Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Fevral 2023 20:30

Müasir Azərbaycan Ordusunun qurucusu

Tək-tək xalqlar var ki, onların ictimai-siyasi həyatında görkəmli şəxsiyyətlər olur. Belə şəxsiyyətlər mənsub  olduqları xalqın mədəniyyətini, tarixini, elmini olduğu kimi bəşəriyyətə çatdıra biliblər. Azərbaycan xalqının da ən qədim zamanlardan üzü bəri dünyaca məşhur elm və dövlət xadimləri olub. Söhbət açacağım tarixi şəxsiyyət XX əsrin ən görkəmli ictimai-siyasi xadimi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevdir.
Ötən əsrin 60-cı illərinin sonunda sovet Azərbaycanına rəhbərliyə gələn Ulu Öndərin ictimai-siyasi fəaliyyəti həm xalqımızın, həm də dövlətçiliyimizin ənənəsinin təcəssümüdür. Ulu Öndər Heydər Əliyev keçmiş Sovetlər Birliyində respublikamıza rəhbərlik etdiyi dövrdə elm, təhsil, səhiyyə, kənd təsərrüfatı, sənaye və iqtisadiyyatın inkişafına mühüm töhfələr vermişdir. Xalq onun respublika rəhbərliyinə gəldiyi qısa dövr ərzində hər bir sahədə böyük dəyişikliklərin şahidi oldu. Azərbaycan qısa müddətdə Ulu Öndərin rəhbərliyi ilə ittifaq miqyasında təkamül dövrünə qədəm qoydu.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdən uzaqgörən, müdrik, gələcəyə nikbin baxışlı siyasi rəhbər kimi tanındı. O, çalışırdı ki, ölkədə elm, təhsil, mədəniyyətlə bərabər, digər sahələr də geniş  inkişaf etsin, xalqımızın övladları bütün  sahələrdə uğur qazansınlar. Hələ çar Rusiyasından qalan qəbulolunmaz bir ənənə sovet dövründə də mövcud idi. Azərbaycanlıların, türk, müsəlman övladlarının hərbi xidmət keçməsi müşkül məsələyə çevrilmişdi. Onları məhdud sayda orduya qəbul etsələr də, yüksək vəzifələrə təyin etmirdilər. Azərbaycanlıların hərbi təhsil almasına süni maneələr yaradılırdı.
1971-ci ildə Ulu Öndər Heydər Əliyev Azərbaycan Sovet Sosialist Respublikasına rəhbərliyi dövrünün ilk illərində indiki Cəmşid Naxçıvanski adına Hərbi Liseyin fəaliyyətinə müvəffəq oldu. Hərbiləşdirilmiş bu ibtidai məktəbə qəbul olanların böyük əksəriyyəti azərbaycanlılar idi. Xalqımızın övladları bu məktəbdə hərbi təhsildə ilkin addımlarını atırdılar. Respublika rəhbərinin nəzarətində olan ibtidai məktəbə qəbul plana uyğun aparılırdı. Ulu Öndər Heydər Əliyev hərbi təhsil ocağına gələndə orada oxuyan azərbaycanlı kursantlarla maraqlanar, onların təhsildə qazandıqları uğurlarla fəxr edərdi.
Azərbaycan xalqı XX əsrin sonuna yaxın müstəqilliyə qədəm qoyandan sonra ölkədə analoqu olmayan xaos, anarxiya hökm sürməyə başladı. Siyasi hakimiyyətdə səriştəsiz, naşı şəxslərin yarıtmaz idarəçiliyi ölkəni vətəndaş müharibəsinə sürükləyirdi. Bu, elə bir dövr idi ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı ermənilərin başladığı elan olunmamış müharibə Ermənistanla sərhəd boyu geniş vüsət almışdı. Azərbaycanın Qarabağ iqtisadi zonası və ətraf rayonlar da daxil olmaqla, (erməni silahlı birləşmələri öz havadarlarının dəstəyi ilə) işğal edilmişdi və bu işğalın miqyası daha da genişlənməkdə idi. Azərbaycanı düşdüyü bu bəladan xilas etmək üçün təcrübəli, müdrik bir liderə ehtiyac yaranmışdı. Xalqın ümidi ancaq və ancaq o zaman Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Heydər Əliyevə idi.
1993-cü ildə xalqın təkidli tələbi ilə Ulu Öndər Heydər Əliyev Bakıya dəvət edildi. İyunun 15-də parlamentdə böyük səs çoxluğu ilə Ali Sovetin sədri seçildi. Onun ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra ölkədə xaos və anarxiyanın qarşısını almaq məqsədilə qəti tədbirlər görülməyə başlandı. Cəbhədə baş verən uğursuzluqların qarşısı alındı. Orduda köklü islahatlar aparıldı. Vahid komandanlığa tabe olmayan ayrı-ayrı şəxslərin nəzarətində olan, ordu rəhbərliyinin nəzarətindən kənarda qalan özünümüdafiə dəstələri ləğv edildi. Beləliklə, bütün hərbi hissələr Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin vahid komandanlığı altında birləşdirildi.
Ulu Öndər Heydər Əliyev tez-tez cəbhə bölgəsinə səfərlər edir, döyüşən hərbi hissələrdə döyüşçülərlə görüşlər keçirirdi. Dövlətimizin başçısının gəlişi əsgərlərin böyük ruh yüksəkliyinə səbəb olurdu. "Vətən uğrunda!", "Heydər Əliyev uğrunda!" şüarları ilə döyüşlərə qatılan Vətən fədailərimiz qısa müddətdə Füzuli-Horadiz istiqamətində düşmənə sarsıdıcı zərbələr endirərək böyük ərazini işğaldan azad etdilər.
Müstəqil Azərbaycanın hərb tarixində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin rolu hədsiz dərəcədə böyükdür. Ulu Öndərin  ikinci dəfə siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycanda bütün sahələrdə olduğu kimi, ordu quruculuğunda da xüsusi rolu olmuşdur. Güclü, qüdrətli ordunun yaradılması dahi şəxsiyyətin başlıca məqsədi, amalı idi. Bunun üçün o, NATO-nun əsas aparıcı gücü olan Türkiyə modelinə daha böyük önəm verirdi.
Bütün dövrlərdə əbədiyaşar Ali Baş Komandan Heydər Əliyev hərbçilərə və onların ailə üzvlərinə xüsusi diqqət və qayğı göstərib. Hərbi qulluqçuların mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atmışdı. Əsgər və zabitlərin, müharibə veteranlarının aylıq məvaciblərinin müntəzəm olaraq artırılması bu qayğının təzahürü idi.
Hərbçilərə dövlət qayğısı ölkə başçısının daim diqqətində olurdu. Yaxşı xatırlayıram, 1996-cı il fevralın 2-də ölkəmizdə ilk dəfə Gənclərin 1-ci Forumu keçirildi. Forumda hərbi qulluqçularımız da iştirak edirdilər. Bir neçə ay əvvəl müharibə veteranlarına verilən imtiyazlar ləğv edilmişdi. Gənclər Forumunda hərbçilər adından çıxış edən baş leytenant Abdulla Qurbani (Prezidentin fərdi təqaüdçüsü, Əməkdar İncəsənət xadimi, ehtiyatda olan polkovnik Abdulla Qurbani) Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevə Qarabağ müharibəsi veteranları və hərbçilər adından müraciət etdi. Bu müraciətdən sonra Ulu Öndər müharibə iştirakçılarına verilən imtiyazları bərpa etdi. Həmin sərəncam on minlərlə müharibə veteranının sevincinə səbəb oldu.
Orduya və ordu mənsublarına, müharibə veteranlarına diqqət və qayğı göstərən  Ulu Öndər Heydər Əliyev həmişə belə insanlarla görüşür, onların qayğı və ehtiyaclarını dinləyir və lazımi köməklik göstərirdi.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ordu quruculuğunu daim diqqətdə saxlayır. Ən müasir silahlarla təchiz edilən ordumuz Cənubi Qafqazda sülhün, təhlükəsizliyin təminatçısına çevrilmişdir.
Ordumuz getdikcə güclənir, beynəlxalq aləmdə nüfuzunu artırırdı. Azərbaycan Ordusu İkinci Qarabağ müharibəsində də öz sözünü dedi. Müzəffər Ali Baş Komandanın hərbi əməliyyatlara birbaşa rəhbərliyi nəticəsində ordumuz 44 gün ərzində düşməni darmadağın edərək, onları kapitulyasiya aktını imzalamağa məcbur etdi.
Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu müasir Azərbaycan Ordusu onun ideya və prinsipləri əsasında qurulduğu üçün ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə müvəffəq oldu.

"Azərbaycan Ordusu"