Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 20:30

“Həkim şahin gözünə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır”

Müsahibimiz Vətən müharibəsinin ağ xalatlı qəhrəmanı Müdafiə Nazirliyinin Tibb İdarə rəisinin müavini - Baş Klinik Hospitalın rəisi vəzifəsini icra edən tibb xidməti polkovniki Vüqar Rzaxan oğlu Mürsəlovdur. Vüqar Mürsəlov 1970-ci il aprelin 29-da Biləsuvar rayonunda anadan olub. Bu tarix yüzlərcə insan həyatına işıq olacaq ömrün yaranma tarixçəsiydi...
Ailəlidir. İki övladı var.
- Həyatınızın müəyyən mərhələsində həkim və hərbçi peşələrini ömür yolunuza işıq seçdiniz. Bu şərəfli, şərəfli olduğu qədər də məsuliyyətli iki sənəti bir ömürdə necə birləşdirdiniz?
- Sualınızı rənglərin insan həyatına, onun psixologiyasına və fiziologiyasına təsiri ilə bağlı danışaraq cavablandırmaq istəyirəm.  Biz rənglər aləmində yaşadığımızdan hər birimizin sevdiyi və sevmədiyi rənglər var. Mənim sevimli rənglərim isə ağ və yaşıldır. Ağ - təmizliyi və saflığı təmsil etməklə yanaşı, azadlıq və istiqlal rəmzidir. Bütün rənglərin sintezini təşkil edən bu rəng də xilaskar, canqurtaran mənasını verir və buna görə həkim xalatı bu rəngdə olur. Ağa üstünlük verənlər təmizliyi sevən və səliqəli insanlardır. Yaşıl isə təbiətin rəngidir, insanda inam yaradır. Yaşıl həm də sakitliyi sevən insanların rəngidir. Xəstəxanalarda isə bu rəngdən rahatlıq rəmzi kimi istifadə edilir. Həmin rəngə üstünlük verən adamlar inadkardırlar, başladıqları işi axıra çatdırırlar. Mən hərbi həkim olanda bu iki rəngin bütün çalarını  həyat simvoluma çevirdim. Ağ xalatla can qurtaracaq, yaşıl rəngli hərbi formanı (xidmətə başladığım ilk günlərdə səhra geyimimiz yaşıl rəngdə idi) geyinərək Vətən keşiyində duranların sağlamlığının qayğısına qalacaqdım.
- Anladığım qədəriylə ağ rəngin xüsusiyyəti olan saflığı, təmizliyi, xilaskarlığı seçərək həkim, yaşıl rəngdən isə inamı, sakitliyi, inadkarlığı seçərək hərbçi oldunuz. Hər iki peşəni birləşdirən hərbi həkimlik barədə nə deyə bilərsiniz?
- Həkim peşəsi çox nəcib və məsuliyyətli peşələrdəndir. Bu peşə sahibləri məxsusi xarakterə, səbrə, diqqətliliyə, sakitliyə, ən əsası xeyirxahlıq kimi insani xüsusiyyətlərə, hərbçi isə kifayət qədər sərt xarakterə, möhkəm intizama, tez qərar qəbul etmək qabiliyyətinə, böyük məsuliyyət hissinə malik olmalıdırlar.
İbn Sina deyib ki, "Həkim şahin gözünə, ilan müdrikliyinə və aslan ürəyinə malik olmalıdır". Bu xarakterlərin əksəriyyəti hərbçilərdə də olur. Deməli, həkimlikdə hərbçi xarakteri də əsasdır.
 - Hər bir insanı peşə seçiminə yönləndirən incə nüanslar olur. Sizin həyat yolunuzun incə nüansları hansılardır?
