Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

1 Fevral 2023 17:45

Azərbaycan-İsrail əlaqələri multikulturalizmin simvoludur

Tarix boyu bəşəriyyət bir çox qəddarlıq və vəhşiliklərin şahidi olub. Saysız-hesabsız müharibələr, dini və etnik nifrətdən yaranan düşmənçiliklər və bunun nəticəsində baş verən toqquşmalar, törədilən qətliamlar, soyqırımlar, sürgünlər və başqa fəlakətlərə ev sahibliyi edən dünyada bu gün də insanlığın və humanizm dəyərlərinin qorunması naminə müxtəlif mübarizələr aparılır. İslamofobiya, rasizm, neonasizm, faşizm və adı çəkilməyən onlarla digər problemlər bu gün insan övladının firavanlığına, rifahına rahat, sakit yaşam tərzinə təhdid olan amillərdəndir. Sadalanan problemlər bu günə qədər 100 milyonlarla insanın öldürülməsi, şiddətə, işgəncəyə məruz qalması, istismarı ilə nəticələnib və beynəlxalq təşkilatlar yuxarıda adıçəkilən məsələlərin həllində ümumbəşəri birlik və həmrəylik nümayiş etdirirlər.
Uzaq keçmişə nəzər salsaq görərik ki, yəhudilərin metodiki və kütləvi şəkildə qətl edilməsi ilə antisemitizm ideologiyasının əsası qoyuldu. Antisemitizm hərəkatları nəticəsində milyonlarla yəhudi sürgün, işgəncə, edam və qətliamlara məruz qalmış, nəticə etibarı ilə törədilən cinayətlər insanlıq və sülh adına olan bəşəri keçmişin qara səhifələrindən olmuşdur. Bu, insanlığa qarşı törədilmiş cinayət faşizm dövründə özünün pik həddinə çatmışdır. Və dünya tarixində misli görünməmiş insanlıq faciələrindən biri Holokost (yunan sözü olub "holos" - bütün, "koustos" - yanmış, kül olmuş) qətliamıdır ki, məhz ötən əsrin ortalarında faşistlər tərəfindən yəhudilərə qarşı törədilən qətliam, soyqırımı və qan donduran faciəvi hadisədir. Bu qətliamda, 1 milyondan çoxu uşaq olmaqla, 6 milyon yəhudi soyqırıma məruz qaldı. Ölüm düşərgələrində toplanan dəlil və sübutlar əsasında təsdiq olunub ki, burada yəhudi körpələrin, qocaların, hamilə qadınların əlləri, ayaqları və digər orqanları kəsilir, üzərlərində heç bir insanlığa sığmayan müxtəlif təcrübələr aparılır, xüsusi amansızlıqla qətl edilirdilər. Bu insanların öldürülmə səbəbi Avropada baş alan antisemitizm nəticəsində yəhudilərə nifrətin və faşizm irqçiliyinin ifrat həddə çatması idi. Holokost insan xislətinə yaraşmayan patoloji soyqırımın ən ekstremal formasıdır ki, nəticədə itkilərin sayı milyonlarla ölçülür və bu, insanı, insanlığı düşündürməyə vadar edir. Bu hadisə  öz qəddarlığı ilə bir millətin faciəsi olmadı, bəşəriyyətin faciəsi olaraq tarixləşdi. Bildiyimiz kimi, yanvarın 27-si BMT Baş Assambleyasının müvafiq qətnaməsinə əsasən Holokost Qurbanlarının Anım Günü kimi qeyd olunur.  Bu tarixdə bütün dünyada faciə qurbanlarının xatirələri anılır və ruhlarına ehtiram əlaməti olaraq şamlar yandırılır, müxtəlif rituallar və dini ayinlər icra olunur. Azərbaycan Respublikasında digər xalqlar kimi, minlərlə yəhudi də sülh və firavanlıq içində yaşayır. Ölkəmizdə də faciə qurbanlarının xatirəsi yad edilir, müxtəlif tədbirlər keçirilir, ziyarətlər təşkil olunur. Və bu bir daha onu sübut edir ki, Azərbaycan öz ərazisində yaşayan müxtəlif millətlərin, xalqların firavanlığını, onların dini, irqi dəyərlərinin qorunmasını təmin etmək işinə hər zaman yüksək həssaslıqla yanaşır. Və dünyəvi sabitliyin və təhlükəsizliyin, həmçinin əmin-amanlığın təmin olunması üçün hər zaman üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyi bacarır. Azərbaycan xalqı Holokost hadisəsi ilə bağlı ölkəmizdəki yəhudi icmasının acısını və hüznünü çox yaxşı başa düşür. Çünki uzun illər ərzində bizim soydaşlarımız da erməni faşizmi tərəfindən soyqırımlara, müxtəlif qırğınlara, təqiblərə, təzyiqlərə və işgəncələrə məruz qalıb, öz doğma yurdundan didərgin düşüblər. Sirr deyil ki, erməni faşistləri tərəfindən Vətənimizdə törədilən qətllərdə də çoxlu sayda əslən yəhudi olan vətəndaşımız öldürülüb. Alman faşistlərinin və erməni faşistlərinin törətdikləri cinayətləri müqayisə edəsi olsaq, görərik ki, onların arasında çox da ciddi fərq yoxdur və hər ikisi öz adını bəşəriyyət tarixinə qara hərflə yazmağı bacarıblar.
Azərbaycan Ordusunun Birinci Qarabağ döyüşlərində də, Aprel döyüşlərində də, 44 günlük Vətən müharibəsində də yəhudi əsilli əsgərləri düşmənə qarşı döyüşlərdə iştirak edib, canlarından keçiblər. Onlar havasını udduqları, suyunu içdikləri, çörəyini yedikləri Vətənin dar günündə hünər meydanında öz sədaqətlərini və rəşadətlərini nümayiş etdiriblər. Dəmir atlı cəngavər oğlumuz əslən yəhudi olan Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsi bu gün hər bir vətənpərvər azərbaycanlı üçün əzizdir. Çünki o müqəddəs amal uğrunda gedən şiddətli döyüşlərdə qəhrəmancasına həlak olub. İkinci Qarabağ müharibəsi zamanı da onun şərəfli döyüş yolunun bugünkü davamçıları David Sadiyev, Daniel Zarmayılov, Eldar Zərbəliyev və adını çəkmədiyim onlarla yahudiəsilli igid əsgərimiz Vətən uğrunda son damla qanına qədər döyüşməyə hazır olduqlarını dilə gətirdilər və əməlləri ilə sübut etdilər. Haralı olmaqlarından asılı olmayaraq onların hər birinin bir amalı var idi - çiyin-çiyinə verib Vətən torpaqlarını işğaldan azad etmək. Ümumiyyətlə, 44 günlük haqq savaşımız zamanı İsrail rəhbərliyi və yəhudi xalqı Azərbaycanın ədalətli mövqeyini müdafiə etdi və bu mövzuda onların böyük mənəvi dəstəyini gördük. Zatən müharibədən öncə də, müharibə dövründə də, müharibədən sonra da İsrail Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəkləyib və bu münaqişədə hər zaman haqqın tərəfində olduğunu qeyd edib. Hərbi-texniki əməkdaşlıq nəticəsində İsrail istehsalı olan və arsenalımızda özünəməxsus yeri olan "kamikadze dronlar" da erməni qəsbkarlarının qorxulu yuxusuna çevrilmişdi və qazanılan qələbədə əhəmiyyətli rolu olmuşdur. Məhz həmin texnikaların uğurla tətbiq edilməsi ilə, Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti tərəfindən nümayiş etdirilən videogörüntülərdə düşmənin müxtəlif hərbi təyinatlı texnika və obyektlərinə endirilən zərbələr hər birimizin ürəyində qələbə əzmini daha da artırırdı. Bundan başqa, Azərbaycan və İsrail arasında müxtəlif hərbi təyinatlı avadanlıq və texnikaların alınması, həmçinin modernləşdirilməsi üzrə bu gün də mühüm işlərə imza atılır.
Azərbaycan-İsrail əlaqələri uzun illərə dayanır. Məmləkətimizin yüz illərdir vətəndaşı olan dağ yəhudiləri müxtəlif millətlərlə birlikdə qarşılıqlı anlaşma,  milli-dini tolerantlıq və sülh şəraitində yaşayırlar. Bu gün də özünü xalqın və cəmiyyətin ayrılmaz hissəsi bilən yəhudi icması, ölkəmizin müxtəlif sahələrində fəal iştirak edən yəhudi vətəndaşlarımız bir daha sübut edirlər ki, Azərbaycan mültikulturalizm dəyərlərinə hər zaman hörmətlə yanaşır. Azərbaycanda bəzi köhnə postsovet ölkələrindən fərqli olaraq heç zaman antisemitizm təzahürlərinə rast gəlinməmişdir. Kökü əsrlərə uzanan və tarixi torpaqlarımızda məskunlaşmış yəhudi icması bu gün Azərbaycan xalqının tərkib hissəsidir. Quba rayonunda Qırmızı Qəsəbədə və Bakı şəhərində və digər regionlarımızda minlərlə yəhudi yaşayır. Bununla da, tam əminliklə deyə bilərik ki, Azərbaycan-İsrail əlaqələri təkcə regional, iqtisadi-siyasi amillərə söykənmir, bu əlaqələrin kökündə müxtəlif dini və etnik tərkibli insanların qarşılıqlı rifahı və firavanlığının təminatı dayanır. Kökü əsrlərə dayanan iki dini, mənşəyi fərqli olan insanların qarşılıqlı etimada, sülhə söykənən əlaqələri bütün dünya üçün nümunəvi modeldir. Azərbaycan dövləti hər zaman tolerant və humanizm dəyərlərinə sadiq olmaqla, səmərəli əməkdaşlıq və tərəfdaşlıqların qurulmasında maraqlı tərəf olub və bu xarici siyasət kursu uğurla davam etdirilir. Azərbaycanın Ermənistanla İkinci Qarabağ müharibəsi zamanı İsrail haqqın tərəfində oldu və bu münaqişədə aşkar mövqeyini ortaya qoydu. Dövlət rəhbərliyi tərəfindən aparılan uğurlu xarici siyasət nəticəsində yüksək siyasi etimad üzərində qurulan və inkişaf etdirilən əlaqələrdən biri məhz İsrail dövləti ilə olan əlaqədir. Çünki bu əlaqələr uzun tarixə və möhkəm təməllərə dayanır. Dövlətlərimiz arasında 30 ildən uzun müddəti əhatə edən dostluq və əməkdaşlıq münasibəti hazırkı dövrdə daha da möhkəmləndirilir. Belə ki, işğaldan azad olunmuş tarixi torpaqlarımızda İsrail şirkətlərinin də adına rast gəlmək mümkündür ki, bu gün abadlıq və quruculuq işlərində, ən əsası Böyük Qayıdışın təmin olunmasında iştirak edirlər. Bir sözlə, 30 ildən çox müddətdə İsrail və Azərbaycan qarşılıqlı, möhkəm, etibarlı və strateji münasibətlər qurmağı bacarıb və iki dövlət arasında qurulan əlaqələr bu gedişlə daha da dərinləşərək, güclənərək hər iki dövlətin və xalqın rifahına böyük töhfələr verəcəkdir.

Fuad CƏFƏROV "Azərbaycan Ordusu"