Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

4 Fevral 2023 13:40

Azərbaycan Ordusunun şəxsi heyəti ilə keçirilən ictimai-siyasi hazırlıq dərsi(İctimai-siyasi hazırlıq dərsinin qrup rəhbərinə kömək)

Mövzu: Hərbi biliyə dərindən yiyələnmək, döyüş texnikasını və silahları öyrənmək hər bir döyüşçünün borcudur

Suallar:

1. Hərbi biliyə dərindən yiyələnmək, döyüş texnikası və silahlardan bacarıqla istifadə etmək döyüşdə qələbəni təmin edir.

2. Hərb işini vicdanla öyrənmək Azərbaycan Ordusunun hərbi qulluqçularının borcudur.

Hərbi biliyə dərindən yiyələnmək, döyüş texnikası və silahlardan bacarıqla istifadə etmək döyüşdə qələbəni təmin edir

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsinin tələblərinə əsasən, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçusu öz Vətəninin - Azərbaycan Respublikasının müdafiəçisidir.
Hərbi qulluqçu öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. O, Azərbaycan dövlətinin mənafeyini qorumağa, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərməyə, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına müqəddəscəsinə və sarsılmaz surətdə riayət etməyə, Hərbi andı yerinə yetirməyə, intizamlı, vicdanlı, doğruçu və cəsarətli olmağa, hərbi borcunu yerinə yetirərkən bütün qüvvəsini və lazım gəldikdə canını da əsirgəməməyə, komandirlərə (rəislərə) sözsüz tabe olmağa və döyüşdə onları müdafiə etməyə, öz hərbi hissəsinin Döyüş Bayrağını göz bəbəyi kimi qorumağa borcludur.
Hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli və vicdanla yerinə yetirməli; hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli; ona tapşırılmış silahları, döyüş texnikasını və digər texnikanı mükəmməl bilməli, həmçinin hərbi əmlakı və xalq əmlakını qorumalı; ağlabatan təşəbbüslər göstərməli; hərbi xidmətin bütün çətinlik və məhrumiyyətlərinə mətinliklə dözməli; döyüşçü yoldaşlığına sadiq olmalı, öz yoldaşlarına sözü və işi ilə kömək etməli, onları nalayiq hərəkətlərdən çəkindirməli, həyatını əsirgəmədən təhlükədən xilas etməli, sayıq olmalı, hərbi və dövlət sirlərini ciddi surətdə saxlamalıdır.
Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu Vətən qarşısında müqəddəs borcunu dərindən dərk edərək hərbi biliyə dərindən yiyələnməli və daim döyüş hazırlığını təkmilləşdirməlidir.
Cənubi Qafqazda strateji mövqeyini nəzərə alan Azərbaycan dövləti tamamilə haqlı olaraq öz ordusunun gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, ordu quruculuğu, müdafiə potensialının möhkəmlənməsi və güclü ordunun yaranması dövlət üçün, hökumət üçün, hər bir vətəndaş üçün bir nömrəli vəzifədir.
Döyüş - qoşunların taktiki fəaliyyətinin əsas forması, bölmələrin müəyyən ərazidə qısa müddət ərzində düşməni məğlub (darmadağın) etmək və digər taktiki tapşırıqları yerinə yetirməsi məqsədilə hədəfə və vaxta görə əlaqələndirilmiş zərbə və manevrdən ibarət müxtəlif hərbi birləşmələrin, hərbi texnika və silahların tətbiq olunduğu mütəşəkkil silahlı toqquşmadır. O, hərbi hissə və bölmələrin taktiki fəaliyyətlərinin əsas forması olmaqla, şəxsi heyətin mənəvi və fiziki qüvvələrinin hərtərəfli sınağıdır. Onun uğuru əsasən, döyüşü aparmaq üçün insanların cəsarətindən, dözümlülüyündən, mənəvi keyfiyyətlərindən, hazırlıq səviyyəsindən və texnikanın hazırlığından asılıdır.
Qələbə düşmənin döyüşdə darmadağın edilməsi və bütün silah növlərinin güclü və dəqiq zərbələri, onların nəticələrindən vaxtında istifadə, birləşmə, hissə və bölmələrin fəal və qətiyyətli hərəkəti ilə əldə edilir. Müasir döyüş öz xarakterinə görə ümumqoşun döyüşüdür. Bu döyüşdə əsgərin rolu qat-qat artır. O öz Vətəninin müdafiəsi üçün şəxsi məsuliyyət daşıyır. Əməliyyatların qətiyyətliliyinin təmin olunmasında şəxsi  heyətin yüksək mənəvi-döyüş keyfiyyətləri, onun qələbəyə sarsılmaz inamı, silahları və döyüş texnikasını mükəmməl bilməsi və bacarıqla tətbiq etməsi böyük rol oynayır.
1992-1994-cü illərdə Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə, döyüşçülərimizin texnika və silahlardan bacarıqla istifadə edərək düşmənin zirehli texnikasına, müdafiə qurğularına, canlı qüvvəsinə vurduqları ciddi zərbələrin döyüş müvəffəqiyyətinə təsiri barədə nümunələr çoxdur. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, 1992-1993-cü illərdə Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişədə Azərbaycan Ordusu hissələrinin apardıqları bir sıra döyüş əməliyyatlarının müvəffəqiyyətsizliyə uğramasının əsas səbəblərindən biri də bəzi döyüşçülərin onlara həvalə olunmuş silah və texnikaların döyüş imkanlarını zəif bilmələri və bu imkanlardan döyüşdə tam istifadə edə bilməmələri idi. Buna səbəb isə müstəqilliyin ilk günlərindən ordunun yaradılması prosesinin bilavasitə döyüşlər getdiyi dövrdə formalaşması, Azərbaycan Ordusunda şəxsi heyəti hazırlamaq üçün kifayət qədər kadrların və lazımi tədris bazasının olmaması, vaxt məhdudluğu idi. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 1993-cü ilin ağır günlərində ikinci dəfə hakimiyyətə gəlişi Silahlı Qüvvələrdə dəmir nizam-intizam yaratması, əsl ordu quruculuğuna start verməsi ilə nail olundu. Bunun məntiqi nəticəsi olaraq Qarabağ bölgəsində gedən döyüşlərdə Azərbaycan Ordusunun qəhrəman döyüşçülərinin məkrli düşmənin hücumlarının qarşısını alaraq cəbhədə əks-hücum əməliyyatları həyata keçirmiş və bir sıra yaşayış məntəqələrimizi erməni silahlı dəstələrindən azad etdilər. Qısa zaman kəsiyində peşəkar, nizam-intizamlı, hərb sənətinin bütün incəliklərinə malik olan yüksək səviyyəli ordu yaradıldı. Azərbaycan hərbçiləri xarici ölkələrin, xüsusilə  Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişə başlayan gündən daim yanımızda olan, öz təmənnasız dəstəyini nümayiş etdirən dost-qardaş Türkiyənin yüksək səviyyəli ali hərb məktəblərinə oxumağa, təlimlərdə iştirak edərək təcrübə keçməyə göndərildilər. Azərbaycan Ordusunun maddi-texniki bazasının gücləndirilməsinin, zabit-əsgər heyətinin yüksək hərbi hazırlığa və vətənpərvərlik əhvali-ruhiyyəsinə malik olmasının nəticələri özünü 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda qısamüddətli döyüşlər zamanı işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirərək onu geri çəkilməyə məcbur etməklə göstərmişdir. Vətən müharibəsi isə işğalçı Ermənistan ordusunun Azərbaycan Ordusu tərəfindən tamamilə darmadağın olunması ilə və işğal altında qalan ərazilərimizin azad edilməsi ilə nəticələndi. Ordumuz döyüş meydanındakı əməliyyatları ilə  dünyanın hərb tarixində yeni nümunələr yaratdı. 2022-ci ildə Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərimizdə erməni terror-təxribat silahlı dəstələrinə qarşı keçirilən Fərrux və "Qisas", sərhədin Kəlbəcər, Laçın, Daşkəsən istiqamətində Ermənistanın təxribatlarına cavab olaraq genişmiqyaslı hərbi əməliyyatlar şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını, yüksək vətənpərvərliyini, dövlətə sədaqətini, ordumuzun gücünü Ermənistan və onun havadarlarına, həmçinin bütün dünyaya göstərdi. Silahlı Qüvvələrimizin ötən son 20 ildə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin xüsusi diqqəti altında həyata keçirilən hərbi siyasətin səmərəliliyi döyüş meydanlarında təcəssümünü tapdı.

Hərb işini vicdanla öyrənmək Azərbaycan Ordusunun hərbi qulluqçularının borcudur

Azərbaycan Respublikası Konstitusiyasının 76-cı maddəsində göstərilir ki, Vətəni müdafiə hər bir vətəndaşın borcudur. Azərbaycan Ordusunun sıralarına daxil olan hər bir Azərbaycan vətəndaşı öz Vətəni və xalqı qarşısında təntənəli surətdə Hərbi and içir. Hərbi and hər bir hərbi qulluqçudan;
- Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına ciddi əməl etməsini, Hərbi andın tələblərini yerinə yetirməsini, sayıq olmasını, Azərbaycanın mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü, müstəqilliyini şərəflə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin döyüşçüsünün vəzifə borcunu dərindən dərk etməsini və inamla qorumasını, bu işdə öz qüvvəsini, lazım gələrsə, həyatını da əsirgəməməsini;
- hərbi işi vicdanla öyrənməsini, komandirlərin (rəislərin) ona öyrətdiklərini möhkəm və səylə yadda saxlamasını, öz vəzifələrini nümunəvi yerinə yetirməsini, hərbi nizamnamələrin tələblərini möhkəm bilməsini və vicdanla yerinə yetirməsini;
- əmr və göstərişləri sözsüz, tez və vaxtında yerinə yetirməsini, igid və intizamlı olmasını, nalayiq hərəkətlər etməməsini və yoldaşlarını da belə hərəkətlərdən çəkindirməsini;
- dövlət sirrini qorumasını, böyüklərə hörmət etməsini, hərbi nəzakət, davranış qaydalarına ciddi əməl etməsini;
- silahını, döyüş texnikasını və digər texnikanı yaxşı bilməsini;
- əcdadların hərbi ənənələrini şərəflə davam və inkişaf etdirməyi, hər an əldə silah Vətənin müdafiəsinə qalxmağa hazır olmağı tələb edir.
Ümummilli Liderimiz Heydər Əliyevin hərbi qulluqçularla görüşündə dediyi "Orduda hər bir əsgər, hər bir zabit, hər bir general bilməlidir ki, o özünü hərbi peşəyə həsr edir. Hərbi peşə isə Vətəni, torpağı qorumaqdır. Vətəni, torpağı qorumaq üçün isə gərək gücün olsun və əgər kimsə sənin torpağına, Vətəninə qəsd edirsə, ona layiqli cavab verə, layiqli zərbələr endirə biləsən" sözləri bu gün də Azərbaycan Ordusunun hər bir hərbi qulluqçusu üçün ən dəyərli tövsiyədir.
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili Xidmət Nizamnaməsində hərbi qulluqçuların əsas vəzifələrindən biri kimi müəyyən edilir ki, hərbi qulluqçu hərbi nizamnamələrin tələblərini və öz vəzifələrini yaxşı bilməli, onları vicdanla yerinə yetirməli, hərbi biliklərini müntəzəm surətdə təkmilləşdirməli, ona tapşırılmış silahları, döyüş texnikası və digər texnikanı mükəmməl öyrənməlidir.
Daxili Xidmət Nizamnaməsi tələb edir ki, əsgər (matros) hərbi işi vicdanla öyrənsin, komandirlərin (rəislərin) ona öyrətdiklərini möhkəm və səylə yadda saxlasın, silahını, döyüş texnikası və digər texnikanı yaxşı bilsin. Bu gün regionda yaranmış hərbi-siyasi vəziyyət Azərbaycan Ordusunun hissə və birləşmələrinin daim döyüş hazırlıqlı və ərazi bütövlüyümüzə qarşı yönəldilən hər bir təcavüzə layiqli cavab verməyə qadir olmasını tələb edir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev Azərbaycan dövlətinin bu istiqamətdə yürütdüyü siyasətin məğzini, məqsədini çox aydın və dürüst şəkildə belə ifadə edib: "Biz bütün sahələrdə orduda gedən proseslərin inkişafına çalışırıq. Son illər ərzində maddi-texniki bazanın möhkəmdirilməsində böyük işlər görülmüşdür, çoxlu texniki avadanlıq, müasir silahlar alınmışdır və beləliklə, Azərbaycan Ordusu xeyli dərəcədə güclənmişdir. Biz bu prosesi davam etdirəcəyik".
Azərbaycan Respublikası Prezidentinin, Silahlı Qüvvələrin Ali Baş Komandanının və  müdafiə nazirinin 2023-cü tədris ili üçün Azərbaycan Ordusu qarşısında qoyduqları əsas vəzifələrdən biri də hərbi hissə və bölmələrin döyüş qabiliyyətini yüksəltmək, döyüş tapşırıqlarını yerinə yetirməyə həmişə hazır olmaqdır. Bunun üçün isə hərbi hissələrdə intensiv döyüş hazırlığı prosesi təşkil olunmalıdır. Şəxsi heyət zabitlərin, gizirlərin və çavuşların rəhbərliyi altında döyüş və ictimai-siyasi hazırlıq məşğələlərində hərb işinin sirlərinə yiyələnməli, döyüş texnikasından və silahlardan bacarıqla istifadə etmək üçün öz biliklərini, bacarıqlarını və vərdişlərini daha da təkmilləşdirməli, mənəvi-psixoloji hazırlıqlarını artırmalıdır. Hər bir hərbi qulluqçu dərk etməlidir ki, o öz vəzifə borcunu vicdanla yerinə yetirməklə, döyüş və ictimai-siyasi hazırlıq dərslərində, təlimlərdə hərbi biliklərə dərindən yiyələnməklə, mənəvi-psixoloji və fiziki hazırlığını artırmaqla, intizamlı olmaqla, özünü Vətəninin müdafiəsi üçün hazırlayır.
Qeyd: Hər bir hərbi hissənin öz təyinatına görə döyüş tapşırıqları var. Bu tapşırıqları yerinə yetirmək üçün hissə və bölmələr kifayət qədər müasir texnika və silahlara, sursata malikdirlər. İctimai-siyasi hazırlıq sistemində öyrənilən bu mövzuda hərbi qulluqçuların onlara həvalə olunmuş döyüş texnikasından, digər texnikadan və silahlardan bacarıqla istifadə etmələri üçün öz biliklərini, bacarıqlarını və vərdişlərini daha da artırmağa, Azərbaycan xalqı və dövləti qarşısında Vətənin müdafiəsi, Azərbaycan dövlətinin mənafeyini qorumağı, onun nüfuzunun və qüdrətinin möhkəmlənməsinə səy göstərmək məsuliyyətlərini şüurlu surətdə dərk etmələri izah edilməlidir.   
      
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi