndaşı demişdi. Həqiqətən də dünya mətbuatı bu gün Türkiyə-Azərbaycan birliyindən danışır. Qardaş Türkiyədə baş verən zəlzələ hər birimizin yaddaşında silinməz, kədərli izlər buraxsa da, bu birliyi hər zaman qürurla xatırlayacağıq.  
Baş çavuş Fəvvarə İbrahimova dedi ki, ezam olunduğumuz ilk gündən Türkiyədə Azərbaycanın və azərbaycanlıların necə sevildiyinin şahidi olduq. Yaralı və ambulator xəstələr yalnız bizim olduğumuz səhra çadırlarında müayinə və müalicə olunmaq istəyirdilər. Bu, bizi çox qürurlandırırdı. Xidmət etdiyimiz səhra xəstəxanasına daxil olan yaralılar "türkün türkdən başqa dostu yoxdur" ifadəsini işlədirdilər.
Baş çavuş Aygün Məmmədova dedi ki, Türkiyədə baş verən zəlzələni həqiqətən də əsrin fəlakəti adlandırmaq olar. Orada gördüklərimizi sözlə ifadə etmək çox çətindir. Kahramanmaraşa çatdığımız gün tibbi personala ehtiyacın yüksək olduğunu gördük. Çünki xəstəxanalarda çalışan tibb işçilərinin bir çoxu təbii fəlakət nəticəsində həyatını itirmiş, bəzilərinin isə yaxın qohumları zəlzələnin qurbanı olmuşdular. Bu səbəbdən şəhərdə ilk günlərdə tibb heyəti baxımından çatışmamazlıq var idi. Yaxşı xatırlayıram ki, zəlzələ bölgəsinə çatdığımız gün bir qadın bizə yaxınlaşaraq dayısının zəlzələdən öncə açıq ürək əməliyyatı olunduğunu, indi həkimlərin işə gəlmədiyindən nəzarətsiz qaldığını bildirdi. Dərhal xəstə nəzarətə götürüldü. Həkimlərimiz mənə və həmkarım kiçik çavuş Sevil Əhmədovaya lazımi tapşırıqlar verdilər.
Vaxtında edilən müdaxilə nəticəsində xəstənin həyatı xilas oldu. Onun yaxınları bizə minnətdarlıqlarını bildirdilər. Belə halları gördükdə çətinlikləri unudurduq. İnsanların üzündəki  təbəssüm bizi sevindirirdi.
Baş çavuş Səadət İbrahimova dedi ki, Türkiyədə olduğumuz zaman özümüzlə bağlı hər şeyi unutmuşduq. Ağlımızda olan yeganə fikir yaralıları xilas etmək idi. Yaralılara tibbi yardımla yanaşı, həm mənəvi, həm də psixoloji yardım göstərirdik. Həmin anlarda xəstələrin təkcə dava-dərmana deyil, gülüşə, xoş sözə də ehtiyacları var idi. Belə insanlara xüsusi diqqət və qayğı göstərir, psixoloji söhbətlər aparırdıq.
- Üç ildən artıqdır ki, tibb bacısı - anestezist kimi xidmətdəyəm - deyə baş çavuş Elnarə Nikipur söhbətimizə qoşuldu. Çox xəstələr, yaralılar görmüşəm. Ancaq zəlzələ bölgəsində gördüklərim daha acınacaqlı idi. Dağıntılar altından çıxarılan yaralı körpələri, uşaqları görmək bir qadın olaraq mənim üçün çox çətin idi. Bütün bu psixoloji çətinliklərə baxmayaraq, vəzifəmizin öhdəsindən layiqincə gəlməyi bacardıq.   
Baş çavuş Nişanə Məmmədova dedi iki, Türkiyədə baş verən hadisəni eşidəndə bilirdik ki, dağıntılar altında çoxsaylı insanlar qalıb və onların tibbi yardıma ehtiyacları var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi tapşırığı ilə qardaş ölkəyə hərbi həkimlərdən ibarət qrupun ezam olunacağını eşidəndə, mən də getmək istədiyimi rəhbərliyə bildirdim. Vətən müharibəsində qazandığım təcrübəni nəzərə alaraq komandanlıq müraciətimi müsbət qarşıladı. Fevral ayının 7-də Kahramanmaraş şəhərində dağıntılar altından çıxarılan yaralılara tibbi yardım göstərməyə başladıq. Hər şey mənə Vətən müharibəsini xatırladırdı. Müharibə zamanı olduğu kimi burada da yaralıların həyatını xilas etmək üçün sanki zamanla yarışırdıq. Bilik və bacarığımızdan maksimum istifadə edərək həkimlərimizin verdiyi tapşırıqları vaxt itirmədən icra edirdik. Nə qədər çətin olsa da, orada olmaq, insanların ümidinə çevrilmək qürurverici idi.  
Kiçik çavuş Sevil Əhmədova dedi ki, Türkiyə Respublikasında zəlzələnin baş verdiyini eşidəndə hamı kimi mən də sarsıldım. Fevralın 7-də Heydər Əliyev adına Beynəlxalq Hava Limanından əvvəlcə İstanbula yola düşdük, Adanaya, sonra Kahramanmaraş şəhərinə gedib çatdıq. Şəhərə çatanda qarşılaşdığımız mənzərədən dəhşətə gəldik. Hər yer dağılmış, daş-betondan ibarət hündür binalar təpələrə çevrilmişdi. Vaxt itirmədən fəaliyyətə başladıq. Yaralılara doğmalarımız kimi baxırdıq. Azərbaycanın çətin günlərində Türkiyə dövlətinin və xalqının bizim yanımızda olduğu kimi, biz də onların çətin günlərində az da olsa köməklərinə çatdığımızı düşündükdə qürur hissi keçirirdim.
Hərbi həkimlərimizin türk qardaşlarımıza köməyi xalqlarımızı bundan sonra da bir-birinə daha da yaxınlaşdıracaq. Biz bundan sonra da sevincli günlərimizdə də, kədərli günlərimizdə də həmişə bir yerdə olacağıq. Çünki biz bir yerdə olanda daha güclü və qüdrətli oluruq.

Oruc MUSTAFAYEV, Vahid MƏHƏRRƏMOV "Azərbaycan Ordusu"