Mövzu: 26 Fevral - Xocalı faciəsi
Suallar:
1. Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət.
2. 26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi.
3. Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması.
Xocalı faciəsi ərəfəsində bölgədə yaranmış ictimai-siyasi vəziyyət
Ötən əsrin 90-cı illərində Azərbaycan öz tarixinin ən mürəkkəb siyasi təlatümlərini yaşayıb. Keçmiş imperiya (SSRİ) qandallarından qurtulmaq və müstəqillik yolunu seçməklə Azərbaycan öz tarixi inkişaf kursunu müəyyənləşdirdi. Azərbaycanın müstəqilliyi yolunda ilk addımları keçmiş imperiya (SSRİ) qüvvələri və yüz illərlə ölkəmizə qarşı məkrli planlar həyata keçirən Ermənistanın şovinist, bədbin niyyətləri ilə üzləşdi. Erməni millətçi-şovinistləri tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən (1905-1907, 1918, 1947-1948) etnik təmizləmə, soyqırımı siyasətinin növbəti təzahürü 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş soyqırımı aktı idi. Ermənistan silahlı qüvvələrinin o zaman imperiya qoşunlarının Xankəndi şəhərindəki 366-cı motoatıcı alayının şəxsi heyətinin iştirakı ilə Azərbaycanın Xocalı şəhərinə hücum edərək, azərbaycanlılara qarşı törətdikləri qanlı soyqırımı aktı ümumən bəşəriyyətə, insanlığa qarşı törədilmiş ən qatı cinayətlərdən biri kimi tarixə həkk olunmuşdur.
Ermənistan 1988-ci ildən Qarabağ iddiası ilə Azərbaycana qarşı növbəti təcavüzkar siyasətinə başladı. Azərbaycan XX əsrin əvvəllərindən bəri bir neçə dəfə bu cür təcavüzə, soyqırımına məruz qalsa da, növbəti dalğaya hazır deyildi. 1988-ci il fevralın 13-də Xankəndi şəhərində ermənilər Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə ilk mitinqə çıxdılar. Bu, faktiki olaraq böyük münaqişənin ilk siqnalı idi. Həmin il fevralın 21-də Əsgəran rayonunda iki azərbaycanlının ölümü faciələr silsiləsinin ilk halqası oldu. Bu dövrdə Qafqazın mədəni beşiyi sayılan Qarabağın həyatında ciddi dəyişikliklər müşahidə olunurdu. Belə ki, artıq burada qatı erməni millətçiləri olan və türklərə-azərbaycanlılara dərin nifrəti ilə fərqlənən bir sıra erməni yazıçı, şair və ziyalılarına yubileylər keçirilir, tez-tez onlarla görüşlər təşkil edilirdi. Bundan başqa erməni daşnakçı "Krunk" və "Daşnaksütyun" cəmiyyətləri Qarabağda açıq-aşkar anti-Azərbaycan fəaliyyətinə başladı. 1989-cu ildə Ermənistan SSRİ-nin ali sovetinin Qarabağın birləşdirilməsi haqda qərarı vəziyyəti daha da gərginləşdirdi. Artıq tez-tez silah səsləri eşidilir, öldürülən dinc azərbaycanlı sakinlərin sayı artırdı. Mərkəzi hakimiyyətin zəifliyi, hadisələrə müdaxilə etməməsi bu işin nəticələrini daha da ağırlaşdırırdı. Artıq ermənilər mitinqlərlə, bəyanatlarla kifayətlənmir və silahlı mübarizəyə başlayırdılar. Onları bu işdə ruhlandıran isə Qorbaçov hakimiyyəti (SSRİ) və onun yürütdüyü siyasət idi.
Xocalının işğalına gedən yol Tuğ və Səlakətin kəndlərinin işğalından başladı. Belə ki, bu kəndlər 1991-ci il oktyabrın 30-da, Xocavənd isə noyabrın 19-da erməni silahlı qüvvələri tərəfindən işğal edildi. 1992-ci il yanvarın 10-da Axullu kəndi və onun ardından fevralın 11-dən 12-nə keçən gecə isə Quşçular və Malıbəyli kəndləri işğal edildi. Xocalını işğal etmək üçün bu iki kəndin ələ keçirilməsi erməni terrorçuları üçün strateji əhəmiyyət daşıyırdı. Bir neçə gün sonra isə (17 fevralda) Qaradağlı kəndi ermənilər tərəfindən zəbt edildi. 1991-ci il hadisələri Qarabağ ətrafında gedən proseslərin mahiyyətini açdı. Azərbaycan Ermənistan tərəfindən gizlənilməyən təcavüz faktı qarşısında qaldı.
1992-ci ildə Azərbaycanda daxili ictimai-siyasi vəziyyət daha da gərginləşdi. Rusiyapərəst siyasət yeridən Azərbaycan Respublikasının prezidenti Ayaz Mütəllibov respublikanın MDB (Müstəqil Dövlətlər Birliyi) çərçivəsində Moskvanın maraqları orbitində qalmasına çalışır və milli ordunun yaradılmasını ləngidirdi. Bunun nəticəsidir ki, 1992-ci ilin əvvəllərində Azərbaycan Ordusu tam silahlanmamış iki tabordan (təxminən 300 nəfər), yaxşı təlim keçməmiş, vahid komandanlığı olmayan DİN, MTN, XTMD (Xüsusi Təyinatlı Milis Dəstəsi) bölmələrindən, yerli özünümüdafiə qüvvələrindən və müxtəlif partiyaların könüllülərindən təşkil olunmuş dəstələrdən (ümumi sayı cəmi 2000 nəfərə qədər) ibarət idi. Bu şəraitdə erməni silahlı dəstələrinin şəxsi heyəti sayca azərbaycanlılardan çox olmasa da, havadarları tərəfindən daha yaxşı təşkil olunmuş, silahlanmış və təlim keçmişdi. Bununla yanaşı, keçmiş imperiyanın (SSRİ) silahlı qüvvələrinin Xankəndi şəhərində yerləşən 366-cı alayının 129 zabit və gizirinin 49-u milliyyətcə erməni idi. Həmin alayın 2-ci taboruna isə milliyyətcə erməni olan mayor Seyran Ohanyan rəhbərlik edirdi.
Artıq 1992-ci ilin fevralında Qarabağda Rusiyanın köməyi ilə silahlandırılmış, təlim keçmiş, Azərbaycanın ərazisində işğalçı müharibə aparmağa qadir erməni ordu bölmələri var idi. Bu dövrdən etibarən ermənilər Qarabağda və ondan kənarda azərbaycanlılar yaşayan iri yaşayış məntəqələrinin işğalı planının həyata keçirilməsinə başladılar. Ermənistanla quru yol əlaqələri olmayan Qarabağ erməniləri ancaq hava yolu ilə kömək ala bilərdilər. Ona görə də ermənilər Qarabağda tələsik yeni vertolyot meydançaları hazırlayırlar. Gorus-Xankəndi və Gorus-Hadrut reysləri təşkil olunurdu. Vəziyyətə tam nəzarət etmək, eləcə də bütün istiqamətlərdə maneəsiz hərəkət etmək və Qarabağda olan yeganə aeroportu ələ keçirmək üçün Xankəndi ilə Əsgəran arasında yerləşən, azərbaycanlıların yaşadıqları Xocalı şəhərini ermənilər ələ keçirməli idilər.
26 Fevral - Xocalı faciəsi. Xocalının qəhrəmancasına müdafiəsi
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis-Ayrım kəndinin, Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı həmin yaşayış məntəqələrinin dinc əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında xüsusi amansızlıqla qətlə yetirilib. Yalnız bunu qeyd etmək kifayətdir ki, Xocalı soyqırımından bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Xocavəndin Qaradağlı kəndində 80 nəfərdən çox azərbaycanlı kütləvi qırğına məruz qalıb.
Xocalı Qarabağ hadisələri başlanmazdan əvvəl içindən Ağdam-Şuşa və Əsgəran-Xankəndi yolları keçən, Qarabağda yeganə təyyarə meydanı olan bir qəsəbə idi. 1988-ci ildə Ermənistandan qovulmuş azərbaycanlıların və Fərqanədən qaçmağa məcbur olan Ahıska türklərinin bir hissəsi də Xocalıda məskunlaşmışdılar. 1991-ci ilin ortalarında artıq burada 6300 insan yaşayırdı. Həmin ilin axırında ermənilərin şəhərə hücumlarından sonra əhalinin bir hissəsi Xocalını tərk etdi. Faciəli fevral hadisələri ərəfəsində şəhərdə 3 mindən bir qədər çox adam qalmışdı. 1991-ci ilin oktyabrından Xocalı ilə avtomobil nəqliyyatı əlaqəsi kəsildi. 1992-ci il yanvarın 2-dən şəhərə elektrik enerjisinin verilməsi dayandırıldı. Azərbaycanla ancaq hava yolu ilə, vertolyotlar vasitəsilə əlaqə saxlanılırdı. Xocalıya son dəfə fevralın 13-də hərbi vertolyotla ərzaq və yanacaq gətirdi. Ermənilər tərəfindən edilən aramsız hücumlara, Azərbaycan rəhbərliyinin Xocalının taleyinə biganə münasibətinə baxmayaraq, əhali öz tarixi vətənini tərk etmək istəmirdi.
Xocalını aeroportun komendantı milis kapitanı Əlif Hacıyevin rəhbərliyi ilə sərəncamında olan 1 "Alazan" tipli artilleriya qurğusu, 3 zirehli transportyor, yalnız atıcı silahlarla silahlanmış Milli ordunun, Xüsusi Təyinatlı Milis Dəstəsinin və yerli özünümüdafiə dəstəsinin döyüşçülərindən ibarət 160 nəfərlik qüvvə qoruyurdu. 1992-ci il fevralın 26-sı Azərbaycan tarixinə ən qanlı səhifələrindən biri kimi yazıldı. Fevralın 25-dən 26-sına keçən gecə erməni silahlı dəstələri keçmiş imperiyanın (SSRİ) 366-cı alayının köməyi ilə Xocalı şəhərini işğal edərək dağıtdılar və yerli əhaliyə qarşı əsl genosid aktı törətdilər. Erməni yaraqlıları 366-cı alayın zabit və əsgərlərinin köməyilə şəhəri tanklarla və digər zirehli texnika ilə mühasirəyə alıb, bu qədim diyarın dinc əhalisini kütləvi şəkildə qırmağa başladılar. Xocalının müdafiəçiləri sayca qat-qat üstün, yaxşı silahlanmış, tankların və digər zirehli texnikanın dəstəyi ilə hücuma keçən düşmənin qarşısını almaq üçün fədakarlıqla döyüşdülər və dinc əhalinin şəhərdən çıxa bilməsinə şərait yaratdılar. Şəhərin müdafiəçiləri bu qeyri-bərabər döyüşdə öz mövqelərindən geri çəkilmədilər, onlardan bir çoxu əsl qəhrəman kimi döyüşdə həlak oldu. Səhərə qədər gedən döyüşdə onlarla döyüşçümüz qəhrəmancasına həlak oldu. Təəssüf ki, döyüşçülərimizin qanı bahasına şəhərdən çıxmağa müvəffəq olan dinc əhalinin çox az hissəsi xilas ola bildi. Yalnız Azərbaycan xalqına deyil, bütün bəşəriyyətə qarşı yönəlmiş, beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması ilə müşayiət olunan dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 83-ü uşaq, 106-sı qadın, 70-i qoca olub. Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb.
Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biridir. Xocalı faciəsi azərbaycanlıların qəlbinə qorxu, ermənilərin üstünlüyünə inam hissləri səpməmiş, əksinə, qisasçılıq hisslərini alovlandırmışdır. 2020-ci il sentyabrın 27-nə kimi səngərlərdə, mövqelərdə döyüş növbətçiliyi aparan əsgərlər, hərbi xidmətdən tərxis olunan hər bir Azərbaycan vətəndaşı döyüşlər başlayanda döyüşənlərin sırasında olmaqla, o müdhiş gecədə həlak olan vətəndaşlarımızın - qocaların, qadınların, uşaqların, əsir düşmüş, alçaldıcı təhqirlərə məruz qalmış, namusu tapdalanmış qız-gəlinlərin qisasının alınması amalı ilə yaşayırdılar.
Xocalı faciəsinin beynəlxalq aləmdə soyqırımı kimi tanınması
Bütün dünyanın gözü qarşısında baş verən Xocalı soyqırımına ilk dəfə siyasi qiymət verilməsi yönündə işlərə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən başlanılıb. Ümummilli Lider Heydər Əliyev ölkə rəhbərliyinə qayıtdıqdan sonra onun təşəbbüsü ilə 1994-cü ildə Milli Məclis "Xocalı soyqırımı günü haqqında" qərar qəbul etdi. 26 fevral günü - "Xocalı soyqırımı və milli matəm günü" kimi qəbul olunub və bütün beynəlxalq təşkilatlar bu barədə məlumatlandırılıb.
Xocalı soyqırımının beynəlxalq səviyyədə tanıdılması, Azərbaycan xalqı və ümumən insanlıq əleyhinə törədilmiş son dərəcə ağır hərbi cinayətin beynəlxalq miqyasda siyasi-hüquqi qiymətin alması istiqamətində fəaliyyət Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin uğurlu xarici siyasət kursunda mühüm yer tutur. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illər ərzində Azərbaycan həqiqətlərinin, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində həyata keçirdiyi məqsədyönlü fəaliyyət nəticəsində çox ciddi uğurlar əldə olunub.
Xocalı soyqırımı ilə bağlı tarixi faktlar barədə beynəlxalq ictimaiyyətin dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildən başlanan "Xocalıya ədalət!" beynəlxalq kampaniyasının xüsusi əhəmiyyəti vardır. Kampaniya ilk günlərdən Xocalı soyqırımının, Ermənistan və Azərbaycan arasında mövcud olmuş münaqişənin tarixi səbəbləri və nəticələri ilə bağlı beynəlxalq maarifləndirmənin artırılmasına, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsinə, sağ qalmış ailələrə dəstək göstərilməsinə, bu hadisələrin yaddaşlarda yaşanmasına, xüsusən də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.
Artıq Xocalı hadisələrini rəsmi şəkildə soyqırımı kimi tanıyan dövlətlərin sayı ildən-ilə artmaqdadır. Aparılan ümumi işin nəticəsi olaraq bu gün dünyanın bir çox ölkə və təşkilatları Xocalı hadisələrini soyqırımı kimi tanıyıb. Meksika Senatı Xocalı faciəsini soyqırımı adlandırıb. Pakistan soyqırımı pisləyən qətnamə qəbul edib. Kolumbiya parlamenti faciəni soyqırımı kimi tanıyıb. Çexiya, Bosniya və Herseqovina parlamentləri Xocalı soyqırımını rəsmən tanıyıb. Peru, Honduras, Cibuti parlamenti, Amerika Birləşmiş Ştatlarının 24 ştatı Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul edib. Bundan başqa 2010-cu ildə İslam Konfransı Təşkilatı (İslam Əməkdaşlıq Təşkilatı) da Xocalı qətliamını soyqırımı və insanlığa qarşı cinayət kimi tanıyıb və bu poses davam etməkdədir.
Xocalı soyqırımı barədə həqiqətlərin dünyaya yayılması Vətən müharibəsi gedişində ədalətli mövqeyimizin dəstəklənməsi baxımından xüsusi siyasi əhəmiyyət daşıyıb. "Xocalıya ədalət!" çərçivəsində illərlə davam etdirilən məqsədyönlü işlərin Böyük Qələbəmizdə xüsusi yeri vardır. 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tarixi torpaqlarımızı işğaldan azad etdi və Xocalı şəhərində dinc azərbaycanlı əhaliyə qarşı erməni terrorçularının törətdikləri vəhşiliklərin qisasını aldı.
İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsi