Qışdı...
Qardı...
Sazaqdı...
Yol da qardı, sağ da qardı, sol da qardı. Bir yolun uğur yolçusuyuq, mənzil bir az uzaqdı. Mənzilə tez çatmağa, əllərimizin əsgər əllərində isinəcəyi anlara sarı yol gedirik. Uzaqlıq məsafə uzaqlığıdı, ruhən həmişə onların yanında olmuşuq. İkinci Qarabağ müharibəsindən əvvəl ön xətdə qışda əllərimiz əsgərlərin əlində isinib. Üzü düşmənin mövqeləndiyi torpaqlarımıza sarı baxan əsgərlərin niyyətini ruhumuzun çağırışı bilmişik. Onda səngərləri əsgər nəfəsi isidirdi. Onda döyüş növbətçiliyindən qayıdan əsgərlərdən birinin dedikləri düşür yadıma: "O tərəfləri də Azərbaycan əsgərinin nəfəsi isidəcək, səngərimizin o üzündə torpaqlarımız üşüyür. O torpaqları sıxıntıdan Ali Baş Komandanın döyüş əmriylə biz qurtaracağıq - Azərbaycan Ordusu qurtaracaq". Onda həmin əsgər qoşa qollarım arasında onu da demişdi ki, döyüş növbətçiliyimizin mahiyyəti budur! Əsgərlərə baxmışdım. Onların baxışlarında dönməz istək görmüşdüm. Zabit düşmən tərəfə baxan əsgərlərin niyyətinin döyüş əzmi, qələbə ruhu olduğunu demişdi:
- Aprel döyüşlərində qazanılan qələbə Azərbaycan Ordusunun döyüş hazırlığının səviyyəsini tarixləşdirdi. Əsgərlərimiz buradan - öz torpaqlarımızdan öz torpaqlarımıza döyüş gününün həsrəti ilə baxırlar. Ermənistan danışıqlardan yayınır, regionda status-kvonu saxlamağa çalışır. Bu səbəbdən torpaqlarımızı işğaldan Azərbaycan Ordusu döyüşlə azad edəcək. Əsgərlərimizin döyüş növbətçiliyi də bu niyyət üçündü...
Onda zabitin dedikləri qəlbimizi telləndirmişdi. Onda da qışıydı, onda da qar yağırdı, onda da əsgərlər döyüş növbətçiliyi aparırdı. Onda 2017-ci iliydi, onda da döyüş növbətçiliyi aparan əsgərlər qışın sazağını, yağan qarın soyuqluğunu hiss eləmirdilər. Onda Vətənin səngərli tərəfindən Vətənin işğal olunmuş tərəfinə baxan əsgərlər işğaldan qurtuluş döyüşü arzulayırdılar. Bu döyüşlər 2020-ci il sentyabrın 27-də başladı. Onda orta məktəbdə oxuyan bu əsgərlər həmin döyüşlərin iştirakçısı olmuş zabitlərin, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının döyüş təəssüratlarını da, döyüş təcrübələrini də müharibə tarixi bilir, belə öyrənir, təlimlərdə bu təcrübənin bazasında daha əhatəli döyüş vərdişlərinə yiyələnirlər...
Təlim bir azdan başlayacaq. Əsgərlərlə nəfəs nəfəsəyik.
- Üşüyürsünüzmü? - soruşuram. Əsgərlərin baxışlarında çırpınan doğmalıq könlümü telləndirir. Əsgərlər qətiyyətlə, "Yox, üşümürük", - deyirlər. Sazağın onları üşüdə bilməməsini bir az əvvəlki söhbətin mahiyyətinə yozuram. "İndi işğaldan azad olan torpaqlarımız da üşümür, o torpaqlarımızı da əsgərlərimizin nəfəsi isindirir. Doğmalıqla isindirir!"...
Əsgərlər yağan qarın içindən özlərinə də, bizə də bəlli istəklərlə uzaqlara baxırlar. Bu uzaqlar da məsafə uzaqlığıdı, ruhumuzun dolaşdığı yaxınlıqlardı - Azərbaycan əsgərinin nəfəsinə təşnə torpaqlardı...
Şərti düşmənin mövqeyinə əks-həmlə tapşırığı yerinə yetiriləcək. Leytenant Əli Əhmədov əsgərlərə tapşırığın mahiyyətini izah edir. Xatırlatma məqsədi ilə nə edəcəklərini bilən əsgərlərdən necə edəcəklərini soruşur. Aldığı cavab zabiti qane edir - baxışını incə bir razılıq bürüyür.
