Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

11 Fevral 2023 17:08

“Bağlı qapıları açan əsgərik!”

A dağlar, a dağlar, səndə nələr var? - sorğu deyil, dağı dağ eləyən ucalığa, vüqara, qürura, duruşa heyrətin, heyrət görkəmində sevginin ifadəsidi. Bu heyrətə, bu qürura söykənən hərbi xidmətin mənəvi ucalıq, mənəvi qürur olduğu ruhən duyulur. Duyursan, sənə elə gəlir ki, o vüqar ucalıqlara xidmət edənlərin vüqarıdı, dünyaya dağ görkəmiylə baxır...
Bütün fəsillərdə belədi. Qışda da...
Əsgərlər məxsusi düzəldilmiş təlim yerinə qar qalağının içindən keçib gəliblər. Bu da bir rəmzdi: "döyüş" əzmi böyük istəklərin yolgöstərənidirsə, qələbə ruhu dağlar da aşar, dərələr də keçər. İkinci Qarabağ müharibəsində Azərbaycan əsgəri dağlıq ərazilərdə də dünyanı heyrətləndirən qətiyyətlə döyüşdü, qələbə qazandı. Şuşa uğrunda döyüşlərdən söz açanlar keçilməzlikləri keçməyi bacaran, aşılmazlıqları aşan Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun heyrətini ifadə ediblər.
Ordu quruculuğunun nəticəsi şəxsi heyətin döyüş hazırlığıdı. Polkovnik Pərviz Pirməmmədov təlimlərin mahiyyətindən, döyüş hazırlığında əhəmiyyətindən, bu hazırlığın bilavasitə hərbi hissələrdə keçirilən təlimlə başladığından danışır. Deyir ki, Aprel döyüşlərində də, Tovuz döyüşlərində də, İkinci Qarabağ müharibəsində də, "Qisas" əməliyyatında da, Fərrux əməliyyatında da qələbəni həm də Azərbaycan əsgərinin döyüş hazırlığı şərtləndirdi. Əsgərlərimiz Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xalqa müraciətində dediyi kəlamların işığında döyüşürdülər: "Dünyada heç bir qüvvə bizi haqq yolundan döndərə bilməz. Dünyada heç bir ölkə bizim iradəmizə təsir edə bilməz. Biz haqq yolundayıq. Biz qalib gəlirik. Biz zəfər çalırıq və biz öz torpaqlarımızı geri alacağıq, ərazi bütövlüyümüzü bərpa edəcəyik"...
Dərs formatında keçən təlimdən əvvəl İkinci Qarabağ müharibəsində Azərbaycan əsgərinin bu relyefə bənzər ərazilərdə aparılmış döyüşlər də xatırladılıb - əsgərlər döyüşlərin iştirakçılarının təəssüratlarına bələddirlər. Bu bələdlik həm də öyrənmə səviyyəsində bələdlikdir. Ona görə də əsgərlər dərs-təlimdə ("Düşmənin sığındığı binanın alınması") hərəkətləri qarlı havada da mükəmməl yerinə yetirirlər. Klassik pedaqogikada bir tezis var: "Təkrar biliyin anasıdır". Əsgərlər şərti düşmənin yerləşdiyi binanın alınması dərs-təlimini təlimata müvafiq səviyyədə yerinə yetirirlər...
..."Döyüşçülər" aramla, biri digərini himayə etməklə “düşmənin” sığındığı binaya tərəf sızırlar. Ətrafı gözaltı müşahidə etməklə. Bu müşahidə həm ehtiyatlılıq kimi, həm də şərti əmrin məsuliyyəti kimi əməliyyatın gedişinə uyğun aparılır. Təlimin nəzərdə tutulan mərhələlərini gerçək döyüş ovqatıyla tamamlayan əsgərlərin baxışlarında dönməz bir qətiyyət var: Vətən müharibəsini Zəfərlə tamamlayanların döyüş yolunu davam etdirməyə - bütün döyüş əmrlərini yerinə yetirməyə hazırıq!
Bu gözəl qətiyyət Vətən müharibəsindən əvvəl ön xətdə döyüş növbətçiliyindən qayıdan əsgərlərin baxışlarında gördüyüm qətiyyətin eynidir. O qətiyyəti tarixi öz axarına qaytaracaq döyüşlərə aparan yola düşən işıq bilmişdim. Bu gün dərs-təlimdə əsgərlərin baxışlarında gördüyüm qətiyyət dövlət naminə, dövlətçilik naminə döyüş əzmidi...
