Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 20:30

Xocalılılar Xocalıya qayıdacaqlar!

Dünənlər də tarixdi, on illər, yüz illər əvvəl də...
Heç bir millət, heç bir xalq torpağa and içmir. Torpağa and içə-içə torpağı qoruyanlar onu vətənləşdirib. Azərbaycanı yaradanların, onu qoruyanların ruhu əsgərləşmiş ruhumuzun duaçısı olub: Sürünüz yerisin! Axar bulaqlarınız qurumasın! Yollarınız boyun bükməsin!..
On illər, yüz illər əvvəl qürur da yaşanılıb, qəhər də. Qürur qələbənin yolgöstərənidi, yaşanılmış qəhərin bəşəri niyyətli xalqların əzminin, iradəsinin, qətiyyətinin göylərində yel əsdirməyə qüdrəti çatmaz! Qürur da, qəhər də xalqın müstəqillik istəyinin kəsərinə dönüb. Xalq qəhəri də, qəhər yetirənlərin niyyətini də bu kəsərlə sonlandırıb. O dövrdə əsən siyasət çovğununun qanadlarını milli-azadlıq hərəkatı qırdı. Bağanis-Ayrım, Ağdaban, Qaradağlı, Meşəli, Xocalı faciələrinə görə yaşadığımız qəhərlərin təsəllisi İkinci Qarabağ müharibəsində qazanılan Zəfər oldu.
"N" hərbi hissəsində Xocalı faciəsini əsgərlərin əhatəsində də xatırlayırıq. Disput mahiyyətli xatırlamadı. Əsgərlər dediklərimi disputa giriş kimi dinləyirlər. Fikir fikri tamamlayır, bir fikir digərinin başlanğıcı olur.
Baş leytenant Nadir Quliyev Xocalı faciəsi haqqında deyir ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev bu faciəni dünya ictimaiyyətinə belə tanıdırdı: "Bu amansız və qəddar soyqırımı aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".
Gizir Yusif Abbasov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı faciəsi haqqında dediyi fikri xatırladır: "Xocalı faciəsi erməni millətçilərinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi". Bu kəlamlar əsgərlərin yaddaşında həmişə qalacaq....
Baş leytenant Nadir Quliyev Xocalı faciəsi haqqında oxuduqlarını xatırlayır:
- Xocalı axşama yaxın güclü atəşə tutulub. Bir məhlənin sakinləri məktəbin zirzəmisinə sığınıblar. Az sonra buranın çox təhlükəli olduğunu hiss ediblər, ağsaqqalların məsləhətiylə zirzəmidən çıxıb qarlı, soyuq havada Qarqar çayını keçiblər. Qarşıdakı dağlıq ərazini aşıb Ağdama tərəf gedəcəkdilər. Dağı aşa-aşda sürüşüb dağın ətəyinə düşüblər. Reyhan Muradova bir aydan sonra ana olacaqdı. Sürüşəndə huşunu itirib. Özünə gələndə yanında heç kimi görməyib. Dizin-dizin, sürünə-sürünə dağın ucalığına çatıb. Dönüb Xocalıya baxıb. Xocalını od içində görüb. Bu ağrılar ağrılarını unutdurub. Birtəhər Şelli kəndinə çatıb...
Gizir Yusif Abbasov da bu faciə haqqında yaddaşında qalanlardan danışır:
- Tovuz Zeynalova qaça-qaçda iki oğluyla evdən çıxıb, ağlayan körpəsini qucağına alıb. Həmin anlarda arxadan gələn ermənilər onları atəşə tutub. Körpənin ürəyinə dəyib, kürəyin-dən çıxan güllə Tovuzun əlini parçalayıb. Yaralı əliylə körpəsini bağrına basa bilməyib. O biri oğlu Elşadı da itirib. Ağdama çatanda əli, ayağı şaxtadan donubmuş...
Baş leytenant Nadir Quliyev xatırladır ki, ermənilər fevralın 2-dən Xocalıya elektrik enerjisini kəsmişdilər. O ilin qışında Xocalının gecələri 20-30 il əvvəlin gecələri kimiydi. "Mənə elə gəlir ki, həmin vaxtlarda dan yerinin sökülməsinə heç yerdə xocalılar qədər sevinilməyib...", - deyirəm. Əsgərlərin baxışları Xocalıya sarı yollara sarılır. Niyyət baxışlarıdı. Bu dönməz baxışlarda da Zəfərin işığı duyulur...