Təlim başlayır. Əsgərlər "badilər" şəklində şərti döyüşə hazırdırlar. Gizir Elfaq Quluzadənin göstərişi ilə qarı yara-yara qətiyyətlə irəliləyirlər. Bu irəliləmə şərti də olsa, döyüş irəliləməsidir. İnamla, qətiyyətlə irəliləyirlər. "Bu irəliləmənin təlim irəliləməsi deyil, gerçək döyüş irəliləməsi olduğunu güman etməyən əsgər yüksək döyüş hazırlığına malik ola bilərmi?" - sual kimi səslənsə də, maraqdı. Polkovnik Pərviz Pirməmmədov deyir ki, miqyasından, mövzusundan asılı olmadan hər təlimin mahiyyəti məhz əsgərin malik olduğu döyüş hazırlığını artırmaqdır, təkmilləşdirməkdir. Əsgərlərimiz təlimin ayrı-ayrı mərhələlərini də, bütövlükdə təlimin mövzu bütövlüyünü də məsuliyyətlə yerinə yetirirlər. İkinci Qarabağ müharibəsində qətiyyətlə döyüşənlərin, Zəfər qazananların davamçıları olan bu əsgərlər də təlimi şərti döyüş tapşırığı kimi yerinə yetirirlər...
Qarda hərdən dizi üstə, hərdən bir qədər əyilməklə irəliləyən əsgərlərin bir-birini necə mühafizə etdikləri də diqqətimizdən yayınmır. Zabit deyir ki, əksər əməliyyatlarda əsgərlər tapşırığı iki-iki olmaqla yerinə yetirirlər. Bu "iki"lərə termin olaraq "badi" deyirik. Onlar bir-birinin, necə deyərlər, hər hərəkətini sözsüz anlayır, bir-birini baxışla da başa düşürlər. Ona görə də şərti əməliyyatlarda tapşırığı mükəmməl yerinə yetirirlər. Diqqət yetirirəm: şərti düşmən mövqeyi dairəvi mühasirəyə alındıqdan sonra kimliyini bir azdan biləcəyim "döyüşçü" - əsgər dönüb gözucu yeddi-səkkiz addım aralıda dizi üstə dayanmış "döyüşçüyə" - əsgərə baxır. Və bu baxışların eynini həmin anda digər "döyüşçü"lərdə də - əsgərlərdə də görürəm. Sanılı saniyələr ötüşüncə onlar şərti düşmənin mövqeyini əhatələyən şərti maneələri aşırlar, mövqedə təlimata uyğun döyüşürlər...
Ara-sıra qar yağdığını kimsə hiss etmir.
Təlim başa çatır - şərti düşmən məhv edilib, mövqe "düşmənlərdən" təmizlənib...
Zabit təlimdə iştirak edən əsgərlərin təlim tapşırığının yerinə yetirilməsindən razı qalıb:
- Tapşırıq yerinə yetirildi. Həm nəzərdə tutulduğu müddətdə, həm də ayrı-ayrı mərhələlər təlimata uyğun icra edilməklə əsgərlərin hərəkətləri təlimdən-təlimə daha da püxtələşir. Yəni, onların döyüş hazırlığı təlimlərlə yüksəldilir.
Zabit deyir ki, əsgərlər - Sübhan Lətifi də, Əhəd İmanquliyev də, Emin Abdulhəsənov da, Elgün Zeynalov da təlimin bütün mərhələlərini təlimata müvafiq səviyyədə yerinə yetirdilər.
"Döyüşçü" əsgərlərin baxışlarında sezdiklərim İkinci Qarabağ müharibəsindən əvvəlki təlimlərdə gördüklərimə bənzəmir. Onda təlimi tamamlamış əsgərlərin baxışlarının mahiyyətində döyüş əzmi olurdu, qələbə ruhu olurdu. İndi əsgər baxışlarında Vətən müharibəsində qazanılmış Zəfəri Vətənin istəyi səviyyəsində tamamlamaq niyyəti çırpınır...
Əsgərlərlə kəlmələşirik. Bugünkü təlimdən danışırıq; təlimin gözəlliyi onun əsgərə aşıladığı hərbi vərdişlərdədi. Belə vərdişlərin hər biri döyüş hazırlığının tərkib hissəsidi. Söz sözü çəkir. İkinci Qarabağ müharibəsi həmişə xatırlanacaq. İndi də xatırlanır.
- Baş leytenant Elşən Eminli bizə İkinci Qarabağ müharibəsi döyüşlərindən danışırdı. Ağ uçuq məntəqəsində gedən döyüşlərdə xırda boylu yüksəkliyi necə aldıqlarını da danışmışdı. Komandirimiz bugünkü təlimin mövzusunu izah edəndə bu təəssüratları örnək bilməyimizi tövsiyə etmişdi. Yəni, təlimlərin əksəriyyətini Vətən müharibəsinin döyüşlərindən öyrənməklə yerinə yetiririk.
Leytenant Əli Əhmədov əsgərin dediklərini hərbi bilikləri, vərdişləri öyrənmə vasitələrindən biri kimi dəyərləndirir. Zabitin qürurla dediklərini tarixə sədaqət bilirəm: Əsgərlər Vətən müharibəsindən də öyrənirlər, Vətən müharibəsini də öyrənirlər. Bu, dövlətə, dövlətçiliyə də sədaqətdir, hərbi səriştənin püxtələşməsində də gərəkli vasitələrdəndir. Bu məqam Vətən müharibəsinin döyüşlərinin tarixiliyini də təmin edir. Müharibənin iştirakçılarının təəssüratları kimi, xidmətdə olan əsgərlərin yaddaşına yazılan bilgilər kimi.
İkinci Qarabağ müharibəsində şəhid olanlar da xatırlanırlar. Əsgərin şəhidlərə böyük ehtiramı kimi:
- Vətən müharibəsində biz də özümüzü döyüşlərdən uzaqda döyüşün içində hiss edirdik. Hər şəhidin timsalında bir əzizimizi itirirdik, hər mövqe qələbəsinə görə əsgərlərimizin tətik sıxan barmaqlarını öpmək istəyirdik. Müharibənin qəhrəmanlıqları qürurumuza dönürdü, tanımadığımız qəhrəmanları qardaşımız bilirdik. Mövqe qələbələri, kəndlərin azad edilməsi bizi də bir boy dikəldirdi. Məni qınamayın, ilkin qələbələrdən sonra yaşadığım Lənkəran rayonundan döyüşlər aydınlığıyla görünürdü..., - əsgər Şamil Bayramovun dedikləri əsgərlərin baxışlarının ahənginə dönür. Yadıma düşür ki, bu baxışların eynini 2020-ci ilin oktyabrında döyüşlərə aparan yolun sağında-solunda dayanıb döyüşə gedənlərimizə əl edənlərin də baxışlarında görmüşdüm.
- Vətən müharibəsində iştirak etməsək də, döyüşlərin həyəcanını biz də yaşayırdıq. Azərbaycan əsgərinin işğalı sonlandıracağına əmin olsaq da, döyüşlərin ağrı-acıları bizim də ürəyimizə yük olurdu. Bütün şəhidlərə görə ürəyimiz qana dönürdü. Əkiz qardaşların Nazirlə Tacirin şəhidliyi bizim ürəyimizi üşütmüşdü. Nazirlə Tacir Ağdamın Güllü kəndində doğulmuşdular. Əkiz idilər. Eyni gündə hərbi xidmətə getmişdilər. Vətən müharibəsində oktyabrın 24-də Füzuli rayonu uğrunda gedən döyüşlərdə şəhid olmuşdular.
Əsgərin fikrini leytenant Əli Əhmədov tamamlayır:
- Azərbaycan əsgəri şəhidliyin, belə şəhidliyin milli mentalitetə söykənən mənəvi ucalıq olduğunu bilir. Bu, onun mənəvi-psixoloji hazırlığında əhəmiyyətlidir. Döyüş növbətçiliyinə gedən əsgər nəyi qoruduğunu da yaxşı bilir, necə qoruyacağını da. Hərbi xidmətə başlayanda onlara İkinci Qarabağ müharibəsindən əvvəlki döyüş növbətçiliyinin mahiyyəti ilə indiki döyüş növbətçiliyinin mahiyyətinin fərqlərini də izah edirik. Bu izah da mənəvi-psixoloji mahiyyətə malik olur. Zəfərlə bağlı izah əsgərin hərbi xidmətə məsuliyyətini də artırır, dövlətə, dövlətçiliyə sədaqətini də.
Əsgər Həsrət Bayramov deyir ki, İkinci Qarabağ müharibəsində Zəfər qazananlar da nə vaxtsa belə təlimlər keçiblər. Biz davamçıları kimi onların zamanında öyrəndiklərini də öyrənirik, yeni hərbi bilikləri də. Öyrənmə də məsuliyyətdir.
- Sələf-xələf münasibəti təkcə tarixə deyil, həm də milli-xəlqi ruha sədaqətin nəticəsidir, - deyirəm. Əsgər razılıqla gülümsünür.
- Bu məsuliyyət hər birimiz üçün Hərbi Anda sədaqətimizin davamıdır. Zəfər həm qazanılır, həm də yaşadılır. Onlar qazandılar, biz yaşadacağıq. Bizdən sonra xidmət edənlər yaşadacaq, - əsgər Rəhim Abuzərov belə deyir.
Leytenant Əli Əhmədov əsgərin hərbi xidmətə sevginin yaratdığı duyğusal fikrini bəlli ehtiramla - əsgərə zabit sevgisiylə, onlara da, bizə də məlum olan bir beyt ilə tamamlayır:
- Vətən gözdü, biz kirpik, Gözümüzün keşiyini çəkirik. Eləmi, əsgər? - əsgər həm dönməz qətiyyətlə, həm də böyük sevgilərlə əsgər yoldaşlarına baxır.
Zabit əsgərin hərbi xidmətə sevginin yaratdığı duyğusal fikrini bəlli ehtiramla - əsgərə zabit sevgisiylə tamamlayır: Döyüş növbətçiliyini bu düşüncələrlə aparan əsgərə döyüş mövqeyinin gözü deməliyik!
Əsgərlərin də, zabitin də dedikləri ürəyimizi dağa döndərir...
Qar kəsib. Günəş yatıxmış qarı əritməkdədi...
Qar əriyəcək. Dərələr sellərə darlıq edəcək. Torpaq elə gözəl çiçəklər cücərdəcək ki!..
Qalın qarın içindən keçib irəliləyən əsgərlərin baxışlarında oxunan qətiyyət könlümüzü telləndirir: Qarlı dağlar, sizdən aşan yoldayıq! "Vətənin xeyir-duası ilə!", - deyirəm...
Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"