Əsgərlər şərti düşmənin sığındığı binaya yaxınlaşmaqdadı. Gizir Mərdan Budaqovun əminliklə dediklərini kapitan Fərman Həsənov da əminliklə təsdiqləyir:
- İkinci Qarabağ müharibəsindən əvvəl bütün zabitlər kimi mən də, bütün əsgərlər kimi tabeliyimdə xidmət edən əsgərlər də Ali Baş Komandanın döyüş əmrini gözləyirdik. Döyüş əmri əks-hücum kimi verildi. Biz də döyüşdük...
Döyüşüblər...
Vətənin adından döyüşüblər. Qəhrəman olmaq üçün deyil, qəhrəmanlıqla döyüşüblər. Şəhidlərimizin ruhunu da sıralarında bilib döyüşüblər. Onlar da döyüşə-döyüşə mövqe qələbələri qazanıblar. Mövqe qələbələri qazana-qazana döyüşüblər. Neçə kənddə belə binalara sığınmış düşməni bu üsulla məhv ediblər. Bu gün dərs-təlimdə iştirak edən əsgərlər hərbi xidmətin ilk vaxtlarında komandirlərindən həmin uğurlu döyüşlərin təəssüratlarını da eşidiblər. Həmin təəssüratların mahiyyəti etibarilə dərs mövzusu xarakterində olduğunu güman edirəm. Dərs-təlim İkinci Qarabağ müharibəsinin döyüşlərinin imitasiyası formatında keçir; ruh həmin ruhdu...
Əsgər Cəlil Zeynallı dərs-təlimin başlaması ərəfəsində demişdi ki, hərbi xidmətə başlayanda qrup şəklində icra edilən belə tapşırıqları yerinə yetirəndə müəyyən qədər həyəcanlanırdıq, həyəcana görə tapşırığın ayrı-ayrı mərhələlərini dürüst yerinə yetirməyə çətinlik çəkirdik. İndi belə həyəcanlarımız olmur. Müntəzəm məşqlər bizi də peşəkarlaşdırıb. Ona görə də dərs-təlimlərin mərhələlərini təlimata müvafiq və nəzərdə tutulan müddətdə yerinə yetiririk.
Əsgər Cəlil Zeynallının fikirlərini əsgər Ülvi Tapdıqov  bir qədər fərqli ifadə edir:
- Düşmənin sığındığı binanın necə alınmasını bizə nəzəri şəkildə öyrətmişdilər. Nədən sonra nəyi etməliyiksə, bilirdik. İlk dərs-təlimdə bunu edə bilmədik. Komandirimiz təmkinlə bizə tapşırığın mahiyyətini bir daha izah etdi: Belə tapşırıqların icrasında hamı eyni templə irəliləməlidir. Tempin pozulması - kiminsə bir qədər ləngiməsi, yaxud irəli çıxması əməliyyatın icrasını nəinki çətinləşdirir, bəzən əməliyyatlar uğursuzluqla da nəticələnir. Sonralar dərs-təlimdə nəzərdə tutulanları öz vaxtında yerinə yetirirdik...
Mövqeyi təpəlik olan düşmənlərə də, binaya sığınmış düşmənlərə də, düşmənin dayaq məntəqələrinə də, qərargahlarına da hücum ayrıca əməliyyat olsa da, ümumi əməliyyatın - müharibənin tərkib hissəsidir. Ona görə dərs-təlim də olsa belə əməliyyatlarda iştirak edən əsgərlər bilirlər ki, bir əməliyyat digərinin başlanğıcıdır. Əsgərlər təkcə başlanğıc üçün deyil, həm də başlanğıcın davamı üçün döyüşürlər. Bu gün qarda-sazaqda gerçək döyüş ülgüsüylə keçən dərs-təlimdə əsgərlərin yerinə yetirdiklərini Azərbaycan əsgərinin döyüş hazırlığının zəmanəti bilirik. Bu zəmanət də İkinci Qarabağ müharibəsində qazanılmış Zəfərin zərrəsidi. Müqəddəsliyin zərrəsində də qüdrət var, şübhəsiz.