Könlümüz el dərdinə, el qəminə, xalqın adına ad olan can sitəminə həmişə açıq olub - əsgərlər bildiklərini yenicə eşidirmiş kimi dinləyirlər.
Baş leytenant Nadir Quliyev fikrini düşüncələrimizi üşüdən bir fikirlə davam etdirir:
- Xocalı faciəsində şəhər yerlə-yeksan edilib. 613 nəfər qətlə yetirilib, 1275 nəfər girov götürülüb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. Qətlə yetirilənlərdən 63 nəfəri uşaq, 106 nəfəri qadın, 70 nəfəri ahıl və qoca idi. Hərbi təcavüz nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirmişdir.
1992-ci ilin 25 fevral gecəsini şaxtasında-sazağında törədilmiş vəhşiliklərdən gizir Yusif Abbasov da danışır:
- Faciə gecəsi şaxta olub. 366-cı alayın döyüş texnikaları şəhəri əhatələyib. Mühasirədə qalan camaat müdafiə oluna bilməyib. Camaat silahlı ordu hissəsinin qəfil hücumunun qarşısını necə ala bilərdi? Beş-on ədəd ov tüfəngi ilə avtomatlıları dayandırmaq, tankları yolundan saxlamaq mümkün olardımı?
- Atamdan eşitmişəm: Ermənilər şəhərə girəndə bir ata uşaqlarını evin arxasından üzü Ağdama sarı yola salıb, özü yaxınlaşan üç erməni ilə atışıb, birini öldürüb. Ata uşaqlarına çatmağa tələsib. Onlara çata-çatda kürəyindən güllələr dəyib. Diz çöküb. Şəhid olub. Uşaqları çar-naçar qaçıblar (əsgər Yaşar Dəmirov).
Əsgərlərin dedikləri məni 31 il əvvəlin sazağında üşüdür. Onda da bu əsgərlər yaşında bir oğlan əl ağacına söykənib nəşriyyatın qarşısında hönkür-hönkür ağlayırdı. Çarəsiz ağlamağıydı. Heysiyyət yaşları üzünü közə döndərmişdi...
Əsgər Saməddin Vəliyev bir ailənin faciəsini xatırladır. Eşitdiklərini ana-ana, yana-yana danışır:
- Ermənilər yaxınlaşanda ata qızının alnından öpür, sonra xəncəri ciyərparasının ürəyinə sancır. Qızının alnından bir də öpür, sonra özünü öldürür...
Saməddinin xatırlaması bizi də, əsgərləri də duyğulandırır...
Baş leytenant Nadir Quliyev Xocalı faciəsində törədilmiş vəhşiliklərdən də danışır. Səsində qəhər var. Yaşından böyük olan bu qəhər tarixin cığırdaşı olacaq - Xocalı faciəsi heç zaman unudulmayacaq...
Faciədən xeyli əvvəl "İnşaatçı" qəzetinin müxbiri kimi Xocalıda ezamiyyətdəydim. Xəbər gəldi ki, Almalıq tərəfdən silahlı ermənilər görünür. Camaat Almalığa tərəf axışmışdı. Biz də onların sırasındaydıq. Yaraqlı ermənilər bu nəhri, bu axını görüncə geri çəkilmişdilər - qaçıb uzaqlaşmışdılar. Ermənilər 1992-ci ilin 25 fevralında qeyrətəmi gəlmişdilər? - yox, sovet ordusunun yedəyindəydilər. Dediklərim əsgərlərin düşüncələrini tərpədir.
Ermənilər 366-cı alayın döyüş texnikalarıyla şəhərə girəndə aeroportun yaxınlığında ağır döyüşlər gedib. Mayor Əlif Hacıyev, baş leytenant Tofiq Hüseynov, onlarla döyüşçü qətiyyətlə döyüşüb. Son ana qədər kömək gələcəyinə inanıb döyüşüblər. Təklənmiş Xocalıya kömək gəlməyib. Şəhid olan döyüşçülərin nəşini qar bürüyüb. Bu ovunmayan təəssüf 31 ildi ki, düşüncələrimizdədi.