- Tarixin yaddaşının dərinliklərindən süzülən mətləbli xatirələr, bu xatirələrdən doğan istəklər gələcək həyatıma istiqamət verdi. Oxuduqlarım, arzularım və gələcəyə baxış tərzim insanları xəstəliklərdən xilas etmək arzusuyla bürünmüşdü. Məktəb illərində artıq həkim olmağı qərara almışdım. 1987-ci ildə orta məktəbi qızıl medalla bitirdikdən sonra Azərbaycan Dövlət Tibb Universitetinin müalicə-profilaktika fakültəsinə qəbul oldum. Lakin 1988-ci ilin mayında təhsilimi başa vurmadan hərbi xidmətə çağırıldım. 1989-cu ilin oktyabrına qədər Lvov vilayətində  yerləşən Hava Hücumundan Müdafiə Qüvvələrində əsgər kimi xidmət etdim. Xidmətdən qayıdandan sonra təhsilimi davam etdirdim. Həyat yolumu müəyyənləşdirən incə nüans isə 1990-cı ilin 20 Yanvar hadisələri oldu. Tələbə idim və həmin vaxtlarda M.N.Qədirli adına Mərkəzi  Hövzə Xəstəxanasında reanimasiya şöbəsində tibb qardaşı kimi işləyirdim. Axşam saatlarında sovet ordusu Bakı şəhərinə girdikdən, atışmalar başladıqdan sonra çox çətinliklə iş yerimə gedib çatdım. Gördüklərim təsvir edə bilməyəcəyim qədər dəhşətli idi. Ömrümüzün sonuna kimi unutmayacağımız qanlı faciənin canlı şahidlərinə çevrildik...
- 20 Yanvar faciəsi gənclərin düşüncələrində böyük kükrəyiş yaratdı...
- Milli-azadlıq hərəkatının güclənməsi, imperiyanın bu hərəkatı bu şəkildə söndürmək istəyi bütün gənclər kimi, mənim də həyatımı dəyişdi. 6-cı kursda oxuyanda Tibb Universitetinin nəzdində hərbi kafedra fəaliyyət göstərirdi. Universiteti bitirdikdən sonra bu kursu keçən gənc həkimlərə tibb xidməti leytenantı rütbəsi verilirdi. Qərara almışdım ki, hərbi həkim olacam. Lakin Birinci Qarabağ müharibəsi başladı və könüllü şəkildə döyüşlərə qoşuldum. Birinci Qarabağ müharibəsi veteranını o döyüşlərdə həkim kimi deyil, əsgər kimi, döyüşçü kimi iştirak etdiyimə görə veriblər.
- Gənclərin seçimləri də,  hadisələrə yanaşması da fərqli olur. Bildiyimiz qədəriylə döyüşlərdə yaralanmısınız. Həmin anlarda keçirdiyiniz hisslər barədə nə deyə bilərsiniz?
- Qarışıq, ifadə olunması çətin hisslərdi. Belə ki, müharibənin gedişatında Tovuz rayonuna gəldim. Anamla telefon əlaqəsi saxladım. Poçtdan çıxıb yolu keçmək üçün keçidə düşərkən düşmən oranı qradla vurdu. Yaralanmışdım, partlayış məni bir qədər aralıya atmışdı. Yaralansam da, anamla telefon danışığımız xəyalımda canlanır, aylar sonra anamın səsini eşitməyin xoşbəxtliyini yaşayırdım. Sanki yaxınlığımda partlayan qrad mərmisinin cingiltisi yox, anamın səsi qulaqlarımda idi. Qəribə idi - yaralanmışdım və sevinirdim, gülümsəyirdim. Bu sevinc anamla olan danışığın sevinci idi...
- Qanlı-qadalı günlər gələcəklə bağlı planlarınızı ləngitsə də qərarınızdan dönmədən zabit adını daşımaq nəsibiniz oldu. Buna talemi deyək, həyatın, şəraitin tələbimi?
- Şəraitin yaratdığı zərurət bəlkə də tale olub. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldi və atəşkəs elan olundu. Mən də kurs keçdim. Kursu müvəffəqiyyətlə başa vurduqdan sonra tibb xidməti leytenantı adına layiq olmağın sevincini yaşadım. Qərarım və tutduğum yol əmimin də ürəyincə olmuşdu. Çünki uzun illər sovet ordusunda hərbi həkim kimi xidmət etmişdi. Müstəqillik qazandıqdan sonra bütün vətənpərvər zabitlər kimi, o da müstəqil Azərbaycan Ordusunda xidmətini davam etdirirdi.
- Belə bir deyim var: "Arzuların arxasınca getməsən, xəyallar hələ də xəyaldır". Arzularınızın arxasınca gedərək xəyalınızdakı zərli paqonları çiyinlərinizdə daşımağa başladınız. İlk təyinat yerinizi, xidmətinizin ilk günlərini necə xatırlayırsınız?  
