Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 20:30

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi (İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: 31 Mart - Azərbaycanlıların Soyqırımı Günüdür

Suallar:
1. Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri.

2. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti.

Azərbaycan xalqına qarşı ermənilər tərəfindən aparılmış genosid siyasətinin məzmunu, tarixi xronikası və ağır nəticələri

XIX əsrin əvvəllərində çar Rusiyasının cənub dənizlərinə doğru həyata keçirdiyi müstəmləkəçilik siyasəti nəticəsində Qacarlar dövləti ilə çar Rusiyası arasında baş vermiş müharibələr nəticəsində 1813-cü il Gülüstan və 1828-ci il Türkmənçay müqavilələrinin bağlanması Azərbaycan xalqının parçalanmasının, tarixi torpaqlarının bölünməsinin əsasını qoymuşdur. Qısa bir müddətdə bu siyasət gerçəkləşdirilərək ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilir. 1828-ci il Türkmənçay müqaviləsinə əsasən Qacarlar dövlətindən 40 min nəfər erməni, Osmanlı imperiyası ilə çar Rusiya arasında baş vermiş müharibə nəticəsində bağlanılmış Ədirnə müqaviləsinə görə isə Osmanlı imperiyasından 86 min nəfər erməni Cənubi Qafqaza köçürülərək əsasən Azərbaycan türklərinin yaşadığı İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində yerləşdirilir. Rusların bu ərazilərin işğalında xüsusi rol oynamış ermənilərin köməyi əvəzinə gəlmə ermənilər bu xanlıqların ərazilərində azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə baxmayaraq, ermənilər üçün Naxçıvan və İrəvan xanlıqlarının ərazisində rus çarının fərmanı ilə "erməni vilayəti" adı ilə inzibati ərazi bölgüsü yaradılmışdır. Cənubi Qafqaza köçürülmüş və getdikcə öz yerlərini möhkəmləndirən ermənilər "Böyük Ermənistan" yaradılması ideyasının və onun təbliği siyasətinin əsasını qoyurlar.
Ermənilərin öz xəyallarında uydurduqları bu dövlətin Azərbaycan torpaqlarında yaradılmasına "bəraət qazandırmaq məqsədilə" erməni xalqının tarixinin saxtalaşdırılmasına yönəldilmiş geniş miqyaslı proqramlar hazırlanır və reallaşdırılır. Bu məsələlər xüsusilə XIX əsrin axırlarında yaradılmış "Armenakan", "Hnçaq", "Daşnaksütyun" və digər bu kimi şovinist erməni millətçi partiyaların proqramlarında geniş yer alır. "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni şovinist millətçiləri 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə geniş miqyaslı qanlı təcavüzlər həyata keçirirlər. Ermənilərin 1905-ci ilin fevralından Bakıdan başladıqları vəhşiliklər Azərbaycanı və indiki Ermənistan ərazisindəki azərbaycanlılar yaşayan şəhər və kəndləri əhatə edir. Bu hadisələr nəticəsində yüzlərlə yaşayış məntəqələri dağıdılaraq yerlə-yeksan edilir, minlərlə azərbaycanlı qətlə yetirilir.
Ermənilərə erməni dövlətini yaratmaq üçün öz planlarının reallaşdırılmasında Birinci Dünya müharibəsi və çar Rusiyasında baş verən inqilabi hadisələrin xüsusilə böyük rolu oldu. Müharibə şəraitində çar Rusiyasında baş vermiş fevral və oktyabr çevrilişlərindən məharətlə istifadə edən daşnak xislətli ermənilər öz məqsədlərini bolşevik bayrağı altında reallaşdırmağa nail oldular. 1918-ci ilin martından etibarən əksinqilabi ünsürlərlə mübarizə şüarı altında S.Şaumyanın rəhbərlik etdiyi və əksəriyyəti ermənilərdən ibarət olan Bakı Kommunası tərəfindən ümumən Bakı quberniyasını yerli əhali olan azərbaycanlılardan təmizləmək məqsədi güdən mənfur planı həyata keçirməyə başlayırlar. 1918-ci il martın 19, 20, 21, 30, 31 və aprelin 1-də ermənilərin Bakıda törətdikləri cinayətlər Azərbaycan xalqının yaddaşında əbədi olaraq həkk olunmuşdur. Həmin günlər 30 minə yaxın dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmişdir. Ermənilər evlərə od vurmuş, insanları diri-diri yandırmışlar. Milli memarlıq abidələri, məktəblər, xəstəxanalar, qəzet-jurnal mətbəələri, məscidlər və s. dağıdılmış, yandırılmış, Bakının azərbaycanlılar yaşayan hissəsi xarabalığa çevrilmişdi.
Azərbaycanlıların soyqırımı Bakıdan sonra Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, İrəvan quberniyasının azərbaycanlılar yaşayan ərazilərində və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdi.
Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinə xüsusi diqqət yetirilmişdir. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilmişdir. Lakin Azərbaycan Xalq Cümhuriyyəti dövründə ermənilərin azərbaycanlılara qarşı soyqırımını araşdırmaq məqsədilə yaradılan komissiya sovet Rusiyasının ölkəmizi işğal etməsi səbəbindən öz işini başa çatdıra bilmədi.
Sovet Rusiyasının onlara qarşı isti münasibətindən və Zaqafqaziyanın sovetləşməsindən öz çirkin məqsədləri üçün istifadə edən ermənilər 1920-ci ildə Zəngəzur qəzasını və Azərbaycanın bir sıra mübahisəsiz torpaqlarını öz ərazilərinə qatmağa nail oldular. Cidd-cəhdlə çalışsalar da, Qarabağı ələ keçirə bilməyən ermənilər 1923-cü ilin iyulunda ona muxtar vilayət statusu verdirməyə nail ola bildilər. Məqsəd isə gələcəkdə onu Ermənistan SSR-ə birləşdirmək idi.
Xaricdən gələn ermənilərin yerləşdirilməsi, həm də Kür-Araz ovalığının pambıq əkən rayonlarda işçi qüvvəsinin çatışmazlığı bəhanəsi ilə azərbaycanlıların əzəli torpaqlarından deportasiyasının növbəti mərhələsi həyata keçirilir. Belə ki, SSRİ Nazirlər Sovetinin "Ermənistan SSR-dən kolxozçuların və başqa azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında" qərarı ilə 1948-1953-cü illərdə 150 min azərbaycanlı ilk baxışda görünməyən soyqırımına - deportasiyaya məruz qalmış, öz tarixi vətənindən zorla köçürülərək Azərbaycan Respublikasının ərazisində yerləşdirilmişdir.
Qarabağdakı azərbaycanlılar kütləvi surətdə təqib edilərək zorla qovuldular. 1992-ci il fevralın ortalarında ermənilər Xocavənd rayonunun Qaradağlı kəndinin 54 sakinini vəhşicəsinə öldürüb silos quyularına atdılar. 1992-ci il fevralın 25-də isə erməni hərbi birləşmələri ilə sovet ordusundan qalma və şəxsi heyəti əsasən ermənilərdən ibarət olan 366-cı alay Xocalıya hücum edərək şəhərin əhalisinə vəhşicəsinə divan tutdular, daha bir dəhşətli soyqırımını törətdilər. 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 1275 nəfər əsir alındı, 8 ailə bütövlüklə məhv edildi. 56 nəfər xüsusi qəddarlıq və amansızlıqla diri-diri yandırıldı, dəriləri soyuldu, gözləri çıxarıldı, başları kəsildi, hamilə qadınların qarnı süngü ilə deşildi.
Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. Bu hadisələrin yalnız birinə - 1918-ci ilin mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası bu gün onun axıra qədər həyata keçirə bilmədiyi qərarların məntiqi davamı olaraq soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul edib. Xalqımıza qarşı törədilmiş bütün soyqırımı faciələrinə siyasi qiymət vermək məqsədilə Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyev "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı imzaladı. Həmin fərmanla 31 mart azərbaycanlıların soyqırımı günü kimi tarixə yazıldı.