Fikrimi gizir Yusif Abbasov tamamlayır:
- Xocalıya kömək mühasirəyə qədər gəlməliydi, gəlməmişdi. Hücum başlayanda da gəlməmişdi. Ona görə ermənilər Xocalıda vəhşiliklər törətmişdilər.
Zabit gizirin sözünə söykək kimi, 1992-ci ilin martında "İzvestiya" qəzetində dərc edilmiş bir informasiyanı xatırladır: "Mən şəxsən təpədə yüzə yaxın meyit gördüm. Bir oğlanın başı yox idi. Hər tərəfdə qəddarlıqla öldürülmüş qadın, uşaqlar, qocalar görünürdü".
Yadıma neçə il əvvəl fevralın 26-da Şəhidlər xiyabanında dediyim bir bayatı düşür:
 ...kür mələdi,
Sel gəldi, Kür mələdi.
Ermənilər gecəni
Ölümə kürmələdi...
Heysiyyət əsgərləri duyğulandırır - ermənilərin 31 il əvvəl ölümə kürmələdiyi gecə törətdikləri qəddarlıqlardan, vəhşiliklərdən danışırlar:
- Qışın sazağında, gecənin qaranlığında hamı təntiyib. Beş-altı qadın uşaqlarıyla birlikdə meşəliyə tərəf qaçıb, dəmir yolunu keçiblər, Qarqar çayına çatıblar, birtəhər meşəliyə yetiblər. Uzun müddət ac-susuz qalıblar. Onlara elə gəlib ki, ermənilər yaxınlıqdadı. Anası ağlayan üç aylıq körpəsinin ağzını əliylə qapayıb ki, ermənilər səs eşitməsinlər. Körpənin ağlartısı kəsib. Anaya elə gəlib ki, südəməri keçinib. Bir azdan yola düşüblər. Dərdli ana "Tifilimi Ağdamacan aparacam, torpağa orada verəcəm...", - deyib. Aparıb da. Ağdamda körpənin ağlamsınması, sonra ağlaması hamını heyrətləndirib... (əsgər Saməddin Vəliyev).
Saməddinin dedikləri əsgərləri duyğulandırır. Bu hadisə 31 ildi hər eşidənə kövrəklik qarışıq şükranlıq yaşadır. Əsgərin xatırlatması inama dirsəklənən bir duyğuya dönür.
Ermənilər Xocalını məhv etdiklərini deyirlər. Ancaq Xocalı yenidən tikiləcək, yenidən dikələcək, Xocalı şəhər kimi yenidən yaşayacaq. Eynən o körpə kimi. Gözəl düşüncələrdi, gerçəkləşəcək düşüncələrdi. Əsgərlər fikrimi bəyənirlər.
Türkiyədə ali təhsil almış əsgər Azər Barasov deyir ki, 2008-ci ilin mayında "Heydər Əliyev Fondu"nun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə fəaliyyətə başlayan "Xocalıya ədalət" kampaniyasının təşkil etdiyi tədbirlərdə əsas diqqət 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş kütləvi qırğınlara, qəddarlıqlara, vəhşiliklərə yönəldilir. Belə tədbirlərin mahiyyəti həmrəylikdir, bu həmrəylik dünyanın ədalət prinsipləri ilə yaşamasına çağırışdır. "Xocalıya ədalət" kampaniyası dünyanın bəşəri düşüncəli insanlarını Xocalıda azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə cəzasızlıq halları ilə mübarizəyə çağırır.
Əsgər Yaşar Dəmirov "Biz qayıdacağıq!" bədii filmini, filmdən bəzi kadrları, yeniyetmə Zakiri xatırladır. İnamlı əminliklə deyir ki, xocalılılar da Xocalıya qayıdacaqlar...
1992-ci ilin fevralından bəri ürəyimizi göynədən haraylar ovunmur. Haraylardan biri deyir: "Odum qar altda qaldı, közüm qar altda qaldı", biri deyir: "Yolum qar altda qaldı, izim qar altda qaldı", biri deyir: "A ürəyi sözlülər, sözüm qar altda qaldı", biri deyir: "Oğlum qar altda qaldı, qızım qar altda qaldı". Bu harayların salavatına dönən harayı hamı, hamı ana əvəzi, ata əvəzi, qardaş əvəzi, oğul əvəzi bağrına basmaq istəyir: Xocalılılar Xocalıya qayıdacaqlar!

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"