- Hələ 24 yaşım tamam deyildi... 20 Yanvar faciəsinin şahidi olmuşdum, müharibə görmüşdüm, yaralanmışdım... Kiçik ömrə çox şey sığışdırmışdım. O günləri həm sevinclə, həm kədərlə xatırlayıram. Torpaqlarımızın bir qisminin işğal altına düşməsi, minlərlə vətənpərvər oğulun şəhid olması hər kəs kimi məni də sarsıtmışdı. Lakin Ulu Öndərin hakimiyyətə gələrək atəşkəs elan etməsi, müstəqil ordumuzun formalaşmağa başlaması məni sevindirirdi...
1995-ci ildə məni Nəsimi rayon hərbi komissarlığına çağırdılar. Oradan isə Müdafiə Nazirliyinin Tibb idarəsinə göndərdilər. O zaman Tibb idarəsinin rəisi general-mayor Dağlar Abdullayev idi. Söhbət zamanı D.Abdullayev dedi ki, Tibb Universitetini yüksək nəticələrlə bitirənlərin məlumatlarını götürmüşük. Bilikli həkimlərə ehtiyacımız var. Səni Ağdam rayonu ərazisində yerləşən hospitalın cərrahiyyə bölməsinin rəisi vəzifəsinə göndərmək istəyirik. Beləcə, xidmətim başladı. Qeyd edim ki, bu günədək müxtəlif hospitallarda, Azərbaycan Dövlət Tibb Universitetinin hərbi tibb fakültəsində xidmət edərək hərbi həkim adını daşımağın qürurunu yaşamışam.
- Bildiyimiz kimi, ömür dəftərinizin qürurlu səhifələrinə Aprel döyüşləri və Vətən müharibəsində qazanılan Zəfərin iştirakçısı olmaq da yazılıb. Azərbaycan xalqının haqq savaşında hansı mühüm tapşırıqları icra etdiniz?
- İştirak etdiyim bütün döyüşlərdə həkimliyimdə hərbçiliyimlə, hərbçiliyimdə həkimliyimlə qürurlanıram. Hərbçi olmağımla ona görə qürurlanıram ki, Vətən uğrunda döyüşənlərin yanında oldum. Həkimliyimlə ona görə qürurlanıram ki, Azərbaycan zabitinin, əsgərinin sağlamlığının keşiyində dayandım. Aprel döyüşləri bütün dünyaya Azərbaycan Ordusunun gücünü, qələbə əzmini, ədalətin bərpa olunacağını göstərdi. Bu döyüşlər şəxsi heyətin döyüş və mənəvi-psixoloji  hazırlığı ilə yanaşı, hərbi səhiyyənin itkilərin qarşısını maksimum səviyyədə almağa hazır olduğunu təsdiqlədi. Bu qələbəni Vətən müharibəsində qazanılan Zəfər tamamladı. Vətən müharibəsi dövründə Tibb Baş İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti general-mayoru Elxan İbrahimov idarənin fəaliyyətini tibbi təminatın, tibb xidmətinin qüvvə və vasitələrinin təşkilati quruluşu və müharibə zamanı onların tətbiqi üsulları, hərbi təbabətin iştirakını müəyyən edən qanunauyğunluğa əsasən təşkil etmişdi. Əks-hücum əməliyyatı səhər saatlarında başladı. Günün ikinci yarısında ilk  yaralılarımızı qəbul etməyə başladıq. Bütün şöbə, bölmə rəisləri və digər tibbi personal plan üzrə fəaliyyətə başladıq. Üzərimizə düşən vəzifələri layiqincə icra etdik.
- Birinci Qarabağ müharibəsində - 1993-cü ildə Ulu Öndər burada müalicə olunan hərbçilərlə görüşmüşdü. Vətən müharibəsinin ilk günlərində Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın  Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında yaralılarla görüşməsi onlara necə təsir etdi?
- Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Baş Klinik Hospitalda yaralılara baş çəkməsi dövlət rəhbərliyinin öz vətəndaşına, hərbçisinə olan doğma münasibətinin, verdiyi dəyərin göstəricisi idi. Ali Baş Komandan hospitalda çıxış edərkən bildirdi: "Bizim davamız ədalətli davadır və əminəm ki, bu münaqişədə biz istədiyimizə nail olacağıq, haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək". Çıxışı dinləyən hər kəs əmin oldu ki, biz qalib gələcəyik. Görüş bitdikdən sonra yüngül yaralılar buradan birbaşa döyüş meydanına qayıtmaq istədilər. Yaraları ağır olanlar isə həkimlərdən xahiş etdilər ki, onları tez bir müddətə ayağa qaldırsınlar...
