Please ensure Javascript is enabled for purposes of website accessibility
"Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır!" Heydər Əliyev

Xəbərlər

25 Yanvar 2023 14:00

“Xoşbəxt vətəndaşam ki, Vətən müharibəsi iştirakçısıyam”

Hərbçi olmağı nə vaxtdan qərara aldığını xatırlaya bilmir. Yadında qalan budur ki, hərbçi olmaq istədiyini deyəndə heç kim etiraz etməyib. Sonralar marağının səmti duyulubmuş...

Goranboy rayonunun Qızılhacılı kəndində anadan olub. 2014-cü ildə C.Naxçıvanski adına Hərbi Liseyi, 2018-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini (indiki Heydər Əliyev adına Hərbi İnstitut) fərqlənmə diplomu ilə bitirib. Hərbi xidmətinə əməliyyat taborunda başlayıb. Tədris müddətində öyrəndiklərini, çöl çıxışlarında mənimsədiklərini hərbi xidməti üçün başlanğıc bilib...

İşğala son qoymaq üçün bütün hərbi qulluqçular kimi, o da Ali Baş Komandanın döyüş əmrini gözləyirdi. Döyüş əmri - müharibə torpaqlarımızın işğaldan azad edilməsi olacaqdı...

Azərbaycan Ordusu 2020-ci il sentyabrın 27-də Ermənistan silahlı birləşmələrinin hücumunun qarşısını qətiyyətlə aldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin əmri ilə əks-hücum əməliyyatı başlayanda baş leytenant Elşən Eminlinin xidmət etdiyi hərbi hissə də döyüşlərdəydi. Düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi sədləri darmadağın edildi. Hücum müxtəlif istiqamətlərdən genişləndirildi.

Baş leytenant Elşən Eminlinin də daxil olduğu bölük Gülüstan kəndi uğrunda döyüşə qoşuldu. Düşmən ciddi müqavimət göstərdiyinə görə döyüşlər iki gün davam etdi. İşğalçılar geri çəkilməyə məcbur oldular. Sentyabrın 29-da Talış kəndi uğrunda döyüşlər başladı. Uçuq dağ istiqamətində döyüşənlərin bir hissəsi Ağuçuq adlandırılan yer uğrunda gedən döyüşlərə cəlb olundu. Ağuçuq uğrunda ağır döyüşlər gedirdi. Düşmən bu yüksəkliyi ciddiyyətiylə qoruyurdu. Bu yüksəklik Talış kəndinin taleyi idi; strateji yüksəklik olan Ağuçuq adlandırılan yer buna görə düşmənin də son dərəcə ciddi müqavimət göstərdiyi mövqe idi. Lakin Azərbaycan əsgəri bu yüksəkliyi də düşməndən təmizlədi...

Suqovuşan istiqamətində hücuma keçən qüvvələrin tərkibində baş leytenant Elşən Eminli də vardı. Suqovuşan istiqamətində yüksəklik uğrunda döyüşürdülər. Ağır döyüşlər gedirdi. Komandiri mayor Elsevər Axundov olan bölmə düşmənin ciddi müqavimət göstərdiyi səmtdə döyüşürdü. Döyüşçülərimiz ünvanlı atəş açırdılar, düşmən - pərakəndə. Bu pərakəndəliyin döyüşü uzatmaq üçün olduğunu duyurdular. Ona görə də düşmənə kömək gələnə kimi mövqeni nəzarətə götürməli idilər. Düşmənin mövqeləri öyrənilmişdi, indi mövqeyə gələn yolları nəzarətə götürməyi qərara aldılar. Döyüşü davam etdirməklə iki tərəfdən müşahidə-nəzarət yaradıldı. İki istiqamətli nəzarət qrupu yaradıldı. Komandirin əmri ilə atışı bir qədər azaltdılar. Düşmən buna aldandı - bütün imkanları ilə əks-hücuma keçməyə cəhd göstərdi. Bu, onun məğlubiyyətinin başlanğıcı oldu. Köməyi ləngiyən düşmən məhv edildi, mövqe ermənisizləşdirildi. Suqovuşana buradan hücum edəcəkdilər...

...Döyüş səngimirdi. Yorğun idilər. Yuxusuz idilər. Susamışdılar. Döyüşürdülər. Bu döyüş Azərbaycan Ordusunu Suqovuşana çatdırmalıydı. Düşmənə xeyli yaxınlaşıblarmış - güllə səsləri içində hərdən ermənilərin səslərini də eşidirdilər. Komandir bir qədər sağa meyillənməyi əmr etdi. Atışa-atışa sağa çəkildilər. Düşmən elə bildi ki, döyüşçülərimiz döyüşdən yayınır, geri çəkilirlər. Mövqelərindən bir qədər qabağa çıxdılar. Həmin anlarda Azərbaycan əsgərinin atışları ilə qarşılaşdılar. Gec idi. Geri çəkilməyə imkanları qalmamışdı, irəliləməyə cəsarətləri çatmırdı.

Hava qaralırdı. Bu anlarda döyüşçülərimizdən 100-120 addım aralıya bir mərmi düşdü. Bu da döyüşün gedişinə, Azərbaycan əsgərinin qələbəsinə mane ola bilmədi. Baş leytenant Elşən Eminli də döyüşə-döyüşə dağa çıxanların sırasındaydı; hücum buradan davam etdiriləcəkdi...

Ucalıqda dalğalanan bayrağımız döyüşçülərimizin qələbə ruhunun ifadəsiydi; hər mövqe qələbəsi, strateji əhəmiyyətli yüksəklik, yaşayış məntəqəsi Azərbaycan Ordusunu Böyük Qələbəyə yaxınlaşdırırdı.

Leytenant Samir Əliyev, əsgərlər Tehran Cəfərov, Vüsal İsgəndərov, Ruslan Əliyev şəhid olmuşdular. "Torpaqların işğaldan azad edilməsi üçün döyüşən əsgər bilməlidir ki, qazanılacaq qələbə şəhidlikdən keçir...", - komandirlərinin bu kəlamını unutmamışdılar, son döyüşəcən unutmayacaqdılar. Hər döyüşdə son döyüş ovqatıyla döyüşürdülər...

"Noyabrın 8-i günü Azərbaycan Ordusunun Zəfər günü kimi, Ermənistan ordusunun məğlubiyyət günü kimi tarixləşdi. Döyüşçülərimizin döyüş əzmini sözlə ifadə edə bilmərəm. Onların Qələbə ruhu yerə-göyə sığmırdı. Qazanılan Zəfər Azərbaycan əsgərinin döyüş əzminin, qələbə ruhunun döyüş bayrağı idi, ucalıqlarda qürurla dalğalanırdı. Onda əsgərlərdən birinin pıçıltıyla dediklərini heç zaman unutmayacam, unuda bilməyəcəm: Xoşbəxt vətəndaşam ki, Vətən müharibəsində döyüşdüm, Zəfər qazananların sırasında oldum...",  -  baş leytenant Elşən Eminli belə dedi və qürurla əsgərlərə baxdı...

Baş leytenant Elşən Eminli İkinci Qarabağ müharibəsində iştirakına görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə "Suqovuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilib...

 

Rəşid HÜSEYNOV "Azərbaycan Ordusu"