Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 20:30

“Partlayış travmalarına yanaşma” mövzusunda keçirilən kurs uğurla başa çatdı

Azərbaycan Respublikasının Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) arasında əməkdaşlıq çərçivəsində imzalanmış 2023-cü ilin tədbirlər planına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçularının və ölkəmizə dəvət olunmuş xarici mütəxəssislərin iştirakı ilə "Partlayış travmalarına yanaşma" mövzusunda kurs keçirildi.
Çıxış edənlər iştirakçılara uğurlar arzulayaraq, kursun proqramı, məqsədi və qarşıda duran tapşırıqlar barədə məlumat verdilər. Qeyd olundu ki, müxtəlif mövzularda keçirilən dərslər əsasında dinləyicilər həm nəzəri, həm də praktiki tapşırıqlar yerinə yetirəcəklər.
İlk mövzu "Partlayışların fiziki təzahürləri" oldu. Bu mövzu haqqında əsas anlayışlarla bağlı ətraflı məlumatlar verildi. Partlayıcı maddələrin və silahların növləri; partlayışların təsirləri məsələləri kurs iştirakçılarına izah olundu.
Növbəti mövzu "Partlayışlar və partlayış zədələri" barəsində oldu. Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən ölkəmizə dəvət olunan təlimatçılar bu mövzu ilə bağlı müxtəlif dərəcəli zədələr və ağciyər zədələri haqqında dinləyiciləri məlumatlandırdılar. Bildirildi ki, sadalanan zədə kateqoriyaları zərbə dalğası, partlayış dalğası və partlayış bölgəsində mövcud olan amillərin insan bədəninə necə təsir etməsinə görə ayrılır.
"Təhlükəsizlik" mövzusunda isə hadisə yerinə daxil olmazdan əvvəl ərazinin ümumi təhlükəsizliyinin qiymətləndirilməsi, fərdi qoruyucu vasitələrdən düzgün istifadə və mövzu ilə bağlı digər zəruri məsələlər dinləyicilərin diqqətinə çatdırıldı.
Kursun növbəti günlərində iştirakçılara "Tənəffüs yolları və respirator sistemin idarə edilməsi", "Qan dövranı və qanaxmaya nəzarət", "Kəllə-beyin, onurğa zədələri", "Döş qəfəsi, qarın boşluğu və cinsi orqanlardakı zədələr", "Aşağı və yuxarı ətrafların zədələri" mövzularında brifinqlər təqdim olundu və hər mövzu praktiki yollarla (insan manekenləri, maketləri, zəruri aparat və avadanlıqların istifadəsi ilə) izah olundu.
Daha sonra "Ağrının idarə olunması" - “Ağrının müalicəsi” mövzusunda brifinq kurs iştirakçılarına təqdim olundu. Bu brifinqdə dinləyicilər ağrının azalması üçün istifadə olunan dərmanlar (analgetiklər), ümumi dozalama təlimatları və digər kateqoriyalar üzrə məlumatlar aldılar.
Kurs iştirakçıları "Yanıqların işlənməsi" mövzusunda partlayış nəticəsində termik zədələr, yanıqların ağırlıq dərəcəsi, yanıqlar zamanı ilkin tibbi yardım və digər zəruri tədbirlər barədə məlumatlandırıldılar.
"Triaj prosedurları (yaralıların çeşidlənməsi prosesi)" da xarici mütəxəssislər tərəfindən tədris olunan mövzulardan biri oldu. Bu fəsildə xəstələrin ehtiyaclarına və vəziyyətlərinin şiddətinə görə qruplara ayrılması dinləyicilərə öyrədildi və qeyd edildi ki, bu prosedurda planlaşdırma, risk qiymətləndirilməsi, rol və öhdəliklər, kommunikasiya və koordinasiya, prioritet kateqoriyalar və s. məsələlər vacib faktorlardır.
Dinləyicilər kurs müddətində iştirak etdikləri qruplar nəzdində müxtəlif nəzəri və praktiki tapşırıqları icra etdilər. Verilən tapşırıqların simulyasiya planı üzrə yerinə yetirilməsi təlimatçılar tərəfindən izlənildi və lazımi fəaliyyət ardıcıllığı həm yerində, həm də günün yekununda kurs iştirakçılarına izah olundu.
Sonda yekun brifinqlər tədbir iştirakçılarının diqqətinə çatdırıldı. Kursu müvəffəqiyyətlə başa vuran hərbi qulluqçularımıza sertifikatlar təqdim olundu, xatirə şəkli çəkdirildi.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"