- Döyüşlərin davam etdiyi dövrdə qoşunlarımız irəlilədikcə işğaldan azad edilən ərazilərdə mobil hospitallar yaradılması itkilərin az olmasına hansı səviyyədə təsir etdi?
- İllər öncədən cəbhə bölgəsinə yaxın məsafələrdə müasir, tam şəraitli hərbi hospitalların tikilməsi, işğaldan azad edilən ərazilərdə qurulan mobil hospitalların Baş Klinik Hospitalından göndərilən tibb heyəti tərəfindən gücləndirilməsi müharibə dövründə itkilərimizin az olmasını yüksək səviyyədə təmin etdi. Müharibənin ilk günlərindən Tibb İdarəsinin rəisi ilə birlikdə məsləhətləşərək işimizi davam etdirməyə başladıq. Nəticə isə göz qabağındadır. Minimum itki ilə Böyük Qələbə...
- Müharibə itkisiz ötüşmür. Bildiyimiz kimi, Vətən müharibəsindəki Zəfər, Azərbaycan Ordusunun zəfəri ilə yanaşı, hərbi səhiyyənin də zəfəri oldu. Qeyd etdiyimiz kimi biz bu müharibədən minimum itki ilə Böyük Qələbə qazandıq. Müharibə zamanı xəstələrin yerləşdirilməsi prosesi necə icra edilirdi?
- Xəstələr çoxalanda yaralılar çeşidlənirdilər. Təcrübəli zabitlərimizdən biri tibb xidməti polkovniki Çingiz Əlləzov çeşidləməni bütün məsuliyyəti ilə həyata keçirirdi.
Vətən müharibəsində cərrahlarımız böyük fədakarlıqlar göstərdilər. 44 gün ərzində hospitalın əməliyyat otaqlarında 36 əməliyyat stolu, 6 yerdə reanimasiya açmışdıq. 24 saat əməliyyat gedirdi.  
Vətən müharibəsində həkimlərimiz də tam məsuliyyəti ilə fəaliyyətdə oldular. Nəticədə ərazi bütövlüyümüzü ən minimal - 1 faiz itki ilə bərpa etdik.
- Qələbə, Ermənistanın məğlubiyyəti...
- Müharibə bitdiyi günü xatırlayıram. Xəstələrin də, şəxsi heyətin də gözlərindən yaş axırdı. Həyətin ortasında bir mitinq yaranmışdı, onun içində xəstələr də var idi, tibb bacıları da, həkimlər də. Şəhərdə atəşfəşanlıq başladı...
Sevincli, unudulmaz günlərin hissləri biri-birinə bənzəyir. Qələbə sevinci heç bir sevincə oxşamır. Həyatımda onunla müqayisə edəcəyim bir gün yoxdur.
- Sonda hərbi səhiyyənin inkişafı və diqqət mərkəzində olması ilə bağlı nə deyə bilərsiniz?
- Hərbi tibb elminin inkişafı üçün bu gün də ciddi işlər görülməkdədir. İnkişaf etmiş ölkələrlə həyata keçirdiyimiz hərbi əməkdaşlıq hərbi təbabətin inkişafına da təsir göstərir. Onlarla hərbçi həkimimiz hər il müxtəlif xarici ölkələrdə elmi simpoziumlarda, beynəlxalq konfranslarda fəal iştirak edir, faydalı təcrübə mübadiləsi aparırlar. Hospitalın həkimlərinin 99 faizi xarici təhsillidir. Hazırda altı həkimimiz ölkə xaricində - Türkiyədə, Rusiyada və Almaniyada tibbi biliklərini təkmilləşdirməkdədirlər.
Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev görüşlərin birində dedi: "Şəhidlərimizin sayının o qədər də çox olmamasının səbəblərindən biri də məhz həkimlərdir. Bu gün dediyiniz sözlərə qüvvət, müharibə zamanı fədakarlıq göstərmiş həkimlərin də fəaliyyətini biz gərək qeyd edək. Doğrudan da, həkimlər gecə-gündüz yorulmadan, o ağır şəraitdə, çətin şəraitdə öz həyatını risk altına ataraq yaralılara qulluq edirdilər". Bu, bizim üçün ən böyük mükafatdır.  
- Müsahibəyə görə çox sağ olun.

Müsahibəni apardı:Günay TAĞIYEVA "Azərbaycan Ordusu"