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli fərmanı və bu fərmanın tarixi əhəmiyyəti

Tarixi şərait səbəbindən ötən iki əsr ərzində baş vermiş hadisələrə, xalqımızın faciələrinə obyektiv qiymət vermək mümkün olmamışdır. Yalnız müstəqillik dövründə ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı cinayətlərinə əsl hüquqi-siyasi qiymət verildi. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" fərman erməni millətçilərinin cinayətkar əməllərinə verilən dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olmuşdur. Ulu Öndər Heydər Əliyev bu fərmanla 1918-ci ilin mart hadisələrini geniş şərh etdi, bolşevik cildinə girmiş erməni daşnaklarının Azərbaycan xalqının başına gətirdiyi müsibətləri dünyaya bəyan edərək qanlı əməllərə düzgün siyasi qiymət verdi və onu Azərbaycan xalqına qarşı törədilən ən böyük faciə adlandırdı. Erməni məkrini tarixi faktların dili ilə ifşa edən bu fərman Azərbaycanın indiki və gələcək nəsillərinin milli yaddaşının qorunması baxımından bir növ proqram sənədidir. Fərmanda deyilir: "Böyük Ermənistan" yaratmaq xülyasından ruhlanan erməni qəsbkarları 1905-1907-ci illərdə azərbaycanlılara qarşı açıq şəkildə genişmiqyaslı qanlı aksiyalar həyata keçirdilər. Ermənilərin Bakıdan başlanan vəhşilikləri Azərbaycanı və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərini əhatə etdi. Yüzlərlə yaşayış məntəqəsi dağıdılıb yerlə-yeksan edildi, minlərlə azərbaycanlı vəhşicəsinə qətlə yetirildi. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda və Azərbaycanın başqa bölgələrində də xüsusi qəddarlıqla həyata keçirilmişdir. Bu ərazilərdə dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər dağıdılmış, milli mədəniyyət abidələri məhv edilmişdir".
Azərbaycan tarixində ilk dəfə olaraq Ulu Öndər Heydər Əliyev erməni məkrini tarixi faktların dili ilə ifşa etdi. Ulu Öndərin imzaladığı fərmanda ermənilərin Azərbaycana qarşı təcavüzünün tarixi köklərinə toxunulur, onların mərhələlərlə törətdikləri soyqırımı və terror siyasətinin mahiyyəti açılır, ölkəmizin hansı tarixi ədalətsizliklərlə üzləşdiyi yeni nəsillərə anladılır, xalqımızın qarşılaşdığı müsibətlərin tarixinə, siyasi və çağdaş aspektlərinə nəzər salınır. Eyni zamanda, bu fərman terrorizmə, soyqırımına qarşı mübarizə aparmaq üçün Ulu Öndərin müəyyən etdiyi bir yoldur. Azərbaycanlılara qarşı aparılmış soyqırımı və deportasiya siyasətini geniş təhlil edən bu tarixi sənədlə martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilib.
Bu fərman həm də uzun illər gizli saxlanılan, üzərinə qadağalar qoyulan həqiqətləri açmış, xalqımızın qan yaddaşını təzələmişdir. Məlum olduğu kimi, xalqımız sovet dövründə uzun illər bu gerçəkliklərdən məlumatsız olmuş, saxta ideoloji ehkamlar və yalan tarix nəticəsində yaddaşımız uzun illər tamamilə yad istiqamətdə köklənmişdir. Hətta dəhşətli soyqırımın qurbanı olmuş minlərlə soydaşımızın uyuduğu qəbiristanlığın üstündə park salınmışdır. Bu mənada, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin imzaladığı fərman 200 illik işğal və soyqırımı siyasətini açıb göstərən tarixi sənəd olmaqla yanaşı, xalqımızın öz milli-mənəvi dəyərlərinə, tarixi köklərinə, torpağına və Vətəninə bağlılığı baxımından da əhəmiyyətlidir. Fərman türk dünyasında bu məsələ ilə bağlı rəsmən bəyan edilən ilk hüquqi-siyasi sənəddir.
Son illərdə bunun qarşısını almaq üçün erməni saxtakarlığının dünyada ifşa olunması istiqamətində Azərbaycan dövlətinin fəaliyyəti daha da güclənmiş, ermənilərə qarşı ideoloji əkshücum effektiv xarakter almışdır. Ulu Öndər Heydər Əliyevin 1998-ci il 26 mart tarixli sərəncamı bu işlərin vahid və sistemli surətdə aparılmasına imkan yaratmışdır. Təqdirəlayiq haldır ki, Azərbaycanın milli problemlərinin beynəlxalq səviyyədə qaldırılması, erməni vandalizminin ifşası istiqamətindəki əzmkar və qətiyyətli fəaliyyət bu gün Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən prinsipiallıqla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün görüşlərində, xarici ölkələrə səfərlərində, çıxışlarında Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirən erməniləri ifşa etmiş, soyqırımı cinayəti törədənləri və ona göz yumanları kəskin tənqid etmiş, dünya ictimaiyyətini erməni riyakarlığına son qoymağa çağırmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 Mart “Azərbaycanlıların Soyqırımı Günü” ilə bağlı xalqa müraciətlərində ermənilərin müxtəlif illərdə dinc azərbaycanlılara qarşı soyqırımı həyata keçirmələri, soydaşlarımızın yurd-yuvalarından didərgin salınması, ərazilərimizin işğalı, erməni şovinist millətçilərinin xalqımıza qarşı təcavüzünün bu gün də davam etməsi, onun ağır nəticələrinin yüz minlərlə soydaşımızın taleyində özünü büruzə verməsi, Ermənistanın və havadarlarının təcavüzkar siyasətinin iflasa məhkum olması, bunun hazırkı dünya siyasətinin aparıcı meyilləri ilə ziddiyyət təşkil etməsi qeyd olunmaqla yanaşı, belə bir zamanda dövlətin və hər birimizin qarşısında duran başlıca vəzifələr göstərilir. "Bizim siyasi-diplomatik və informasiya-təbliğat mübarizəsi sahəsində görməli olduğumuz işlər çoxdur. Bu yolda imkanlarımızı səfərbər etməli, daha səmərəli işləməliyik", - deyə Prezident cənab İlham Əliyev bildirir.
Qarşımızda duran əsas vəzifələr xalqımıza qarşı həyata keçirilən soyqırımı haqqında indiki və gələcək nəsillərdə möhkəm milli yaddaş formalaşdırmaq, bu faciələrə bütün dünyada siyasi və hüquqi qiymət verilməsinə nail olmaq, bir daha belə halların təkrar olunmamasına çalışmaqdır. Bunun üçün isə yalnız möhkəm və yenilməz milli birlik tələb olunur. İnanırıq ki, vaxt gələcək dünya birliyi ermənilərin Azərbaycan xalqına qarşı tarixən törətdiyi cinayətlərə, soyqırımına obyektiv qiymət verəcək.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi