Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

15 Fevral 2023 12:20

Bu işıqda Zəfər gözəl görünür

Sərin payız gecəsiydi. Gün batandan bəri tələsə-tələsə əsən yellər ağacların yarpaqlarında nəfəs dərirdi. Seyrək ulduzlu göy üzündən düşən ay işığı, işıq uman gözlərimizə bəs eləmirdi. Dağ yamacında ağ işıq düzümü görünürdü. Gözlərimizi qırpmadan baxırdıq. Yazı idi - oxuyuruq, qürurlanırıq.
Qürurlana-qürurlana baxdığımız yazını ruhumuzdan gəlib işığa dönən yazı bilirik. İşıq-yazını, işıq-kəlamı azərbaycançılığın dünyaya sözü kimi bir də oxuyuruq: Əziz Qarabağ, sən bizimsən! Bu kəlam işğaldan azad edilmiş ərazidə gündüz də oxunur, gecə də. Oxuna-oxuna düşündürən, düşündürə-düşündürə oxunan bu kəlam Azərbaycan əsgərinin qətiyyətinin, qüdrətinin işığıdı.
Zəfər onsuz da gözəldi, gözəl görünən Zəfər tarixdə də, ürəklərdə də qürurla yaşadılır. Zəfərin işığından barınan bu işıq deyir ki, bizim başqalarının torpağında gözümüz yoxdur, öz torpağımızı da heç kimə verən deyilik. Bu qətiyyət dövlətçiliyin qətiyyətidi. Sərin payız gecəsində Zəfər-Qətiyyət səsləşməsi də gözlərimdən könlümə süzülən işığa qarışır. Mənə elə gəlir ki, bu günümüzdən dünənlərimizə düşən bu işıq zamanında dünyanı qılıncının şoxu ilə nurlandıran bir xalqın bu günlərə ərənlik salamıdı. "Mən azərbaycanlıyam!" deyənlər də, "Can Azərbaycan!" deyənlər də bu işığı Vətən müqəddəsliyində görür...
O işıqda görünən tarix Azərbaycanın hərb tarixidi, ədalətli müharibənin - İkinci Qarabağ müharibəsinin tarixidi, döyüşlərin tarixidi, Zəfərin tarixidi. Gecəni gecə vaxtı döyüşlərdə də, döyüşlərdən sonra da yaşatmaq niyyəti ilə xəyalən yenidən eşidirəm. Təəssüratlar kimi:
Bu işıq əsgər-döyüşçü dostluğunun sədaqət işığıdı...
İki əsgər vardı - Ziyəddin, Kəramət. Hərbi xidmətə eyni gündə gəlmişdilər. İlk "salam-əleyk"dən bu yana bir yerdəydilər. Eyni taqımda xidmət edirdilər, çarpayıları yan-yanaydı. İkisi də torpaq mehirliydi, ikisi də tariximizi yaxşı bilirdi. İkisi də dürüst dostuydu. Yuxuları dolaşıq düşəndə pıçıltıyla Başlıbel faciəsindən danışırdılar, Qaradağlı faciəsindən danışırdılar, Meşəli, Ağdaban, Xocalı faciəsindən danışırdılar. İşğalı sonlandırmaq üçün, şəri biryolluq yox eləmək üçün onlar da müharibə istəyirdilər...
Müharibə başladı. Bu iki dost Füzuli istiqamətində döyüşürdü. Komandirləri ikisinə və daha iki döyüşçüyə döyüşlə sol tərəfdən düşmənin diqqətini yayındırmaq əmri vermişdi. Həmin tərəfdə döyüşürdülər...
Kəramətin avtomatı kirimişdi. Ziyəddin ona sarı süründü. Sürünə-sürünə səslədi. Kəramətin səsimi gəlmədi, Kəramət onu eşidəmi bilmədi, hər nəyiydisə, qəlbini gümanlar didişdirirdi. Bir də səslədi. Güllə səsləri içində bu səssizlikdən ürəyi sıxıldı. Sürünə-sürünə dostuna yetişmək, onun hoyuna çatmaq istədi...
Dostunun gəlişini duyan Kəramət azca dikəldi. Elə bil gözlərinin işığı artdı. Həzin-həzin əsən meh ümidinin köynəyinə döndü, göynəyinin məlhəminə. Dirsəklənmək istədi. Ağrılar imkan vermədi. Canını dişinə sıxıb döyüşlər gedən tərəfə baxdı. Sonra Ziyəddinə sarı. Gözləri torlaşmışdı.
Kəramətə çata-çatda Ziyəddinin sinəsinə snayper gülləsi dəydi...
Bu işıq həm də şəhidliyə ehtiramın işığıdı...
Elvin Şükürlü vardı. Baş leytenantıydı. Xidmət etdiyi hərbi hissə Murovdağ istiqamətində döyüşürdü. Əsgər Samir Qasımovun dedikləri onun da, əsgərlərin də döyüş əzmini, qələbə ruhunu coşdurmuşdu: "Şəhid olsam, qisasımı alsanız, ruhum sizə alqışçı olar...". Elvin döyüşdə şəhid olmuş əsgərin qisasını alacağına and içmişdi.
Dan yeri sökülməkdəydi. Elvin səssizcə düşmənin mövqeyinə düşdü. Qarşısına çıxan düşməni səssizcə məhv etdi, sonra yaxınlaşan başqa düşməni, üçüncünü, dördüncünü... Məhv etdiyi beşinci düşmən avtomatın tətiyini sıxmağa macal tapdı...
Son kəlmələri Elvinin sonuncu nəfəsinə kəfən oldu; Azərbaycan əsgərinin son nəfəsi də Vətənə ad olur...
İkinci Qarabağ müharibəsində şəhidlərin son nəfəsində istəklərini döyüşçü yoldaşları dostluğa, Hərbi anda, dövlətçiliyə sədaqət kimi yerinə yetirirdilər. Bu işıq o döyüşün, o döyüşlərin işığıdı...
Baş leytenant Səid Rəşidzadə bölmə komandiriydi. Xocavənd istiqamətində döyüşürdülər. Səid iri bir daşa dirsəklənib olmuşları xatırlaya-xatırlaya olacaqlar haqqında düşünürdü. Ürəyinin üstünə qoyduğu əlində ilahi bir hərarət hiss edirdi. Müharibə başlayandan bəri sinəsində gəzdirdiyi bayrağımızın hərarətini işğaldan azad edəcəkləri torpaqlara sancmağı düşünürdü. Döyüş-döyüş həmin günə yaxınlaşırdılar...
Şişqayanı azad etmək əmri verildi. Döyüşə-döyüşə irəliləyirdilər. Səidin kürəyini döyüşçülərin nəfəsi isidirdi. Komandirin də əsgərləşməsi döyüşçülərin qələbə ruhunu coşdurmuşdu. Döyüşçülərin "Yanındayıq, komandir!" çağırışı didişən güllələrin səsinə qarışmışdı...
Şişqaya görünürdü. Səid qaçan sonuncu düşmənin arxasınca bir güllə atdı. Nəfəs dərmədən dirəyə bərkidilmiş erməni bayrağını yerə endirdi. Bayrağımızı sinəsindən çıxardıb bağrına basdı, öpdü - baxdı, baxdı - öpdü. Müharibə başlayalı sinəsində gəzdirdiyi bayrağımızı ucalığa qaldırırdı. Döyüşçülərinin adından...
Sinəsinə snayper gülləsi dəyəndə son nəfəsi səsindən üzüldü...
Xocavənd rayonunda Qızılqaya yüksəkliyinin işğaldan azad edilməsi əmri verilmişdi. Əmri iki qrup yerinə yetirəcəkdi. Ağır döyüş olacaqdı - düşmən yüksəklikdəydi, döyüşçülərimiz hücumla yüksəkliyə çatmalıydılar. Qrup komandirinin əmri ilə qarşı tərəfə əl qumbarası ata-ata irəliləyirdilər; düşmən qumbara qəlpələrindən qorunduğu müddətdə irəliləyir, yenidən qumbara atırdılar. Bura düşmən taborunun dayaq məntəqəsi imiş, ona görə belə ciddi müdafiə olunurmuş. Atılan qumbaraların hamısı eyni vaxtda partlamadığına görə bəzən bir qumbara atışından sonra heç üç-dörd metr də irəliləmək olmurdu. Düşmən döyüşçülərimizin güllə məsafəsində olduğunu dərk edəndə çaşdı, çaşqınlıqla atışa-atışa geri çəkilmək istədi. 30-40 dəqiqə çəkən döyüşdə səkkiz düşmən öldürüldü, qalanları, təxminən 50-60 nəfər qaça bildi...
Gecənin gecə vaxtı axşam salamı kimi Qala-şəhərə sarı bir sərinlik axır. "Əziz Qarabağ, sən bizimsən"in işığında ruhən bir vaxtlar İsa bulağının pıçıltılarıyla uyuyan, doğmalara ülviyyət, yadlara heyrət olan Qala-şəhərimizi - ruhumuzun şəhəri Şuşamızı da görürəm.
Şuşaya Daşaltı döyüşlərindən keçib çatacaqdılar. Noyabrın 4-ü idi. Qarqarın sahiliylə kəndə yaxınlaşmaqdaydılar. Daşaltıya tərəf gələn yük maşınları müqavimət göstərən düşmənə hərbi sursat, ərzaq, canlı qüvvə gətirirdi. Bunun qarşısını almalıydılar, döyüşdən əvvəl maşın karvanını məhv etməliydilər. Bu, düşmənin əzmini qıracaqdı. Əmri kiçik bir qrupla yerinə yetirdilər. Döyüşçülərimiz kömək gözləyə-gözləyə inadkarlıqla müqavimət göstərməyə çalışan, az sonra əks-hücuma keçmək istəyən düşmənin mövqelərini darmadağın etdilər. 5 döyüşçümüz şəhid oldu. Döyüşə-döyüşə şəhidləri də, ilkin yardım göstəriləndən sonra yaralıları da döyüşün içindən çıxarda bildilər.
Dan yeri söküləndə bölüklərdən biri soldan, dağlıq massivdən, üçü sağdan irəliləyirdi. Ayaqları sürüşə bilərdi, yerişləri dağdan daş qoparda bilərdi, bunlar düşməni duyuq salardı. Hücuma qədər səssizlik şərt idi. Dağlıq massivi böyük ehtiyatla keçdilər. Döyüşə-döyüşə Laçın-Xankəndi yoluna çıxıb yolu bağladılar. Bu, düşmənin Şuşa məğlubiyyəti ərəfəsində ağır mövqe məğlubiyyəti oldu. Şuşa istiqamətində irəlilədilər...
Şuşa döyüşləri XXI əsrin ən böyük, ən heyrətli döyüşləri olub. Bu döyüşlər azərbaycançılığın işğalçılıqla döyüşləriydi. Rusiyanın "Natsionalnaya Oborona" jurnalında dərc edilən bir məqalə Azərbaycan Ordusunun döyüşçülərinə Şuşa döyüşlərində heyrət kimi Şuşa döyüşlərini səmimiyyətlə, dürüstlüklə belə ifadə edir: "Belə döyüş, dövlət, Vətən sevgisi görən olubmu, demək çətindir. Dağ yuxarı, şəhidi çiynində, döyüşə-döyüşə qan-tər içində qalxırdı Azərbaycan Ordusu. Nə yaralısını, nə şəhidini əldən buraxmırdı. Nəfəs almadan Şuşaya çıxdılar".
 Bu axşam gecənin gecə vaxtı işğaldan azad edilmiş qəsəbədə ruhumuzun şəhərini də, rus jurnalistinin bu məqaləsini də xatırlamaq Zəfərə, hərb tarixi Zəfərlə süslənən Vətənə sevgimdir, gecənin köksünə sancılan işığın cazibəsində şükranlıqdır...
Şuşanın həndəvərlərində döyüşçülərimizin ayaqları toxunanda dağın hər çıxıntısı nərdivana dönürdü. Sərt qayanı, sərt dağı çıxan, düşməni ucalıqdan yıxan döyüşçülərimiz döyüşə-döyüşə Şuşaya yaxınlaşırdılar. Ruhumuzun şəhəri 1992-ci ilin 8 mayında işğal edilmişdi. Bu işğal sonrakı işğalların başlanğıcı olmuşdu. 2020-ci il noyabrın 8-də Şuşa döyüşləri İkinci Qarabağ müharibəsinin son döyüşləri, Şuşa qələbəsi bu ədalətli müharibədə ruhumuzun qələbəsi oldu...
İkinci Qarabağ müharibəsinin döyüşlərini, Zəfəri  təəssüratlarını düşüncələrimə gətirən seyrək ulduzlu gecədə "Əziz Qarabağ, sən bizimsən" işığını Azərbaycan əsgərinin qüdrətinə ehtiram bilirəm. Bu ehtiram xalqın ehtiramıdır.
Bu işıqda Zəfər elə gözəl görünür ki!..

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"