Dərs-təlimdə iştirak edən əsgərlərin hərəkətlərində bir qətiyyət var. Bu qətiyyət inamın qətiyyətidi. Xatırlayıram ki, İkinci Qarabağ müharibəsindən əvvəl Cocuq Mərcanlıda Arazın sahilində döyüş növbətçiliyindən qayıdan əsgərlərlə də kəlmələşmişdik. Sözarası baş leytenant Arif Qurbanov demişdi ki, hamımız dövlətin, dövlətçiliyin - Vətənin əsgəriyik. Bu əsgərlərin mənəvi kamilliyi inama söykənir. Onlar da inanırlar ki, torpaqlarımız Ali Baş Komandanın döyüş əmri ilə azad ediləcək, Azərbaycan Ordusu işğalı sonlandıracaq. İkinci Qarabağ müharibəsindən xeyli əvvəl torpaqlarımızın işğaldan azad edilməsi ilə nəticələnəcək döyüşlərin qələbəsinin sevincini o inamın işığında görmüşdük. Bu gün qışda, ağ qarda, göy buzda dərs-təlimin tapşırıqlarını inamla yerinə yetirən əsgərlərin qətiyyətinin, inamının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bir kəlamının işığında boy göstərdiyini də duyuruq: "Müharibənin nəticələrindən biri də, əlbəttə ki, bu gün müzakirə mövzusu olan Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizi tarixi nailiyyətdir. Üçtərəfli Bəyanatda xüsusilə bu məsələnin əks olunması bizim, eyni zamanda, böyük siyasi qələbəmizdir. Hazırda Zəngəzur dəhlizinin fəaliyyəti istiqamətində fəal işlər aparılır, bir çox təkliflər var, artıq bir çox nəqliyyat-kommunikasiya layihələri masa üzərindədir, müzakirə edilir və bu, bizim növbəti tarixi uğurumuz olacaqdır".
Əsgərlər şərti düşmənin sığındığı binanın qarşısındadırlar. Həmlə qrupunun rəhbərinin işarəsi ilə bir anlığa dayanıb dinşəyirlər; bu da dərs-təlimin tərkib hissələrindəndir. Binanın qapısının "ağzındadırlar". Əsgərlərdən biri qapını ehtiyatla aralayır. Digər əsgər binanın içinə əl qumbarası atır. Partlayışdan dərhal sonra  bir-bir içəri daxil olub şərti düşmənlərlə atışırlar.
Əməliyyat - dərs-təlim başa çatır. Günəş qar üstünə düşən qarı da əridir, yağan qara ovuc açan qarı da. Əsgərlər binadan - döyüşdən bir-bir çıxır. Baxışda - qürur, yerişdə - qürur, duruşda - qürur. Kapitan Fərman Həsənov bu gəlişi İkinci Qarabağ müharibəsində mövqe qələbəsindən qayıdan döyüşçülərin qayıdışına bənzədir:
- Əsgəri ruh qələbənin yolgöstərənidi. Bu ruh dərs-təlimdə də gərəklidir. Bu gərəklik onun mənəvi-psixoloji hazırlığının şərtlərindəndir. Bugünkü dərs-təlim döyüş hazırlığının yüksəldilməsində gərəkli olduğu qədər əsgərin döyüşə hazırlanmasında da gərəklidir. Əsgər belə təlimlərdə həm də gerçək döyüş vərdişləri qazanır. Belə dərs-təlimlər əsgərlərə həm də qələbə ruhu aşılayır. Əsgərlərimiz dərs-təlimlərdə gerçək döyüş təcrübəsi qazanırlar.
Qışda qar qalağını çığnaya-çığnaya şərti düşməni sığındığı binada "məhv edənlərin" əhatəsində yaşanılan anlar könlümüzü telləndirir; Azərbaycan əsgərinin qüdrətidi bu!
Azərbaycan əsgəri milli mentalitetimizə sədaqət ruhunda formalaşıb; dost qapısı döyürlər, dost qapısı açırlar. Sərhədlərimiz daxilində ruhu ruhumuza düşmən olanların qapısını qətiyyətlə, cəsarətlə açırlar. Min illərin yaşam fəlsəfəsi deyir ki, dosta dost, düşmənə düşmən olmaq xəlqi ruhun istəyidi...
Mikayıl Müşfiqin "Yer işıq, göy işıq, Hər tərəf yaraşıq" misraları düşür yadıma. Niyə? Qışdı, qardı, hər tərəf ağdı - işıqdı, Göy üzündən ələnən qar ağdı, işıq "damcılarıdı" sanki işıqdı. Bu işıq düzümünə dərs-təlimdə iştirak etmiş əsgərlərin işıqlı baxışlarıyla yan-yanaşı baxıram və qarlı dağların qar sinəsindən bir ovuc qar götürürəm. Ovucumda əriyəcəyi ana kimi gözləmək niyyətindəyəm. Qar suyunu dərs-təlimdə iştirak etmiş əsgərlərin arxasınca uğur suyu kimi atacam.

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"